Məhkəmə qərarları › İş №2-1(112)-7984/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7984/2025

20.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7984/2025 20.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 4, mənzil 116 saylı mənzilin iddiaçının adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlətin reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2012 ildən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi, ev 21 a, mənzil 116-da yaşayır. Yaşadığı bina əvvəllər Azərbaycan Respublikası Dövlər Neft şirkətinin balansında olmuşdur. Özü də "Azneft" İB-nin "Bibiheybətneft" Neft və Qazçıxarma İdarəsində işləyir. Yaşayış yeri olmadığı üçün 1986-cı ildə mənzil növbəsinə dayanmışdır. ARDNŞ-nin rəhbərliyinin xx.xx.2011-ci il tarixli 6 nömrəli protokolunun çıxarışı əsasında uzun müddət mənzilin alınmasını gözləmiş, nəhayət, xx.xx.2012-ci il Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi 9 mərtəbəli 21a saylı binada onlara 7-ci giriş, 4-cü mərtəbədə 3 otaqlı, sahəsi 53,04 kv olan 116 saylı mənzil verilmişdir. Onun adına Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci iltarixli 275 nömrəli sərəncamı verilmişdir. Yaşadığı mənzilin adına özəlləşdirilməsi ilə bağlı sənədləri qanunla müəyyən çdilmiş qaydada toplayaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, sonuncunun xx.xx.2025 tarixli, **********260 saylı məktubu ilə müraciətin təmin olunmasından imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq yaşadığı mənzilin adına özəlləşdırilməsinə dair müraciətindən imtina olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası X8 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnaməsinin 9.17-ci maddəsinə əsasən "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" AR Qanunun qüvvəyə mindiyi günədək daşınmaz əmlak üzərində hüquqların qeydiyyatını aparmış dövlət orqanlarının verdikləri və bu qanuna uyğun olaraq dövlət reyestrində saxlanmalı olan məlumatların dövlət reyestrinə daxil edilməsi və həmin əsasnamənin 9.11ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatının rəsmiləşdirmək məqsədilə dövlət reyestrindən çıxarış verilməsi daşınmaz əmlakın dövlət reyestr xidmətinin vəzifələrinə aid edilmişdir. Göründüyü kimi qanuna və normativ akta əsasən hüquqların dövlət qeydiyyatının aparılması cavabdeh X8 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin qanunla və normativ aktla müəyyən edilmiş funksional vəzifəsidir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti hazırkı iş üzrə icraata üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi 21A saylı evin, 116 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 275 saylı sərəncamı xx.xx.2012-ci il tarixdə verilmişdir. Əlavə olaraq bildiririlir ki, mənzilin faktiki ümumi sahəsi 90.5 kv.m təşkil edir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı münasibətdə bildirilmişdir ki, İddiaçı SOCAR üzrə xx.xx.1986-cı ildən mənzil uçotunda olduğu üçün SOCAR-ın və ANQSİHİRK-nın birgə iclasının xx.xx.2011-ci il tarixli 6 nömrəli protokolunun qərarı ilə ünvan 1 ünvanında giriş 7, mərtəbə 4, yaşayış sahəsi 53.04 kv.metr olan 3 otaqlı 116 nömrəli mənzillə 5 nəfər (özü, arvadı, oğlu, gəlini, nəvəsi) ailə tərkibi ilə təmin olunmuşdur. Müraciəti əsasında SOCARın xx.xx.2024-cü il tarixli 14-2/2-Ə-36xx-xx/2024 nömrəli məktubu ilə qeyd olunan protokoldan çıxarışın təsdiq olunmuş surəti (3 vərəq) İddiaçı göndərilmişdir. Həmçinin bildirilmişdir ki, mənzilə müvafiq hüquqi sənədin verilməsi məqsədilə mənzil uçot qovluğu Səbail Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunub-olunmaması məsələsini məhkəmənin mülahizəsinə buraxıldığı bildirilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbinin təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, hazırda oğlu ilə birlikdə sözgüdən mənzildə yaşayır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun imtina cavabı verilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və ANQSİHİ Respublika Komitəsinin birgə iclasının xx.xx.2011-ci il tarixli, 6 saylı protokolundan çıxarışda qeyd edilmişdir ki, ARDNŞ-nin vahid mənzil uçotu siyahısı üzrə mənzil uçotunda dayanan, “Bibiheybətneft” NQÇİ-nin işçisi İddiaçı xx.xx.1986-cı ildə mənzil uçotuna götürülüb. 8 nəfərdən ibarət ailə tərkibi ilə (özü, arvadı, 3-oğlu, 2 gəlini nəvəsi) Y.Bədəlov küçəsi, ev 21, 2 otaqdan ibarət 26,2 kv.m. yaşayış sahəsi olan 10 saylı mənzilə qeydiyyatdadırlar. İddiaçı 5 nəfər ailə tərkibi ilə 3 otaqlı mənzil almaq hüququ var və ona bölgüsü aparılan mənzillərdən seçim təklif edildi. O, ünvan 2 ünvandan giriş 7, mərtəbə 4, 3 otaqdan ibarət 53,04 kv.m. yaşayış sahəsi olan 116 nömrəli mənzili seçdi və seçimini imzası ilə təsdiq etdi. -Səbail Rayon İcra Hakimiyyəti başçısının 275 saylı, xx.xx.2012-ci il tarixli sərəncamının surətindən görünür ki, İddiaçı 5 nəfər ailə üzvü ilə (özü, həyat yoldaşı, oğlu, gəlini və nəvəsi) Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, 21a saylı evin, giriş 7, mərtəbə 4, yaşayış sahəsi 53,04 kv.m. olan 3 otaqlı, 116 saylı mənzili ayrılması qərara alınmışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş ******* saylı arayışdan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü X6, xx.xx.1983-cü il təvəllüdlü X7, xx.xx.1959-cu il təvəllüdlü X5 ünvan 3 ünvanında qeydiyyatdadırlar. -X3 xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, ünvan 4 ünvanında yerləşən 116 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə etiraz etməmişdir. -X4 xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, ünvan 4 ünvanında yerləşən 116 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə etiraz etməmişdir. -X2 xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, ünvan 4 ünvanında yerləşən 116 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə etiraz etməmişdir. -Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, İddiaçı SOCAR üzrə xx.xx.1986-cı ildən mənzil uçotunda olduğu üçün SOCAR-ın və ANQSİHİRK-nın birgə iclasının xx.xx.2011ci il tarixli 6 nömrəli protokolunun qərarı ilə ünvan 1 ünvanında giriş 7, mərtəbə 4, yaşayış sahəsi 53.04 kv.metr olan 3 otaqlı 116 nömrəli mənzillə 5 nəfər (özü, arvadı, oğlu, gəlini, nəvəsi) ailə tərkibi ilə təmin olunmuşdur. Mənzilə müvafiq hüquqi sənədin verilməsi məqsədilə mənzil uçot qovluğu Səbail Rayon İcra Hakimiyyətinə göndərilmişdir. -Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubunda İddiaçı xx.xx.1986-cı il tarixdə mənzil növbəsinə götürülübgötürülməməsinə dair mənzil-uçot qovluğu rayon icra hakimiyyətinin arxivində aşkar edilmədiyi bildirilmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçının hüquqi marağı və məqsədi Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 28 noyabr 2012-ci il tarixli 275 nömrəli Sərəncamı ilə ona ailə tərkibi ilə birlikdə ayrılmış mənzil üzərində əmlakın dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdan ibarətdir. Bununla əlaqədar cavabdeh inzibati orqana müraciəti təmin edilməmişdir. Cavabdehin imtina dəlilləri bunlardır: 1. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi 21A saylı evin, 116 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. 2.Qeyd olunan mənzilə dair Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti başçısının 275 saylı sərəncamı xx.xx.2012-ci il tarixdə verilmişdir. 3.Mənzilin faktiki ümumi sahəsi 90.5 kv.m təşkil edir. Məhkəmə aşağıda göstərilən qanunvericilik normalarına əsasən hesab edir ki, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Həmin Qanundan: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır (10.2.1). 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 17.1-ci maddəsinə əsasən mənzil fondu-Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. Həmin Məcəllənin 17.2.2-ci maddəsinə əsasən, dövlət mənzil fondu - mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusudur. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanundan:

1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır.

2. Bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir.

4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.

7. Dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər.

9. Müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Beləliklə işin araşdırılan halları ilə müəyyən edildi ki, “Bibiheybətneft” NQÇİ-nin işçisi kimi ARDNŞ-də (SOCAR) xx.xx.1986-cı ildən mənzil uçotunda olduğu nəzərə alınaraq SOCAR-ın və ANQSİHİRK-nın birgə iclasının xx.xx.2011-ci il tarixli 6 nömrəli protokolunun qərarı ilə ünvan 1 ünvanında giriş 7, mərtəbə 4, yaşayış sahəsi 53.04 kv.metr olan 3 otaqlı 116 nömrəli mənzil 5 nəfər (özü, arvadı, oğlu, gəlini, nəvəsi) ailə tərkibi ilə birlikdə İddiaçı verilmiş və mənzilə dair müvafiq sərəncamın verilməsi üçün mənzil uçot qovluğu Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Səbail RİHB-nin 275 nömrəli, 28 noyabr 2012-ci il tarixli Sərəncamı ilə qeyd olunan yaşayış sahəsi iddiaçıya ayrılmış və o, mənzil növbəsindən çıxarılmışdır. Göründüyü kimi iddiaçı xx.xx.1986-cı ildən mənzil növbəsinə alınmış şəxs olmuşdur və hazırda mübahisə predmeti olan mənzil ona bu münasibətlər çərçivəsində dövlət tərəfindən əvəzsiz olaraq verilmişdir. Belə olan halda, iddiaçı 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin 146.1-ci maddəsinin tələblərinə əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxs kimi qiymətləndirilməlidir. Mənzil növbəsində olan iddiaçıya mənzilin 01 oktyabr 2009-cu il tarixdən sonra verilməsi iddiaçının iradəsindən asılı olan hal olmadığından məhkəmə cavabdehin imtina dəlilini əsassız hesab edir və qeyd edir ki, həmin mənzilin qeydiyyata alınmasına münasibətdə "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsi tətbiq olunmalı və Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 275 nömrəli Sərəncamı istinad olunmuş maddədə nəzərdə tutulmuş əsas qismində qəbul edilməlidir. Həmin sərəncam ləğv edilməmiş və ya geri çağırılmamışdır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Göründüyü kimi sözügedən sərəncamda iddiaçıya mənzilin ayrılmasının hər hansı tələb, o cümlədən hər hansı müqavilənin bağlanılması, yaxud hər hansı digər öhdəliklərin yerinə yetirilməsi ilə şərtləndirilməmişdir. Belə olan halda qeyd olunan mənzil ailə üzvləri nəzərə alınmaqla qeyd-şərtsiz iddiaçının istifadəsinə ayrılmış və bu baxımdan hazırkı iddia tələbi üzrə iddiaçının mənzilin onun mülkiyyətinə verilməsinə dair qanuni gözləntisi yaranmışdır. Həmçinin qeyd olunmalıdır ki, 01 oktyabr 2009-cu ildən əvvəlki və sonrakı tarixlərdə verilmiş sərəncamlar (əgər 01 oktyabr 2009-cu ilədək mövcud olan əsasa söykənirsə) üzrə hüquqların qeydiyyata alınmasına “fərq qoyulması”, başqa sözlə eyni vaxtda mənzil növbəsinə götürülmüş şəxslərin, onların iradəsindən asılı olmayan hallardan irəli gələrək müxtəlif vaxtlarda mənzillə təmin edilmələri səbəbindən, sadəcə tarixə əsaslanmaqla ədalətli olmayan differensasiyanın aparılması eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının fərqləndirilməsinə gətirib çıxarır ki, bu da “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə ziddir. Çünki, həmin tarixdən yeni Mənzil Məcəlləsi tətbiq edilsə də, o tarixdən əvvəlki və sonrakı vaxtda verilmiş sərəncamlar predmet, tərəflərin hüquq və vəzifələri baxımından eynilik təşkil edir. Mənzilin faktiki sahəsi ilə bağlı dəlilə gəlincə məhkəmə qeyd edir ki, iddiaçı yaşayış sahəsi üzərində Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 275 nömrəli Sərəncamındakı ölçülərə uyğun hüquqların qeydiyyata alınmasına iddia edir. Odur ki, məhkəmə cavabdehin qeyd olunan dəlilini də əsassız hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010cu il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə həm də nəzərə alır ki, qeyd edilən binadakı mənzillərin analoji sənədlər əsasında ilkin hüquqi qeydiyyata alınmasına dair məhkəmə aktları mövcuddur və həmin qərarlar əsasında da hüquqların dövlət qeydiyyatı aparılmışdır. Odur ki, iddiaçıya münasibətdə fərqli rəftar bərabərlik hüququnun pozulması hesab edilə bilər. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddiaçı ilə eyni hüquqi vəziyyətdə olan şəxslərin mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı inzibati praktikası artıq mövcuddur. Lakin cavabdeh eyni faktiki və hüquqi hallara (hüquqmüəyyənedici sənədlərə) istinad edən iddiaçıya fərqli münasibət göstərməklə onun qanunla qorunan etimad hüququnu pozmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, qeyd olunan dəlillər qanunvericiliklə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından, iddiaçının arzuladığı məqsədə nail olmaq üçün maneə hesab edilməməlidir. Odur ki, cavabdehin imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməli, ünvan 4 ünvanda yerləşən 116 saylı mənzilin üzərində Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 275 nömrəli Sərəncamındakı ölçülərə uyğun olaraq İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. ünvan 4 ünvanda yerləşən 116 saylı mənzilin üzərində Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 275 nömrəli Sərəncamındakı ölçülərə uyğun olaraq İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar