Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7999/2023 02.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixə borc məbləğindən İcbari Tibbi Sığorta Fonduna 660,70 manat, Dövlət Sosial Müdafiə Fonduna 11756,52 manat, dövlət büdcəsinə 3320,91 manat və xx.xx.2022-ci il tarixə İşsizlikdən Sığorta Fonduna 246,72 manat ödənilməmiş borclarına görə siyahıya alınmış qiyməti 5000 manat 2003-cü il buraxılışlı olan “VAZ 21099” markalı 10LK524 dövlət qeydiyyat nişanlı, qiyməti 7000 manat olan 2004-cü il buraxılışlı ağ rəngli “QAZ-3102 18 yük” markalı 10NK928 dövlət qeydiyyat nişanlı və qiyməti 6000 manat 2005-ci il buraxılışlı “QAZ-31105 120 minik” markalı 10OT531 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələrinin, ümumilikdə 18000 manat məbləğində əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun İcbari Tibbi Sığorta Fonduna, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində İcbari Tibbi Sığorta Fonduna, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildirişlər verilmişdir. Həmçinin Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli qərarlar çıxarmışdır. Qərarlar əsasında vergi ödəyicisinin xx.xx.2023-cü il tarixə yaranan İcbari Tibbi Sığorta Fonduna 660.7 manat, Dövlət Sosial Müdafiə Fonduna 11756.52 manat, dövlət büdcəsinə 3320.91 manat və xx.xx.2022-ci il tarixə yaranan İşsizlikdən Sığorta Fonduna 246.72 manat borcuna görə qiyməti 5000 manat 2003-cu il buraxılışı olan “VAZ 21099 minik” markalı 10LK524 dövlət qeydiyyat nişanlı, qiyməti 7000 manat olan 2004-cü il buraxılışlı ağ rəngli “QAZ-3102 18 yük” markalı 10NK928 dövlət qeydiyyat nişanlı və qiyməti 6000 manat 2005-ci il buraxılışlı “QAZ-31105 120 minik” markalı 10ОТ531 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələri olmaqla, ümumilikdə 18000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2023-cü il tarixli **********2, **********4, **********4 saylı və **********5 saylı Protokollar tərtib edilmişdir. Protokollara siyahıya alınmış əmlakın siyahıları əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc İTSF-na, DSMF-na, İSF-na və dövlət büdcəsinə ödənilmədiyi halda, siyahıya alınmış əmlakın qanunamüvafiq satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən İcbari Tibbi Sığorta Fonduna 660.70 manat, Dövlət Sosial Müdafiə Fonduna 11756.52 manat, dövlət büdcəsinə 3320,91 manat və xx.xx.2022-cil tarixə İşsizlikdən Sığorta Fonduna 246,72 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etməmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarının onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilərək iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh siyahıya alınmış əmlaklarına ona məxsus olmadığını bildirərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Fiziki şəxs haqqında məlumatdan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü Cavabdeh xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən vergi uçotuna alınmış, əsas fəaliyyət növü yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi olmuşdur. -Vergi ödəyicisi Cavabdeh (VÖEN: **********) göndərilən vergi borcunun ödənilməsinə dair xx.xx.2022-ci il tarixdə tərtib edilmiş **********4 nömrəli bildirişdən görünür ki, cavabdehin həmin tarixə ümumilikdə 3267.02 manat, o cümlədən: vergilər üzrə 1660.34 manat, maliyyə sanksiyaları üzrə 1100.00 manat, faizlər üzrə 506.68 manat borcu olmuşdur. - Muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair xx.xx.2022-ci il tarixdə tərtib edilmiş **********1 nömrəli bildirişdən görünür ki, cavabdehin həmin tarixə ümumilikdə 11,756.52 manat, o cümlədən: muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 9305.55 manat, faizlər üzrə 2450.97 manat borcu olmuşdur. - İşsizlikdən sığorta haqqı üzrə borcun ödənilməsinə dair xx.xx.2022-ci il tarixdə tərtib edilmiş **********5 nömrəli bildirişdən görünür ki, cavabdehin həmin tarixə ümumilikdə 240.33 manat, o cümlədən: işsizlikdən sığorta haqqı üzrə 189.50 manat, faizlər üzrə 50.83 manat borcu olmuşdur. - İcbari tibbi sığorta haqqları üzrə borcun ödənilməsinə dair xx.xx.2022-ci il tarixdə tərtib edilmiş **********2 nömrəli bildirişdən görünür ki, onun həmin tarixə ümumilikdə 660.79 manat, o cümlədən: icbari tibbi sığorta haqları üzrə 544 manat, faizlər üzrə 116.79 manat borcu olmuşdur. -İddiaçının xx.xx.2021-ci il tarixli, **********7 nömrəli, xx.xx.2021-ci il tarixli **********7 nömrəli, xx.xx.2022-ci il tarixli **********5 nömrəli və xx.xx.2022-ci il tarixli **********2 nömrəli qərarları ilə vergi ödəyicisi Cavabdeh (VÖEN: **********) əmlakının siyahıya alınması qərara alınmışdır. -İşdə olan xx.xx.2023-cü il tarixli **********4 nömrəli, **********4 nömrəli, **********5 nömrəli, **********2 nömrəli Əmlakın siyahıya alınması haqqında protokollardan və həmin protokollara əlavələrdən görünür ki, vergi ödəyicisi Cavabdeh (VÖEN: **********) məxsus qiyməti 5000 manat olan “VAZ 21099” minik markalı 10LK524 dövlət qeydiyyat nişanlı, qiyməti 7000 manat olan “QAZ-3302 18 yük” markalı 10NK928 dövlət qeydiyyat nişanlı və qiyməti 6000 manat olan “QAZ-31105 120 minik” markalı 10OT531 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələri siyahıya alınmış, cavabdeh əmlakın siyahıya alınması barədə protokolları və ona əlavə edilmiş siyahıları imza etməkdən imtina etmişdir. - xx.xx.2023-cü il tarixdə Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında tərtib edilmiş aktlardan görünür ki, siyahıya alınmış əmlakın məsul saxlanma üçün vergi ödəyicisi Cavabdeh (VÖEN: **********) təhvil verildiyi göstərilmiş, lakin cavabdeh həmin aktları imza etməkdən imtina etmişdir. - xx.xx.2023-cü il tarixli avtonəqliyyat vasitəsinin siyahıya alınmaya təqdim təqdim edilməməsi (imtina edilməsi) barədə aktdan görünür ki, vergi ödəyicisi Cavabdeh (VÖEN: **********) vergilər, sosial ödəmələr, işsizlik və icbari tibbi sığorta üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin edilməsi məqsədi ilə, vergi ödəyicisi barəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********5 nömrəli və xx.xx.2023-cü il tarixli **********4, **********4, **********2 nömrəli əmlakın siyahıya alınması haqqında qərarlar qəbul olmuşdur. Həmin qərarların icrasını təmin etmək məqsədi ilə vergi ödəyicisinə mülkiyyətində olan VAZ 21099 minik markalı 10LK524 dövlət nömrə nişanlı, QAZ 3302 18 yük markalı 10NK928 dövlət nömrə nişanlı, QAZ 31105 120 minik markalı 10ОТ531 dövlət nömrə nişanlı avtonəqliyyat vasitələrinin xx.xx.2023-cü il tarixdə siyahıya alınmaya təqdim edilməsi barədə xx.xx.2022-ci il tarixli **********261100 nömrəli Xəbərdarlıq məktubu göndərilmişdir. Qeyd olunan tarixdə vergi ödəyicisi mülkiyyətində olan avtonəqliyyat vasitəsini siyahıya alınmağa təqdim etməmiş və qərarlarının icrasını təmin etmək üçün xx.xx.2023-cü il tarixdə vergi ödəyicisinin iştirakı olmadan ona məxsus 10LK524, 10NK928, 10ОТ531 dövlət nömrə nişanlı avtonəqliyyat vasitələri siyahıya alınaraq Protokol tərtib edilmişdir. İddiaçı hazırda cavabdehə məxsus siyahıya alınmış həmin əmlakların satılmasını məhkəmədən xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən: - maddə 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.8. qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək - maddə 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. - maddə 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. - maddə 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. - maddə 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. - maddə 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. - maddə 89.7. Əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Qərarda vergi ödəyicisinin adı və əmlakın yerləşdiyi ünvan göstərilməlidir. - maddə 89.8. Əmlakın siyahıya alınması vergi ödəyicisinin, habelə müşahidəçilərin və zəruri hallarda mütəxəssislərin iştirakı ilə vergi orqanı tərəfindən həyata keçirilir. Əmlakın siyahıya alınmasını həyata keçirən vergi orqanı vergi ödəyicisinin (onun qanuni və (və ya) səlahiyyətli nümayəndəsinin) əmlakın siyahıya alınması prosesində iştirak etməsinə icazə verməməyə səlahiyyətli deyildir. Əmlakın siyahıya alınması prosesində müşahidəçilərə, mütəxəssis kimi iştirak edən şəxslərə, həmçinin vergi ödəyicisinə (onun nümayəndəsinə) onların hüquq və vəzifələri izah edilməlidir. - maddə 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. - maddə 89.14. Siyahıya alınmış malların vergi ödəyicisində məsul saxlamaya qoyulması aşağıdakı qaydada həyata keçirilir: 89.14.1. Siyahıya alınmış mallar vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya qoyulur. 89.14.7. Siyahıya alınmış mallar məsul saxlamaya qoyulmaq üçün vergi ödəyicisinə təhvil verildikdə, o, siyahıya alınmış malların özgəninkiləşdirilməsinə, israf edilməsinə, gizlədilməsinə, dəyişdirilməsinə yol verdiyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıdığı barədə xəbərdar olunmalıdır. Qeyd olunan normalardan görünür ki, əmlakın siyahıya alınması vergi ödəyicisinin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsinin təmin edilmə üsullarından biridir və bu zaman yalnız vergi ödəyicisinə məxsus olan əmlak siyahıya alına və satılması üçün məhkəməyə müraciət edilə bilər. İşin sadalanan hallarından aydın olur ki, cavabdehin vergi borcu olmuş, vergi orqanı ona borcun ödənilməsi barədə bildiriş göndərmiş, həmin bildirşlərdə cavabdehdən Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən göstərilən borcların 5 gün müddətində ödənilməsi tələb olunmuş, əks halda həmin borcun vaxtında ödənilməməsinə görə qanunvericiliklə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə xəbərdarlıq edilmişdir, hansı ki, həmin tədbirlərdən biri kimi Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən borclu verigi ödəyicisinə məxsus əmlakların siyahıya alınması göstərilmişdir. Cavabdeh həmin borcu ödəməkdən yayınmış, bundan sonra iddiaçı Vergi Məcəlləsi ilə ona məxsus hüquqdan istifadə edərək cavabdehə məxsus olduğunu iddia etdiyi nəqliyyat vasitələrini siyahıya alsa da, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçının siyahıya aldığı nəqliyyat vasitələri siyahıya alınma zamanı cavabdehə məxsus olmamışdır. Belə ki, məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş sənədlərdən görünür ki: - “VAZ 21099 minik” markalı, 2003-cü il buraxılışlı 10LK524 nömrə nişanlı avtomobilə Cavabdeh mülkiyyət hüququ xx.xx.2003-cü il tarixdə qeydə alınmış, cavabdeh həmin nəqliyyat vasitəsini xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən X1; - “QAZ 3302 18 Yük” markalı, 2004-cü il buraxılışlı 10NK928 nömrə nişanlı avtomobilə Cavabdeh mülkiyyət hüququ xx.xx.2010-cu il tarixdə qeydə alınmış, cavabdeh həmin nəqliyyat vasitəsini xx.xx.2014-cü il tarixdə alqı-satqı müqaviləsinə əsasən X2; - “QAZ 31105 120 minik” markalı, 2005-ci il buraxılışlı 10OT531 nömrə nişanlı avtomobilə Cavabdeh mülkiyyət hüququ xx.xx.2005-ci il tarixdə qeydə alınmış, həmin nəqliyyat vasitəsi xx.xx.2008-ci il tarixdə X3 adına özgəninkiləşdirilmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin vergi borcuna görə digər şəxslərə məxsus əmlakı siyahıya aldığından, qanunvericilik isə yalnız vergi borcu olan şəxsin əmlakının siyahıya alınmasına yol verdiyindən, vergi ödəyicisinə deyil, digər şəxslərə məxsus siyahıya əmlakın satılması barədə hazırkı iddia təmin edilə bilməz. İnzibati Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-7999/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7999/2023
02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver