Məhkəmə qərarları › İş №2-1(112)-7973/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7973/2023

13.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7973/2023 13.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinin əvəzləşdirilməsi və dəymiş mənəvi ziyana görə kompensasiya ödənilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2-ci maddəsinə əsasən (2.2.3) inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), (2.2.7) inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinin əvəzləşdirilməsi və dəymiş mənəvi ziyana görə kompensasiya ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı oğlu (1-ci qrup əlil) Nuriyev Xəyyam Vilayət oğlu 16 aprel 2013-cü il tarixdə "xxxx" ASC-dən 200.000 manat məbləğində kredit götürmüşdür. Kreditin təminatı olaraq Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şössesi, 224c ünvanda yerləşən 252,9 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi girov qoyulmuşdur. Qeyri-yaşayış sahəsinin (2 mərtəbəli) 1-ci mərtəbəsindəki 132,1 kv.m sahə Nuriyev Xəyyam Vilayət oğluna məxsus olmuşdur. Qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində olan 120,8 kv.m sahə isə, iddiaçıya məxsus olmuş və o, həmin sahəsin etibarnamə əsasında girov qoyulmasına razılıq vermişdir. Qeyri-yaşayış sahəsinin altındakı 165,3 kv.m torpaq sahəsi iddiaçının mülkiyyətində olmuş və ona məxsus olmuşdur. X6 Vilayət oğlu kredit götürdükdən təxminən iki ay sonra sağlamlığında ciddi problemlər yaranmışdır. Bu səbəbdən də onun Banka kreditinin qaytarılması mümkün olmamışdır. Bundan sonra Bank məhkəməyə müracət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3807/2014 saylı iş üzrə 8 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə Nərimanov rayon İcra şöbəsinin sifarişi əsasında “Hərrac Mərkəzi” 252,9 kv.m qeyri-yaşayış sahəsini (protokol № Y-143) "xxxx" ASC-yə təklif etmişdir. Məhkəmə qətnaməsinə görə Banka borc aşağıdakı məbləğlərdə müəyyən edilmişdir: əsas borc 200.000 manat, faiz borcu 56.700 manat. Bank qeyri-yaşayış sahəsinin altındakı iddiaçıya məxsus 165,3 kv.m torpaq sahəsi ilə əlaqədar onunla razılığa gələ bilmədiyindən, qeyriqanuni yolla, torpağı ələ keçirərək 252,9 kv.m qeyri-yaşayış sahəsi ilə birlikdə başqasma satmışdır. İddiaçı bu qanunsuzluqdan 8 aydan sonra xəbər tutmuşdur. İddiaçıya məxsus olan 165,3 kvm torpaq sahəsi, ipoteka predmeti deyil, girov qoyulmamışdır. İddiaçı ilə Bank arasında heç bir razılaşma olmamışdır. İpoteka müqaviləsində, məhkəmə qətnaməsində, icra şöbəsinin qərarında və hərracın nəticələri haqqında yekun protokolda ancaq 252,9 kvm qeyri-yaşayış sahəsi olmuşdur. Torpaq bir alqı-satqı predmeti olaraq xüsusi qiyməti olan əmlakdır. Daimi olaraq dəyər daşıyıcısıdır, köhnəlmə , itmə, uçma və məhv olma əmsalı sıfra bərabərdir. Təqdim edilən sənədlərdən aydın olur ki, torpaq qiymətləndirilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşları "xxxx" ASC ilə qanunsuz yolla iddiaçıya məxsus olan 165,3 kv.m torpaq sahəsini onun xəbəri olmadan "xxxx" ASC-nin mülkiyyətinə keçirmişlər Bank isə, 252,9 kvm qeyri-yaşayış sahəsini və iddiaçıya məxsus olmuş 165,3 kv.m torpaq sahəsini AN İN ******* sayh alqı-satqı müqaviləsi ilə başqa şəxsə satmışdır. Alqı-satqı müqaviləsində 252,9 kv.m qeyri-yaşayış sahəsinin satışından və iddiaçıya məxsus 165,3 kvm torpaq sahəsinin satışından dövlətə ayrılıqda gəlir vergisi ödənilməsi göstərilmişdir. Nuriyev Xəyyamın məhkəmə qətnaməsinə görə borcu 256.700 manat olmuşdur. 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində iddiaçının xəbəri olmadan torpağını ələ keçirdikdən sonra Bank 252,9 kv.m qeyri-yaşayış sahəsini və torpaq sahəsini başqa şəxsə 373.173 manata sataraq 116.473 manat qazanc götürmüşdür. Bu hal 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarının qanunsuz əməlləri sayəsində baş vermişdir. Lakin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya məxsus olmuş 165,3 kvm torpaq sahəsinin iddiaçının xəbəri olmadan hansı yolla, hansı göstəricilərlə, hansı əsasla Bankın adına keçirilməsi barədə özbaşınalıq edərək çoxsaylı müraciətlərə bu günə qədər cavab verilməmişdir. İddiaçı başqa şəxslə Bank arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı Binəqədi Rayon Məhkəməsində iddia qaldırmışdır. Binəqədi Rayon Məhkəməsinin 9 iyul 2018-ci il tarixli qətnaməsi ilə şikayət təmin edilmiş və alqı-satqı müqaviləsi ləğv olunmuşdur. Lakin apellyasiya instansiya məhkəməsinin 1 noyabr 2018-ci il tarixli qətnaməsi ilə Binəqədi Rayon Məhkəməsinin 9 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Səbəb isə, üçüncü şəxsin vicdanlı alıcı olması göstərilmişdir. Apellyasiya məhkəməsində yenidən məhkəməyə müraciət edilməsi, 1 saylı Bakı Ərazi İdarəsindən maddi və mənəvi zərər tələb edilməsi məsləhət görülmüşdür. Bildirilmişdir ki, bu qanunsuzluq 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşları tərəfindən edilmişdir. Ona görə də onlardan maddi və mənəvi zərər tələb edilməlidir. Cavabdehin təqsiri üzündən iddiaçı çox ciddi sarsıntı keçirmişdir, əsəb gərginliyinə düçar olmuşdur. Bu səbəbdən o, mənəvi zərərə məruz qalmışdır. Yeganə əmlakından məhrum edilməsi, uzun illər bu məsələnin həllini tapmaması onun şüuruna mənfi psixoloji təsir etmişdir, sağlamlığı pozulmuşdur. Cavabdeh tərəfindən vurulmuş mənəvi zərəri 10.000 manat məbləğində dəyərləndirir. İddiaçı tərəfindən ərizə poçt vasitəsilə cavabdehə göndərilmişdir, lakin cavab verilməmişdir, ərizənin göndərildiyi tarixdən 35 gün vaxt keçmişdir. Göstərilənlərə və Azərbaycan Respublikasının Konstitusiyasının 26, 29-cu maddələrinə, Mülki Məcəlləsinin 152.1, 157.9-cu maddələrinə, İPM-in 2.2.2, 33, 39, 68-ci maddələrinə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tanxli qərarına əsaslanaraq, iddiaçıya məxsus olmuş 165,3 kv.m ölçüdə torpaq sahəsinin əvəzinə həmin massivdə başqa torpaq sahəsi verilməsi və müvafiq müddətdə məruz qaldığı sarsıntılara görə mənəvi zərərin əvəzi olaraq 10,000 manat pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı torpaq sahəsinin əvəzləşdirilməsinə dair iddia tələbi ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə müraciəti olmuşdur. Müəyyən olunmuşdur ki, müraciətdə qeyd olunan məsələ İdarənin fəaliyyət istiqamətinə aid deyildir. Bununla bağlı iddiaçıya **********78 nömrəli, 18 aprel 2023-cü il tarixli məktubla cavab verilmişdir. İddia ərizəsində göstərilən mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı iddiaçının İdarəyə müraciəti daxil olmamışdır. Bundan əlavə, aparılan araşdırmalar zamanı müəyyən olunmuşdur ki, qeyd edilən qeyri-yaşayış binası torpaq sahəsi ilə birgə vahid əmlak kimi Nuriyev Xəyyam Vilayət oğlu və İddiaçı paylı mülkiyyətində olmuşdur. Nuriyev Xəyyam Vilayət oğlu və İddiaçı ilə "xxxx" ASC-nin “Monolit” Filialı arasında 16 aprel 2013-cü il tarixində ipoteka müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şosesi, 224c ünvanında yerləşən və paylı mülkiyyət olan qeyri-yaşayış binası ipoteka predmeti kmi müəyyən edilmişdir. Həmin dövrdə ********** nömrəsi ilə qeyd edilən qeyri-yaşayış binasının 132 kvm hissəsi Nuriyev Xəyyam Vilayət oğlunun adına, ********** nömrəsi ilə isə qalan hissə (qeyri-yaşayış binası və torpaq sahəsi) İddiaçı xüsusi mülkiyyətində olmuşdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. «İpoteka haqqında» Qanunun 7.2-ci maddəsinə əsasən bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Daşınmaz əşyaya tutma yönəldildikdə, onu alan şəxs həmin daşınmaz əşyanın əvvəlki mülkiyyətçisinə əşyanın yerləşdiyi torpaq sahəsi üzərində mənsub olan hüququ əldə edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəi qərarının 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 11.1, 23-cü maddələrinə, İPM-in 35.1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 13 iyun 2002-ci il tarixli qərarına əsaslanaraq, iddia tələbinin “mənəvi zərərin əvəzi olaraq 10 000 manat pulun ödənilməsi” hissəsində mümkün sayılmaması, qalan hissədə isə təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi və bildirdi ki, iddiaçının kompensasiya ödənilməsi tələbi ilə bağlı cavabdehə müraciəti olmamışdır, torpaq sahəsinin əvəzinə başqa sahənin verilməsi isə, cavabdehin səlahiyyətləri saxilində deyil. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 6-cı maddəsinə görə bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, onların dövlət ehtiyacları üçün alınması torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətləri sırasına daxildir. Həmin Məcəllənin 8-ci maddəsianə görə qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərinə aiddir. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 89-cu maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsinin 1.1-ci bəndinə görə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kdastrının, dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 4.2-ci bəndinə görə hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. Qərarın 5.1-ci bəndində qeyd olunur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Göründüyü kimi, hazırkı iş üzrə iddia iki tələbdən ibarətdir: - iddiaçıya məxsus olmuş 165,3 kv.m ölçüdə torpaq sahəsinin əvəzinə həmin massivdə başqa torpaq sahəsi verilməsi; - iddiaçıya müvafiq müddətdə məruz qaldığı sarsıntılara görə mənəvi zərərin əvəzi olaraq 10,000 manat pulun ödənilməsi. İddiaçının birinci tələbi ilə bağlı məhkəmə qeyd edir ki, qaldırılan məsələ cavabdeh inzibati orqan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyil. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 6 və 8-ci maddələrində müvafiq olaraq dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üzərində sərəncam verilməsinin aidiyyəti orqanların səlahiyytində olması təsbit olunmuşdur. Hazırkı cavabdeh isə, daşınmaz əmlak, o cümlədən torpaq sahələri üzərində yarnmış hüquqların qeydiyyatını aparan qurumdur. Odur ki, iddia həmin hissədə mümkünsüzdür. İddiaçının ikinci tələbinə gəldikdə isə, məhkəmə diqqətə çəkir ki, məhkəmə icraatında iddiaçının iddia qaldırmamışdan əvvəl ona dəymiş mənəvi ziyanın əvəzi kimi müvafiq məbləğdə kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etməsi müəyyən olunmur. Müvafiq müraciətin olmaması barədə cavabdehin dəlilini inkar edən hər hansı sübut məhkəmə icraatında təqdim olunmamışdır. Belə olan halda, məhkəmə iddianın “vurulmuş mənəvi ziyanın ödənilməsi” hissəsində də inzibati mübahisəni mövcud qiymətləndirmir. İddia həmin hissədə mümkün sayıla bilməz. Beləliklə məhkəmə hər iki tələbə münasibətdə iddianı mümkün qiymətləndirmir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar