Məhkəmə qərarları › İş №2-1(112)-799/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-799/2023

08.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-799/2023 08.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “qarajın tikintisi üçün ayrılmış sahəyə dair yerləşmə cizgisinin tərtib edilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, 4042-60-cı məhəllədə yerləşən qarajın cizgisinin verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, Q-11-091 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, RİH-in sənədləri 2016-cı il daxil olmaqla Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verildiyini və bu barədə Suraxanı RİH-də heç bir məlumat olmadığını nəzərə alaraq, müraciətin müsbət həlli səlahiyyətləri xaricindədir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1994-cü il tarixli, 1094 nömrəli sərəncamı ilə qaraj tikintisi üçün mərhum X3 ayrılmış Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, 4042-60-cı məhəllədə yerləşən sahəyə dair yerləşmə cizgisinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 1094 nömrəli sərəncamı ilə Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, 4042-60-cı məhəllədə kollektiv qaraj tikintisi üçün Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 445 saylı sərəncamı əsasında X1 ayrılmışdır. Qarajın mövcud vəziyyətdə cizgisinin verilməsinə köməklik göstərilməsi məqsədi ilə Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət edilmişdir. Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubu ilə sənədlərin Dövlət Arxivinin Bakı filialına təhvil verilməsi və bu barədə Suraxanı RİH-də heç bir məlumat olmadığı səbəbindən imtina edilmişdir. Suraxanı Rayon İcra Hakimiyyətinin imtinası əsassızdır. Belə ki, sözügüdən qaraj fasiləsiz olaraq onun istifadəsindədir və həmin qaraj ayrılarkən plancizginin tərtibi və müvafiq sənədlərin saxlanması inzibati orqanın vəzifəsidir. Bundan əlavə sənədlər Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən tələb olunan sənədlər Dövlət Arxivinin Bakı filialından tələb edilməli idi. Lakin inzibati orqan bu öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya dair yazılı münasibətində göstərmişdir ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042-60-cı məhəllədə kollektiv qaraj tikintisi üçün torpaq sahəsi ayrılan dövrdə sözügedən sahəni əks etdirən cizgi Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 445 saylı sərəncamı ilə birlikdə vətəndaşa təqdim edilmişdir. Ötən illərə dair, o cümlədən 1994-cü illər də daxil olmaqla Rayon İcra Hakimiyyətinin sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının və onun vəkili iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). III. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddiaçı Nizami Əliyevin vərəsəsi kimi iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia qarajın yerləşdiyi torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, işdə olan Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 445 nömrəli sərəncamından çıxarışdan görünür ki, Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli kol-112 nömrəli məktubu nızırı alınaraq, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin 4042-60-cı məhəlləsində kollektiv qaraj tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 1094 nömrəli sərəncamından görünür ki, Qaraçuxur qəsəbəsi, 4042-60-cı məhəllənin sakinlərindən bir qrupu müraciət edərək, kollektiv qaraj tikintisinə icazə verilməsini xahiş etmiş, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 445 nömrəli sərəncamın əsasən Qaraçuxur qəsəbəsinin 4042-60-cı məhəlləsində kollektiv qarajların tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Qeyd olunanlar nəzərə alınaraq Qaraçuxur qəsəbəsi, 4042-60-cı məhəllədə fərdi avtomaşınların saxlanması üçün qarajların tikintisinə icazə verilmişdir: 1.12. X4 – VAZ-2107, dövlət nömrəsi K0060 AZ, ünvan Qaraçıxır qəsəbəsi, 4042-60 məhəllə, ev 5, mənzil 30. Sərəncamın 2-ci hissəsinə əsasən hər bir fərdi qarajın ölçüləri 6mx4m metr təyin edilmişdir. Həmin sərəncama 94/334 nömrəli, 22 iyul 1994-cü il tarixli akt və sözügedən ümumi sahəni əks etdirən cizgi əlavə edilmişdir. AZ-İ № 457013 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2011ci il tarixdə ölmüşdür. Bakı şəhəri 13 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, 15 saylı məktubunda qeyd edilmişdir ki, xx.xx.2011-ci il tarixdə vəfat etmiş X2 vəfat etməsi ilə əlaqədar vərəsələrinin ərizəsi əsasında miras qalmış əmlaka şəhadətnamə verilməsi üçün vərəsəlik işi açılmış və mərhumun vərəsələrindən biri oğlu İddiaçı müəyyən olunmuşdur. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042-60-cı məhəllədə yerləşən qaraja dair mərhum X2 adına hüquqmüəyyənedici sənədlərin, o cümlədən reyestrdən çıxarışın, texniki pasportun, kadastr planının mərhumun vərəsələrindən biri olan oğlu İddiaçı verilməsi xahiş olunur. İddiaçı hazırda Nizami Əliyevin vərəsəsi kimi onun atasına qaraj tikintisi üçün ayrılmış sahənin yerləşmə cizgisinin tərtib edilməsini xahiş edir. Cavabdeh isə bütün sənədlərin arxivə təhvil verildiyini iddia edərək iddiaçının ərizəsini təmin etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, mübahisəli sərəncamın qəbul edildiyi dövrdə qüvvədə olan xx.xx.1991-ci il tarixli Torpaq Məcəlləsinin: -7-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. - 10-cu maddəsinə görə torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə aşağıdakı məqsədlər üçün verilir: 1) fərdi yaşayış evi və köməkçi tikililərin inşası, habelə şəxsi yardımçı kənd təsərrüfatı (həyətyanı sahə) üçün — həmin ərazidə daimi yaşayanlara; - 22-ci maddəsinə görə torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 3) torpaq kadastrının aparılmasını təşkil etmək... 5) yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yertəsərrüfat quruluşu planlarının hazırlanması və həyata keçirilməsini təşkil etmək... - 29-cu maddəsinə görə müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. - 72-ci maddəsinə görə qaraj-tikinti kooperativləri üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetinin qərarı ilə kooperativin üzvlərinin şəxsi avtomobillərinin, digər nəqliyyat vasitələrinin saxlanılması üçün verilir. - 75-ci maddəsinə əsasən fərdi qarajların tikintisi və fərdi əmək fəaliyyətinə; lazım olan tikililərin inşası üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların xüsusi mülkiyyətinə verilir. İstinad olunan normalardan görünür ki, mübahisəli qarajın tikinisi üçün icazə verilərkən ayrılmış torpaq sahəsinə dair torpaqayırma akı da tərtib edilməli idi. İşdən görünür ki, kollektiv qarajın tikintisi üçün ümumi torpaq sahəsinin cizgisi tərtib edilsə də, Nizami Əliyevə qaraj tkintisi üçün ayrılmış sahənin cizgisi tərtib edilməmişdir. İddiaçı hazırda həmin cizginin, daha doğursu, artıq tərtib edilmiş cizginin “dublikat”ının verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, nə qədər ki, cavabdeh həmin sənədi torpaq ayırma zamanı tərtib etmək vəzifəsi, iddiaçı tələb etdikdə isə onun “dulikatı”nın (surətinin) təqdim edilməsi vəzifəsi daşımışdır, deməli, iddiaçı hazırkı tələbində haqlıdır. Həmin sənədin hazırda cavabdeh orqanda saxlanılmaması onu bu vəzifəsinin icrasından azad etmir. Digər tərəfdən, cavadeh həmin sənədlərin Dövlət Arxivinin Bakı filialına təhvil verildiyini iddia etsə də, məhkəmə sorğusuna əsasən həmin qurum xx.xx.2022-ci il tarixli məktubunda cavabdehin qəbul etdiyi xx.xx.1994-cü il tarixli 1094 saylı sərəncama akt və cizginin əlavə edilmədiyini bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz, iddiaçının tələbi isə əsaslı olmuşdur. Bu səbəbdən iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 1094 nömrəli sərəncamı ilə qaraj tikintisi üçün X3 ayrılmış Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, 4042-60-cı məhəllədə yerləşən sahəyə dair yerləşmə cizgisinin tərtib edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar