Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7973/2025 30.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Nazirlər Kabinetinə qarşı “müharibə veteranı adının verilməsinə razılıq verilməsi” tələbinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Nazirlər Kabinetinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən “Müharibə veteranı” adının və müvafiq vəsiqəsinin verilməsi üçün razılıq verilməsi öhdəliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək N №-li hərbi hissədə zabit kimi həqiqi hərbi xidmət keçmişdir. O, 44 günlük Vətən Müharibəsi vaxtı döyüş tapşırığının yerinə yetirilməsi üçün N və N №-li hərbi hissələrə ezam olmuşdur. Xidmət keçdiyi N №-li hərbi hissə, habelə ezam olunduğu N4, N №-li hərbi hissələr Müdafiə Nazirinin müvafiq əmrinə əsasən 44 günlük Vətən Müharibəsi dövründə döyüş əməliyyatlarına cəlb olunmuş hərbi hissələr hesab edilirlər. Ezam olunduğu hərbi hissələrdə iddiaçının yerinə yetirdiyi döyüş tapşırıqları aşağıdakılardan ibarət olmuşdur: Hərbi Hava Qüvvələrinin Kürdəmir rayonunda yerləşən komanda məntəqəsində N nömrəli hərbi hissənin divizionlar qrupunun komanda məntəqəsi, 1-ci S- 300 zenit raket divizionu və 7- ci Barak İldırım - 8 zenit raket divizionu üzrə istiqamətləndirici zabit kimi fəaliyyət göstərmiş, divizionlara Bayraktar TB-2 dən və kəşfiyyat vasitələri olan radiolokasiya stansiyalarından alınan məlumatları (koordinatları), divizionlar qrupunun komanda məntəqəsinə və divizionlara ötürmüş , Barak İldırım-8 Zenitin Fizuli istiqamətidə təhlükəsiz və əlverişli mövqelərə manevrlərini (yerdəismələrim) təşkil etmişdir. S-300 raket konpleksindən 09.10-xx.xx.2020-ci il tarixlərində ballistik raketlərə qarşı (atışda istiqamət zabiti kimi) hədəf göstərişi kəşfiyyat məlumatını X1 bölmələrinin tərkibində döyüş atışlarının həyata keçirilməsi üçün ötürmüşdür. Lakin bu günə qədər iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi barədə qəbul edilmiş qərarın nəticəsi məlum deyildir. İddiaçı nümayəndəsi vasitəsilə Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin cavabdehə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni vaxtda mən xx.xx.2024-cü il tarixdə cavabdehə ərizə ilə müraciət edərək Müdafiə Nazirliyi tərəfindən sənədlərim göndəriləcəyi halda qəbul edilmiş qərarın surətinin onun ünvanına göndərilməsinə göstəriş verilməsini xahiş edib. İddiaçının müraciəti cavabdeh tərəfindən cavablandırılmamışdır. Müdafiə Nazirliyi isə ərizəmə cavab olaraq verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubunda bildirib ki, iddiaçıya “Müharibə veteranı” adının verilməsi üçün toplanılmış və komissiyada müsbət rəy verilmiş və sənədlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinə razılaşdırılması üçün 27 aprel 2024-cü il tarixdə göndərilmişdir. Belə ki, iddiaçının xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etməyi ilə bağlı təqdim olunan sənədlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olmadığına görə Nazirlər Kabineti tərəfindən geri qaytarılmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (bundan sonra – üçüncü şəxs) iş üzrə üçüncü şəxs kimi adi cəlbetmə qaydasında cəlb edilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkünsüz sayılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ona üçüncü şəxs tərəfindən müharibə veteranı adının verilməsi ilə bağlı razılıq verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin 10 və 11-ci abzaslarında göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, X1, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Qeyd edilən normaların məzmunundan görünür ki, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövr üzrə müharibə veteranı adı müvafiq qurumlar tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılmaqla verilir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı Müdafiə Nazirliyinin hərbi qulluqçusu olmuşdur. O, “Vətən” müharibəsi zamanı döyüş əməliyyatlarının idarə edilməsində iştirak etməsi səbəbindən ona “müharibə veteranı” adı verilməsini istəyir. Belə olan halda iddiaçıya “müharibə veteranı” adının verilməsi səlahiyyəti Müdafiə Nazirliyinə aiddir. Belə ki, o həmin Nazirliyi cavabdeh qismində göstərərək “Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla ona müharibə veteranı adı verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməli idi. Lakin, iddiaçı belə etməyərək birbaşa Azərbaycan Respublikasının Nazirlər Kabinetinə qarşı iddia qaldırmışdır. Göründüyü kimi iddiaçı əldə etmək istədiyi məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsi seçməmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün sayılmamalı və iddiaçıya müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Nazirlər Kabinetinə qarşı “müharibə veteranı adının verilməsinə razılıq verilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına apelyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-7973/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7973/2025
30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver