Məhkəmə qərarları › İş №2-1(112)-797/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-797/2023

25.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-797/2023 25.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi-X1 iştirakı ilə, iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Milli Gəlirlər Baş İdarəsinə qarşı rəyin verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəh. N.Vəzirov küç. 56) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti (bundan sonra mətndə "xxxx" MMC) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (bundan sonra mətndə Dövlət Vergi Xidməti) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 422.595 (dörd yüz iyirmi min beş yüz doxsan beş) manat 89 (səksən doqquz) qəpik məbləğində ƏDV-nin "xxxx" MMC-yə geri qaytarılması öhdəliyinin cavabdeh Dövlət Vergi Xidmətinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Türkiyə Respublilasının “X5 X4 Turizm Nakliye Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı (VÖEN: **********) arasında bağlanmış 25 fevral 2016-cı il tarixli Subkontrakt sazişinin (Kontrakt № 16) əlavə dəyər vergisi (bundan sonra - ƏDV) daxil ümumi məbləği olmuş 6.983.640 (altı milyon doqquz yüz səksən üç min altı yüz qırx) manat 91 (doxsan bir) qəpik gəlirdən cəmi 1.065.301 (bir milyon altmış beş min üç yüz bir) manat 15 (on beş) qəpik məbləğində ƏDV hesablanaraq İddiaçı MMC tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Lakin, “X5 X4 Turizm Nakliye Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı 6 983 640,91 manat məbləğindən İddiaçı MMC-yə yalnız bir hissəsini - cəmi 4 297 933 (dörd milyon iki yüz doxsan yeddi min doqquz yüz otuz üç) manat 43 (qırx üç) qəpik - ödəmişdir, qalan hissə isə, yəni 2 685 707 (iki milyon altı yüz səksən beş min yeddi yüz yeddi) manat 48 (qırx səkkiz) qəpik onun tərəfindən bu vaxta kimi İddiaçı MMC-yə ödənilməmişdir. İddiaçı MMC tərəfindən borcluya qarşi iddia verilmişdir. Tərəflər arasında barışıq sazişi bağlanmış, lakin cavabdeh onu qismən icra etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 oktyabr 2017-ci il tarixli qərardac ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 iyul 2017-ci il tarixli qərardadı il təsdiq edilmiş barışıq sazişinin icraya yönəldilməsi, cavabdehdən 2.685.706,95 (iki milyon altı yüz səksən beş min yeddi yüz altı manat doxsan beş qəpik) manat tutularar İddiaçı MMCyə ödənilməsi qərara alınmışdır. “X5 X4 Turizm Nakliye Sanayi ve Ticare Limited” Şirkəti Türkiyə Respublikasının ərazisində yerləşdiyi üçün İddiaçı MMC Türkiyə Respublikasının səlahiyyətli məhkəməsinə qanunla müəyyən olunmuş qaydada müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 oktyabr 2017-ci il tarixi qərardadının Türkiyə Respublikasının ərazisində tanınmasına və icrasına dair qərar çıxarılmasını xahiş etmişdir. Türkiyə Respublikasının səlahiyyətli məhkəməsi tərəfindən İddiaçı MMC-nin xahişi təmin olunmamışdır. Sonra 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 oktyabr 2017-ci il tarixli, 2 2(82)-595/2017 saylı qərardadı Azərbaycan Respublikasında icraya yönəldilmişdir. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin 02 noyabr 2021-ci il tarixli qərarı il icra vərəqəsi icrası mümkün olmayan sənəd kimi Bakı Kommersiya Məhkəməsin qaytarılmışdır. İcra məmuru tərəfindən “X5 X4 Turizr Nakliye Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının mülkiyyətində hər hansı daşmar və daşınmaz əmlak aşkar olunmamış, Filialı fəaliyyətinin dayandırdığı müəyyən olunmuşdur. “X5 X4 Turizm Nakliye Sanayi ve Ticare Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən İddiaçı MMC-yə ödənilməmiş məbləğ - 2 685 707,48 manat - ümidsiz bir borcdur. Bununla əlaqədar olaraq, İddiaçı MMC Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə (bundan sonra - Baş İdarə) müraciət edərək, 2 685 707,48 manat üzrə İddiaçı MMC tərəfindən dövlət büdcəsinə ödənilmiş 422 595 (dörd yüz iyirmi iki min beş yüz doxsan beş) manat 89 (səksən doqquz) qəpik məbləğində ƏDV-nin İddiaçı MMC-yə geri qaytarılmasını və ya əvəzləşdirilməsini xahiş etmişdir. Barışıq sazişi və qeyd olunan məhkəmə qərardadlarına baxmayaraq, “X5 X4 Turizm Nakliye Sanayi ve Ticaret Limited Şirketi” və onun Azərbaycan Respublikasındakı Filialı (VÖEN: **********) 2 685 707 (iki milyon altı yüz səksən beş min yeddi yüz yeddi) manat 48 (qırx səkkiz) qəpik məbləğində olan borcunu bu vaxta kimi İddiaçı MMC-yə ödəməmişdilər və ödənilməməsinin səbəbləri barədə məlumat verməmişdilər. Baş idarə tərəfindən İddiaçı MMC-yə bildirilmişdir ki, İddiaçı MMC tərəfindən təqdim edilmiş xidmətlərə görə dövlət büdcəsinə ödənilmiş ƏDVnin geri qaytarılması və ya əvəzləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. İddiaçı MMC həmin mövqe ilə tam razı deyil. Belə ki, 2 685 707,48 manat məbləği “X5 X4 Turizm Nakliye Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı (VÖEN: **********) tərəfindən İddiaçı MMC-yə ödənilmədiyinə görə həmin vergi ödəyicisi 422 595,89 manat məbləğində ƏDV-nin əvəzləşdirilməsini həyata keçirməmiş və nəticədə həmin vəsait büdcənin gəliri olmuşdur. İddiaçı MMC Baş İdarənin rədd cavablarından Dövlət Vergi Xidmətinə şikayətləri vermişdir. Lakin, Dövlət Vergi Xidməti tərəfindən İddiaçı MMC-nin şikayətləri əsassız olaraq təmin edilməmişdir. 2 685 707,48 manat məbləği “X5 X4 Turizm Nakliye Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı (VÖEN: **********) tərəfindən İddiaçı MMC-yə ödənilmədiyinə görə həmin vergi ödəyicisi 422 595,89 manat məbləğində ƏDV-nin əvəzləşdirilməsini həyata keçirməmiş və nəticədə həmin vəsait büdcənin gəliri olmuşdur və həmin məbləğ İddiaçı MMC-yə qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 03 mart 2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Eyni zamanda məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(112)-6490/22 saylı qərardadı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Milli Gəlirlər Baş İdarəsi ilə əvəz olunmuşdur. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, 422 595 ( dörd yüz iyirmi iki min beş yüz doxsan beş) manat 89 ( səksən doqquz) qəpik məbləğində ƏDV-nin İddiaçı MMCyə (VÖEN 1**********) geri qaytarılması üçün rəyin verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim olumuşdur. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci il tarixdə “Elektron Məhkəmə Sistemi” vasitəsilə ərizə təqdim edərək, 422.595 (dörd yüz iyirmi min beş yüz doxsan beş) manat 89 (səksən doqquz) qəpik məbləğində ƏDV-nin "xxxx" MMCyə geri qaytarılması öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Milli Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmasına dair iddia tələbindən imtina etdiyini bildirməklə, iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi-X2 iddiaçının iddia ərizəsindən imtina edilməsi barədə ərizəsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməklə inzibati iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddiadan imtina etmə barədə ərizə verdikdə o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə inzibati iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etməlidir. İPM-nin 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə tərəfindən iddiaçıya izah olunur ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1, 55.5, 80, 81.1, 85.1-cı maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Milli Gəlirlər Baş İdarəsinə qarşı rəyin verilməsi tələbi barədə inzibati iş üzrə iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi Vəkil tərəfindən verilmiş iddiadan imtina barədə ərizə təmin edilsin. İddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Milli Gəlirlər Baş İdarəsinə qarşı rəyin verilməsi tələbinə dair inzibati iş üzrə icraata iddiaçı iddiadan imtina etdiyi üçün xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar