Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7964/2023 13.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçı X1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə iddiaçı X1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «cavabdehin hərəkətlərinin qanunsuz sayılması, iddiaçının əmək pensiyasının yenidən hesablanması və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması»na dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı X4 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiysının yenidən hesablanması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı X4 əmək fəaliyyətinə hərbi xidmətdən sonra S.M.Kirov adına Maşınqayırma Zavodunda başlamış, 1981-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 1987-ci ildə həmin Universiteti bitirərək hüquqşünas peşəsinə yiyələnmişdir. Bundan sonra 8 iyul 1993-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Narkotik maddələrin qaçaqmalçılığı ilə mübarizə şöbəsinə böyük inspektor vəzifəsinə təyin edilmişdir. Əmək fəaliyyətini həmin İdarədə davam etdirmiş, Komitənin müxtəlif şöbələrində rəis müavini və rəis vəzifələrində çalışmışdır. 19 aprel 2014-cü il tarixdə pensiya hüququnun yaranması ilə əlaqədar «Gömrük orqanlarında xidmət haqqında Əsasnamə»nin 120-ci maddəsinin 3-cü bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və ona 23 il 10 ay 10 gün xidmət müddəti üçün əmək pensiyası təyin edilmişdir. İddiaçıya əmək pensiyası təminat xərcliyinin 59 faizi məbləğindən hesablanmaqla 643,27 manat məbləğində təyin olunmuşdur. Lakin ona pensiya təyin olunarkən 23 il 10 ay 10 gün əmək stajının 10 ay 10 günü nəzərə alınmamışdır. Pensiya hüququ pozulduğundan, cavabdeh təşkilata müraciət edərək əmək stajının 10 ay 10 gününə uyğun olaraq əmək pensiyasına 3 faiz əlavənin hesablanaraq pensiya məbləğinə əlavə olunmasını xahiş etmişdir. Lakin cavabdeh təşkilatdan bu günədək ona heç bir cavab verilməmişdir. Cavabdeh tərəfindən müraciətinə cavab verilməməsi (hərəkətsizlik) onun hüquqlarının kobud şəkildə pozulması deməkdir. Ona görə də iddiaçı hesab edir ki, qeyd olunan məsələ məhkəmə qaydasında həll olunmalıdır, əmək stajının pensiya hesablanarkən nəzərə alınmamış 10 ay 10 gününə görə əlavələrin pensiyaya çıxarkən tutduğu vəzifəyə uyğun hal-hazırda vəzifə tutan vəzifəli şəxsin pul təminatının 3 faizi miqdarında hesablanaraq, pensiya məbləğinə əlavə edilməlidir. Ona pensiya təyin edilərkən yuxarıda qeyd olunan pensiya məbləğinə əlavənin hesablanmaması belə izah edilmişdir ki, 2014-cü il tarixdə qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 20.14.1-ci maddəsində 20 ildən artıq hər il üçün təminat xərcliyinin 3% miqdarında əlavələrin hesablanması nəzərdə tutulmuşdur. Ona görə də il tamam olmadığı üçün iş stajının 10 ay 10 günü nəzərə alınmamışdır. 2017-ci ildə «Əmək pensiyaları haqqında» Qanunun 20.14.1-ci maddəsinə dəyişiklik olunaraq, maddəyə “il tamam olmadıqda isə natamam illərdəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla” sözləri əlavə edilmişdir. İddiaçının pensiya hüququ 2014-cü ildən yarandığından Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə, Mülki Məcəllənin 7-ci maddəsinə əsasən vəziyyətini yüngülləşdirən norma kimi geriyə qüvvəsi vardır və ona münasibətdə tətbiq edilməlidir. Göstərilənlərə və «Əmək pensiyaları haqqında» Qanunun 20.14.1-ci maddəsinə əsaslanaraq, iddiaçının əmək stajının pensiya hesablanarkən nəzərə alınmamış 10 ay 10 gününə görə əlavələrin pensiyaya çıxarkən tutduğu vəzifəyə uyğun hal-hazırda vəzifə tutan vəzifəli şəxsin təminat xərcliyinin 3 faizi miqdarında hesablanaraq pensiya məbləğinə əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3050/2022 saylı 17 may 2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin “iddianın mümkün sayılmaması haqqında” 2-1(112)-3050/2022 saylı 17 may 2022-ci il tarixli qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İş materialları Bakı İnzibati Məhkəməsinə qaytarıldıqdan sonra DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı iddiaya qarşı təqdim etdiyi yazılı etirazında bildirilir ki, iddiaçı X1 iddiası əsassız hesab olunur və təmin edilməməlidir. İddiaçı ərizə ilə cavabdeh orqana müraciət edərək ona 2014-cü ildə Dövlət Gömrük Komitəsindən pensiyaya çıxarkən hesablanmış əmək stajının 10 ay 10 gününün nəzərə alınmadığı və həmin müddət üçün əlavələrin hesablanmadığını bildirmiş və həmin dövrün onun əmək stajına daxil edilərək 20 ildən artıq xidmət müddətinin hər ili üçün təminat xərcliyinin 3%-i miqdarında əlavənin hesablanmasını xahiş etmişdir. Dövlət Gömrük Komitəsi tərəfindən təqdim olunmuş məlumatlara əsasən 20 aprel 2014-cü il tarixdən Mərkəzi Filial tərəfindən «Əmək pensiyaları haqqında» Qanunun 20.14.1-ci maddəsinin tələblərinə uyğun olaraq 23 il 10 ay xidmət müddətinə görə ona təminat xərcliyinin (1.090,29 manat) 59 faizi (20 ilə görə 50 faiz, 3 ilə görə 9 (3x3) faiz) – 643,27 manat məbləğində hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Onun 1 mart 2018-ci il tarixdən etibarən sonuncu xidmət keçdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşı 315 manat, rütbə maaşı 138 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavəsi 135,90 manat, digər növ əlavəsi 507,09 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 32 manat olmaqla cəmi təminat xərcliyi 1.127,99 manat təşkil etmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş «2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası»nın 2.5-ci bəndinə əsasən əmək pensiyasının təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; 20 ildən artıq xidmət müddətinin (3 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (3x2) təminat xərcliyinin 6 faizi; natamam ildəki iş stajı aylarının sayına (10 ay) mütənasib olaraq təminat xərcliyinin 1,66 faizi. İddiaçının əmək pensiyasını müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 57,66 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının 1 mart 2018-ci il tarixədək olan təminat xərcliyi (1.090,29 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı təminat xərcliyi (1.127,99 manat) arasındakı fərq məbləğinin (37,70 manat) 57,66 faizi – 21,74 manat 1 mart 2018-ci il tarixədək olan pensiyasının (643,27 manat) üzərinə əlavə olunmaqla 665,01 manat məbləğində müəyyən edilməklə ona ödənilmişdir. 1 sentyabr 2019-cu il tarixindən etibarən iddiaçının sonuncu xidmət keçdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşı 398 manat, rütbə maaşı 159 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavəsi 167,10 manat, digər növ əlavəsi 507,09 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 32 manat olmaqla cəmi təminat xərcliyi 1.263,19 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs edilən 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanına uyğun olaraq 1 sentyabr 2019-cu il tarixədək olan təminat xərcliyi (1.127,99 manat) ilə 1 sentyabr 2019-cu il tarixdən sonrakı təminat xərcliyi (1.263,19 manat) arasındakı fərq məbləğinin (135,20 manat) 57,66 faizi – 77,96 manat 1 sentyabr 2019-cu il tarixədək olan pensiyası (665,01 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 742,97 manat müəyyən edilməklə ona ödənilmişdir. 1 yanvar 2020-ci il tarixdən etibarən onun sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşı 895 manat, rütbə maaşı 159 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavəsi 316,20 manat, digər növ əlavəsi 507,09 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 32 manat olmaqla cəmi təminat xərcliyi 1.909,29 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanına uyğun olaraq 1 yanvar 2020-ci il tarixədək olan təminat xərcliyi (1.263,19 manat) ilə 1 yanvar 2020-ci il tarixdən sonrakı təminat xərcliyi (1.909,29 manat) arasındakı fərq məbləğinin (646,10 manat) 57,66 faizi 372,54 manat 1 yanvar 2020-ci il tarixədək olan pensiyasının (742,97 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 1.115,51 manat məbləğində əmək pensiyası müəyyən edilməklə iddiaçının müvafiq kart hesabına köçürülür. Göründüyü kimi, iddiaçının əmək pensiyası «Əmək pensiyaları haqqında» Qanunun 20.14.1-ci maddəsinin 2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyasına uyğun təminat xərcliyinin 59 faizi miqdarında müəyyən edilmiş, 1 iyul 2017-ci il tarixindən sonrakı müvafiq artımlar isə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada hesablanmaqla (57,66 faiz) həmin tarixdən əvvəlki təminat xərcliyinin 59 faizi həcmində müəyyən edilmiş əmək pensiyasının üzərinə əlavə edilməklə onun müvafiq kart hesabına köçürülür. 1 yanvar 2022-ci il tarixdən hesablanmaqla ona «Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi – 111,55 manat maddi yardım ödənilir. Göründüyü kimi, iddiaçının əmək pensiyası «Əmək pensiyaları haqqında» Qanunun 20.14.1-ci maddəsinin 2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyasına uyğun təminat xərcliyinin 59 faizi miqdarında müəyyən edilmiş, 1 iyul 2017-ci il tarixdən sonrakı müvafiq artımlar isə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada hesablanmaqla (57,66 faiz) həmin tarixdən əvvəlki təminat xərcliyinin 59 faizi həcmində müəyyən edilmiş əmək pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülür. Odur ki məhkəmədən iddianın təmin edilməməsi barədə qərar çıxarılması xahiş olunur. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının iddiaya qarşı yazılı etirazına əlavəsində bildirilir ki, «Əmək pensiyaları haqqında» Qanunun 20.14-cü maddəsinə əsasən bu Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: (20.14.1) hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin- 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əlavə olunmaqla. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydanın 2.5-ci bəndinə əsasən əmək pensiyasının təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; 20 ildən artıq xidmət müddətinin (3 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (3x2) təminat xərcliyinin 6 faizi; natamam ildəki iş stajı aylarının sayına (10 ay) mütənasib olaraq təminat xərcliyinin 1,66 faizi. Sözügedən Fərman Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2022-ci il tarixli 1903 nömrəli Fərmanı ilə ləğv edilmiş və bu Fərman 2023-cü il 1 yanvardan qüvvəyə minmişdir. Görünüyü kimi, iddiaçının iddia tələbi pensiya təyinatı aparılarkən nəzərə alınmayan dövrün staja daxil edilərək yenidən hesablanması olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən isə, «Əmək pensiyaları haqqında» Qanunun 20.14.1-ci maddəsinin 2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyasına uyğun təminat xərcliyinin 59 faizi miqdarında müəyyən edilmiş, 1 iyul 2017-ci il tarixdən sonrakı müvafiq artımlar isə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada hesablanmaqla (57,66 faiz) həmin tarixdən əvvəlki təminat xərcliyinin 59 faizi həcmində müəyyən edilmiş əmək pensiyasının üzərinə əlavə edilməklə onun müvafiq kart hesabına köçürülür. Yəni, «Əmək pensiyaları haqqında» Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulan şəxslərə Qanunun 20.14.1-ci maddədə qeyd olunan əlavələr həmin şəxslərə pensiya təyinatı aparılarkən nəzərə alınaraq hesablanır. Həmçinin, sözügedən Qanunun 20.1.11-ci maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyasına sonrakı artımların əlavə olunmaqla yenidən hesablanması qaydası nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş «2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası» Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2022-ci il tarixli 1903 nömrəli Fərmanı ilə ləqv edilmişdir. Əlavə olaraq, 2023-cü il 1 yanvar tarixədək bu Qanunun 20.14.1-ci maddəsində qeyd olunan şərtlərlə pensiya təyin olunan şəxslərə münasibətdə sonrakı artımlar hər il müvafiq icra hakimiyyəti orqanı tərəfindən illik nominal əməkhaqqına münasibətdə müəyyən olunan faiz nisbətində onların əmək pensiyasına əlavə olunaraq yenidən hesablanır. Göstərilənlərə əsaslanaraq, iddianın təmin edilməməsi xahiş olunur. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının xidmət illərinə görə əlavələrinin təminat xərcliyinin 59%-dən 57,66%-dək azaldılması hərəkətlərinin qanunsuz sayılması, iddiaçının əmək pensiyasının xidmət illərinə görə əlavəsinin onun 10 ay 10 gün staj əlavə olunaraq mütənasib olaraq təminat xərcliyinin 61,58% miqdarında yenidən hesablanması və 2014-cü ildən sonra keçmiş müddət üzrə ödənilməmiş əmək pensiyası məbləğinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən iddiaçı X4 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya qarşı təqdim olunmuş yazılı etirazda və etiraza əlavədə göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 36-cı maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. «İnzibati icraat haqqında» Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1-ci maddəsinə görə əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 1.0.3-cü maddəsinə görə hərbi qulluqçular – Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir, 1.0.4cü maddəsinə görə xüsusi rütbəli şəxslər – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir, 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. Həmin Qanunun 20.14-cü maddəsinin tələblərinə əsasən bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların) əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: - (20.14.1-ci maddə 1 iyul 2017-ci il tarixdən qüvvədə olan redaksiyada) hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə – 3 faizi) miqdarında əlavə olunmaqla; - (20.14.1-ci maddə 1 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyada) hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin – 3 faizi miqdarında əlavə olunmaqla. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, iddiaçı X4 23 il 10 ay 10 gün Azərbaycan Respublikasının gömrük orqanlarında xüsusi rütbəli şəxs kimi xidmət etmiş və 19 aprel 2014-cü il tarixdə pensiyaya çıxmaq hüququ verən xidmət illəri nəzərə alınaraq onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Həmin dövrdən ona «Əmək pensiyaları haqqında» Qanunun 7 və 20-ci maddələri rəhbər tutularaq, yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyinatı pensiyanın məbləği onun gömrük orqanlarında 23 il xidmət dövrü nəzərə alınaraq, xidmət illərinə görə hər ilə 3% əlavə, yəni xidmət illərinə görə əlavənin təminat xərcliyinin 59% hesablanmaqla aparılmışdır. İddiaçı bununla razılaşmamış və bir müddət sonra, yəni 23 iyul 2019-cu il tarixdə DSMF orqanına (hazırkı cavabdeh həmin qurumun müvafiq funksiyalarını həyata keçirir) müraciət edərək, onun əmək pensiyasının əlavə 10 ay 10 gün iş stajı və həmin dövrə görə illik 3%-in mütənasib məbləği nəzərə alınmaqla yenidən hesablanmasını xahiş etmişdir. Həmin ilkin müraciətə cavab verilməmiş, lakin iddiaçının sonrakı dövrlərdə təkrar müraciətindən sonra onun əmək pensiyasının xidmət illərinə görə əlavəsinin təminat xərcliyinin 59%-dən 57,66%ədək azaldılmaqla yenidən hesablanmışdır. İddiaçı hazırda cavabdehin hərəkətlərini mübahisələndirir və əmək pensiyasının müraciətində göstərilən düsturla yenidən hesablanmasını, eləcə də keçmiş dövr üzrə ödənilməmiş pensiya məbləğini tələb edir. Məhkəmə iddiaçının dəlillərini qismən əsaslı sayır, lakin cavabdehin mövqeyi ilə razılaşmır. Hazırkı mübahisənin hallarına qanunvericiliyin müvafiq dövrlərdə və hazırda qüvvədə olan müddəalarını tətbiq edilərək, belə hesab olunur ki, xüsusi rütbəli şəxs kimi iddiaçı X2 2014-cü ildə «Əmək pensiyaları haqqında» Qanunun 20.14.1-ci maddəsi üzrə əmək pensiyası təyinatında xidmət illərinə əlavənin “il tam olmadıqda natamam ildəki iş stajı aylarının sayına mütənasib olmaqla” şərti ilə hər il üçün təminat xərcliyinin 3% həddində hesablanması nəinki yolveriləndir, hətta mütləqdir, lakin bu qənaət qeyd olunan Qanunun həmin maddəsinə 1 iyul 2017-ci il tarixdən edilmiş dəyişikliyin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə istinadən iddiaçıya münasibətdə tətbiqindən irəli gəlmir. Çünki, «Əmək pensiyaları haqqında» Qanunun 20.14.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan redaksiyası xüsusi rütbəli şəxslərin əmək pensiyasına xidmət illərinə görə əlavənin “il tam olmadıqda natamam ildəki iş stajı aylarının sayına mütənasib olmaqla” hesablanmasını hər il üçün təminat xərcliyinin 2 faizi həddində nəzərdə tutur. Məhkəmə qənaətini aşağıdakılarla əsaslandırır: 1) «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 8-ci maddəsində normayaratma fəaliyyətinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsində göstərilən prinsiplərlə yanaşı, mütənasiblik, insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət prinsipləri əsasında da həyata keçirilməsi təsbit olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsinə görə normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2011ci il tarixli 384 nömrəli Fərmanının 1.1-ci bəndi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, (2012-ci il iyulun 1-dək) qüvvədə olan qanunvericilik aktlarının «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə hər ayın sonunda hissə-hissə təqdim etsin. «İnzibati icraat haqqında» Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Göründüyü kimi, normativ hüquqi aktların hazırlanması, qəbul olunması, rəsmiləşdirilməsi, dərc edilməsi, qüvvədə olması, şərh edilməsi və sistemləşdirilməsi qaydalarını müəyyən edən «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanunununda normayaratma fəaliyyətinin prinsipləri sırasında “mütənasiblik” və “haqq-ədalət” prinsipləri də təsbit olunur. Qeyd olunmalıdır ki, «Əmək pensiyaları haqqında» Qanun 7 fevral 2006-cı il tarixdə qəbul olunmuşdur, «Normativ hüquqi aktlar haqqında» Konstitusiya Qanunu isə, 2011-ci ildən qüvvədədir. Konstitusiya Qanunun qəbulundan sonrakı dövrdə «Əmək pensiyaları haqqında» Qanunun 20.14.1-ci maddəsinə “il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla” müddəasının məhz normayaratma fəaliyyətinin yuxarıda qeyd olunan prinsipləri rəhbər tutularaq (Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2011-ci il tarixli 384 nömrəli Fərmanına uyğun olaraq), əlavə edildiyi ehtimallı görünür. Diqqət yetirilməlidir ki, həmin maddənin iddiaçıya pensiya təyinatı aparılan dövrdə qüvvədə olan redaksiyasında “hər il üçün” sözləri əks olunsa da, “tam il” ifadəsi mövcud olmamış və normanın məzmunu bu anlamı da vermir. Bu isə o deməkdir ki, 2014-cü ildə DSMF orqanı iddiaçıya yaşa görə əmək pensiyası təyin edərkən onun xüsusi rütbəli şəxs kimi 10 ay 10 gün iş stajını nəzərə almamaqla (23 il iş stajını əsas götürməklə) sadalanan, habelə «İnzibati icraat haqqında» Qanunun 17-ci maddəsində qeyd olunan “mütənasiblik” prinsipini və “haqq-ədalət” prinsipini pozmuşdur. 2) Aparılmış inzibati icraatda hazırkı iddiaçının xüsusi rütbədə çalışmış 23 il 10 ay 10 gün iş stajına malik şəxs kimi əmək pensiyasına xidmət illərinə görə əlavə hesablanarkən 23 il stajı olan başqa şəxslərə bərabər tutulması «İnzibati icraat haqqında» Qanunun 12.3-cü maddəsinin tələblərinə də ziddir. Belə ki, inzibati icraatın “bərabərlik prinsipi” təsbit olunmuş həmin maddənin tələblərinə görə inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. İddiaçı 23 il 10 ay 10 gün iş stajına malik olduğu halda, müvafiq orqanda 23 il işləmiş xüsusi rütbəli başqa şəxslə bağlı qəbul olunmuş qərarın ona münasibətdə də qəbulu yolverilməzdir. 3) Qeyd olunmalıdır ki, «Normativ hüquqi aktlar haqqında» Konstitusiya Qanununun 1.0.9-cu maddəsinə görə qanunvericilikdə boşluqlar – konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının olmamasıdır. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə qanunun analogiyası – konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsidir. Eləcə də «Əmək pensiyaları haqqında» Qanunun 27.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Nəzərə alınmalıdır ki, «Əmək pensiyaları haqqında» Qanunun 20.14.1-ci maddəsinin iddiaçıya əmək pensiyası təyin olunan dövrdə (2014-cü ildə) qüvvədə olan redaksiyasında “il tam olmadıqda natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanması” şərtinin olmaması özü qanunvericilikdə boşluq kimi də qiymətləndirilə bilər. Belə hal üzrə qanunun analogiyası tətbiq edilməklə həmin dövrdə «Əmək pensiyaları haqqında» Qanunun oxşar münasibətləri tənzimləyən başqa maddəsinin (27.1-ci maddəsinin) məzmununda əks olunmuş müddəa – “il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla” şərti tətbiq oluna bilər. Lakin inzibati orqan iddiaçıya münasibətdə həmin normaların tətbiqini də təmin etməmişdir. Bununla da, belə nəticə nəticə yaranır ki, DSMF orqanı iddiaçıya əmək pensiyası təyinatında «İnzibati icraat haqqında» Qanunun 16.1-ci maddəsinin tələblərinə riayət etməmişdir. «İnzibati icraat haqqında» Qanunun 16.1-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 4) Yuxarıda qeyd olunan “qanunun analogiyası” halı yolverilən qiymətləndirilmədiyi halda isə, məsələyə digər prizmadan yanaşılmaqla, yəni hüququn analogiyası tətbiq olunmaqla iddiaçının arzuladığı məqsədə münasibətdə müsbət nəticə yarana bilər. Belə ki, bu hal üzrə «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1-ci maddəsinin məğzi baxımından hüququn ümumi prinsiplərinin tətbiqi yolveriləndir, hansı ki, bu prinsiplər sırasında “sosial ədalət” mühüm yer tutur. Odur ki, məhkəmə hesab edir ki, hüququn analogiyası üzrə sosial ədalət prinsipi rəhbər tutulmaqla, iddiaçının 23 il iş stajına əlavə olaraq 10 il 10 gün iş stajı da nəzərə alınaraq, hesablanma təminat xərcliyinin 61,58% (20 ilə görə 50%, 3 ilə görə 9 %, 10 ay 10 günə görə 2,58%) həddində aparıla bilərdi. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.11-ci maddəsinə görə hüququn analogiyası – yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsidir. «İnzibati icraat haqqında» Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Odur ki, cavabdehin müvafiq hərəkətləri «İnzibati icraat haqqında» Qanunun 16.1-ci maddəsi ilə yanaşı, həm də 24.2-ci maddəsinin tələblərinə zidd sayılır. 5) Həmçinin nəzərə alınmalıdır ki, cavabdeh tərəfin istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin 142 saylı 25 iyun 2018-ci il tarixli Fərmanı hazırkı iddiaçı X2 pensiya təyinatı aparılan dövrdə, yəni onun yaşa görə əmək pensiyası hüququnun yarandığı vaxtda qüvvədə olmamışdır, hazırda da qüvvədə deyil. Yekunda məhkəmə vuğulayır ki, iddiaçı X2 yaşa görə əmək pensiyasının pensiya hüququ yarandığı dövrdə “il tam olmadıqda natamam ildəki iş stajı aylarının sayına mütənasib olmaqla” şərti ilə hesablanması «İnzibati icraat haqqında» Qanunun 11-ci və 58-ci maddələrinin tələblərini pozmur. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlar əsasında belə nəticəyə gəlir ki, iddiaçı X2 Azərbaycan Respublikasının gömrük orqanlarında 23 il 10 ay 10 gün iş stajına malik xüsusi rütbəli şəxs kimi əmək pensiyası təyin olunarkən əmək pensiyasının xidmət illərinə əlavənin onun təminat xərcliyinin 61,58% (20 ilə görə 50%, 3 ilə görə 9%, 10 ay 10 günə görə 2,58%) miqdarında hesablanmasından DSMF orqanının imtinası qanunsuz sayılır. Belə olan halda, həmçinin iddiaçının müvafiq müraciətindən sonra cavabdeh inzibati orqanın onun əmək pensiyasının xidmət illərinə görə əlavəsinin təminat xərcliyinin 59%dən 57,66%-dək azaldılmaqla yenidən hesablanması hərəkətləri də qanuna zidd qiymətləndirilir. Cavabdehin istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin 142 saylı 25 iyun 2018-ci il tarixli Fərmanı isə, iddiaçının əmək pensiyası hüququ yarandığı və pensiya təyin olunduğu tarixdən sonrakı dövrdə qəbul olunmuşdur və vəziyyətini ağırlaşdıran normativ hüquqi akt kimi ona münasibətdə tətbiq oluna bilməz. Odur ki, iddia «cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının xidmət illərinə görə əlavələrinin təminat xərcliyinin 59%-dən 57,66%-dək azaldılması hərəkətlərinin qanunsuz sayılması, iddiaçının əmək pensiyasının xidmət illərinə görə əlavəsinin onun 10 ay 10 gün staj əlavə olunaraq mütənasib olaraq təminat xərcliyinin 61,58% miqdarında yenidən hesablanması» hissəsində əsaslıdır və təmin edilməlidir. İddia tələbində göstərilən keçmiş dövr üzrə ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsinə gəldikdə isə, məhkəmə vurğulayır ki, iddiaçı cavabdeh inzibati orqana 23 iyul 2019-cu il tarixdə (imtina barədə 15 avqust 2019-cu il tarixli **********4 nömrəli məktubdan görünür) müraciət etdiyindən «Əmək pensiyaları haqqında» Qanunun 37.7-ci maddəsinə əsasən iddiaçıya ödənilməyən pensiya məbləğinin 23 iyul 2016-cı il tarixdən sonrakı dövrə, yəni müraciət tarixindən əvvəlki son son üç ilə aid hissəsi ödənilməlidir. Nəzərə alınmalıdır ki, «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Eləcə də, həmin Qanunun 37.7-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçı X1 əmək pensiyasının xidmət illərinə görə əlavəsinin təminat xərcliyinin 59%-dən 57,66%-dək azaldılması hərəkətləri qanunsuz sayılmalı, iddiaçı X1 əmək pensiyasının xidmət illərinə görə əlavəsinin onun 10 ay 10 gün staj əlavə olunaraq mütənasib olaraq təminat xərcliyinin 61,58% miqdarında yenidən hesablanması və keçmiş müddət üzrə ödənilməmiş əmək pensiyası məbləğinin 23 iyul 2016-cı il tarixdən sonrakı dövrə aid hissəsinin ona ödənilməsi öhdəliyi Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalı, iddia qalan hissədə əmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçı X1 əmək pensiyasının xidmət illərinə görə əlavəsinin təminat xərcliyinin 59%-dən 57,66%-dək azaldılması hərəkətləri qanunsuz sayılsın. İddiaçı X1 əmək pensiyasının xidmət illərinə görə əlavəsinin onun 10 ay 10 gün staj əlavə olunaraq mütənasib olaraq təminat xərcliyinin 61,58% miqdarında yenidən hesablanması və keçmiş müddət üzrə ödənilməmiş əmək pensiyası məbləğinin 23 iyul 2016-cı il tarixdən sonrakı dövrə aid hissəsinin ona ödənilməsi öhdəliyi Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-7964/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7964/2023
13.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver