Məhkəmə qərarları › İş №2-1(112)-7984/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7984/2024

23.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7984/2024 23.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “şəxsin ilkin adının və soyadı barədə məlumatın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 ilkin adının, soyadının kim olması (əsasən adının), əsas həmin şəxsin pasportda adının kim olması, Tovuz rayon Qeydiyyat şöbəsində boşanma adı, pasportda əvvəlki adı, Tovuz Rayon İcra Hakimiyyətinin arxivindən, Bakı Milli Arxivindən adın dəyişdirilməsi ilə bağlı sərəncamdan (2008, 2018-ci il) tarixində (Aygün) vətəndaşın ilk adının olmasıyla bağlı məlumatların məhkəməyə verilməsi üçün Ədliyyə Nazirliyinin Baş Qeydiyyat İdarəsinə sorğu göndərilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Baş Qeydiyyat İdarəsinə sorğu ilə müraciət edərək Şəbnəm Əsədova adı ilə səhnədə çıxış edən şəxsin ilkin adının və soyadının kim olması, həmin şəxsin adını nə vaxt dəyişməsi barədə məlumatların verilməsini xahiş etmişdir. Lakin ona cavab olaraq bildirilmişdir ki, fərdi məlumatlar olduğu üçün həmin məlumatları kənar şəxslərə verə bilməzlər. Ona görə də, iddiaçı məhkəməyə məlumatları əldə etmək üçün müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddiaya dair yazılı münasibət (etiraz) təqdim edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirə edilməsini zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və işə mahiyyəti üzrə baxılaraq təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında qeyd olunur ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır” (1.1-2.2-ci bəndlər). Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarda həmçinin göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.1-6.2ci bəndlər). Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İstinad olunan müddəalara görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunun 2.4cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 38.3-cü maddəsinə əsasən əldə olunmasına məhdudiyyətlər qoyulan ailə həyatına dair məlumatlar aşağıdakılardır: 38.3.1. cinsi həyat haqqında məlumatlar; 38.3.2. vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar; 38.3.3. ailə həyatının ayrı-ayrı məqamları haqqında məlumatlar;.. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən informasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edir: 21.1.1. sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya bu Qanunla tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə. Göstərilənlərə və iddia ərizəsində qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunduğundan və iddiaçı qeyd olunan məlumatların əldə edilməsi hüququna malik şəxslər kateqoriyasına aid edilmədiyindən, o cümlədən hazırkı iddianı irəli sürmək üçün müvafiq sənədləri (etibarnamə və s.) məhkəməyə təqdim etmədiyindən onun qeyd olunan informasiyanı əldə etmək, belə olan halda isə hazırkı iddianı irəli sürmək üçün subyektiv hüququ yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı eyni cavabdehə yönəlmiş eyni iddia tələbi ilə əvvəllər də Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmin iddia tələb üzrə icraat zamanı iddiaçıya hüquqi yardım məktubu göndərilmiş, həmçinin iş üzrə keçirilmiş məhkəmə iclasında işin mümkünlük məsələsi onunla müzakirə edilmiş və tərəf dinlənilmişdir. Lakin iddiaçı tələbini olduğu kimi müdafiə etdiyini bildirmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(112)-8228/2023 saylı qərardadı ilə iddia mümkün sayılmamış, sözügedən qərardad mübahisələndirilməmişdir. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının hazırkı tələbi irəli sürmək üçün subyektiv hüququ olmadığından iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar