Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7994/2022 08.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X25 Ağa qızının katibliyi, İddiaçı, 3-cü şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi X4, 3-cü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə qarşı 3-cü şəxslər Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi işə cəlb edilməklə yaşayış sahəsinə daimi kirayə müqaviləsinin bağlanılmasına dair sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə qarşı 3-cü şəxs qismində Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi göstərilməklə ünvan 1 ünvanına dair kirayə müqaviləsinin bağlanılmasına dair sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 12 may 1978-ci il tarixdən 13 may 1981ci il tarixədək keçmiş Sovet Ordusunda əsgər, 18 may 1981-ci il tarixdən 20 noyabr 1991ci il tarixədək keçmiş Sovet Ordusunda miçman, 10 iyun 1992-ci il tarixdən 22 yanvar 1996-cı il tarixədək Azərbaycan Ordusunda miçman qismində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 17 sentyabr 1995-ci il tarixli 0293 gm nömrəli əmri ilə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etdiyi müddət ərzində Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 05 fevral 1993-cü il tarixli 024/24 nömrəli sərəncamı ilə ona ünvan 1 ünvanında xidməti yaşayış sahəsi verilmişdir. Qeyd olunan yaşayış sahəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fonduna aiddir və sözügedən yaşayış sahəsinin ona verilməsi barədə 25 fevral 1993-cü il tarixli 003386 nömrəli xidməti order verilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2010-cu il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydasının 4.3-cü bəndinə əsasən yaşayış sahəsinə zərurət aradan qalxdıqda, bu Qayda ilə müəyyən edilmiş müraciət və razılaşma əsasında müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının vəsatəti ilə həmin sahə sosial təyinatlı yaşayış fonduna aid edilə bilər. Qeyd olunanlara istinadən o, yaşadığı ünvan 1 ünvanındakı yaşayış sahəsinin xidməti mənzillər siyahısından çıxarılması üçün 18 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə ərizə ilə müraciət etmişdir. Mənzil-İstismar İdarəsində müvafiq sənədləşmə işləri aparıldıqdan sonra daimi kirayə müqaviləsinin bağlanılmasına dair sərəncam verilməsi üçün Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə müraciət olunmuşdur. Lakin, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini tərəfindən Mənzil-İstismar İdarəsinin müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olan ünvan 1 ünvanındakı yaşayış sahəsinə vətəndaş İddiaçı adına 25 fevral 1993-cü il tarixli 003386 nömrəli xidməti order Yasamal rayon İcra Hakimiyyəti tərəfindən verildiyi üçün daimi kirayə müqaviləsinin bağlanılmasına dair sərəncam verilməsi Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricindədir. Daimi kirayə müqaviləsinin bağlanılmasına dair sərəncam verilməsindən Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən imtina edildiyi üçün eyni məqsədlə daimi kirayə müqaviləsinin bağlanılmasına dair sərəncam verilməsi üçün Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə müraciət olunsa da, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti də sərəncam verilməsinə imtina etmişdir. Səbəb kimi sözügedən yaşayış sahəsinin Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşdiyini göstərmişdir. 25 fevral 1993cü il tarixdə ona 003386 nömrəli xidməti order vermiş Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti, eləcə də, xidməti yaşayış sahəsinin yerləşdiyi Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən sərəncam verilməsinə imtina edildiyi üçün o, məhkəmə qaydasında hüquqlarını müdafiə etmək qərarına gəlmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7994/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi adicəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iş üzrə cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin əsl cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(112)-7994/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadları dəqiqləşmiş ərizə icraata qəbul edilərək, iş üzrə cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti əsl cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti ilə əvəz edilmiş, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət təqdim edilərək bildirilmişdir ki, iddiaçı öz iddiasını onunla əsaslandırır ki, Yasamal rayon İcra Hakimiyyətinin 05 fevral 1993-cü il tarixli 024/24 sərəncamına əsasən ona ünvan 2 ünvanında xidməti yaşayış sahəsi verilmişdir. Həmçinin qeyd olunan yaşayış sahəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fonduna aiddir və sözügedən yaşayış sahəsinin ona verilməsi barədə 25 fevral 1993-cü il tarixli 003386 nömrəli xidməti order verilmişdir. O, hal-hazırda sözügedən mənzildə yaşayır. Bu səbəbdən, onun istifadəsində olan ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin onun adına icarə müqaviləsinin bağlanması vəzifəsinin Nəsimi rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hesab edirlər ki, iddiaçının bu iddiası icarə müqaviləsinin bağlanması vəzifəsinin Nəsimi rayon icra Hakimiyyətinə həvalə edilməsinin təmin olunması məsələsini məhkəmənin mülahizəsinə təqdim edirlər. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 347 saylı xx.xx.2000-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə” Təlimatın 19-cu bəndinə əsasən İcra hakimiyyətinin başçısı "Yerli icra hakimiyyətləri haqqında" Əsasnamə ilə və digər qanunvericilik aktları ilə ona verilmiş səlahiyyətləri həyata keçirmək üçün müvafiq ərazidə normativ xarakterli aktlar qəbul edir. Azərbaycan Respublikası Prezidentinin 648 nömrəli xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8,-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Mənzil məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara verə bilər. Qeyd olunan normativ aktlardan göründüyü kimi, Yasamal rayon İcra Hakimiyyətinin başçısı rayonunun inzibati ərazi vahidində yerləşən və 06 iyun 2012-ci ildən hal-hazırki dövrə olan Yasamal rayon İcra Hakimiyyəti tərəfindən xidməti order verilmiş mənzillərlə bağlı sərəncam verə bilər. İddiaçı Camələddin oğlunun yaşadığı ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi Yasamal rayon İcra Hakimiyyətinin balansında olmadığından onunla kirayə müqaviləsinin bağlanılması rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricindədir. Qeyd olunanları nəzərə alaraq hesab edirlər ki, iddiaçının iddiasının təmin olunma məsələsini məhkəmənin mülahizəsinə buraxırlar. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən 3-cü şəxslərin nümayəndələri iş üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdilər. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli, 003386 nömrəli xidməti orderin surətindən görünür ki, Tağızadə küçəsi, ev 7, mənzil 104 ünvanında yerləşən 3 otaqlı, 42.63 kv.m mənzilə dair 4 nəfər ailə tərkibi ilə İddiaçı adına xidməti order verilmişdir. İşdə olan 5 nömrəli Mənzil-İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarxli, 253 nömrəli arayışın surətindən görünür ki, X2 həqiqətən Bakı şəhəri, Nəsimi rayonu, Tağızadə küçəsində 7 saylı, 9 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşən, 42,63 kv.m sahəsi, şəraiti olan 104 saylı mənzilində yaşayır və daimi pasport qeydiyyatındadır. Ev Müdafiə Nazirliyinin fondundadır. Evə dair xx.xx.1993-cü il tarixli, 003386 saylı xidməti order verilmişdir. Ailəsi 8 nəfərdən ibarətdir: 1959-cu il təvəllüdlü özü, 1961-ci il təvəllüdlü arvadı X5, 1984-cü il təvəllüdlü qızı X6, 1988-ci il təvəllüdlü oğlu X7, 1986-cı il təvəllüdlü gəlini X1, 2006-cı il təvəllüdlü nəvəsi X19, 2016-cı il təvəllüdlü nəvəsi X12, 2019-cu il təvəllüdlü nəvəsi X11. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 104 nömrəli arayışdan görünür ki, 1959-cu il təvəllüdlü istefada olan miçman İddiaçı həqiqətən xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Sovet Ordusunda müddətli həqiqi hərbi xidmət, xx.xx.1981-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Sovet Ordusunda miçman, xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixinədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində miçman qismində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1995-ci ilt arixli 0293 gm nömrəli əmri və “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “a” bəndinə (hərbi ixdmət müddəti başa çatdıqda) müvafiq olaraq Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. İşdə olan Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısı tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin rəisinə ünvanlanmış 506/d nömrəli, 15 mart 2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 347 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə” Təlimatın 19-cu bəndinə əsasən İcra Hakimiyyətinin başçısı “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə ilə və digər qanunvericilik aktları ilə ona verilmiş səlahiyyətləri həyata keçirmək üçün müvafiq ərazidə normativ xarakterli aktlar qəbul edir. Azərbaycan Respublikası Prezidentinin 648 nömrəli, xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara verə bilər. Qeyd olunan normativ aktlardan göründüyü kimi, Yasamal rayon İcra Hakimiyyətinin başçısı rayonunun inzibati ərazi vahidində yerləşən və Yasamal rayon İcra Hakimiyyəti tərəfindən xidməti order verilmiş mənzillərlə bağlı sərəncam verə bilər. İddiaçı istifadəsində olan mənzil Bakı şəhəri Nəsimi rayon ərazisində yerləşdiyindən onunla daimi kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi barədə xahişinin yerinə yetirilməsi mümkün deyildir. İşdə olan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin rəisinə ünvanlanmış 4/144 nömrəli, xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Nəsimi rayonu, C.Səlimov (keçmiş Tağızadə) küçəsi, 7 nömrəli evin 104 nömrəli mənzilinin xidməti mənzil fondundan çıxarılaraq vətəndaş İddiaçı adına daimi kirayə müqaviləsinin bağlanmasına köməklik göstərilməsi barədə Nəsimi rayon İcra Hakimiyyətinə daxil olmuş məktubuna baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olan C.Səlimov küçəsi, 7 nömrəli evin 104 nömrəli mənzilinə vətəndaş İddiaçı adına xx.xx.1993-cü il tarixli, 003386 nömrəli xidməti order Yasamal rayon İcra Hakimiyyəti tərəfindən verilmişdir. Qeyd edilənlərə əsasən xahişini təmn etmək Nəsimi rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricindədir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil- İstismar İdarəsinə ünvanlanmış 03 noyabr 2021-ci il tarixli, **********06 nömrəli məktubdan görünür ki, ehtiyatda olan zabitlərin mənzil hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fonduna aid olan bəzi yaşayış sahələrinin xidməti mənzil fondundan çıxarılmasına münasibət bildirilməsi barədə müraciətə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar olaraq, “Azərbaycan Respublikası mənzil Məcəlləinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 153 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın 1.8-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırmaqla müraciətə əlavə edilmiş siyahıda göstərilən mənzillərin xüsusi təyinatlı mənzil fondunun siyahısından çıxarılmasına etiraz etmirlər. İşdə olan 1 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışdan görünür ki, X6 16 avqust 2003-cü il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadır. Ondan başqa sözügedən ünvanda xx.xx.1961-ci il təvəllüdlü X8, xx.xx.2006-cı il təvəllüdlü X15, xx.xx.1988-ci il təvəllüdlü X7, xx.xx.1986-cı il təvəllüdlü X1 qeydiyyatdadır. İşdə olan notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, X5, X1, X6, X7 ünvan 5 ünvanında yerləşən 104 saylı mənzilin mülkiyyətçisi olan İddiaçı ilə Yasamal rayon İcra Hakimiyyəti arasında kirayə müqaviləsi bağlanılmasına razıdırlar, etiraz etmirlər. Məhkəmə hesab edir ki, qeyd olunan məsələ ilə bağlı cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan): 10-cu maddəsinə əsasən Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. 28-ci maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. Həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. 48-ci maddəsinə əsasən Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış shaəsinə köçmək üçün yeganə əsasdır. Oder yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla – mənzil – istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar – adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsində yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. 52-ci maddəsinə əsasən, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzilvə ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş): 59.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin – vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyində və istifadəsinə verməyi öhdəsinə götürür; 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 62.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formasıdır bağlanır; 62.2-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Prezidentinin 648 nömrəli xx.xx.2012-ci il tarixliFərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara verə bilər. Məhkəmə hesab edir ki, İddiaçı mübahisə predmeti olan mənzildə faktiki ailəsi ilə birlikdə yaşadığından, ona mənzilə köçmək üçün order məhz Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən verildiyindən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mənzilin xüsusi təyinatlı mənzil fondunun siyahısından çıxarılmasına etiraz edilmədiyindən, eləcə də, mənzildə onunla birlikdə qeydiyyatda olmaqla yaşayan ailə üzvləri mənzilə dair onunla kirayə müqaviləsinin bağlanılmasına etiraz etmədiklərindən, o, mənzilin icarədarı sayılmaqla onunla kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsini tələb etməkdə haqlıdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür; 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Məhkəmə qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddiaçı mübahisəli mənzildə 1993-cü il tarixdən yaşadığından, cavabdeh inzibati orqan yaşayış yeri üzrə qeydiyyatda olmaqla, istifadə hüququ olan ünvan 6 ünvanında ümumi sahəsi 42,63 kv. m. olan 3 (üç) otaqlı mənzilinə dair dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanması barədə sərəncam qəbul etməməkdə haqlı olmamışdır. Beləliklə, məhkəmə araşdırması ilə sübut edilmişdir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının mübahisəli evə dair kirayə müqaviləsinin onunla bağlanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” və Mənzil Məcəlləsi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 6 ünvanında ümumi sahəsi 42,63 kv. m. olan 3 (üç) otaqlı mənzilinə dair İddiaçı ilə daimi kirayə müqaviləsinin bağlanması üçün sərəncam qəbul edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68-69, 73, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. ünvan 6 ünvanında ümumi sahəsi 42,63 kv. m. olan 3 (üç) otaqlı mənzilinə dair İddiaçı ilə daimi kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyi cavabdeh Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-7994/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7994/2022
08.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver