Məhkəmə qərarları › İş №2-1(112)-7990/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7990/2024

26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7990/2024 26.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınması cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 25 sentyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, 8-ci Cıdır döngəsi, 7 saylı fərdi yaşayış evi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 4097 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin fərdi yaşayış evi sökülərək yeni layihə əsasında 5 (beş) mərtəbəli, zirzəmili, mansardlı fərdi yaşayış evi inşa edilmişdir. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında inşa olunmuş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün ərizə ilə müraciət etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, tərəfinizdən təqdim edilən layihəyə əsasən fərdi yaşayış evinin mərtəbələrinin sayı 3-dən, hündürlüyü isə 12 metrdən çox olduğundan tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, 8-ci Cıdır döngəsi, 7 nömrəli fərdi yaşayış evinə dair reyestrindən çıxarışın və texniki pasportun verilməsi ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, 8-ci Cıdır Döngəsi, 7 nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin ünvanında yerləşən fərdi yaşayış evi yenidən inşa edilmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 290 nömrəli sərəncamına əsasən ona məxsus Nərimanov rayonu, 8-ci Cıdır döngəsi, 7 ünvanında yerləşən fərdi yaşayış evinin təqdim olunmuş layihəyə uyğun, mövcud istifadə vəziyyətində adına sənədləşdirilməsinə icazə verilmişdir. Fərdi yaşayış evinə dair memarlıq planlaşdırma həlli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu tərəfindən hazırlanmış və Dövlət Baş Ekspertiza İdarəsi tərəfindən razılaşdırılmış işçi layihələr, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X2 İnstitutunun fərdi yaşayış evinin texniki vəziyyəti haqqında müayinə protokolu, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi Azərdövlətlayihə Azərbaycan Dövlət Baş Layihə İnstitutunun mühəndisaxtarış mərkəzinin fərdi yaşayış binasının ətrafında aparılmış mühəndis-geoloji axtarış işlərinin nəticələrinə dair hesabata xx.xx.2023-cü il tarixli rəyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsinin xx.xx.2024-cü il tarixli ekspertiza rəyi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun fərdi yaşayış evinin tikintisinin layihəyə uyğunluğu haqqında texniki rəyi də, mövcuddur. Artıq neçə illərdir ki, qeyd olunan fərdi yaşayış evi yenidən inşa edilmiş və qanunla müəyyən edilmiş bütün normalara cavab verir. Faktiki olaraq, bina artıq inşa edilmişdir. Qanunla nəzərdə tutulan bütün rəylər alınmışdır. Cavabdehin etirazları: Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı məlum olmuşdur ki, fərdi yaşayış evi zirzəmili, 5 mərtəbəli və mansardlı çoxmərtəbəli yaşayış binasıdır. Odur ki, torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməlidir. Həmçinin yaşayış evinin hündürlüyü 14.9 metr təşkil edir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarından görünür ki, iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, 8-ci Cıdır döngəsi, 7 nömrəli fərdi yaşayış evinə dair mülkiyyət hüququnun dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. İddiaçı eyni tələblə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı həmin tikilinin fərdi yaşayış evi kimi onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb edir. Cavabdeh həmin tikilinin mərtəbəsinin 3-dən, hündürlüyünün isə 12 metrtdən çox olmasılna istinad edərək məlumatlandırma icraatı qaydasında deyil, tikiliyə icazə ilə bağlı sənədlərin təqdim edilməli olmasını göstərərək iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə iddia tələbini əsassız, cavabdehin imtinasını isə əsaslı hesab edir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsasları qeyd edilmişdir: Həmin normada Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair iki fərqli prosedur müəyyənləşdirilmişdir (maddə 8.0.10): tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə (maddə 8.0.10.1); məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd (maddə 8.0.10.2). Hazırkı mübahisənin yaranmasına əsas da bu normanın tətbiqi ilə bağlı iddiaçı və cavabdeh arasında yaranmış fikir ayrılığı ilə bağlıdır. Belə olan təqdirdə məlumatlandırma icraatı ilə tikintisinə icazə tələb ounan tikililərin fərqləndirilməsi zəruridir. Məlumatlandırma icraatının tətbiq olunduğu tikililərin kriteriyalarını müəyyən edən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Məcəllənin 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. İstinad edilən normalardan göründüyü kimi, Məcəllədə məlumatlandırma icraatının hansı tikililərə tətbiq edilməsi konkret olaraq göstərilmiş, eyni zamanda həmin tikililərin tikintisinə icazənin alınmasının tələb olunmaması qeyd edilmişdir. Belə ki, hər hansı tikilinin (fərdi yaşayış evinin) məlumatlandırma icraatı qaydasında sənədləşdirilməsi üçün: 1) yerüstü mərtəbələrinin sayı 3-dən; 2) hündürlüyü 12 metrdən; 3) aşırımlarının uzunluğu 6 metrdən çox olmamalıdır. Baxılan işdə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi tikilinin hündürlüyünün 12 metrdən və yerüstü mərtəbələrinin sayı 3-dən çox olması işin mübahisələndirilməyən halıdır. İddiaçı da bu halı mübahisələndirilmir. Fərdi yaşayış evinin mərtəbəsinin 5 mərtəbə olması iddiaçı tərəfindən təqdim edilən evin layihəsindən və fotoşəkillərdən də aşkar müəyyən edilir. Belə olan halda, iddiaçı həmin tikiliyə hüququn qeydə alınması ilə bağlı: 1) torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; 2) tikintiyə icazə verilməsi barədə qərar; 3) tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi; 4) tikinti obyektinin istismarına icazə sənədi təqdim etməlidir. Lakin iddiaçı qeyd edilən normadan sadalanan sənədlərdən tikintiyə icazə verilməsi barədə qərar və tikinti obyektinin istismarına icazə sənədi təqdim etməmişdir, Belə olan məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdehin imtinası əsaslı və qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə uyğundur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar