Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7990/2022 01.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ümumi iş stajının 25 ildən, güzəştli iş stajının isə 12 il 06 aydan çox olduğuna istinad edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini arzulayır. İddiaçı güzəştli şərtlərlə pensiya verilməsi barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən onun müraciəti üzrə rəsmi cavab verilmişdir. Qeyd olunanlara əsasən iddiaçı Cavabdeh tərəfindən verilmiş etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022ci il və xx.xx.2022-ci il tarixlərdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına ona güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi ilə bağlı müracət etmiş, lakin əmək pensiyasının təyin olunması üçün zəruri olan sənədləri təgdim etməmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının xx.xx.2022-ci il tarixli **********0 nömrəli məktubuna əsasən İddiaçı müvafig sənədlər tam şəkildə təqdim edildiyi halda pensiya hüququna yenidən baxılacağı bildirilmişdir. İddiaçı hazırki tələblə (yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması) bağlı inzibati orqandan imtina cavabı almadan məhkəməyə iddia ərizəsi ünvanlamışdır. Qeyd olunanlara əsasən cavabdeh hazırki iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün hesab edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, iddiaçının hazırki iddia tələbi iki əsas ilə mümkünlük şərtlərini ödəmir: 1) Müraciətin olmaması; 2) Cavabdehin düzgün göstərilməməsidir. Məhkəmə ilkin olaraq birinci əsasa münasibət bildirir. Belə ki, işin faktiki hallarından göründüyü kimi iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Göründüyü kimi hazırkı iddia növ etibarı ilə AR İPM-nin 2.2.3-cü maddəsində göstərilən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia (öhdəliyin icrası haqqında iddia) tələbinə dair hesab edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan növ iddialar üzrə mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının inzibati orqana qarşı məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi tələb olunur. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 9-cu hissəsinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə, öhdəliyin icrası haqqında iddialarda tələb olunan mümkünlük şərti kimi inzibati orqana əvvəlcədən müraciət edilməsi zəruridir. Lakin istər cavabdehin nümayəndəsinin izahatından və yazılı etirazından, istərsə də iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər toplusundan aydın olur ki, qeyd olunan tələblə bağlı cavabdehə müraciət edilməmişdir. Göründüyü kimi öhdəliyin icrası ilə əlaqədar iddia ilə bağlı tələb olunan mümkünlük şərtinin mövcudluğu müəyyən edilməmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktub – iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina kimi qiymətləndirilə bilməz. Belə ki, inzibati icraat materiallarından göründüyü kimi iddiaçı ona güzəştli şərtlərlə pensiya verilməsi istiqamətində köməklik göstərilməsi üçün aidiyyəti üzrə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinə baxmış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına 2 nömrəli əlavənin tələblərinə uyğun olaraq əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısını səciyyələmiş, həmin sənədlər baxıldıqdan sonra isə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə baxılacağı bildirilmişdir. Göründüyü kimi cavabdehin “Güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün müvafiq sənədlərin təqdim edilməsi haqqında” məktubu imtina xarakteri daşımır. Əksinə bu məktub inzibati orqanın inzibati icraatı düzgün aparılmasını əks etdirən dəlildir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 23.1-ci maddəsinə əsasən inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Normanın tələbləri onu göstərir ki məsləhətlərin və zəruri məlumatların verilməsi inzibati orqanın daşıdığı vəzifələrdən biridir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məsləhət xarakterli məktub iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərin təqdim edilməli olmasından bəhs etmişdir ki, bununla da inzibati orqan inzibati icraat çərçivəsində yardım göstərmişdir. Xüsusi ilə qeyd olunmalıdır ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yalnız ərizə ilə müraciət etmiş, ərizəyə hər hansı sənəd əlavə etməmişdir (ərizədə qoşma qeyd olunmamışdır). Göstərilən bu halların hər biri ayrı-ayrılıqda cavabdeh tərəfindən ünvanlanmış məktubun məlumat xarakterli olduğunu təsdiq edir. Həmin məktubun imtina məktubu olmamasını təsdiq edən digər bir hal isə odur ki, məktub özü-özlüyündə inzibati aktın ehtiva etdiyi xüsusları daşımır. Belə ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 iyun 2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı inzibati aktın məzmunu da nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında həmçinin qeyd olunmuşdur ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: - inzibati orqan tərəfindən qəbul edilməli; - ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; - ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; - hakimiyyət tədbiri olmalıdır. İnzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ünvanladığı məktubda şəxs üçün hər hansı hüquqi nəticə yaratmır, əksinə onu inzibati orqana hansı sənədlər ilə müraciət etməsini özündə əks etdirən məlumat xarakteri daşıyır. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, iddiaçı məlumat xarakterli məktubu aldıqdan sonra aidiyyəti sənədləri ilə birlikdə cavabdeh inzibati orqana müraciət etmədiyindən iddiaçının hazırki tələbinə baxılması mümkünlük şərtləri baxımından mümkün deyildir. Məhkəmə ikinci əsasa münasibət bildirir. Belə ki,Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kmi cavabdehin iddiaya cavab verməli olub-olmaması inzibati məhkəmə icraatında iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünün yoxlanılması çərçivəsində müəyyən edilməli, cavabdeh iddiaya cavab verməli olan inzibati orqandırsa iddianın digər mümkünlük şərtləri də ödəniləcəyi təqdirdə işə mahiyyəti üzrə baxılmalı, iddiaya cavab verməli olmayan inzibati orqandırsa bununla bağlı dəqiqləşdirmə aparılması, düzgün cavabdehin müəyyən edilməsi üçün tədbirlər görülməli, əks təqdirdə iddia cavabdehin düzgün müəyyən edilməməsi səbəbindən mümkün sayılmamalıdır. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, cavabdeh iddia tələbinin yönəldiyi şəxsdir. İddianın irəli sürülməsi, adətən, cavabdehin özünün hərəkət və ya hərəkətsizliyi ilə bağlı olur. Başqa sözlə desək, iddiaçının hüquqlarının pozulma ehtimalı yarandığı anda, iddiaçı həmin hüquqlarının müdafiəsi və ya bərpası üçün müvafiq olaraq cavabdeh qismində inzibati orqanı göstərək iddia ilə məhkəməyə müraciət edir. Hazırki mübahisədən isə göründüyü kimi iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini arzulasa da, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunu göstərmişdir. Halbuki, iddiaçının tələbi üzrə cavabdehlik daşıyına məhz Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialıdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmək və Əhalinin Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə X1”-nin 1.1-ci bəndindən də göründüyü kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 9-cu və 20-ci maddələrində nəzərdə tutulan şəxslərin pensiyalarının təyin edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının səlahiyyətindədir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu və 20-ci maddələri vətəndaşların güzəştli şərtlərlə pensiya hüquqununun təyinini və əlavələrinin ödənilməsini tənzimləyir. Göründüyü kimi hazırki iddia tələbi üzrə cavabdehlik daşıyan orqan da məhz Azərbaycan Respublikası Əmək və Əhalinin Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialıdır. Məhkəmə, hazırkı iş üzrə AR İPM-nin 13-cü maddəsinin tələbinin nəzərə alınması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, “məhkəmənin yardım etmək vəzifəsi” inzibati məhkəmə icraatının həyata keçirilməsinə yönələn məhkəmə icraatının təməl prinsiplərindən biri hesab olunur. Maddənin məzmunundan göründüyü kimi məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Hazırkı iş üzrə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya hüquqi yardım göstərilərək güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ilə məhkəməyə müraciət olunduğu, halbuki, hazırkı tələb üzrə pensiya orqanının düzgün müəyyən edilməsi, güzəştli şərtlərlə və ya dövlət qulluqçusu kimi pensiya aldığınız halda cavabdehin Dövlət Sosial Müdafiə Fonduna tabe olan Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının müəyyən edilməsi zərurəti yarandığı bildirilmiş, iddia tələbinə cavab verməli olan cavabdehin müəyyən edilməsi ilə əlaqədar iddia tələbinə dəqiqləşmə barədə ərizənin təqdim olunması təklik olunmuşdur. Sözügedən hüquqi yardım məktubu iddiaçının iddia ərizəsində göstərildiyi ünvana göndərilmiş və poçt vasitəsi ilə “Salahov” soyadlı şəxsə təqdim edilmişdir. Buna baxmayaraq, iddiaçı məhkəmə iclasında mümkün iclasına baxılacağını bildiyi təqdirdə məhkəmə iclasında iştirak etməmiş, iddianın mümkünlüyü şərtlərinin ödənilib-ödənilməməsinə münasibət bildirməmişdir. Məhkəmə hesab edir ki, İPM-nin tələbləri baxımından iddiaçıya zəruri olan hüquqi yardım göstərilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə izah edir ki, iddiaçı hazırki iddia tələbində nəzərdə tutulmuş öhdəliyin həvalə edilməsi (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) ilə bağlı cavabdeh inzibati orqana müraciət etdiyi (məlumat xarakterli məktubda göstərilən sənədlər əlavə olunmaqla) təqdirdə, onun eyni tələblə məhkəməyə müraciət etmək hüququ istisna edilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həsənov Orxan
Məhkəmə qərarları › İş №2-1(112)-7990/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7990/2022
01.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver