Məhkəmə qərarları › İş №2-1(112)-7966/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7966/2025

18.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7966/2025 18.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “pul məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “pul məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı İddiaçı 2024-cü il üçün ödənilməli olan və faktiki ödənilmiş əmək haqqı arasında 2576,51 (iki min beş yüz yetmiş altı manat 51 qəpik) manat məbləğində fərqin və əmək haqqının gecikdiriləsinə görə gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödəncin, yəni 01 oktyabr 2024-cü il tarixdən əmək haqqı ödənildiyi tarixədək hər gün üçün 25,76 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2007-2024-cü illərdə cavabdeh qurumun müxtəlif struktur bölmələrində və müxtəlif vəzifələrində çalışmış, 2024-cü il tarixdə polkovnik-leytenant rütbəsində təqaüdə çıxmışdır. Təqaüdə çıxdıqdan sonra təqaüdlə bağlı Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə müraciət etmiş, DOST-un əməkdaşlarının tövsiyəsi ilə telefonuna “mygov” mobil tətbiqini yükləmişdir. İddiaçı tətbiqi yüklədikdən sonra özünə aid məlumatlarla tanış olmuş və müəyyən etmişdir ki, cavabdeh tərəfindən ona hesablanmış əmək haqqı ilə faktiki aldığı əmək haqqı arasında fərq olmuş və həmin fərq ona ödənilməmişdir. Belə ki, 2024-cü ilin yanvar ayı üzrə əmək haqqı: hesablanmış – 1574,70 manat, ödənilməli olan – 1295,07 manat; faktiki ödənilmiş – 954.57 manat; fərq – 340,50 manat. 2024-cü ilin fevral ayı üzrə əmək haqqı: hesablanmış – 1574,70 manat, ödənilməli olan – 1295,07 manat; faktiki ödənilmiş – 1009,57 manat; fərq – 285,50 manat. 2024-cü ilin mart ayı üzrə əmək haqqı: hesablanmış – 1574,70 manat, ödənilməli olan – 1295,07 manat; faktiki ödənilmiş – 1009,57 manat; fərq – 285,50 manat. 2024-cü ilin aprel ayı üzrə əmək haqqı: hesablanmış – 2574,70 manat, ödənilməli olan – 2063,93 manat; faktiki ödənilmiş (məzuniyyət kompensasiyası ilə birlikdə) – 2401,42 manat; fərq – (- 337,49) manat. 2024-cü ilin may ayı üzrə əmək haqqı: hesablanmış – 2574,70 manat, ödənilməli olan – 2063,93 manat; faktiki ödənilmiş 1009,57 manat; fərq – 1054.36 manat. 2024-cü ilin iyun ayı üzrə əmək haqqı: hesablanmış – 2574,70 manat, ödənilməli olan – 2063,93 manat; faktiki ödənilmiş 1009,57 manat; fərq – 1054.36 manat. 2024-cü ilin iyul ayı üzrə əmək haqqı: hesablanmış – 1137,10 manat, ödənilməli olan – 943.28 manat; faktiki ödənilmiş 990,07 manat; fərq – (-46.79) manat. 2024-cü ilin avqust ayı üzrə əmək haqqı: hesablanmış – 1137,10 manat, ödənilməli olan – 943.28 manat; faktiki ödənilmiş - 1009.60 manat; fərq – (-66,32) manat. 2024-cü ilin sentyabr ayı üzrə əmək haqqı: hesablanmış – 227,38 manat, ödənilməli olan – 210.73 manat; faktiki ödənilmiş 203,84 manat; fərq – 6,89 manat.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçının inzibati orqana müraciəti əsasında aparılan araşdırma zamanı məlum olmuşdur ki, vergi orqanına təqdim olunan 2021-2024-cü illəri əhatə edən “Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları” bəyannaməsi (hesabatı) doldurularkən texniki səhvə yol verilmişdir. Daha sonra cavabdeh DİN tərəfindən xx.xx.2024-cü il tarixli, 3-13-15/2-2907/2025 nömrəli məktuba Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə həmin dövrlər üzrə dəqiqləşdirilmiş hesabatlar təqdim edilmişdir. Dəqiqləşmiş hesabat iddiaıya aid olan hissədə xx.xx.2025-ci il tarixli, 3-13-15/2-2514/25 nömrəli arayışla məhkəməyə təqdim edilmişdir. Aparılan inzibati icraat çərçivəsində iddiaçıya məlumat məktubu göndərilmişdir. Bundan sonra iddiaçı inzibati orqan tərəfindən ona təqdim edilən cavabla razılaşmayaraq məhkəməyə müraciət etmişdir. İddiaçının əmək haqqı məhkəməyə təqdim edilən arayışdan da, görünür ki, 2021-ci il üzrə 974,70 manat, 2022-2024-cü illər üzrə 1137,10 manat olmuşdur. İddiaçının əmək haqqına uyğun olaraq təminat xərcliyi əsasında pensiya təyin olunması üçün məlumat vərəqi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna göndərilmişdir. Göründüyü kimi, müvafiq bəyannamə hesabat xarakterlidir və ödəmə mənbəyindən tutulan vergi, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqları barədə vergi orqanına məlumat verilməsi məqsədi daşıyır. Bəyannaədə kənarlaşma olduqda işəgötürən tərəfindən dəqiqləşmə aparıla bilər. Cavabdeh qurum tərəfindən bəyananmədə yol verilən texniki səhv aradan qaldırılaraq qanunvericiliyə uyğun olaraq vergi orqanına dəqiqləşdirilmiş bəyannamə göndərilmişdir.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. İddiaçı tərəfindən e-sosial.gov.az üzərindən fərdi şəxsi hesab barədə məlumatları, bank hesabından çıxarış iş materiallarına əlavə edilmişdir.

9. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli 3-13-21/2-3221/2025 nömrəli məktubla iddiaçıya məxsus arxiv şəxsi işinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir

10. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 3-13-15/2-2514/25 nömrəli arayışla DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin sabiq əməkdaşı İddiaçı 2021-2024-cü illərdə əməkhaqqı məlumatları təqdim edilmişdir.

11. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə- Plan İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-13-27/1-2987/2025 nömrəli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə 2021-2024-cü il tarixlərində təqdim edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari sığorta haqları bəyannaməsi (hesabatı)”nda sığortaolunan İddiaçı səhvən artıq hesablanmış əməkhaqqı göstərildiyindən DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-15/2-2907/2025 nömrəli məktubu ilə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə həmin dövlər üzrə dəqiqləşdirilmiş hesabatlar təqdim edilmişdir.

12. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respubikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən 22 oktyabr 2025-ci il tarixli, 3-21- 2-2/2-60207/2025 nömrəli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən 2021-2024-cü illər üzrə təqdim edilmiş dəqiqləşdirilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulmalar üzrə vahid bəyannamə”lərə (hesabat”lara) əsasən sığortaolunan İddiaçı məlumatları təqdim edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

14. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

16. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

17. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

18. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

19. Belə ki, məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilmişdir ki, iddiaçı 2007-2024-cü illərdə cavabdeh inzibati orqanın müxtəlif struktur bölmələrində və müxtəlif vəzifələrində çalışmış, 2024-cü il tarixdə polkovnik-leytenant rütbəsində təqaüdə çıxmışdır. Təqaüdə çıxdıqdan sonra “mygov” mobil tətbiqindən əldə edilmiş məlumatlardan müəyyən etmişdir ki, ona hesablanmış əmək haqqı ilə faktiki aldığı əmək haqqı arasında fərq olmuş və həmin fərq ona ödənilməmişdir. Hesab etmişdir ki, əmək haqqı yüksək olduğu halda ona az əmək haqqı ödənilmişdir. Belə olan halda, ödənilməmiş əmək haqqı ödənilməli və gecikdirilmiş əmək haqqına görə əlavə faiz məbləği cavabdehdən tutularaq ona ödənilməlidir.

20. Lakin, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və Azərbaycan Respubikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilmişdir ki, vergi orqanına təqdim olunan 2021-2024-cü illəri əhatə edən “Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları” bəyannaməsi (hesabatı) doldurularkən texniki səhvə yol verilmişdir. Daha sonra cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, 3-13-15/2- 2907/2025 nömrəli məktuba Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə həmin dövrlər üzrə dəqiqləşdirilmiş hesabatlar tqədim edilmişdir. Dəqiqləşmiş hesabat iddiaçıya aid olan hissədə xx.xx.2025-ci il tarixli, 3-13-15/2-2514/25 nömrəli arayışla məhkəməyə təqdim edilmişdir. İddiaçının əmək haqqısı barədə məhkəməyə təqdim edilən arayışdan da, onun əmək haqqı, 2021ci il üzrə 974,70 manat, 2022-2024-cü illər üzrə 1137,10 manat olmuşdur. İddiaçının əmək haqqına uyğun olaraq təminat xərcliyi əsasında pensiya təyin olunması üçün məlumat vərəqi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna göndərilmişdir. Göründüyü kimi, müvafiq bəyannamə hesabat xarakterlidir və ödəmə mənbəyindən tutulan vergi, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqları barədə vergi orqanına məlumat verilməsi məqsədi daşıyır. Bəyannamədə kənarlaşma olduqda işəgötürən tərəfindən dəqiqləşmə aparıla bilər və cavabdeh qurum tərəfindən bəyananmədə yol verilən texniki səhv aradan qaldırılaraq qanunvericiliyə uyğun olaraq vergi orqanına dəqiqləşdirilmiş bəyannamə göndərilmişdir.

21. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.

22. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: Maddə 154. Əmək haqqı

1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

2. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Maddə 172. Əmək haqqının verilməsi müddətləri

1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.

4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.

5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir.

23. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 98. Muzdlu işlə əlaqədar alınan gəlir 98.1. Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. 98.2. Bu Məcəllənin 98.1-ci maddəsinin məqsədləri üçün gəlirin məbləği, aşağıda göstərilən məbləğdən işçinin əldə etdiyi gəlirə görə ödədiyi hər hansı xərc çıxıldıqdan sonra qalan məbləğə bərabərdir: 98.2.1. fiziki şəxsə banklararası kredit hərracında olan faiz dərəcəsindən aşağı faiz dərəcəsi ilə ssuda verildiyi halda - bu tipli ssudalar üzrə banklararası kredit hərracında olan faiz dərəcəsinə uyğun faizlə ödənməli olan məbləğlə aşağı faiz dərəcəsinə uyğun ödənməli olan məbləğ arasındakı fərq; 98.2.2. işəgötürənin öz işçisinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verdiyi halda - bu cür malların, işlərin və xidmətlərin bazar qiyməti ilə dəyəri; 98.2.3. bu Məcəllənin 119.2-ci maddəsində nəzərdə tutulmuş xərclər istisna olmaqla, işçinin xərclərinin əvəzi ödənildiyi halda - ödənən vəsaitin məbləği; 98.2.4. işçinin işə götürənə olan borcunun və ya öhdəliyinin bağışlanıldığı halda - həmin borcun və ya öhdəliyin məbləği; 98.2.5. İşəgötürən tərəfindən ödənilən sığorta haqları. 98.2.6 hər hansı digər halda - normativ hüquqi aktlarda başqa qiymətləndirmə metodu göstərilmirsə, bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq müəyyən edilən dəyər; 98.2.7. işəgötürən tərəfindən işçiyə (təhtəlhesab şəxsə) verilmiş təhtəlhesab vəsait müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada geri qaytarılmadıqda – həmin vəsaitin məbləği. 98.3. Faktiki ezamiyyə xərclərinin və ya digər işgüzar xərclərin əvəzinin ödənilməsi gəlirə daxil deyildir. 98.4. Bu Məcəllənin 98.2-ci maddəsində göstərilən məbləğlərə və xərclərə aksizlər, əlavə dəyər vergisi və qiymətləndirilən əqdlə əlaqədar işə götürənin ödəməli olduğu hər hansı digər vergi daxildir. 98.5. İşə götürən tərəfindən bu Məcəllənin 109.3-cü və 119.2-ci maddələrində nəzərdə tutulmuş xərclərin çəkilməsinin nəticəsi kimi əldə edilən gəlir vergi tutulan gəlirə aid deyildir.

24. “Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən utualn vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)” Azərbaycan Respublikası Vergi Məcəlləsinin 98-ci maddəsnə əsasən Azərbaycan Respublikasını ərazisində muzdlu işlə əlaqədar ödənilən gəlirdən ödəmə mənbəyində gəlir vergisi tutulan şəxslər, “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqının ödəyicisi sayılan sığortaedənlər, “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsinə əsasən işsizlikdən sığorta haqqının ödəyicisi sayılan sığortaedənlər, “Tibbi sığorta haqqına” Qanunun 15-10.1.2.1-ci maddəsinə əsasən icbari tibbi sığorta haqqının ödəyicisi sayılan sığortalılar tərəfindən tərtib edilir və vergi orqanına təqdim edilir.

25. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

26. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».

27. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.

28. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.

30. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X1 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.

31. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.

32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).

33. Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

35. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

36. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

37. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

38. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar