Məhkəmə qərarları › İş №2-1(112)-7976/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7976/2022

02.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7976/2022 02.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı “kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən, 1999-cu ildən xidməti order əsasında, 2009-cu ildən isə kirayə hüquq münasibəti əsasında fakitiki sahibliyində və hüquqi-qanuni istifadəsində olan mənzilin istifadəsi ilə bağlı kirayə müqaviləsi bağlanılması öhdəliyinin cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1990-cı illərdən ailəsiylə birlikdə ünvan 1 ünvanında yaşamağa başlamışdır. Yaşayış sahəsi fərdi ev olsa da mənzil tiplidir, mənzil olaraq Nəsimi RİH-nin MKTB-nin sərəncamındadır. Yaşadığı həmin ev 1999-cu il tarixdən 07 aprel 1999-cu il tarixli, 004150 nömrəli xidməti orderlə onun qanuni istifadəsinə verilmişdir. Mənzildə xidməti order əsasında yaşamağına baxmayaraq, uzun illər ərzində faktiki olaraq mənzilin kirayəçisi olmuşdur. Belə ki, mənzildən istifadəsinə görə kirayə haqları ödəmişdir. Bu isə onun həmin mənzilin kirayəçisi olmağını təsdiq edir. Hal-hazırda da ailəsiylə - həyat yoldaşıyla birlikdə həmin ünvanda yaşayır, artıq neçə illərdir ki, mənzili kirayəçisi hesab olunurlar, neçə illərdir ki, kirayə pullarını ödəyirlər, bu isə mənzillə bağlı kirayə hüquq münasibətlərində olmaqlarını təsdiq edir. Balanssaxlayıcı təşkilatla - Nəsimi rayon MKTB ilə kirayə hüquq münasibətində olmağı kirayə haqlarının ödənilməsinə dair qəbzlərlə təsdiq olunur. Bundan əlavə, Nəsimi rayon MKTB-nin 52 saylı Mənzil Kommunal İstismar Sahəsindən sorğu əsasında aldığı xx.xx.2021-ci il tarixli 227 nömrəli arayışla da təsdiq olunur ki, o, xx.xx.1999-cu ildən indiyə kimi həmin ünvanda yaşayır, həmin dövrdən indiyə kimi mənzil kirayə haqqı ödəyir və mənzil-istismar haqqının ödənilməsinə görə borcu yoxdur. İddiaçı bir müddət 49 saylı MKİS-də işləmişdir. 2009-cu ilin iyul ayında, yəni yeni Mənzil Məcəlləsi həmin ilin 01 oktyabrında qüvvəyə minməmişdən əvvəl işdən azad olunmuşdur. Bununla belə, işdən azad olunmağına baxmayaraq, mənzil onun əlindən alınmayıb, mənzillə bağlı hüquqlarının xitamına, itirilməsinə dair ona qarşı hər hansı tələb iddia irəli sürülməyib və o, ailəsiylə birlikdə kirayə hüquq münasibətləri əsasında mənzildən istifadəni davam etdirmişdir. İndiyə kimi də hər ay kirayə haqlarını ödəməkdədir. Kirayə haqları iddiaçıdan 2009-cu ilə qədər aralarında yaranmış kirayə hüququ münasibətlərinə görə alınır və o da ödəyir. 2015-ci ildən indiyə kimi olan ödəniş qəbzlərini saxlamışdır, digər illərin ödənişləri isə 52 saylı MKİS-nin yuxarıda qeyd edilən arayışı ilə təsdiq olunur. Kirayə ödənişlərini ödəməyi və kirayə haqlarının ondan qəbul olunması balanssaxlayıcı təşkilatla aralarında faktiki kirayə hüquq münasibətinin olmasını təsdiq edir. Yaşadığı mənzillə bağlı 2009-cu ildən əvvəl yaranmış kirayə hüquq münasibətləri onun mənzillə bağlı hüquqlarının qeydiyyatına və mənzili özəlləşdirməyinə əsas verir. Göründüyü kimi, mənzil onun sahibliyində və istifadəsində olmaqla bərabər, həmin mənzil üzərində özəlləşdirmə hüququ da vardır. Belə ki, kirayə ödənişlərini ödəməyi və kirayə haqlarının ondan qəbul olunması balanssaxlayıcı təşkilatla aralarında kirayə hüquq münasibətinin olmasını təsdiq edir. Lakin kirayə hüquq münasibətini təsdiq edən müqavilə olmadığından əlaqədar orqanlar hazırda kirayə müqaviləsinin aidiyyəti orqanlarla bağlanmasını tövsiyə edirlər. Məlumdur ki, 2009-cu ildə yeni Mənzil Məcəlləsi qüvvəyə minənədək mənzil kirayə müqavilələri balanssaxlayıcı şəhər və rayon icra hakimiyyətləri orqanları (tabeliyində olan Mənzil-Kommunal Təsərrüfatı Birlikləri/İdarələri) tərəfindən bağlanılırdı. Hal-hazırda isə yeni Mənzil Məcəlləsinə görə 2009cu ildən sonra əldə edilən sosial mənzillərlə bağlı hüquq münasibətlərinin tənzimlənməsi və müqavilə bağlama qaydaları dəyişdirilmişdir. Bununla belə onunla bağlı hüquq münasibətləri 2009-cu ilədək yarandığı üçün onunla kirayə müqaviləsi mənzilin yerləşdiyi ərazi üzrə Nəsimi Rayon İcra Hakimiyyəti orqanı tərəfindən və 2009-cu ilədək qüvvədə olan mənzil qanunvericiliyinin normalarına istinad etməklə bağlanıla bilər. Bakı şəhər İH-nin Mənzil- Kommunal Təsərrüfatı Birliyindən Bakı İnzibati Məhkəməsinə göndərilmiş xx.xx.2022-ci il tarixli, 06 nömrəli arayışdan görünür ki, qanuni istifadəsində olan mənzilin balanssaxlayıcı təşkilatı Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyidir. Mənzilin kirayəyə verilməsi daşınmaz əmlak üzərində sərəncamvermə aktı olduğuna görə, həmin mənzillə bağlı bu səlahiyyətin isə ərazi aidiyyəti üzrə və inzibati tabeçilik münasibətlərinə görə ərazi inzibati icra hakimiyyəti orqanlarına aid olmasına görə də hesab edir ki, kirayə müqaviləsi bağlanmasına icazə verilməsi səlahiyyəti Nəsimi Rayon İcra Hakimiyyətinə aiddir. 09 mart 2021-ci il tarixində cavabdeh orqana yazılı müraciət edərək, ünvan 1 ünvanında yerləşən, 1999-cu ildən xidməti order əsasında, 2009-cu ildən isə kirayə hüquq münasibəti əsasında fakitiki sahibliyində və hüquqi/qanuni istifadəsində olan mənzilin istifadəsi ilə bağlı onunla Nəsimi İcra Hakimiyyəti orqanı (tabeliyində olan Mənzil Kommunal Təsərrüfatı Birliyi) arasında kirayə müqaviləsi bağlanılmasına köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh orqan özünün xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirmişdir ki, “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 118 №-li Qərarının 3.1-ci bəndinə əsasən xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin təyinatının dəyişdirilməsinə, ancaq sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı və dövlət təşkilatı tərəfindən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırıldıqdan sonra yol verilir. Həmin Qərarın 4.3-cü bəndinə əsasən isə xüsusi təyinatlı mənzil fonduna aid edilmiş yaşayış sahəsinə zərurət aradan qalxdıqda, bu Qayda ilə müəyyən edilmiş müraciət və razılaşdırma əsasında müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının vəsatəti ilə həmin sahə sosial yaşayış fonduna aid edilə bilər”. Hesab edir ki, cavabdeh orqanın məsələyə hüquqi münasibəti əsassızdır və qüvvədə olan qanunvericiliyə ziddir. Qüvvədə olan konstitusion və digər qanunvericilik normaları onun əmlakı üzərində hüquqlarının rəsmiləşdirilməsi, daşınmaz əmlakının dövlət reyestrində qeydiyyatı üçün hüquqi əsas verir. Lakin qanuni sahibliyində və faktiki istifadəsində olan mənzillə bağlı kirayə müqaviləsinin olmaması hüquqlarını tanıtdırmağa və qeydiyyata aldırmağa imkan vermir. İddiaçı işdən 2009-cu ilin iyul ayında azad olunsa da qanuni sahibliyində və istifadəsində olan mənzil ondan geri alınmamış, ona qarşı hər hansı iddia, tələb irəli sürülməmişdir. Onunla balanssaxlayıcı təşkilat arasındakı münasibətlər faktiki kirayə hüquq münasibətləri şəklində davam etdirilmişdir. Üstündən artıq 13 il keçsə də o, həmin mənzildə yaşamaqda davam edir, 13 il bundan əvvəl yaranmış münasibətlər əsas tutularaq ondan mənzildən istismara görə xərclər alınır və o da ödəyir. Bu faktiki kirayə hüquq münasibətidir. İddiaçı mənzil üzərində yaşamaq hüququnu 2009-cu ilədək əldə etmişdir. 2009-cu ilin oktyabrın 1-dək onun balanssaxlayıcı təşkilatla faktiki kirayə hüquq münasibəti yaranmış və balanssaxlayıcı orqan bu hüququnu mübahisələndirməmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçının yaşadığı mənzil sosial və xüsusi təyinatlı dövlət mənzil fondu yaşayış sahələrinə aid edilə bilməz. Çünki onun hüququ 2009-cu ilin oktyabr ayının 1dək yaranıb və ona verilən mənzil 2009-cu ilin oktyabr ayının 1-dən sonra vətəndaşlara verilən mənzillərdən deyildir. Bu isə, “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 118 №-li Qərarının ona münasibətdə tətbiq olunmasını istisna edir. Beləliklə, göründüyü kimi, cavabdeh orqan iddiaçı ilə 2009-cu ilin oktyabr ayının 1-dək yaranmış və indiyə kimi də mübahisələndirilmədən davam etməkdə olan faktiki kirayə hüquq münasibətlərini əsas tutmalı olduğu halda, əsas tutmur, bu münasibətlərə əsaslanaraq onunla kirayə müqaviləsi bağlamalı olduğu halda, bağlamır. Cavabdeh orqanın hərəkətsizliyi üzündən kirayə müqaviləsi bağlaya və mənzilin özəlləşdirilməsi hüququndan yaralana bilmir. Hesab edir ki, məsələsinə məhkəmədə baxılmalı və qanuni mənafeləri və hüquqi maraqları məhkəmə qaydasında təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, ünvan 2 ünvanda yaşayan İddiaçı ünvan 3 11.03.22-ci il qeydiyyat tarixli ərizə ilə müraciət edərək, “ünvan 1 ünvanında yerləşən, 1999-cu ildən xidməti order əsasında, 2009-cu ildən isə kirayə hüquq münasibəti əsasında faktiki sahibliyində və hüquqi-qanuni istifadəsində olan mənzilinin istifadəsi ilə bağlı onunla Nəsimi Rayon İcra Hakimiyyəti orqanı (tabeliyində olan Mənzil Kommunal Təsərrüfatı Birliyi) arasında kirayə müqaviləsi bağlanılmasına köməklik göstərilməsini xahiş etmişdir. Nəsimi Rayon İcra Hakimiyyətinin 4/M-49-068, xx.xx.2022-ci il tarixli məktubu ilə ərizəçiyə cavab olaraq bildirilmişdir ki, “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 iyun 2010-cu il tarixli, 118 nömrəli Qərarının 3.1-ci bəndinə əsasən yaşayış sahəsinin xidməti, yataqxanalarda və manevr fondu yaşayış sahələrinə aid edilməsi və ya xüsusi təyinatlı mənzil fondunun bir növündən digərinə keçirilməsi zərurəti yarandıqda, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı və dövlət təşkilatı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilir. Müraciətə müvafiq zərurəti əsaslandıran sənədlər və yaşayış sahəsinə dair təkliflər əlavə olunur. Həmin Qərarın 4.3-cü bəndinə əsasən xüsusi təyinatlı mənzil fonduna aid edilmiş yaşayış sahəsinə zərurət aradan qalxdıqda, bu Qayda ilə müəyyən edilmiş müraciət və razılaşdırma əsasında müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının vəsatəti ilə həmin sahə sosial təyinatlı yaşayış fonduna aid edilə bilər. Cavabdehin imtinasını qanunsuz hesab edərək, iddiaçı xx.xx.2022-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və “kirayə müqaviləsinin bağlanılması öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.9.6-cı maddəsinə görə, yerli icra hakimiyyətləri başçıları dövlət mənzil fondunun yaşayış və qeyriyaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirirlər. Həmin Əsasnamənin 3.9.8-ci maddəsinə əsasən müvafiq ərazidə dövlət mənzil fondunun boş olan yaşayış sahələrinin qorunmasına və saxlanılmasına nəzarəti həyata keçirir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 17.2.2-ci maddəsində qeyd olunur ki, dövlət mənzil fondu mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusudur. Həmin Məcəllənin 91.1-ci maddəsinə əsasən, xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra - xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri; 91.1.2. yataqxanalarda yaşayış sahələri; 91.1.3. manevr fondu yaşayış sahələri; 91.1.4. əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.6. qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.7. ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri. Həmin Məcəllənin 91.3-cü maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Həmin Məcəllənin 92-ci maddəsinə əsasən, xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən, təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. Memarlıq, tarixi və mədəni abidə sayılan binalardakı mənzillər özəlləşdirildikdən sonra həmin binaların arxitektura görkəmini pozmaq, binanın mədəni, tarixi dəyərinə xələl gətirmək qadağan edilir. Həmin binalar satılarkən onları almaqda dövlət üstün hüquqa malikdir. “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 118 nömrəli Qərarının 1.8-ci bəndinə əsasən yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (keçmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi) ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir. Həmin Qərarın 3.1-ci bəndinə əsasən yaşayış sahəsinin xidməti, yataqxanalarda və manevr fondu yaşayış sahələrinə aid edilməsi və ya xüsusi təyinatlı mənzil fondunun bir növündən digərinə keçirilməsi zərurəti yarandıqda, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı və dövlət təşkilatı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (keçmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi) müraciət edilir. Müraciətə müvafiq zərurəti əsaslandıran sənədlər və yaşayış sahəsinə dair təkliflər əlavə olunur. Həmin Qərarın 4.3-cü bəndinə əsasən xüsusi təyinatlı mənzil fonduna aid edilmiş yaşayış sahəsinə zərurət aradan qaldırıldıqda, bu qayda ilə müəyyən edilmiş müraciət və razılaşdırma əsasında müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının vəsatəti ilə həmin sahə sosial təyinatlı yaşayış fonduna aid edilə bilər. Bakı Şəhər İcra Hakimiyyətinin 2001-ci il 11 may tarixli, 341 nömrəli sərəncamının 1-cı bəndinə əsasən, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı strukturunda şəhər üzrə mənzil-kommunal xidməti sahəsində vahid dövlət idarəetmə orqanıdır və öz fəliyyətində birbaşa Bakı Şəhər İcra Hakimiyyəti Başçısına tabedir. Bakı şəhəri, Nəsimi rayonda dövlət mənzil fondunda olan mənzillər və qeyri-yaşayış sahələri Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatının Birliyinin balansındadır. Sadalanan qanunvericilik aktları normalarına əsasən hesab edilir ki, Nəsimi Rayon İcra Hakimiyyətinin 44/M-49-068, xx.xx.2022-ci il tarixli məktubu qanuni və əsaslı olmuşdur. Belə ki: 1) iddiaçıya məxsus xidməti mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılması barədə Nəsimi Rayon İcra Hakimiyyəti mərkəzi icra hakimiyyəti orqanı və dövlət təşkilatı olmadığından, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (keçmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə) vəsatətlə müraciət edilə bilməz. Müraciətə müvafiq zərurəti əsaslandıran sənədlər və yaşayış sahəsinə dair təkliflər əlavə edilə bilməz. 2) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (keçmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi) tərəfindən iddiaçıya məxsus xidməti mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılması razılaşdırıldıqdan sonra Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən həmin sahə sosial təyinatlı yaşayış fonduna aid edilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsini rəhbər tutaraq, məhkəmədən iddia tələbinin rədd edilməsi qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi ünvan 1 ünvanında yerləşən mənzilə dair İddiaçı adına kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi şəklində icraat qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 220 nömrəli sərəncamı ilə Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli, 004150 nömrəli xidməti orderə əsasən İddiaçı 7-ci Sverdlov döngəsində yerləşən, 1 otaqlı, sahəsi 15 kv.metr olan 3 saylı ev verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2022-ci il tarixli, BA-02655- 2022 nömrəli məktubu ilə təqdim olunmuş Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 220 nömrəli sərəncamına əsasən 7-ci Sverdlov döngəsi, 3 nömrəli evdə 1 otaqlı yaşayış sahəsi 15 kv.metr olan mənzilin vət. İddiaçı xidməti mənzil kimi verilməsi barədə 52 saylı MKİS-nin rəhbərliyi və Həmkarlar Komitəsinin xx.xx.1999-cu il tarixli yığıncağının 1 saylı protokolunun təsdiq edilməsi və həmin mənzilə ona xidməti order verilməsi, xidməti orderə 1966-cı il təvəllüdlü İddiaçı özünün daxil edlməsi sərəncam verilmişdir. İş materiallarına əlavə edilmiş 52 saylı MKİS-nin texniki tərəfindən tərtib və imza edilərək möhürlə təsdiq edilmiş 7-ci Sverdlov döngəsi, 3 saylı evdə yaşayan İddiaçı mənzilinin planına əsasən yaşayış sahəsi 15 kv.metr, ümumi sahəsi 30,1 kv.metrdir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2022-ci il tarixli, 06 nömrəli məktubunda bildirilmişdir ki, ərizəçinin təqdim etdiyi sənədlərdən müəyyən olunmuşdur ki, Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 220 saylı sərəncamı ilə verilmiş xx.xx.1999-cu il tarixli, 004150 saylı xidməti orderə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 7-ci Sverdlov döngəsi, yaşayış sahəsi 15 kv.metr olan 1 otaqlı 3 saylı ev xidməti mənzil kimi İddiaçı istifadəsinə verilmişdir. Ona görə də İddiaçı ərizəsi əlavə edilmiş sənədlərə birlikdə xx.xx.2021-ci il tarixli, M-119 saylı məktubla aidiyyəti üzrə baxılması və nəticəsi barədə müraciət müəllifinə məlumat verilməsi üçün həmin mənzilin balanssaxlayan təşkilatı olan Nəsimi rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Məlumat üçün bildirilir ki, mövcud mənzil qanunvericiliyinə əsasən yaşayış sahəsinin xidməti yaşayış sahəsi kimi xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və çıxarılması, habelə yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2022-ci il tarixli, 0/24io/96 nömrəli məktubu ilə göndərilmiş 52 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 65 nömrəli arayışında qeyd olunmuşdur ki, İddiaçı həqiqətən 7-ci Sverdlov döngəsi, 1 otaqlı sahəsi 15 kv.metr olan 3 nömrəli evdə yaşayır. Mənzilin şəraiti: qismən kommunal. Xidməti mənzil. Sahibi İddiaçıdur, ailəsi 3 (üç) nəfərdən ibarətdir. Daimi qeydiyyatda olanlar: İddiaçı - özü 1966, X2 - h.yol. 1964, X1 - qaynı 1958. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2022-ci il tarixli, 0/279 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 6 ünvanda yerləşən ev Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmaqla xidməti mənzil fonduna aiddir. Cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, 4/M-49-068 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, sizin yaşadığınız xidməti mənzilin təyinatının dəyişdirilməsinə köməklik göstərilməsi barədə Nəsimi Rayon İcra Hakimiyyətinə daxil olmuş ərizənizə baxılmışdır. Məlumat üçün bildirilir ki, “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 118 №-li Qərarının 3.1-ci bəndinə əsasən xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin təyinatının dəyişdirilməsinə, ancaq sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı və dövlət təşkilatı tərəfindən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırıldıqdan sonra yol verilir. Həmin Qərarın 4.3-cü bəndinə əsasən isə xüsusi təyinatlı mənzil fonduna aid edilmiş yaşayış sahəsinə zərurət aradan qalxdıqda, bu Qayda ilə müəyyən edilmiş müraciət və razılaşdırma əsasında müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının vəsatəti ilə həmin sahə sosial təyinatlı yaşayış fonduna aid edilə bilər. Beləliklə, işin hallarından görünür ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 7-ci Sverdlov döngəsində yerləşən, 3 saylı evin Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 220 nömrəli sərəncamı ilə Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli, 004150 nömrəli xidməti order əsasında istifadəsinə verildiyini, həmin vaxtdan mənzilin kirayəçisi kimi mənzildə yaşamaqla qeydiyyatda olduğunu əsas götürərək həmin evə dair kirayə (icarə) müqaviləsinin bağlanılması barədə sərəncamın verilməsi ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət etmiş, cavabdeh inzibati orqan sözügedən mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılmasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı qərarı əsasında həyata keçirildiyini əsas gətirərək müraciətin təminindən imtina etmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin imtinasını əsassız hesab edir və mənzillə bağlı kirayə müqaviləsinin bağlanılması barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 1.6-cı bəndinin 2-ci hissəsinə əsasən rayon bölgüsü olan şəhərin icra hakimiyyəti başçısının yanında olan orqanların və tabeliyində olan hüquqi şəxslərin müvafiq şəhər rayonunun ərazisində mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən struktur bölmələri (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) ikili tabelikdədir - onlar həm şəhər icra hakimiyyətinin başçısına, həm də müvafiq şəhər rayonunun icra hakimiyyətinin başçısına tabedirlər. Yerli icra hakimiyyətinin başçısı müvafiq ərazidə fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarına ümumi rəhbərliyi həyata keçirir. Həmin Əsasnamənin 3.9.2-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısı müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir, kommunal təsərrüfatın və mənzil-istismar sahələrinin idarə olunmasını təşkil edir, mühəndis qurğularının və kommunikasiyaların saxlanılmasına, istismarına, cari və əsaslı təmirinə nəzarəti həyata keçirir, mənzil-kommunal infrastrukturunun inkişafını təmin edir. Əsasnamənin qeyd olunan tələbləri baxımından, cavabdeh iddiaçıya xidməti mənzilə dair xüsusi order verən Nəsimi Rayon İcra Hakimiyyəti olduğunu, həmin mənzilin balansında olduğu Nəsimi rayonu ərazsində fəaliyyət göstərən Nəsimi Rayon MKTB-yə ümumi rəhbərliyi həyata keçirdiyi nəzərə alındıqda hesab edilir ki, iddiaçının istifadəsində olan həmin mənzilə dair sərəncam vermək hüququ da məhz Nəsimi Rayon İcra Hakimiyyətinə məxsusdur. Başqa sözlə, hazırkı iddia düzgün cavabdehə qarşı yönəlmişdir. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddiaçının tələbi kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsidir ki, qeyd edilən tələb məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş və cavabdehin verdiyi xx.xx.2022-ci il tarixli imtinasından sonra xx.xx.2022-ci il tarixdə iddia qaldırmaqla 30 günlük iddia müddətini ötürməmişdir. Beləliklə, iddianın mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsassızdır. İş materiallarından, iddiaçının iddia tələbindən müəyyən olunur ki, 52 saylı MKİS-nin rəhbərliyi və həmkarlar Komitəsinin xx.xx.1999-cu il tarixli yığıncağın 1 saylı protokolu ilə 1996-cı ildən 52 saylı MKİS-in əməkdaşı kimi xidməti vəzifəsi ilə əlaqədar ünvan 1 ünvanında yerləşən ev xidməti mənzil kimi iddiaçı X3 istifadəsinə verilmiş, qeyd edilən xx.xx.1999-cu il tarixli yığıncağın 1 saylı protokol Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 220 nömrəli sərəncamı ilə təsdiq edilmiş, həmin evə köçmək üçün iddiaçının adına xidməti order verilmişdir. Hal-hazırda sözügedən ev xüsusi təyinatlı mənzil fonduna aid olmaqla Nəsimi Rayon MKTB-nin balansındadır. Belə ki, mənzilin verildiyi vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarxədək): -100-cü maddəsinə görə xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. -103-cü maddəsinə görə xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, kolxozun idarə heyəti, digər kooperativ təşkilatlarının, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı orqanları və başqa ictimai təşkilatlar, qoşun hissəsinin komandanlığı tərəfindən qəbul edilir. Qəbul edilən qərara müvafiq olaraq xidməti yaşayış sahəsi istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilir. -104-cü maddəsinə görə müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş fəhlələr və qulluqçular, habelə kolxoz üzvlüyündən xaric edilmiş və ya kolxozdan öz arzusu ilə çıxmış vətəndaşlar onlarla bir yerdə yaşayan bütün şəxslərlə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalıdırlar. Azərbaycan SSR Nazirlər Sovetinin 1984-cü il 2 mart tarixli, 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti yaşayış sahələri verilməsi və onlardan istifadə edilməsi qaydası haqqında Əsasnamə”nin: -1-ci bəndinə əsasən xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə iş yeri üzrə və ya onun yaxınlığında yaşamalı olan vətəndaşlara, xidməti yaşayış sahələri verilə bilən işçilərin kateqoriyalarının siyahısına (1 nömrəli əlavə) uyğun surətdə verilir. -2-ci bəndinə görə yaşayış sahəsi xidməti yaşayış sahələri sırasına müəssisənin, idarənin, təşkilatın vəsatəti üzrə rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. -6-cı bəndinə görə xidməti yaşayış sahələrinin uçotu rayon, şəhər, şəhərdə rayon xalq deputatları Sovetinin icraiyyə komitəsində uçot kitabında (2 nömrəli əlavə) aparılır. -7-ci bəndinə əsasən xidməti yaşayış sahəsi vermək haqqında qərar, sərəncamında xidməti yaşayış sahələri olan müəssisə, idarə, təşkilat müdiriyyəti, kolxoz idarə heyəti, digər kooperativ təşkilatlarının, onların birliklərinin idarəetmə orqanları, həmkarlar ittifaqı və başqa təşkilat orqanları, hərbi hissə komandanlığı tərəfindən qəbul edilir. -9-cu bəndinə əsasən qəbul edilmiş qərara uyğun olaraq xidməti yaşayış sahəsi rayon, şəhər, şəhərdə rayon xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən verilən və bu sahəyə köçmək üçün yeganə əsas olan order üzrə (3 nömrəli əlavə) istifadə üçün verilir. -16-cı bəndinə əsasən müəssisələrin, idarələrin, təşkilatların yaşayış evlərində yaşayış sahəsi xidməti yaşayış sahələri sırasından müəssisənin, idarənin, təşkilatın vəsatəti üzrə, onu bu sıraya daxil etmiş rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə çıxarılır. Kolxoz yaşayış evlərində yaşayış sahəsi xidməti yaşayış sahələri sırasından kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillər yığıncağının qərarı ilə çıxarılır və sonra bu barədə rayon, şəhər, şəhərdə rayon xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Göründüyü kimi mübahisəli mənzilin verildiyi vaxt hüquq münasibətlərini tənzimləyən mənzil qanunvericiliyinə əsasən rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə mənzillərin xidməti mənzillər siyahısına daxil edilməsi, xidməti mənzillərin işçilərə işlədiyi dövr ərzində müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, həmkarlar ittifaqı orqanları tərəfindən qəbul edilən qərar əsasında, müvəqqəti olaraq istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilməsi, müvafiq müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş işçilərin xidməti yaşayış sahəsindən çıxarılmalı olması nəzərdə tutulmuşdur. xx.xx.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: -17.2.2-ci maddəsinə görə dövlət mənzil fondu - mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusudur. -91.1.1-ci maddəsinə görə xidməti yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aid edilir. -10.0.7-ci maddəsinə görə dövlət və bələdiyyə mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri üzrə yaşayış sahələrinin verilməsi əsaslarını müəyyən etmək dövlətin vəzifəsidir. -91.1-ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra - xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri; 91.1.2. yataqxanalarda yaşayış sahələri; 91.1.3. manevr fondu yaşayış sahələri; 91.1.4. əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.6. qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.7. ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri. -91.2-ci maddəsinə görə xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. -91.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. -92-ci maddəsinə əsasən xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquqmühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 may 2010-cu il tarixli 86 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası”nın: -1.3-cü bəndinə görə yaşayış sahəsinin xidməti yaşayış sahəsi kimi xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. -3.1-ci bəndinə görə xidməti yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Xidməti yaşayış sahələri özgəninkiləşdirilə, subicarəyə və ya ikinci əldən kirayəyə verilə bilməz. -3.5-ci bəndinə əsasən aşağıdakılar kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır: 3.5.1. bu Qaydanın 1.5-ci bəndində göstərilən əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. İddiaçının tələbi də ondan ibarətdir ki, xüsusi təyinatlı mənzil fonduna aid olan həmin mənzil xidməti mənzillər sırasından çıxarılaraq onunla mənzilə dair kirayə müqaviləsi bağlanması barədə sərəncam verilməsi vəzifəsi cavabdehə həvalə olunsun. İddia tələbindən müəyyən olunur ki, iddiaçının hazırkı iddianın qaldırılmasında hüquqi marağı, yəni mənzilin xidməti mənzillər sırasından çıxarılmasında məqsədi kirayə müqaviləsi bağladıqdan sonra onu özəlləşdirməkdir. Mübahisəli mənzil Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 113 saylı sərəncamı ilə 52 saylı MKİS-nin işçiləri üçün xidməti mənzil kimi ayrılmışdır. Qeyd edildiyi kimi xidməti (xüsusi təyinatlı) yaşayış sahələri müvəqqətidir, özəlləşdirməyə əsas vermir. Xidməti mənzil yalnız xidməti mənzillər siyahısından çıxarıldıqdan sonra həmin mənzilə dair müddətsiz kirayə müqaviləsi bağlanıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2010-cu il tarixli 118 nömrəli Qərarı ilə “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın: -1.8-ci bəndinə görə yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir. -3.1-ci bəndinə görə yaşayış sahəsinin xidməti, yataqxanalarda və manevr fondu yaşayış sahələrinə aid edilməsi və ya xüsusi təyinatlı mənzil fondunun bir növündən digərinə keçirilməsi zərurəti yarandıqda, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı və dövlət təşkilatı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilir. Müraciətə müvafiq zərurəti əsaslandıran sənədlər və yaşayış sahəsinə dair təkliflər əlavə olunur. -3.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müvafiq yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi barədə təklifə müraciət daxil olduğu vaxtdan 15 gündən gec olmayaraq baxılaraq, müraciət edən orqana razılıq və ya əsaslandırılmış imtina məktubu verilir. -3.5-ci bəndinə əsasən aşağıdakı əsaslardan hər hansı birinin olduğu müəyyən edildikdə, yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsindən imtina edilə bilər: 3.5.1. yaşayış sahəsinin sosial kirayə müqaviləsi əsasında tutulması; 3.5.2. yaşayış sahəsi üzərində yüklülüyün və ya məhdudiyyətin olması; 3.5.3. yaşayış sahəsinin müvafiq xüsusi təyinatlı yaşayış sahəsi üçün müəyyən edilən tələblərə cavab verməməsi. -3.8-ci bəndinə görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu Qayda ilə müəyyən edilmiş qaydada razılıq verildikdə, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanı tərəfindən 10 gün ərzində qərar qəbul edilir və yaşayış sahəsi xüsusi təyinatlı mənzil fonduna aid edilir. -4.3-cü bəndinə görə xüsusi təyinatlı mənzil fonduna aid edilmiş yaşayış sahəsinə zərurət aradan qalxdıqda, bu Qayda ilə müəyyən edilmiş müraciət və razılaşdırma əsasında müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının vəsatəti ilə həmin sahə sosial təyinatlı yaşayış fonduna aid edilə bilər. Göründüyü kimi iddiaçının hüquqi marağına xidmət edən hazırkı iddia bir-biri ilə bağlı iki ardıcıl mərhələni özündə ehtiva edir. -xidməti mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılması; -xüsusi təyinatlı mənzil fondundan çıxarıldıqdan sonra mənzilə dair müddətsiz kirayə müqaviləsinin bağlanılması barədə sərəncamın verilməsi. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik normalarına əsasən xidməti mənzilin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi və xidməti mənzil fondu sırasından çıxarılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla həyata keçirilir. Hazırkı iddiaya münasibətdə xidməti mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılması bilavasitə müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən alınmış razılıq əsasında müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı ilə həyata keçirilə bilər. Qanunvericilikdə mənzillərin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi, təklif edilən mənzilin xüsusi təyinatlı mənzil fonduna aid edilməkdən imtinanın əsasları nəzərdə tutulsa da xüsusi təyinatlı mənzil fondundan çıxarılmanın əsasları nəzərdə tutulmamışdır. Və yaxud başqa sözlə, xidməti mənzilin hansı hallarda xüsusi təyinatlı mənzil fondundan çıxarılmalı olması halları bilavasitə tənzimlənməmişdir. Qanunvericilik bu sahədə səlahiyyəti bilavasitə sərəncamında xüsusi təyinatlı mənzil olan qurumun vəsatəti, müraciəti əsasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla müvafiq ərazi üzrə icra hakimiyyəti orqanına həvalə etmişdir. İddiaçıyla sözügedən mənzilə dair müddətsiz kirayə müqaviləsinin bağlanması üçün mənzilin xidməti mənzillərin sırasından çıxarılması, xidməti mənzillər sırasından çıxarılması isə qeyd edildiyi kimi müvafiq müraciət əsasında razılaşdırma qaydasında xidməti mənzillər sırasından çıxarılma barədə qərarın qəbul edilməsi tələb olunur. Hazırkı iddia üzrə müvafiq icra hakimiyyəti orqanının razılıq alınması üçün müraciət edilməmiş, razılıq əldə edilməmişdir. Beləliklə, xidməti mənzillər sırasından çıxarılma məhkəmə tərəfindən deyil, dövlət mənzil fondunun idarəetməsini həyata keçirən dövlət orqanının qərarı əsasında həyata keçirilə bilər. Mənzil qanunvericiliyi ilə məhkəmənin dövlət fonduna aid mənzilin xidməti mənzillər sırasından çıxarmaq kimi səlahiyyəti müəyyən edilməmişdir. Hazırkı halda mənzilin xidməti mənzillər sırasından çıxarılması baş vermədiyindən məhkəmə tərəfindən cavabdehin üzərinə iddiaçıyla kirayə müqaviləsinin bağlanılması barədə əliverişli inzibati aktın qəbul edilməsi barədə vəzifə də qoyula bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı “kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar