Məhkəmə qərarları › İş №2-1(112)-7971/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7971/2023

28.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7971/2023 28.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı vəkili Nümayəndə, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın verilməsi” öhdəliyinin cavabdehə həvalə edilməsi haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının 320 saylı xx.xx.2000-ci il tarixli Sərəncamı ilə ayrılmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, onun adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının 320 saylı xx.xx.2000-ci il tarixli sərəncamı ilə ona ayrılmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən onun yəni, X1 adına çıxarışın və plan ölçünün verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının 320 saylı xx.xx.2000-ci il tarixli Sərəncamı ilə ünvan 1ndə 0,06 ha torpaq sadəsi ona ayrılmışdır. Eyni zamanda ayrılmış torpaq sahəsində evin tikilməsinə də icazə verilmişdir. Sərəncam barədə arxiv arayışı da almışdır. Həmin vaxtdan torpaq sahəsi onun istifadəsində və mülkiyyətindədir. Hazırda torpaq sahəsinin mülkiyyətə keçirilməsi üçün ərizə ilə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə müvafiq sənədlərlə müraciət etmişdir. Lakin, ona imtina məktubu ilə bildirilmişdir ki, torpaq sahəsi yaxınlıqda keçən avtomobil yolunun mühafizə zonasında yerləşir. Həmçinin, torpaq sahəsinin yerləşmə cizgisində istinad məsafələri qeyd olunmamışdır. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən sözügedən torpaq sahəsi yaxınlıqdan keçən avtomobil yolunun kənarında yerləşir. Həmçinin torpaq sahəsində hasarlanma və mərzçəkmə işləri aparılmamışdır. İddiaçı tərəfindən təqdim edilən torpaq sahəsinin yerləşmə cizgisində istinad və məsafələr qeyd olunmamışdır. Bununla yanaşı, Xətai rayon İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə ayrılan torpaq sahəsi Suraxanı rayonun inzibati ərazisində yerləşir və fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmayan dövlət torpağıdır. Bunlardan əlavə, torpaq sahəsinin yerləşmə cizgisinin həqiqiliyi ilə bağlı Bakı şəhər, Xətai rayon İcra Hakimiyyətinə ünvanlanmış sorğuya №/4 saylı, xx.xx.2020-ci il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsınin tələblərinə əməl olunmadığı üçün Xətai rayon İcra Hakimiyyətinin 320 saylı, xx.xx.2000-ci il tarixli Sərəncamı ilə ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi üzrə hüquqların dövlət qeydiyyatı ilə bağlı vətəndaş X2 müraciəti əsassızdır. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə vətəndaşa **********68, **********38, **********23, **********55, **********96 və **********89 saylı, xx.xx.2018-ci il, xx.xx.2020-ci il,xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli məktublar ünvanlanmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; torpaq sahəsinin ipotekası zamanı ipoteka ilə təmin edilmiş öhdəlik icra edilmədikdə xitam verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə verilir. “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 298 nömrəli 11 09 2015ci il tarixli qərarının 1 2-ci bəndinə əsasən avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12,5 metr enində müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.2-ci maddəsinə əsasən qeydiyyat orqanında təqdim edilmiş hər hansı sənədlə bağlı onun həqiqiliyinə dair şübhəsi olduqda müvafiq icra hakimiyyəti orqanlarına sorğu göndərmək hüququna malikdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İddiaçının vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X5 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü: “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №li Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı hazırki iddia tələbi ilə cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, sonuncu tərəfindən onun müraciətindən imtina olunmuş, bundan sonra sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları: İş materiallarında olan: Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 1017 №-li 16 aprel 2018-ci il tarixli arxiv çıxarışı ilə İddiaçı təqdim olunmuş Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin Başçısının “Məhəllədaxili ərazidə müstəsna hal kimi fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması haqqında” 320 №-li, xx.xx.2000-ci il tarixli Sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, qeyd olunan sərəncamla Bakıxanov qəsəbəsi, Ə.Kərim küçəsi, ev 5, mənzil 32-də yaşayan İddiaçı S.Mehmandarov küçəsində 0,06 ha torpaq sahəsinin ayrılması və yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai rayon icra Hakimiyyəti tərəfindən Xətai Rayon İcra Hakimiyyətinin Başçısının 320 saylı xx.xx.2000-ci il tarixli sərəncamı ilə Xətai Rayonu S.Mehmandarov küçəsində vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv. metr torpaq sahəsinin sxemi tərtib olunmuşdur. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 39/d saylı, xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Xətai rayonu, Gen. Mehmandarov küçəsi (bir hissəsi) Xətai rayonunun inzibati ərazisində yerləşir. Həmin küçənin digər hissəsi Suraxanı rayonunun ərazisinə aiddir. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin 1/1157-1/1259 saylı xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, S.Mehmandarov küçəsinin bir hissəsi (“turş su” kafesindən “555” avto salona gedən yolun sağ tərəfi) Suraxanı rayonunun inzibati ərazisi daxilində yerləşir, rayonun inzibati ərazisi 20-ci (XX) əsrdə müəyyən edilib və 2000-ci ildən sonra rayonun inzibati ərazi bölgüsündə heç bir dəyişiklik baş verməyib . İddiaçının (vəkili Nümayəndə) hazırkı tələblə bağlı müraciətinə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********9 saylı xx.xx.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, ünvan 1ndə yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** nömrəli, xx.xx.2021-ci il tarixli ərizəyə baxılmışdır.Elektron kadastr məlumatlarına əsasən sözügedən torpaq sahəsi yaxınlıqdan keçən avtomobil yolunun kənarında yerləşir Həmçinin, torpaq sahəsində hasarlanma və mərzçəkmə işləri aparılmamışdır. Tərəfinizdən təqdim edilən torpaq sahəsinin yerləşmə cizgisində istinad məsafələri qeyd olunmamışdır. Xətai rayon İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə ayrılan torpaq sahəsi Suraxanı rayonun inzibati ərazisində yerləşir, fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmayan dövlət torpağıdır. Bununla yanaşı torpaq sahəsinin yerləşmə cizgisinin həqiqiliyi ilə bağlı Bakı şəhər, Xətai rayon İcra Hakimiyyətinə ünvanlanmış sorğuya N/4 saylı, xx.xx.2020-ci il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tələblərinə əməl olunmadığı üçün Xətai rayon İcra Hakimiyyətinin 320 saylı, xx.xx.2000-ci il tarixli Sərəncamı ilə ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi üzrə hüquqların dövlət qeydiyyatı ilə bağlı vətəndaş X2 müraciəti əsassızdır. Məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarlar nəzərdə tutulmuşdur (bənd 2.7) “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (maddə 2.2). Həmin Qanunun 4.2-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Daşınmaz əmlaka, o cümlədən torpaq sahəsinə dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-cı maddəsinə görə bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. Qanunun 10.2.1-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 oktyabr 2016-cı il tarixli qərarında göstərtilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4- daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5- daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulmuşdur. Yalnız bu əsaslardan biri mövcud olarsa hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli, 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin (6 iyun 2012ci il tarixli, 648 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 1-ci və 2-ci hissələri ləğv edilmişdir) 28-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə əsasən müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrini istifadəyə vermək rayon icra hakimiyyətinin başçılarının səlahiyyətinə aid olmuşdur Torpaq sahəsinin rayon icra hakimiyyəti başçısının 09 oktyabr 2000-ci il tarixli sərəncamı ilə ayrılması və icra hakimiyyəti başçısının bu zaman səlahiyyətli olması mübahisə doğurmur. O da mübahisə doğurmur ki, rayon icra hakimiyyəti başçısı tərəfindən 09 oktyabr 2000-ci il tarixli sərəncam verilərkən sərəncam hər hansı başqa (yeni) torpaq sahəsi ilə bağlı olmamışdır. Sərəncam hazırda da qüvvədədir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Topaq Məcəlləsinin 46.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Torpaq islahatı haqqında” Qanunun müvafiq olaraq 10 və 25-ci maddələrinin tələbinə görə 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının yaşayış evi üçün qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri geri qaytarıla bilməz və həmin sahələr vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə götürdüyü ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Əsasnamə"nin 3.0.11 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. Hazırda iddiaçı qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq qanuni əsaslarla ona ayrılmış torpağa dair xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmasını tələb edir. Cavabdehin imtinasından və iddiaya dair etirazından isə görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, iş materialları ilə sübuta yetirilməyən, yalnız formal mülahizələrə istinad olunmuşdur. Halbu ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. - 8.0.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının “Məhəllədaxili ərazidə müstəsna hal kimi fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması haqqında” 320 saylı xx.xx.2000-ci il tarixli sərəncamı ilə X3 ayrılmış ünvan 1ndə ümumi sahəsi 0,06 hadan ibarət torpaq sahəsinə dair X1 xüsusi mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və plan ölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar