Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7995/2025 12.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1, üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsi) qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək, istifadəsində olan ona 40/197 saylı, xx.xx.2006-cı il tarixli sərəncamla ayrılmış Bakı şəhəri Ləhic bağ massivində yerləşən 2400 kv.m torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməsi, həmin torpaq sahəsinin mülkiyyət hüququ ilə onun adına qeydiyyatdan keçirilərək daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin daşınmaz əmlaka ünvan verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş edilmişdir.
2. Məhkəmənin qərardadı ilə Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
3. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “40/197 saylı, xx.xx.2006-cı il tarixli sərəncamla ayrılmış Bakı şəhəri Ləhic bağ massivində yerləşən 1576 kv.m torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməsi, həmin torpaq sahəsinin mülkiyyət hüququ ilə onun adına qeydiyyatdan keçirilərək çıxarışın və daşınmaz əmlaka ünvan verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş edilmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, “Ləhiç” bağ massivində yerləşən 2400 kv.m torpaq sahəsi iddiaçının istifadəsindədir. Həmin torpaq sahəsi onun ata-babasın istifadəsində olmuşdur. Həmin torpaq sahəsi onun Bakı şəhəri Maştağa Bələdiyyəsinin 40/197 saylı, xx.xx.2006-cı il tarixli Sərəncamla ayrılmışdır. Qeyd etdiyi kimi həmin torpaq sahəsi uzun illərdir ki, onların şəxsi isfidasindədir. Bu səbəbdən də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər ərazi idarəsinə müraciət edərək, həmin torpağın dövlət qeydiyyatından keçirilməsi üçün köməklik göstərilməsini xahiş etmişdir. Həmin müraciətdən 35 gün keçməsinə baxmayaraq inzibati orqan tərəfindən müraciəti cavablandırılmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsi ilə və yuxarıda istinad edilən əsasnamələrlə onun üzərinə qoyulmuş öhdəlikləri də icra etməmiş, onun istifadəsində qanuni əsaslarla torpaq sahəsinin olmasına baxmayaraq yerquruluşu işlərini aparmaq əvəzinə heç bir əsas olmadan müraciətinin təmin edilməsindən imtina etmişdir.
5. Cavabdeh iddiaçıya ünvanlandığı imtina məktubunda qeyd edilmişdir ki, torpaq sahəsinin mülkiyyətə verilməsinə dair Bələdiyyənin qərarı və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş alqı-satıq aktı, Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi sənədlər toplusuna əlavə edilməmişdir.
6. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi Ləhiş bağ massivinin ərazisində yerləşir. Həmçinin təqdim edilmiş yerləşmə cizgisində istinad məsafələri qeyd edilməmişdir. Bundan əlavə idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman sahənin sənədlərə əsasən 2400 kv.m qeyd edilsə də, faktiki 1576 kv.m təşkil etdiyi məlum olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 40/197 nömrəli sərəncamında qeyd edilmişdir ki, fərdi yaşayış evinin tikintisi üçün İddiaçı Maştağa qəsəbəsi Ləhic bağ massivində 2400 kv.m torpaq sahəsinin ayrılmasına sərəncam verilmişdir.
8. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş torpaq sahəsinin cizgi planından görünür ki, Sabunçu rayonu Maştağa qəsəbəsi Ləhic bağ massivində yerləşən və İddiaçı ayrılmış torpaq sahəsinin olduğu yerin cizgi planı tərtib edilmişdir.
9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.
11. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
12. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
13. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
14. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
15. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
17. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 40/197 nömrəli sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün İddiaçı Maştağa qəsəbəsi, Ləhic bağ massivində 2400 kv.m torpaq sahəsinin ayrılmasına sərəncam verilmişdir, ayrılmış torpaq sahəsinin yerləşdiyi yerin cizgiləri müəyyən edilmişdir. İddiaçı cavabdehə müraciət edərək ona ayrılmış torpaq sahəsinə dair adına çıxarışın verilməsini xahiş etmiş, cavabdeh isə hüquqların qeydə alınmasından imtina etmişdir. İddiaçı hazırda cavabdeh inzibati orqanın imtinasını mübahisələndirir və mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş edir.
18. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.
22. Göründüyü kimi mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.
23. Məhkəmə hesab edir ki, fərdi yaşayış evinin tikintisi üçün İddiaçı torpaq sahəsinin ayrılması üçün əsas olmuş Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 40/197 nömrəli sərəncamı iddiaçının istifadəsində olmasını təsdiqləyən inzibati aktdır. (Sərəncamın əslinə məhkəmə iclasında baxış kecirildi) Həmin sərəncam ləğv edilmədiyindən və etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir.
24. Nəzərə alınmalıdır ki, cavabdeh orqanın özü də həmin sənədlərin həqiqiliyini şübhə altına almamış, sənədlərin mötəbərliyini mübahisələndirməmişdir. Cavabdehin imtinasının əsası kimi istinad etdiyi dəlillər odur ki, torpaq sahəsinin mülkiyyətə verilməsinə dair Bələdiyyə qərarı təqdim edilməmişdir.
25. Məhkəmə bələdiyyə tərəfindən qəbul edilmiş akt kollegial orqan olan bələdiyyənin qərarı ilə deyil, sədrin təkbaşına qəbul etdiyi sərəncamla həyata keçirilməsinə münasibətdə qeyd edir ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 16-cı maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Buna baxmayaraq nəzərə alınmalıdır ki, bələdiyyə sərəncamının bələdiyyə üzvlərinin səs çoxluğu ilə qəbul edilib-edilməsindən asılı olmayaraq, torpaq sahəsinin ayrıldığı və həmin sahənin onun istifadəsində olduğu müddətdə qeyd olunan hüquqmüəyyənedici sənədin hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin sənəd (sərəncam) qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur.
26. Eyni zamanda məhkəmə qeyd edir ki, üçüncü şəxs Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasında bildirdi ki, torpaq sahəsi bələdiyyə mülkiyyəti olmaqla qanuni əsaslarla iddiaçıya ayrılmışdır.
27. Həmçinin, torpaq sahəsi üzərində hüququn növünə münasibətdə məhkəmə qeyd edir ki, Torpaq Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Həmin maddənin 3-cü hissəsinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
28. Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət obyektlərinin — dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir.
29. “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət mülkiyyətində saxlanılan torpaqların siyahısı müəyyən edilir.
30. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları... ...Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.
31. Qeyd edilən torpaq sahəsi kateqoriyasına görə yaşayış məntəqələri torpaqlarında yerləşməklə dövlətin müstəsna mülkiyyətində saxlanılan torpaqlara aid deyil. Odur ki, həmin torpaq sahəsi “Torpaq islahatı haqqında” Qanunun tələbinə uyğun olaraq bələdiyyə mülkiyyətinə verilmişdir.
32. Cavabdehin etirazın digər əsası kimi istinad etdiyi dəlil odur ki, torpaq sahəsinin mülkiyyətə verilməsinə dair Bələdiyyənin qərarı və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş alqı-satıq aktı, Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi sənədlər toplusuna əlavə edilməmişdir.
33. Qeyd edilməlidir ki, bu hal iddianın təmin edilməsini istisna edən hal deyil. Belə ki, iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinə dair sərəncam qüvvədədir və ölçülərini göstərən yerləşmə cizgisi mövcuddur. Həmin cizgidə dəqiq istinad və məsafələr qeyd olunaraq torpaq sahəsinin sənəd üzrə yerləşmə mövqeyini müəyyən etməyə imkan verir.
34. Cavabdehin etirazın digər əsası kimi istinad etdiyi dəlil odur ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman sahənin sənədlərə əsasən 2400 kv.m qeyd edilsə də, faktiki 1576 kv.m təşkil etdiyi məlum olmuşdur.
35. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Ləhic bağ massivində yerləşən 1576 kv.m torpaq sahəsinə dair çıxarışın və plan və ölçünün tərtib edilməsi xahiş etmişdir.
36. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
37. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
38. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
39. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
40. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
41. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 40/197 nömrəli sərəncamı əsasında İddiaçı ayrılmış Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Ləhic bağ massivində yerləşən 1576 kv.metr torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması və buna dair müvafiq çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva