Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7981/2023 24.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X2 Ağa qızının katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Çaylı küçəsində yerləşən fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı olmayan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Çaylı küçəsində yerləşən fərdi yaşayış evinə elektrik xəttinin çəkilməsi barədə müraciətinə cavabdeh imtina cavabı vermişdir. İmtinaya səbəb evinin yaxınlığından keçən 6 kV-luq HEVX xəttinin olması göstərilmişdir. 6 kV-luq HEVX xəttinin evinə yaxın ərazidən keçməsinə görə elektrik xəttinin verilməməsini başa düşür. Lakin, həmin xəttin altında və ətrafında ondan başqa bütün evlərin qanuni işıq xəttinin olmasını başa düşmək çətindir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Çaylı küçəsində yerləşən fərdi yaşayış evi 35/10 Xocahəsən yst çıxan 6 kV-luq Neftə qurğuların aid HEVX xəttinin mühafizə zonasında yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiqlənmiş “Gərginliyi 1000 Voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 6-cı bəndinə əsasən “Elektrik şəbəkələrinin mühafizə zonalarınadaxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər”. Həmin Qaydaların 12-ci bəndinə əsasən “Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi”. Qaydalara əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Çaylı küçəsində yerləşən fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinin qoşulması mümkün deyildir.
5. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş imtina məktubuna əsasən bildirilmişdir ki, "xxxx" ASC-yə daxil olmuş xx.xx.2023-cü il tarixli ATS**********4852 saylı müraciəti əsasında ünvana baxış keçirilən zaman məlum olmuşdur ki, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evi, 35/10 Xocəsən yst çıxan 6 kV-luq Neftə qurğularına aid HEVX xəttin mühafizə zonasında yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiqlənmiş “Gərginliyi 1000 Voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 6-cı bəndinə əsasən elektrik şəbəkələrinin mühafizəsi zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin isifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Bu Qaydaların 12ci bəndinə uyğun olaraq mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi qadağandır. Bu səbəbdən də, ünvanda göstərilən fərdi yaşayış evinin təchizatı şəbəkələsinə qoyulması mümkün deyil. Əlavə olaraq bildirilmişdir ki, 160-İİQ nömrəli 29 iyun 2001-ci il tarixli “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.4-cü bəndinin tələblərinə uyğun olaraq elektrik xətlərinin mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədi ilə zəruri tikililərin inşası üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir.
8. Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsi tərəfndən verilmiş 10/01 nömrəli xx.xx.2023-cü il tarixli arayışa əsasən İddiaçı həqiqətən Xocəsən bələdiyyəsinin inzibati ərazisi olan Sulutəpə qəsəbəsində qeydiyyatsız yaşayır. Bİnəqədi rayon, Sulutəpə qəsəbəsi Xocəsən Bələdiyyəsinin ərazisində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin koordinatları 40.422889; 49.776345.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
9. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
10. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
11. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
12. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
13. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
14. Məhkəmə iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
15. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 234 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması” Qaydalarının 1.12-ci bəndinə əsasən texniki şərtlər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11- ci maddəsi ilə müəyyən edilmiş tələblər və ərazi planlaşdırılma sənədləri nəzərə alınmaqla verilir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən texniki şərtlər almaq (tələb edilən gücdən asılı olmayaraq) üçün sifarişçi tikinti obyektinin yerləşdiyi əraziyə xidmət edən enerjitəchizatı müəssisəsinə ərizə ilə müraciət etməlidir. Həmin enerjitəchizatı müəssisəsi sifarişçinin tikinti obyektinin yerləşdiyi əraziyə ən yaxın məsafədə olan lazımi gücə malik enerji mənbəyini müəyyən etməli və texniki şərtlər verməlidir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən ən yaxın məsafədə müəyyən edilən enerji mənbəyi digər ETM-in xidmət etdiyi ərazidə olarsa, texniki şərtlər almaq üçün müraciət edilən ETM bu müraciəti texniki şərtlər verilməsi üçün dərhal həmin ETM-ə göndərir və bu barədə sifarişçiyə məlumat verir. 2.6. Tikintisinə icazə tələb olunmayan, həmçinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.2-ci və 80-ci maddələrinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektləri üçün texniki şərt sifarişçinin bilavasitə müraciəti əsasında tikinti obyektinin yerləşdiyi əraziyə xidmət edən ETM tərəfindən verilir. 2.10. Bu Qaydaların 2.6-cı bəndində nəzərdə tutulmuş sifarişçinin təqdim etdiyi ərizədə aşağıdakı məlumatlar göstərilir: 2.10.1. fiziki şəxsin – adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar; 2.10.2. sifarişçinin ETŞ-yə qoşulması nəzərdə tutulan tikinti obyektinin ünvanı; 2.10.3. tələb olunan elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri. 2.11. Texniki şərt verilərkən bu Qaydalarda nəzərdə tutulmayan məlumatlar və sənədlər sifarişçidən tələb edilə bilməz. 2.16. Texniki şərtin verilməsindən aşağıdakı hallarda imtina edilir: 2.16.1. bu Qaydalarda nəzərdə tutulmuş sənədlər tam təqdim edilmədikdə (çatışmazlıqlar və uyğunsuzluqlar aradan qaldırılmadıqda); 2.16.2. təqdim edilmiş sənədlərdə qeyri-dürüst məlumatlar olduqda Həmin Qaydaların 2.22-ci bəndinə əsasən ETM texniki şərtlərin hazırlanması məqsədi ilə elektrik qurğularının gücü 800 kVt-dan yuxarı olan sifarişçinin ərizəsini və ya tikintiyə icazə verən orqandan (qurumdan) ETM-ə daxil olan sorğunu, habelə təqdim edilmiş sənədləri ərizənin daxil olduğu gündən 3 (üç) iş günü müddətində dövlət elektroenergetika müəssisəsinə göndərir. Dövlət elektroenergetika müəssisəsi enerji təchizatı müəssisəsi ilə güc həddini ərizə alındığı gündən 10 (on) iş günü müddətində razılaşdırmalıdır. Həmin Qaydaların 2.24-cü bəndinə əsasən sifarişçi aktiv istehlakçı olduqda, texniki şərtlər bu obyektin tikintisi üçün ixtisaslaşdırılmış institutlar tərəfindən hazırlanmış X1 tələbləri nəzərə alınmaqla verilir. Həmin Qaydaların 2.27-ci bəndinə əsasən qoşulma nöqtəsi aşağıdakı yerlərdə olmalıdır: 2.27.1. yaşayış binasında olan mənzillər üçün yaşayış binasının həmin mənzillərin yerləşdiyi mərtəbədə ümumi istifadədə olan sahəsində quraşdırılmış lövhədə; 2.27.2. yaşayış binasının daxilində yerləşən qeyri-yaşayış sahələri üçün yaşayış binasının ümumi istifadədə olan sahəsində quraşdırılmış lövhədə; 2.27.3. tikinti obyektləri üçün ən yaxın məsafədə yerləşən gücə malik olan yarımstansiyada, transformator məntəqəsində, elektrik xəttində (mövcud güc imkan verərsə).
16. Beləliklə iş materiallarından görünür ki, hazırki iddianı qaldırmaqda iddiaçının hüquqi marağı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Çaylı küçəsində yerləşən tikinti obyektinin (fərdi yaşayış evinin) enerji təchizat şəbəkəsinə qoşulmasına nail olmaqdır.
17. İstinad olunan Qaydalarda sifarişçiyə (1.2.4) belə anlayış verilmişdir: – ETMin ETŞ–yə qoşulması nəzərdə tutulan tikinti obyektlərinə və ya tikinti obyektlərinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət (sahiblik) və ya digər əşya hüququ əsasında sahiblik edən hüquqi və ya fiziki şəxs olan istehlakçı. 18 İstinad olunan Qaydalarda yaşayış evinə (1.2.8) belə anlayış verilmişdir: – otaqlardan, habelə yaşamaq üçün məişət və digər ehtiyacların ödənilməsini nəzərdə tutan yardımçı sahələrdən ibarət, yerləşdiyi torpaq sahəsinə birbaşa girişi olan fərdi müəyyən edilmiş ev.
19. Hazırkı iş üzrə iddiaçı Qaydaların tələbləri baxımından sifarişçidir. Odur ki, iddiaçı birbaşa girişi olan fərdi yaşayış evinin enerji təchizat şəbəkəsinə qoşulmasını tələb etməkdə haqlıdır.
20. Cavabdeh orqan hazırki imtinasının və etirazının əsasında Qaydaların 12-ci bəndinə əsasən fərdi yaşayış evinin elektrik xəttinin mühafizə zonasında inşa edilməsinə icazə verilməməsinə və bu səbəbdən də, həmin fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulmasına da, icazə verilməməsinə istinad etsə də, Qaydalarda mühafizə zonalarında yerləşən tikinti obyektlərinin ETŞ-ə qoşulmasına məhdudiyyətlər nəzərdə tutulmamışdır. Həmçinin, məhkəmə araşdırması zamanı, eləcə də, cavabdehin nümayəndəsinin özünün də, izahatından müəyyən edilmişdir ki, iddiaçı tərəfindən sözügedən ünvanda artıq fərdi yaşayış evi inşa edilmiş və onun istifadəsindədir. Bundan başqa, iddiaçının qonşuluğunda olan bütün fərdi yaşayış evləri enerji təchizatı ilə təmin edilmişdir. Bu hal isə, özlüyündə iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozulması deməkdir.
21. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. (-) İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. (-)
22. “İnzibati icraat haqqında” Qanun: Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
24. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
25. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
26. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
27. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğun təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Çaylı küçəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin enerji təchizat şəbəkəsinə qoşulması öhdəliyi "xxxx" ASC-yə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva