Məhkəmə qərarları › İş №2-1(112)-7970/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7970/2025

13.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7970/2025 13.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (struktur dəyişikliyi ilə əlaqədar bundan sonra Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) qarşı çıxarışın verilməsi və s tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (struktur dəyişikliyi ilə əlaqədar bundan sonra Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) qarşı çıxarışın verilməsi və s tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək Bakı şəhəri Ləhiş bağ sahəsi 1843 saylı mülkiyətində olan bağ sahəsinə dair qüvvədə olan mülkiyyət hüququna dair qeydin və ona uyğun verilmiş plan və ölçünün ləğv edilməsi və sxematik xəritəyə uyğunlaşdırma aparılmaqla 1844 nömrəli bağ sahəsinin yerləşdiyi 1200 kv.m torpaq sahəsinə 1843 saylı bağ sahəsi kimi mülkiyyət hüququn dövlət qeydiyyatına alınması və buna dair yeni çıxarış və plan ölçünün verilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 186 nömrəli order əsasında çıxarış verilmişdir. 40 saylı order əsasında isə 1845 nömrəli bağ sahəsi X2 ayrılmışdır. Çıxarış verilərkən 1843 nömrəli bağ sahəsi yerləşmə sxeminin əksinə olaraq 1844 və 1845 nömrəli bağ sahələrinin yerinə qeyd edilmişdir. Nəticədə əsassız olaraq 1843 nömrəli bağ shaəsi 1846 nömrəli bağ sahəsinin qonşuluğunda göstərilmişdir. X1 bu səbəbdən ona məxsus qeydin ləğv edilməsi hissəsində də iddia qismən təmin edilmişdir. Onun bağ sahəsinə daüşən 437 kv.m hissədə qeyd ləğv edilmişdir. İddiaçı qeyd edir ki, 437 kv.m hissə üzrə onun mülkiyyət hüququ qeydiyyatsız qalmışdır. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılır ki, Bakı İnzibati Məhkəməsinin qərarı əsasında 437 kv.m ölçüdə 1845 nömrəli bağ sahəsinə düşən hissədə qeyd ləğv edilmişdir. Buna dair 22 oktyabr 2024-cü il tarixdə çıxarış tərtib edilmişdir. İddiaçı tərəfindən göstərilən əlavə torpaq sahəsi 1844 nömrəli torpaq sahəsi və bölünənlərin ərazisinə uyğun gəlir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı İnzibati Məhkəməsinin 13 iyul 2023-cü il tarixli qərarında qeyd edilir ki, ekspert rəyi ilə də müəyyən edilir ki, 186 saylı BTK-nın 1843,1844,1845 və 1846 saylı basğ sahələri ardıcıl olaraq bağlar arası yola perpenduklyar yerləşir, 1843 nömrəli bağ sahəsi 1844 nömrəli bağ sahəsi ilə, 1844 nömrəli bağ 1845 nömrəli bağ sahəsi ilə, 1845 nömrəli bağ sahəsi isə 1846 saylı bağ sahəsi ilə həmsərhəddir. 1843 nömrəli bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə uyğun qeydiyyatdan keçməmişdir. 1846 nömrəli bağ sahəsi sxematik xəritəyə uyğun qeydiyyatdan keçmişdir. 1845 nömrəli bağ sahəsinin bir hissəsi kimi 437 kv.m 1843 nömrəli bağ sahəsi kimi qeydiyyata alınmışdır. 1843 nömrəli bağ sahəsinin 1023 kv.m hissəsi 1844 və 1845 nömrəli bağ sahələri ilə üst-üstə düşür. 1843 nömrəli bağ sahəsinin İddiaçı adına qeydiyyata alınması, giriş çıxış yolunun mövcud olmaması məhz 1843 nömrəli bağ sahəsinin yerləşmə sxeminə zidd olaraq qeydiyyata alınması nəticəsində olmuşdur. Bu səbəbdən də 1845 nömrəli bağ sahəsinə düşən hissədə 1843 nömrəli bağ sahəsinə dair aparılmış qeyd ləğv edilməlidir. 24 iyun 2009-cu il qeydiyyat tarixli çıxarışdan görünür ki, iddiaçının adına Ləhiş bağ sahəsi 186 saylı BTK-nın 1843 nömrəli bağ sahəsi 1117 kv.m ölçüdə olmaqla iddiaçıya ayrılmışdır. 22 oktyabr 2024-cü il tarixli çıxarışdan isə görünür ki, 1843 nömrəli bağ sahəsinin ölçüsü 680 kv.m kimi göstərilmişdir. Müayinə aktında qeyd edilir ki, 437 kv.m hissə ləğv edildikdən sonra faktiki sahə 680 kv.m qalmışdır. Əvəzlənməsi tələb edilən hissəni iddiaçı bağ evi və mövcud tikililər olan ərazindən verilməsini istəyir. 13 iyun 1990-cı il tarixli qərar əsasında tərtib edilmiş 186 BTK üzrə 18 nömrəli orderdən görünür ki, 186 nömrəli BTK nəzdində 1843 nömrəli 1200 kv.m bağ sahəsi iddiaçıya ayrılmışdır. Cavabdehin 31 oktyabr 2025-ci il tarixli məktubunda qeyd edilir ki, 1843 nömrəli bağ sahəsinin naturada yerləşməsi sxematik xəritəyə əsasən 1844 nömrəli bağ sahəsinin ərazisinə uyğun gəlir. Əlavə torpaq sahəsi də 1844 nömrəli bağ sahəsinin yerinə uyğun gəlsə də qeydiyyatdan keçməmişdir. 1844 nömrəli bağ sahəsinə dair hər hansı sənəd mövcud olmamışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Qeyd olunmalıdır ki, iddiaçının müraciətinin təmin olunmamasının əsası kimi yuxarıda göstərilmiş halların əmlakın özəlləşdirilməsinə dair maneənin yaradıb-yaratmamasına qiymət verilməsi üçün əmlaka dair hüquqmüəyyənedici sənədlərin əhatə dairəsi müəyyən edilməlidir. Daşınmaz əmlaka, o cümlədən torpaq sahəsinə dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar aşağıdaki qanunvericiliyin müddəaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.9. Əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri

1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.

2. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.

3. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. İşin faktiki hallarından da müəyyən edilir ki, hazırkı mübahisə müvafiq hüquqmüəyyənedici sənədə məxsus şəxsin 1843 saylı bağ sahəsinə 1200 kv.m ölçü nəzərə alınmaqla hüququnun dövlət qeydiyyatına alınması ilə əlaqədardır. İş materialları ilə də müəyyən edilir ki, iddiaçı 1843 nömrəli bağ sahəsinə dair order əsasında 1117 kv.m ölçüdə olmaqla hüququnu dövlət qeydiyyatına alsa da, digər bir şəxsin məhkəməyə müraciəti əsasında həmin torpaq sahəsi 437 kv.m ölçüdə azaldılmış, ölçü 680 kv.m olaraq qalmışdır. Bakı İnzibati Məhkəməsinin icraatında olmuş həmin işdən də müəyyən edilir ki, 1843 nömrəli bağ sahəsinə hüquq 1117 kv.m ölçüdə qeydiyyyata alınarkən 437 kv.m hissə 1845 nömrəli bağ sahəsindən verilmiş, sxematik uyğunsuzluq səbəbindən 1845 nömrəli bağin sahibi 437 kv.m ölçüdə torpaq sahəsinə hüququndan məhrum olmuş, məhkəmə qərarı əsasında 437 kv.m hissə üzrə aparılmış qeyd ləğv edilmiş və həmin şəxs adına 437 kv.m ölçüdə qeydiyyat hərəkətə keçirilmişdir. Lakin, cavabdehin sxematik xəritəyə uyğun aparılmamış həmin qeydiyyat hərəkətləri səbəbindən, yəni 1845 nömrəli bağ sahəsinin mübahisəli ərazini 1843 nömrəli bağ sahəsinə verməsi səbəbindən, hal-hazırda iddiaçı da 1200 kv.m ölçü üzrə hüquqmüəyyənedici sənədə malik olsa da, 680 kv.m kimi demək olar ki bağ sahəsinə dair yarı ölçüdə torpaq sahəsinə mülkiyyət hüququnun realizəsindən məhrum olmuşdur. Məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, naturada bağ sahəsi ayrılarkən 1844 nömrəli bağ sahəsi və onun bölünənlərinin ərazisinə uyğun hissədən iddiaçıya torpaq sahəsi ayrılmış və 1200 kv.m ölçüdə sahə, yəni 680 kv.m hissədən əlavə olan sahə iddiaçının bağ evi və tikililərin olduğu və 1844 nömrəli bağ sahəsi və bölünənlərinin ərazisindən olmuşdur. Belə ki, cavabdehin 31 oktyabr 2025-ci il tarixli məktubunda qeyd edilir ki, 1843 nömrəli bağ sahəsinin naturada yerləşməsi sxematik xəritəyə əsasən 1844 nömrəli bağ sahəsinin ərazisinə uyğun gəlir. Əlavə torpaq sahəsi də 1844 nömrəli bağ sahəsinin yerinə uyğun gəlsə də qeydiyyatdan keçməmişdir. 1844 nömrəli bağ sahəsinə dair hər hansı sənəd mövcud olmamışdır. Göründüyü kimi hazırkı inzibati mübahisə iddiaçıya ayrılmış 1843 nömrəli 1200 kv.m bağ sahəsinə dair hüquqların sxematik xəritəyə uyğunlaşdırılmaqla dövlət qeydiyyatına alınması barədədir. Belə ki, iddiaçıya naturada ayrılmış sahə hər hansı hüquqmüəyyənedici sənədi olmayan 1844 nömrəli bağ sahəsindədir, müayinə aktı və məktubdan da görünür ki, həmin əlavə sahədə iddiaçının bağ evi və tikililəri mövcuddur, sahə iddiaçının istifadəsindədir. Məhkəmə bu zaman qeyd etməyi zəruri hesab edir ki, hazırkı halda iddia tələbinin fərqli olması, yəni 1843 nömrəli bağ sahəsinə dair mülkiyyət hüququna dair qeyd və plan və ölçünün ləğv edilməli olması hazırkı tələbin sxematik xəritəyə uyğunlaşdırma ilə bağlı olması halını aradan qaldırmır. Belə ki, hazırkı inzibati mübahisənin məhkəmə təcrübəsində tez-tez rast gəlinən sxematik xəritəyə uyğunsuzluğun aradan qaldırılmalı olması ilə bağlı məhkəmə mübahisələri üzrə işin faktiki hallarına dair fərqi onunla bağlıdır ki, hazırda torpaq sahəsinə dair bir dəfə hüquq qeydiyyata alınmışdır. Doğrudur həmin hüquq qeydiyyata alınarkən 1843 nömrəli bağ sahəsinə hüquq qeydiyyata alınarkən 1845 nömrəli bağ sahəsinin ərazisindən 437 kv.m ölçüdə torpaq iddiaçıya verilmiş, nəticədə yeni məhkəmə mübahisəsi yaranmış və mübahisə zamanı sxematik xəritəyə uyğunlaşdırmaqla naturada ayrılmış torpaq sahəsi iddiaçıya ayrılması əvəzinə başqa şəxsə ayrılmalı olan sahə iddiaçıya verilmişdir. Lakin, məhkəmə qeyd edir ki, 437 kv.m hissədə başqa şəxsin adına aparılmış səhv qeydiyyat iddiaçının sxematik xəritəyə uyğunlaşdırılmaqla məhz naturada ayrılmış torpaq sahəsinə hüququn qeydiyyatının tələb edilməsi üçün əngəl təşkil etmir. Belə ki, sxematik xəritə ilə uyğunsuzluq səbəbindən iddiaçı naturada ona ayrılmış torpaq sahəsini faktiki istifadə etsə də, hüququnu qeydiyyata almaq hüququndan məhrum olmuşdur. Bu zaman 680 kv.m hüquqa dair mülkiyyət hüququna dair qeyd və plan ölçü sənədi onun hüquqlarının realizəsindən çox, naturada ayrılmış sahə ilə uyğunsuzluq səbəbindən 437 kv.m sahədən mərhum olması ilə nəticələnir. Halbuki, sxematik xəritə ilə uyğunsuzluq mövcud olsa da, naturada iddiaçının istifadəsində olmuş sahəyə hüququn qeydiyyatının aparılması cavabdehin öhdəliyidir və həmin qeydiyyatı mümkünsüz edən qeyd və plan ölçünün ləğv edilməsi də ümumilikdə 1200 kv.m sahəyə dair qeydin aparılması üzrə icraatın tərkib hissəsidir. İşin faktiki hallarından da görünür ki, iddiaçıya naturada ayrılmış bağ sahəsi 1844 nömrəli bağ və bölünənlərin ərazisinə uyğun gəlsə də, onun faktiki istifadəsindədir və tikililər mövcuddur ki, məhkəmə hesab edir ki, sxematik həmin növ uyğunsuzluq aradan qaldırılmalı və ümumilikdə 1200 kv.m sahəyə 1844 nömrəl bağ sahəsinə düşən, iddiaçının istifadəsində olan sahə də daxil olmaqla uyğunlaşdırma aparılmaqla hüquq dövlət qeydiyyatına alınmalıdır. Nəzərə alınmalıdır ki, mövcud məhkəmə təcrübəsi göstərir ki, sxematik xəritəyə uyğunsuzluq hüququn dövlət qeydiyyatı hərəkətlərinin aparılması üçün maneə təşkil edə bilməz. Bağ sahələrinin faktiki vəziyyəti ilə sxematik xəritələrdəki uyğunsuzluqlar, vətəndaşların mülkiyyət hüququnun qorunmasına mane olmamalıdır. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.0.20-ci maddəsində isə təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir. Bəhs edilən maddələrin normalarından aydın olur ki, hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Məhkəmə də hesab edir ki, həmin uyğunsuzluq aradan qaldırılmalı bu zamanda iddiaçının hüquqi marağına cavab verməyən 680 kv.m hissə ilə bağlı qeyd və plan və ölçü sənədi də ləğv edilməli, yenidən uyğunlaşdırma aparılmaqla iddiaçının faktiki istifadəsində olan sahə də nəzərə alınmaqla ümumilikdə 1200 kv.m ölçüdə bağ sahəsinə dair hüququn qeydiyyatı həyata keçirilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. Eyni zamanda Məhkəmə qeyd edir ki, texniki inventarlaşdırma işlərinin aparılmasının əsas məqsədi daşınmaz əmlak obyektinin, o cümlədən torpaq sahəsinin mövcudluğunu, faktiki vəziyyətini, texniki göstəricilərini, tərkibini müəyyən etmək və texniki sənədləri hazırlamaqdır. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.1.16-cı yarımbəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq DƏDKR-in vəzifəsidir. Bu səbəbdən də Məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı həyata keçirildiyi zaman, eyni zamanda cavabdeh tərəfindən həmin torpaq sahəsinə münasibətdə plan-ölçü sənədinin verilməsi də təmin olunmalıdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Bakı şəhəri Ləhiş bağ sahəsi 1843 saylı İddiaçı mülkiyətində olan bağ sahəsinə dair qüvvədə olan mülkiyyət hüququna dair qeydin və ona uyğun verilmiş plan və ölçünün ləğv edilməsi və sxematik xəritəyə uyğunlaşdırma aparılmaqla 1844 nömrəli bağ sahəsinin yerləşdiyi 1200 kv.m torpaq sahəsinə 1843 saylı bağ sahəsi kimi mülkiyyət hüququn iddiaçının adına dövlət qeydiyyatına alınması və buna dair yeni çıxarış və plan ölçünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar