Məhkəmə qərarları › İş №2-1(112)-800/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-800/2022

09.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-800/2022 09.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı üçüncü şəxs qismində X8 göstərilməklə “ İddiaçı3 MMC, İddiaçı1 MMC, "xxxx" MMC, "xxxx" MMC və İddiaçı2 MMC barəsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yazılmış cərimələrin üçüncü şəxsin üzərinə vəzifə qoyulmasını cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı üçüncü şəxs qismində X8 göstərilməklə “ İddiaçı3 MMC, İddiaçı1 MMC, "xxxx" MMC, "xxxx" MMC və İddiaçı2 MMC barəsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yazılmış cərimələrin üçüncü şəxsin üzərinə vəzifə qoyulmasını cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X6 İddiaçı1 MMC, "xxxx" MMC, "xxxx" MMC və İddiaçı3 MMC-lərin təsisçisidir və həmin MMC-ləri baş etibarnamə ilə idarə edilməsi üçün üçüncü şəxs X7 etibarnamə ilə vermişdir. Etibarnamədə həmin şəxs tərəfindən konkret görəcəyi iş göstərilmişdir, üçüncü şəxs göstərdiyi xidmətə görə Azərbaycan Respublikası dövlət orqanları tərəfindən inzibati protokol tərtib edilmiş və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti təsisçisi olduğu MMC-lər cərimə olunmuşdur. Hazırda təsisçi kimi dövlət orqanları onu çağırırlar. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı X2 iddia tələbi mümkün sayılmamamlıdır. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 32-ci maddəsinin müddəalarına istinad edərək, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bildiyini qeyd etmişdir. Lakin iddia tələbi hər hansı inzibati aktın ləğv olunmasını və və ya dəyişdirilməsindən ibarət olmamışdır. Eyni zamanda iddia tələbinə nəzər saldıqda onun”tətbiq edilmiş cərimələrin üçüncü şəxsin üzərinə qoyulmasında” ibarət olduğunu görərik. Ancaq burada qeyd olunan cərimələrin hansı qərarlar əsasında hesablandığını, üçüncü şəxs dedikdə kimin nəzərdə tutukduğu və həmin müəssisələrlə əlaqəsinin nədən ibarət olduğu iddiaçı tərəfindən aydın ifadə edilməmişdir. Bu isə öz növbəsində iddiaçının iddia tələbinin əsassız olduğunu göstərir ki, bu da iddianın mümkün sayılmaması üçün əsasdır. Həmçinin, uçot baza məlumatlarına əsasən X5 "xxxx" MMC-nin (VÖEN **********), İddiaçı1 MMC-nin (Vöen **********), "xxxx" MMC-nin (VÖEN **********), "xxxx" MMC-nin (VÖEN **********), "xxxx" MMC-nin (VÖEN **********) qanuni təmsilçisi (rəhbəri) və eyni zamanda təkbaşına təsisçisi qismində çıxış edir. X3 iddia ərizəsində Dövlət Vergi Xidmətinin konkret olaraq hansı hərəkətlərinin və ya hərəkətsizliyinin nəticəsində iddiaçının hansı hüquqlarının və ya qanunla qorunan maraqlarının pozulduğuna dair əsaslar gətirilməmiş və ya sübutlar təqdim edilməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:..2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir. İddia ərizəsinə görə iddiaçının tələbi yazılmış cərimələrin üçüncü şəxsin üzərinə vəzifə qoyulması tələbindən ibarətdir. Məhkəmə tərəfindən 06 aprel 2021-ci il tarixli məktubu ilə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddia ərizəsində yol verilən formal xətanın aradan qaldırılması üçün, iddia tələbinin və iddiaçının dəqiqləşdirilməsi üçün iddiaçıya 20 gün müddət təyin edilmişdir. Həmçinin, məhkəmə işin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək məqsədi ilə məhkəmə iclasları xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərə təyin edilmiş, iddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edildiyinə baxmayaraq iclaslarda hər hansı üzürlü səbəb göstərmədən iştirak etməmiş, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən (xx.xx.2021) məhkəmə prosesi ilə maraqlanmamış, məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Görünür iddiaçı onun iddia ərizəsində göstərilmiş iddia tələbinə məhkəmə tərəfindən baxılmasını istəmir. Bundan sonra, məhkəmə tərəfinən 30 sentyabr 2021-ci il tarixdə iddiaçıya təsisçisi olduğu Patefon” MMC, "xxxx" MMC, "xxxx" MMC və İddiaçı3 MMC-nin nizamnəmələrinin və təsis sənədlərinin məhkəməyə təqdim edilməsi tələb olunmuş. Lakin iddiaçı məhkəmənin tələbini yerinə yetirməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 1.4-cü bəndində göstərilmişdir ki, ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir, 2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 5.1-ci bəndinə görə, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2-ci bəndinə əsasən, bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində göstərilməmiş və əsaslandırılmamışdır. Beləliklə, məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı üçüncü şəxs qismində X8 göstərilməklə “ İddiaçı3 MMC, İddiaçı1 MMC, "xxxx" MMC, "xxxx" MMC və İddiaçı2 MMC barəsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yazılmış cərimələrin üçüncü şəxsin üzərinə vəzifə qoyulmasını cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinə həvalə edilməsi” barədə iddiası mümkünlük şərtlərinə cavab vermir. İnzibati Prosessual Məcəlləsinin 35.3.-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2,34, 35-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı üçüncü şəxs qismində X8 göstərilməklə “ İddiaçı3 MMC, İddiaçı1 MMC, "xxxx" MMC, "xxxx" MMC və İddiaçı2 MMC barəsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yazılmış cərimələrin üçüncü şəxsin üzərinə vəzifə qoyulmasını cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinə həvalə edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar