Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7988/2025 14.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X13, Üçüncü şəxslər X9 və X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X9 və X6 üçüncü şəxs qismində cəlb edilməklə) “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavabdeh X1 adına verilmiş xx.xx.2023-cü il tarixli **********4 qeydiyyat nömrəli və xx.xx.2023-cü il tarixli X5 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışların etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayonu, Məhəmməd Hadi küçəsi 81 nömrəli evin 98 nömrəli mənzil əvvəllər anası X2 mülkiyyətində olmuşdur. Onun ölümündən sonra mənzil Alagöz Bağırovanın vərəsələri o və ögey qardaşı X3 və ögey bacısı X9 arasında vərəsəlik qaydasında hər birinə 1/3 hissədə olmaqla bərabər payda keçmişdir. Bu barədə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən müvafiq çıxarış verilmişdir. Əvvəllər ögey qardaşı X4 və X7 mərhum atası tərəfindən iki otaqlı mənzil verilmişdir. Hazırki mübahisəli mənzil əslində onun mənzilidir. Onların həmin mənzilə çıxarış alması əsassızdır. Göstərilən mənzilə cavabdehlərin hüquqi olmadığı halda onlara qanunsuz olaraq 1/3 hissədə pay müəyyən olunaraq çıxarış verilmişdir. Ona görə də cavabdehlərə Əmlak Məsələləri Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********91- 05101-093048 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsini istiyir. O İİ qrup əlildir. Cavabdehlərlə birlikdə göstərilən mənzildə yaşamaq onun üçün çox çətindir. Cavabdehlər onu təhqir edir, incidir. Məhkəmə iclasında tərəflərlə iddianın mümkünlüyü ilə bağlı məsələlər müzakirə edildi. İddiaçı, onun nümayəndəsi və vəkili iddianın mümkün hesab edilərək işə mahiyyəti üzrə baxılmasını xahiş etdilər. İddiaçı əlavə olaraq izahatında bildirdi ki, üçüncü şəxslər onun ögəy bacı və qardaşıdır. Sözügedən mənzil qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında üçüncü şəxslərin paylı mülkiyyətinə verilmişdir. Notariusun hərəkətləri qanunsuzdur, ona məlumat verilməmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinin mümkün hesab edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs X9 iddia tələbinin mümküb hesab edilməməsini xahiş etdi. Digər üçüncü şəxs X8 iddia tələbinin mümkün hesab edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddia tələbindən göründüyü kimi, iddiaçı üçüncü şəxslərin adına verilmiş çıxarışların etibarsız hesab edilməsini xahiş edir. İş materiallarından müəyyən edilir ki, Bakı şəhəri Xətai rayonu, Məhəmməd Hadi küçəsi 81 nömrəli evin 98 nömrəli mənzil X2 mülkiyyətində olmuşdur. İddiaçı və üçüncü şəxslər X2 vərəsələridir və onun ölümündən sonra qeyd olunan mənzil vərəsəlik qaydasında iddiaçının və üçüncü şəxslərin paylı mülkiyyətinə keçmişdir. İddiaçı hazırkı tələbində həmin mənzilə dair üçüncü şəxslərin adına verilmil çıxarışların etirasız hesab edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. İstinad edilən Plenum qərarlarındakı hüquqi mövqelərdən görünür ki, reyestrdə aparılmış qeyd və onun əsasında verilmiş çıxarış inzibati akt sayılmır və qeydin aparılması əsas inzibati aktdırsa, həmin inzibati akt, inzibati məhkəmə icraatı qaydasında, qeydin aparılmasına əsas mülki hüquqi əqddirsə, həmin əqdin əsaslılığı mülki məhkəmə icraatı qaydasında mübahisələndirilməlidir. Verilmiş iddia tələbində iddiaçı qeydin aparılmasına əsas olmuş inzibati aktı və qanun üzrə vərəsəlik şəhadətnaməsini deyil, çıxarışı mübahisələndirir ki, belə iddiaya baxılması mümkünlük şərtlərini ödəmir. İş materiallarından və tərəflərin izahatlarından müəyyən edilir ki, iddiaçının və üçüncü şəxslərin paylı mülkiyyətində olan daşınmaz əmlak onlara vərəsəlik qaydasında keçmişdir. Məhkəmə iddiaçıya izah edir ki, iddiaçı hazırda mübahisələndirdiyi qeydin aparılmasına əsas olmuş sənədin, yəni qanuni vərəsəlik haqqında şəhadətnamənin əsaslılığı (etibarlılığı) ilə bağlı mülki mühakimə icraatı qaydasında müvafiq rayon (şəhər) məhkəməsində iddia qaldıra bilər. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışların etibarsız hesab edilməsi” barədə iddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-7988/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7988/2025
14.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver