Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7965/2023 09.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “yeni çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1-da yerləşən əmlakın 1 otaq 16.0 kv.m və 4,8 kv.m sahə üzərində bölgü sxeminə uyğun olaraq yeni ünvan verilməklə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin öhdəsinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində paylı mülkiyyət olaraq 2 otaq X2 və 1 otaq 16.0 kv.m onun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir və xx.xx.2014-cü il tarixdə çıxarış verilmişdir (daşınmaz əmlakın reyestr nömrəsi **********44- 05101-093002, qeydiyyat nömrəsi **********). Qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə daşınmaz əmlak üzrə bölgü sxemi işlənib hazırlanmış, 2 otaq 28.0 kv.m və 17.2 kv.m sahə X4, 1 otaq 16.0 kv.m və 4,8 kv.m sahə isə iddiaçının istifadəsinə verilmişdir. Əmlak mülkiyyətçilər arasında naturadan bölünmüşdür. Bu qeyd edilənlər mənzilin bölgü sxeminə uyğun olaraq ayrılmış sahənin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır. Bölgü sxeminə uyğun iddiaçıya ayrılmış sahə üzərində hüquqların qeydiyyata alınması onun qeyd edilən əmlakla bağlı hüquqlarının həyata keçirilməsi üçün vacibdir. O, ərizə ilə müraciət edərək bölgü sxeminə uyğun olaraq ona ayrılmış əmlak üzərində hüquqların daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən heç bir tədbir görülməmiş və ərizəsinə cavab verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bundan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı ünvan 2 ünvanında yerləşən mənzilin bölgü sxeminə uyğun daşınmaz əmlakın dövlət reyestrində cari dəyişikliklərin edilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilən bölgü sxemi payçılar tərəfindən imzalanmamışdır. Bununla bağlı iddiaçıya xx.xx.2023-cü il tarixli, **********12 nömrəli cavab məktubları ünvanlanmışdır. Məlumat üçün bildiririk ki, ünvan 1 hazırda X2 (2 otaq) və İddiaçı (16.0 kv.m, 1 otaq) paylı mülkiyyətindədir. Qeyd olunanlarla yanaşı, İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, İddiaçı hissəsində 20.0 kv.m əlavə sahə inşa edilmişdir və həmin sahəyə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması və pul kompensasiyasının (dəyərinin) ödənilməsi qaydasında həyata keçirilə bilər. Əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 24.1ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra - razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7965/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə X7 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X2 üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qərarın 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd olunanlara əsasən işin hallarını araşdıraraq hesab edir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. İddiaçının hazırkı iddia vasitəsilə çatmaq istədiyi məqsədə nail olması mümkünsüzdür. Belə ki, məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********77 nömrəli məktubu ilə göndərilmiş mənzilə dair hüquqmüəyyənedici sənədlərdən görünür ki, X7 xx.xx.1998-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhər TİB tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən ünvan 1-da yerləşən mənzilin 3 otaqdan birini - yaşayış sahəsi 13 kv.m olan 1 otağını X1. Daha sonra xx.xx.2001-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X8 həmin 1 otağı X9, X13 xx.xx.2004-cü il alqı-satqı müqaviləsinə əsasən X3, X6 isə xx.xx.2014-cü il tarixdə İddiaçı satmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1-da xüsusi mülkiyyət hüquqi ilə 2 otaq X2 adına, 1 otaq 16.0 kv.m isə İddiaçı adına xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş ünvan 1-un Bölgü Sxemindən görünür ki, 2 otaq 28.0 kv.m k/sahə 17 kv.m X4, 1 otaq 16.0 kv.m k/sahə 4.8 kv.m isə İddiaçı aid göstərilmişdir. Bölgü sxem Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixdə ********** nömrəsi ilə daxil olmuş, lakin X7 və İddiaçı tərəfindən imzalanmamışdır. Beləliklə, işin hallarından görünür ki, hazırkı halda ünvan 1 ünvanında yerləşən mənzil paylı mülkiyyətdədir. İddiaçı paylı mülkiyyətində olan əmlaka dair təqdim etdiyi bölgü sxemə uyğun olaraq yeni ünvanla təmin edilməklə ayrıca çıxarış verilməsini, bununla da onun payının digər mülkiyyətçinin payından ayrılmasını hazırkı məhkəmə icraatında mübahisələndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.4-cü maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Həmin Məcəllənin 221-ci maddəsinə görə ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Göründüyü kimi, qanunvericiliyə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya ümumi mülkiyyətdə olan əşya sayılır və ümumi mülkiyyətin bir növü olan ümumi paylı mülkiyyətə xitam verilməsi üçün əmlak fiziki olaraq bölünməlidir. İddiaçı hazırda mübahisəli əmlakın fiziki cəhətdən bölündüyünü bildirsə də, bununla bağlı nə digər mülkiyyətçi ilə arasında olan razılığı, nə də məhkəmə qərarını təqdim etmişdir. Belə ki, Mülki Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Mülki Məcəlləsinin 220.3-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi” nizamnaməsinin 2.0.2-ci bəndinə əsasən daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək DƏDKR-in fəaliyyət istiqamətlərinə aid edilmişdir. İstinad olunan normalardan görünür ki, paylı mülkiyyətdə olan əşyanın bölünməsi tərəflərin razılığı ilə həyata keçirilir. Əgər belə razılıq yoxdursa, paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Başqa sözlə, mülkiyyətçilər arasında paylı mülkiyyətdə olan əmlakın bölünməsi barədə razılıq mövcuddursa, ilk əvvəl həmin əmlaka bölgü sxemin tərtib edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət ediməli, cavabdeh imtina etdiyi halda bu imtinanın inzibati məhkəmə icraatı qaydasında mübahisələndirməlidir. Mülkiyyətçilər arasında əmlakın bölünməsi ilə bağlı razılıq mövcud deyilsə, mülkiyyətçilərdən biri payının naturada ayrılması ilə bağlı müvafiq ümumi məhkəməyə müraciət etməlidir. Hazırkı işin hallarına əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında paylı mülkiyyətdə olan daşınmaz əmlakın fiziki olaraq bölünməsi ilə bağlı razılıq, yaxud bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadığından iddiaçının hazırkı iddia vasitəsilə nail olmaq istədiyi məqsədə çatması, yəni ünvan 1 ünvanında yerləşən mənzilə dair payının ayrılmaqla ayrı çıxarış verilməsi mümkünsüzdür. Məhkəmə iddiaçıya izah edir ki, hazırkı halda paylı mülkiyyətçilərdən biri X7 vəfat etmiş və onun miras əmlak payı üzrə vərəsəlik hüququna iddia edən vərəsələri vərəsəlik şəhadətnaməsi ilə təmin edilmiş olmasalar da bu hal iddiaçının paylı mülkiyyətində olan payının ayrılması ilə bağlı ümumi məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Yalnız yuxarıda qeyd olunan qaydada mübahisəli əmlak fiziki cəhətdən bölündükdən sonra iddiaçının hazırkı iddia vasitəsilə əldə etmək istədiyi nəticəyə, yəni ayrılmış payına uyğun ayrıca çıxarışın verilməsinə nail olması mümkündür. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “yeni çıxarışın verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-7965/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7965/2023
09.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver