Məhkəmə qərarları › İş №2-1(112)-798/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-798/2022

16.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-798/2022 16.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, cavabdehin nümayəndəsi X1 (Ünvanı: Balakən rayonu, Tülü kəndi; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Məhkəmə mübahisələri üzrə iş şöbəsinin böyük mütəxəssisi) iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və fərqin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçının 26.12.1979-cu il tarixdən 01.01.2006-cı il tarixədək H.Əliyev adına Bakı NEZ-da faktiki işlədiyi müddət nəzərə alınmaqla illərin və 1932-ci il təvəllüdlü 70 yaşlı ahıl atası X2 05.01.2002-ci ildən 24.04.2004-cü ilədək qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməsi, xüsusi şərtlərlə güzəşt hüququnun yarandığı 05.12.2012-ci il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək, pensiyaya çıxdığı 05.12.2017-ci ildən əvvəlki 3 il üçün, yəni 05.12.2014-cü ildən 05.12.2017-ci ilədək yaranan fərqin hesablanaraq bir dəfəyə iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı 19.07.2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclası 16.03.2022-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında iddiaçının “İddiaçının 26.12.1979-cu il tarixdən 01.01.2006-cı il tarixədək H.Əliyev adına Bakı X5 faktiki işlədiyi müddət nəzərə alınmaqla, 1932-ci il təvəllüdlü 70 yaşlı ahıl atası X2 05.01.2002-ci ildən 24.04.2004-cü ilədək qulluq etdiyi müddətin də sosial sığorta stajına daxil edilməsi və güzəştli şərtlərlə pensiya hüququnun yarandığı 05.12.2012-ci il tarixdən 05.12.2017-ci ilə tarixədək yaranan fərqin hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı xx.xx.1960-cı il tarixdə Bakı şəhəri, Zirə kəndində anadan olmuşdur. 1977-1979-cu illərdə Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsinin 84 №-li şəhər Texniki Peşə Məktəbini fərqlənmə ilə bitirmişdir. Reklam tərtibatı işləri üzrə rəngsazlıq peşəsinə yiyələnmişdir. ******* nömrəli Əmək kitabçasından, 30.09.2020-ci il tarixli Arxiv Arayışından və 07.10.2020-ci il tarixli 35 saylı Təqdimatdan göründüyü kimi 26.12.1979-cu il tarixdən əmək fəaliyyətinə başlamışdır. ******* nömrəli Hərbi biletin çıxarışından göründüyü kimi 20.10.1980-ci ildən 17.11.1982-ci ilə qədər X3 müddətli hərbi ximətdə olmuşdur. 10.10.2020-ci il tarixdə cavabdehə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci il maddəsinə görə, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Beləliklə, iddiaçıya keçmiş qanunvericiliyə əsasən, 52 yaşdan əmək pensiyasının təyin edilə bilməsi üçün iddiaçı 01.01.2006-cı il tarixinədək 10 il müvafiq staja malik olmalı idi. iddiaçı isə qeyd olunan tələbə cavab vermir. Belə ki, iddiaçı 02.09.1996-cı il tarixindən 01.01.2006-cı il tarixinədək texnoloji qurğu əməliyyatçısı işləmişdir. Peşənin 1-ci siyahıya uyğun olaraq güzəştli sayılması üçün isə neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı sahəsində texnoloji qurğuların operatoru olmalı idi. SSRİ Nazirlər Kabinetinin 01.11.1977-ci il tarixli 369 nömrəli qərarına əsasən estakadalarda neft məhsullarının yüklənməsi, doldurulması, saxlanması zamanı yalnız tərkibində etil və kükürdlü neft məhsulları ilə işləyənlərin peşələri zərərli hesab edilir. İddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu iş zamanı işlədiyi neft məhsullarının tərkibi etil və kükürdlü olmamışdır. Sözügedən zavodda kükürdlü neft və neft məhsullarının emalı 31.12.1995-ci il tarixində dayandırılmışdır. Bundan əlavə, “Əmək pensiyaları haqqında" Qanunun 32.1-1-ci maddəsinə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08 oktyabr 2020-ci il tarixli Qərarına əsasən, “Əmək pensiyaları haqqında»” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə" müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. İddiaçıya, 57 yaşının tamam olduğu 05.12.2017-ci il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilmiş və ödənilmişdir. İddiaçı cavabdehə 10.10.2020-ci ildə müraciət etmişdir. Buna görədə, ona 52 yaşdan pensiya təyin olunsa belə, fərq yalnız 10.10.2020-ci il tarixindən əvvəlki 3 il üçün ödənilə bilər. Həmin müddətdə də iddiaçı onsuz da, güzəştli şərtlərlə pensiya almış olduğu üçün ona hər hansı əlavə ödəniş edilməsi mümkün olmayacaqdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə əsasən bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İş materiallarından görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan ИТ-İ seriyalı ******* nömrəli Əmək Kitabçasından görünür ki, iddiaçı 26.12.1979-cu il tarixdən 10.10.1980-ci il tarixədək ASSR Neft Kimya sənayesinin Əmtəə Kontorunun 1№-li sexində rəngsaz (malyar), 20.10.1980-ci il tarixdən 17.11.1982-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur, 07.12.1982-ci il tarixdən 23.06.2015-ci il tarixədək “Azneftyağ” X5 malyar, əmtəə əməliyyatçısı, texnoloji qurğuların operatoru, əmtəə operatoru peşələrində 04.06.2015-ci il tarixdən hal-hazıradək həmin zavodun 23 №-li sahəsinin 501 saylı qurğusunun məşəl təsərrüfatında texnoloji qurğuların operatoru peşəsində işləyir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 13.08.2021-ci il tarixli məktubla iddiaçının pensiya işinin təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. İş materiallarından görünür ki, İddiaçı 05.12.2017-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarından görünür ki, iddiaçı ona 52 yaşının tamam olduğu vaxtdan, yəni 05.12.2012-ci il tarixdən 05.12.2017-ci il tarixədək yaranan fərqin hesablanaraq ödənilməsini tələb edir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır və iddiaçının hüquqlarını pozmur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 06.03.2007-ci il tarixədək qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a) bəndinə əsasən iddiaçıya pensiya təyin edilməsi üçün onun işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda nəzərdə tutulmalıdır. İş materiallarında görünür ki, Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına X7 tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş 12.01.2022-ci il tarixli məktubla bildirilmişdir: “İddiaçı 02.09.1996-cı il tarixdən 01.10.2007-ci il tarixədək "Azərneftyağ” İstehsalat Birliyinin 502 saylı yağların selektiv təmizləmə qurğusunda texnoloji qurğu əməliyyatçısı peşəsində işlədiyi dövr ərzində estakadalarda neft məhsullarının yüklənməsi, doldurulması, saxlanması zamanı 2005-ci il tarixinə qədər benzinlərin oktan ədədini qaldırmaq məqsədi üçün etil mayesindən istifadə olunmuşdur. Yuxarıda qeyd edilən dövr ərzində NEZ-də kükürdlü neft emal olunmamışdır.” Göründüyü kimi, iddiaçının işlədiyi peşə Nazirlər Kabinetinin müvafiq Qərarının “1 nömrəli Siyahı”sına uyğun olaraq güzəştli sayılması üçün neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı sahəsində texnoloji qurğuların operatoru olmalı idi. SSRİ Nazirlər Kabinetinin 01.11.1977-ci il tarixli 369 nömrəli qərarına əsasən estakadalarda neft məhsullarının yüklənməsi, doldurulması, saxlanması zamanı yalnız tərkibində etil və kükürdlü neft məhsulları ilə işləyənlərin peşələri zərərli hesab edilir. İddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu iş zamanı işlədiyi neft məhsullarının tərkibi isə etil və kükürdlü olmamışdır. Beləliklə, iddiaçı 1 avqust 1997-ci il tarixə qədər qanunvericiliklə nəzərdə tutulmuş güzəştli iş stajına malik deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1 əsasən şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda nəzərdə tutulmadığından, onun 1997-ci il tarixədək qanunvericilikdə tələb olunan müddətdə güzəştli iş stajı olmamışdır və ona “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a) bəndinə əsasən pensiya təyin oluna bilməz. Həmçinin, məhkəmə iddiaçının 05.12.2012-ci il tarixdən 05.12.2017-ci ilə tarixədək yaranan fərqin hesablanaraq iddiaçıya ödənilməsini tələb etməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya 05.12.2012-ci ildə pensiya təyin edilmədiyindən və iddiaçının həmin tarixdə pensiya hüququnun yaranmaması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, göstərilən dövr üzrə də hər hansı fərqin ödənilməsinin tələb edilməsi əsassızdır. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08 oktyabr 2020-ci il tarixli Qərarına əsasən, “Əmək pensiyaları haqqında»” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə" müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Beləliklə, iddiaçının 26.12.1979-cu il tarixdən 01.01.2006-cı il tarixədək H.Əliyev adına Bakı X5 faktiki işlədiyi müddət nəzərə alınmaqla, 1932-ci il təvəllüdlü 70 yaşlı ahıl atası X2 05.01.2002-ci ildən 24.04.2004-cü ilədək qulluq etdiyi müddətin də sosial sığorta stajına daxil edilməsi və güzəştli şərtlərlə pensiya hüququnun yarandığı 05.12.2012-ci il tarixdən 05.12.2017-ci ilə tarixədək yaranan fərqin hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməsi əsassızdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçının 26.12.1979-cu il tarixdən 01.01.2006-cı il tarixədək H.Əliyev adına Bakı X5 faktiki işlədiyi müddət nəzərə alınmaqla, 1932-ci il təvəllüdlü 70 yaşlı ahıl atası X2 05.01.2002-ci ildən 24.04.2004-cü ilədək qulluq etdiyi müddətin də sosial sığorta stajına daxil edilməsi və güzəştli şərtlərlə pensiya hüququnun yarandığı 05.12.2012-ci il tarixdən 05.12.2017-ci ilə tarixədək yaranan fərqin hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar