Məhkəmə qərarları › İş №2-1(112)-7981/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7981/2022

26.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7981/2022 26.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 29 nömrəli qeyri-yaşayış sahəsi (qaraj) üzərinə mülkiyyət hüquqlarının tanınması və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçının "xxxx" MTK ilə aralarında ünvan 2 ünvanında yerləşən qarajın alqı-satqısına dair müqavilə münasibətləri mövcud olmuş, həmin münasibətlər zənnində iddiaçı qeyri-yaşayış sahəsinin dəyərinin ödənilməsini, "xxxx" MTK isə qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçının müqavilə üzrə borcunun olmaması müvafiq maliyyə arayışı ilə təsdiq edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə eyni məzmunda cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, qeyri-yaşayış sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsində nəzərdə tutulmuş mənzil-tikinti kooperativi binasında yaşayış(qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əlavə edilməmişdir. Həmçinin, təqdim edilən sənədlər “Nərimanov 13” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən təsdiq edilmişdir. İdarəsinin mütəxəssisləri tərəfindən ünvana keçirilən baxış zamanı müəyyən edilmişdir ki, pilləkan qəfəsindən qeyri-yaşayış sahəsinə 1 ədəd qapı oyuğu açılmışdır. Həmçinin qeyriyaşayış sahəsinin faktiki ölçüsü 27.3 kv.m təşkil edir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: -"xxxx" MTK ilə İddiaçı arasında bağlanmış müqavilədən görünür ki, "xxxx" MTK ünvan 1 ünvanında yerləşən 29 nömrəli qeyri-yaşayış sahəsini (qaraj) tikib İddiaçı təhvil verilməsini, sonuncu isə tikilən mənzili qəbul edib haqqını "xxxx" MTK-ya ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilə qiyməti 13.800.000 manat (3000 ABŞ) müəyyən edilmişdir. -"xxxx" MTK üzvlərinin ümumi iclasının protokolundan görünür ki, xx.xx.2000-ci il tarixdə keçirilmiş gündəlik məsələdə İddiaçı kooperativin üzvü qəbul olunmaqla, MTK-nın ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 29,7 kv.m olan 29 saylı qeyri-yaşayış sahəsinin payçısı olmağının təsdiq edilməsi qərara alınmışdır. -"xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışına əsasən iddiaçı müqavilədə nəzərdə tutulmuş məbləğdə mənzilin dəyərini tam ödəmiş və onun müqavilə üzrə borcu qalmamışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu,İ.Dadaşov küçəsi, ev 50, ünvanında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin istismarına icazə verilmişdir (istismara icazə sənədi). Sənəddə tikinti obyektinin sahibi (sifarişçisi) qismində "xxxx" MTK göstərilmişdir. İşin faktiki hallarından görünür ki, "xxxx" MTK ilə iddiaçı arasında imzalanmış müqaviləyə əsasən, "xxxx" MTK ünvan 3 ünvanında yerləşən 29 nömrəli qeyri-yaşayış sahəsini tikib iddiaçıya təhvil verilməsini, iddiaçı isə tikilən sahəni qəbul edib haqqının "xxxx" MTK-ya ödənilməsini öhdəsini götürmüşdür. Maliyyə arayışına əsasən iddiaçı həmin əmlakın dəyərini ödəmiş, onun həmin müqavilə üzrə borcu qalmamışdır. İddiaçı qeyd olunan əmlak üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi üçün müraciət etsə də, cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtina məktubunda göstərdiyi əsaslara nəzər yetirdikdə məlum olur ki, cavabdeh imtina üçün iki əsas gətirir:

1. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarınının əlavə edilməməsi;

2. Təqdim edilən sənədlərin “Nərimanov 13” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən təsdiq edilməsi;

3. Texniki baxış zamanı pilləkən qəfəsindən qeyri-yaşayış sahəsinə 1 ədəd qapı oyuğunun açılması;

4. Qeyri-yaşayış sahəsinin faktiki ölçüsünün 27,3 kv.m olmasıdır. Məhkəmə tərəfindən iddiaçının mübahisə predmetini təşkil edən əmlak üzərində mülkiyyət hüquqlarının yaranıb-yaranmaması, həmçinin mübahisəli əmlakın yerləşdiyi yaşayış binasına dair istismara icazə sənədinin olub-olmaması araşdırılmalıdır. Məhkəmə qeyd edir ki, hazırki iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6cı və Mənzil Məcəlləsinin 112-ci maddələri təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.6-cı maddəsinə əsasən mənzil tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklənəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Mülki hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqakooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Mülki qanunvericiliyin daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsini tənzimləyən müddəalarına əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir (Mülki Məcəllənin 178.1 və 178.2-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8 maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010- cu il tarixli qərarında kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar göstərilmişdir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam vermək hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. İddiaçı qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən əmlakın dəyərini tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə payçıya təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, üzv tərəfindən əmlakın dəyərinin tam ödənilməsi, ona sahənin təhvil verilməsi iddiaçının dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam vermək hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 2.2-ci maddələrinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Mülki Məcəllə ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.6-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslarından biri-mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarıdır (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). Həmin Qanunun 8.0.9 və 8.0.9.2-cı maddələrinə əsasən isə Azərbaycan Respublikaısnın Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minədək (2013-cü il yanvarın 1dək) inşa edilmiş tikililərə dair: çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə-topqa sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmıış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin,məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeyriyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüququ əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci -maddəsinə görə mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeydolunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllənin 113.1ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Normanın məzmunundan göründüyü kimi mülki qanunverici kooperativ üzvünün əmlakına münasibətdə onun üzərində mülkiyyət hüququnun yaranmasını daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı anla deyil, pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı halda da iddiaçı onun üçün nəzərdə tutulmuş qeyriyaşayış sahəsinin yerləşdiyi binanın inşası üçün pul şəklində kapital qoymuş (pay haqqı ödəmiş), MTK ilə bağlınmış müqaviləyə əsasən, iddiaçı yuxarıda qeyd edilən qeyriyaşayış sahəsinin payçısı (investoru) hesab edilmişdir. Başqa sözlə, iddiaçı yeni daşınmaz əmlakın yaradılmasında kapital qoyuluşu ilə iştirak etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın inşası üçün pul şəklində kapital qoyması müvafiq kassa mədaxil qəbzi ilə təsdiq olunmasa da, maliyyə arayışı ilə təsdiq olunur. Doğrudur ki, hazırki mərhələdə iddiaçı tərəfindən qeyri-yaşayış sahəsinin dəyərinin ödənilməsini təsdiq edən maliyyə qəbzi aşkar olunmamışdır. Lakin, bu hal hazırki iddianın təmin edilməməsinə yönələ bilməz. Belə ki, nəzərə alınmalıdır ki, iddiaçı ilə "xxxx" MTK arasında mövcud olmuş müqavilə münasibətləri 20 ildən çox davam edir. Əlbəttə, bu müddət ərzində həmin maliyyə qəbzinin iddiaçı tərəfindən saxlanılmaması başa düşülən bir haldır. Baxmayaraq ki, qeyri-yaşayış sahəsinin dəyərinin iddiaçı tərəfindən ödənilməsi müvafiq qəbz ilə təsdiq olunmasa da, müqavilə üzrə iddiaçının hər hansı borcun olmaması müvafiq olaraq maliyyə arayışı ilə təsdiq olunmuşdur. Belə ki, “Nərimanov-13” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən təsdiq olunmuş maliyyə arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 29 nömrəli qeyri-yaşayış sahəsinin dəyərini ödəmiş və onun müqavilə üzrə borcu olmamışdır. Göründüyü kimi qeyri-yaşayış sahəsinin dəyərinin iddiaçı tərəfindən ödənilməsi müvafiq olaraq maliyyə arayışı ilə təsdiq edilmişdir. Diqqətəlayiq məqam odur ki, maliyyə arayışının təsdiqi məhz “Nərimanov-13” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən həyata keçirilmişdir. Bununla bağlı məhkəmə bildirir ki, məhkəmə icraatı zamanı təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, ********** №-li VÖEN altında qeydiyyata alınmış "xxxx" MTK xx.xx.2020-ci il tarixdə ləğv edilmiş, həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmış, həmin VÖEN altında “Nərimanov-13” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılmışdır. Göründüyü kimi "xxxx" MTK-nın ləğv olunmuş, onun əvəzinə “Nərimanov-13” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılmışdır. Bu səbəbdən də Məhkəmə hesab edir ki, “Nərimanov-13” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti tərəfindən verilmiş maliyyə arayışın mötəbərliyi hər hansı şübhə doğurmur. Eyni zamanda Məhkəmə onu da bildirir ki, cavabdeh inzibati orqan mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarınının əlavə edilməməsinə istinad etsə də, "xxxx" MTK-nin xx.xx.2000-ci il tarixli protokoldan çıxarışı ilə iddiaçının üzvlüyü qəbul edilməsi, qeyri-yaşayış sahəsinin ona verilməsi təsdiq olunmuşdur. Belə olan halda Məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun oxşar münasibətləri tənzimləyən 8.0, 8.0.6-cı maddələrinə əsasən iddiaçının iddia etdiyi qeyri-yaşayış sahəsinə münasibətdə mülkiyyət hüquqlarının yaranması təsdiq olunur. Cavabdehin etirazda göstərdiyi digər bir əsas odur ki, qeyd olunan ünvanda inşa edilmiş istismara icazə sənədində tikinti obyektinin sahibi kimi (sifarişçi) "xxxx" MTK göstərilmişdir. Məhkəmə qeyd etmək istəyir ki, iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etdiyi qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın istismarına səlahiyyətli orqan tərəfindən icazə verilmişdir. Faktiki iş üzrə üzərində mülkiyyət hüququnun qeydə alınması mübahisələndirilən müvafiq əmlakın yerləşdiyi binanın tikinti obyektinin istismara icazə sənədinin hansı şəxsin adına rəsmiləşdirilməsi iddiaçının iradə və imkanlarının təsirindən kənarda qalan haldır. Tikinti obyektinin istismara icazə sənədində "xxxx" MTK-nın adının qeyd olunması sifarişçi ilə "xxxx" MTK arasında bağlanmış müqavilənin mötəbərliliyini şübhə altına almaq üçün əsas deyildir və bu hal iddiaçının mənzil üzərində olan hüquqlarının məhdudlaşdırılması üçün əsas vermir. Belə ki, Mənzil Məcəlləsinin 101.1-ci (Tikinti obyektinin istismarına icazənin məqsədi) maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.6-cı maddəsinə əsasən, sifarişçi tikintiyə texniki və müəllif nəzarətinin həyata keçirilməsini təmin edir, tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) tikintisi başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma, reklam qurğusunun tikintisi başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma müraciət edir. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən, sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Sadalanan qanunvericiliyin müddəalarından irəli çıxarıq Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, üzərində mülkiyyət hüququnun qeydiyyatı iddia olunan qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın tikintisi ilə bağlı sənədlərin, o cümlədən “tikinti obyektinin istismara icazə” sənədinin hansı şəxsin adına verilməsi, iddiaçının iradəsindən asılı hal deyil, həm də bu halın işdə iştirak edən tərəflər, habelə digər şəxslər üçün hər hansı təhlükə, fəsad yaratması, onların mənafeyinə zidd olması ehtimalı görünmür. Nəzərə alınmalıdır ki, çoxmənzilli binanın tikintisinin son mərhələsi “istismara icazə” sənədinin verilməsi ilə rəsmiləşdirilir və qanunvericilik onun məqsədi baxımından “tikinti obyektinin istismarına icazənin verilməsi”ni tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun inşası və təyinatı üzrə istifadəsinin mümkünlüyünün təsdiqi kimi qiymətləndirir. Məhkəmə cavabdehin digər imtina əsasına münasibətdə bildirir ki, cavabdeh etiraz ərizəsində qeyri-yaşayış sahəsinin faktiki ölçülərinin 27,3 kv.m olduğunu qeyd etsə də, bu hal hazırki iddia tələbinin həllində əhəmiyyət daşımır. Çünki, daşınmaz əmlakın hüquqmüəyyənedici sənədlərdə görə ölçülərinin 30 kv.m (son olaraq 29,7 kv.m) olması göstərilmişdir ki, bu da əmlak ilə bağlı hər hansı artımların olmadığını, əksinə qeyriyaşayış sahəsinin faktiki ölçülərinin sənəd ilə müqayisə də az olduğunu göstərir. Göründüyü kimi qeyri-yaşayış sahəsinin faktiki ölçülərinin sənəddə nəzərdə tutulduğudan artıq olması ilə bağlı hər hansı hal mövcud olmamış, əksinə cavabdeh ölçülərin aşağı olması ilə bağlı mövqe nümayiş etdirmişdir ki, iddiaçı tərəfindən hər-hansı artıq sahənin özəlləşdirilməsinə yönəlmiş hərəkətin mövcud olmaması, cavabdehin göstərilən dəlilinin formal olduğuna dəlalət edir. Eyni zamanda məhkəmə onu da bildirir ki, iddiaçı onun mülkiyyətində olan sahəyə çıxarış verilməsini istəyir ki iddia tələbində məhz 30 kv.m 27 kv.m ilə bağlı hər hansı müddəa göstərilməmiş, mübahisə məhz əmlaka çıxarışın verilməsi ilə bağlı olmuşdur ki, mövcud əmlaka çıxarış verilməlidir. Son olaraq Məhkəmə onu da bildirir ki, cavabdeh imtina əsası kimi qeyri-yaşayış sahəsinə 1 ədəd qapı oyuğunun açıldığı ilə bağlı mülahizələr irəli sürsə də, təkcə bu hal iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasını məhdudlaşdıra bilməz. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin əsas imtina əsası kimi hesab edilə bilməz. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 29 nömrəli qeyri-yaşayış sahəsi (qaraj) üzərində daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun İddiaçı adına qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar