Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-800/2025 25.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan Bələdiyyəsinin 01 mart 2005-ci il tarixli, 27 saylı sərəncamına əsasən fərdi yaşayış evi tikmək üçün ona ayrılmış, Şüvəlan qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan Bələdiyyəsinin 01 mart 2005-ci il tarixli, 27 saylı sərəncamına əsasən Şüvəlan qəsəbəsində (ayrıc aktında göstərilən yerdə) fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsi ona ayrılmış, həmin sərəncama əsasən ayrılmış torpaq sahəsinə dair onunla Şüvəlan Bələdiyyəsi arasında 01 mart 2005-ci il tarixli “Bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsi” imzalanmışdır. Qeyd edilən müqaviləyə əsasən həmin torpaq sahəsinin hər kvadrat metri köhnə nominalla 4400 manat qiymətləndirilmiş və qeyd edilən torpaq sahəsinə görə iddiaçı ümumilikdə 2 640 000 manat məbləğində pul vəsaiti ödəmişdir. Bundan sonra torpaqların alqı-satqısına dair müqaviləyə əsasən qeyd edilən torpaq sahəsi naturada ayrılaraq iddiaçıya təhvil verilmişdir. Həmin dövrdən o, qeyd edilən torpaq sahəsindən istifadə etmiş, torpaq sahəsini hasarlamışdır. İddiaçı qeyd edilən torpaq sahəsinin xüsusi mülkiyyət hüququ ilə dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsinə dair ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən imtina edilmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** saylı ərizə ilə cavabdehə müraciət etmiş və xx.xx.2023-cü il, **********45 xaricolma nömrəli tarixli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, bələdiyyə tərəfindən qəbul edilmiş akt kollegial orqan olan bələdiyyənin qərarı ilə deyil, sədrin təkbaşına qəbul etdiyi sərəncamla həyata keçirilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Plenumun Qərarında hüquqi mövqe mövcuddur. Həmçinin “Torpaqların alqı-satqısına dair” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş akt təqdim edilməmişdir. Qeyd olunanlarla yanaşı qeyd olunan torpaq sahəsinə texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsini müdafiə etdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Əzizbəyov rayonu Şüvəlan bələdiyyəsi sədrinin 01 mart 2005-ci il tarixli, 27 nömrəli sərəncamı ilə iddiaçıya Şüvəlan qəsəbəsində ev tikmək üçün 600 kv.metr torpaq sahəsinin ayrılması qərara alınmış, tərəflər arasında torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir. Sərəncama torpaq sahəsinin planı əlavə edilmişdir. Tərəflər arasında bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayonu Şüvəlan bələdiyyəsinin məhkəmə sorğusuna cavab məktubunda bildirilmişdir ki, iddiaçıya bələdiyyə tərəfindən xx.xx.2005-ci il tarixdə 27 saylı 600 kv.metr torpaq sahəsi ayrılmışdır. İddiaçı bələdiyyədə vergi uçotunda qeydə alınmışdır. Bakı şəhəri Xəzər rayonu Şüvəlan bələdiyyəsinin 46 nömrəli, 11 fevral 2025-ci il tarixli arayışına əsasən Şüvəlan bələdiyyəsinin ərazisində iddiaçıya ayrılan sahənin xx.xx.2005-ci il tarixli, 27 saylı sərəncamı, baş plandan çıxarış və alqı-satqı müqaviləsi Şüvəlan bələdiyyəsinin arxiv fondunda mövcuddur. Cavabdehin 24 aprel 2025-ci il tarixli məktubla təqdim etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 600.0 kv.m olsa da, faktiki olaraq hasardaxili 635 kv.m təşkil edir. Torpaq sahəsində ikimərtəbəli yaşayış evi mövcuddur. Sahənin 1,6 m məsafəsindən yüksək gərginlikli (10 kVt-lıq) elektrik xətti keçir. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə dövlət mülkiyyəti torpağıdır. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Sahəyə dair cizgi təqdim edilmədiyindən mövqeyini müəyyənləşdirmək mümkün deyildir. Göstərilən sahənin üst-üstə düşməsi ilə bağlı məlumat yoxdur. Faktiki olaraq göstərilən 635 kv.m sahənin 186 kv.m hissəsi yüksək gərginlikli (1-10 kVt-lıq) elektrik xəttinin mühafizəsində yerləşir. Bundan əlavə sahə daxilindən 108.0 mm-lik orta təzyiqli yerüstü qaz xətti keçir. Cavabdeh tərəfindən məhkəmə sorğusuna cavab məktubu ilə iddiaçının istifadəsində olan Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən ümumi sahəsi 600 kv.metr olan torpaq sahəsi ilə qonşuluqda yerləşən torpaq sahələrinə dair dövlət reyestrindən çıxarışlar və həmin çıxarışların verilməsinə əsas olan sənədlər təqdim edilmişdir. Cavabdehin iddiaçının müraciətinə dair imtinası etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (139-1.1.1). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (8.0.1.). İşdən göründüyü kimi iddiaçı Əzizbəyov rayonu Şüvəlan bələdiyyəsinin 01 mart 2005-ci il tarixli, 27 nömrəli ona torpaq sahəsinin ayrılması barədə sərəncamına əsaslanaraq həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün cavabdehə müraciət etmişdir. Cavabeh isə imtina edərək bildirmişdir ki, bələdiyyə tərəfindən qəbul edilmiş akt kollegial orqan olan bələdiyyənin qərarı ilə deyil, sədrin təkbaşına qəbul etdiyi sərəncamla həyata keçirilmişdir. Həmçinin “Torpaqların alqısatqısına dair” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş akt təqdim edilməmişdir. Qeyd olunanlarla yanaşı qeyd olunan torpaq sahəsinə texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasında göstərilmişdir ki, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam məsələsi bələdiyyələrin iclaslarında həll edilir (144.İ. 6). Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir (145.İ). Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir (145. İİ.). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək bələdiyyələrin səalhiyyətlərinə aiddir (4.0.1). Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur (6.2). Qeyd edilməlidir ki, Şüvəlan Bələdiyyəsinin sədri tərəfindən iddiaçıya torpaq sahəsi ayrılması haqqında verilmiş 01 mart 2005-ci il tarixli, 27 nömrəli sərəncamı bələdiyyənin arxiv fondunda mövcud olsa da torpaq sahəsinin iddiaçıya ayrılması “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq bələdiyyənin kollegial formada keçirilmiş iclasının nəticəsi olaraq qəbul edilmiş bələdiyyə qərarı əsasında deyil, yalnız bələdiyyə sədrinin sərəncamı əsasında həyata keçirilmişdir. Eyni zamanda cavabdeh tərəfindən təqdim edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə dövlət mülkiyyəti torpağıdır. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Qeyd edilməlidir ki, cavabdeh torpaq sahələrinin ümumi kadastrını aparan orqn olmaqla, torpaq sahələrinin dövlət və ya bələdiyyə mülkiyyətində olmasını müəyyən edə bilən yeganə orqandır. Cavabdeh iddiaçının iddia etdiyi torpaq sahəsinin dövlət mülkiyyətində olmasına əsaslanmışdır. Hazırkı halda iddia o zaman təmin edilə bilər ki, iddia oluna torpaq sahəsi ilə qonşuluqda yerləşən və ilkin hüquq müəyyən edici sənəd kimi bələdiyyə qərarına əsaslanan torpaq sahələrinə dair mülkiyyət hüququ cavabdeh tərəfindən qeydə alınmış olsun. Yəni, cavabdeh həmin ərazi üzrə bələdiyyə qərarına əsasən torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydə alınmasını öz praktikasına çevirsin. Məhkəmə tərəfindən iddiaçının göstərdiyi torpaq sahəsi ilə qonşuluqda yerləşən torpaq sahələrinə dair verilmiş çıxarışlar və onlar əsasında duran hüquq müəyyənedici sənədlərin məhkəməyə göndərilməsi cavabdehdən xahiş edilmişdir. Məhkəməyə göndərilmiş sənədlərdən görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsi ilə qonşuluqda yerləşən bir neçə torpaq sahəsinə dair vətəndaşların mülkiyyət hüquqları Əzizbəyov rayonu İcra Hakimiyyəti başçısının müvafiq sərəncamları əsasında qeydə alınmışdır. Bu isə həmin ərazidə olan torpaq sahələrinin dövlət mülkiyyətində olması ilə bağlı məhkəmədə daxili inamın yaranmasına səbəb olur. Göründüyü kimi göstərilən hallar iddianın rədd edilməsi üçün əsas olmuş və kifayət etmişdir. Belə ki, iddiaçıya torpaq sahəsi ayrılması qanunvericiliyin tələblərinə uyğun aparılmamışdır. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuş və iddiaçının hüquqlarını pozmamışdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan Bələdiyyəsinin 01 mart 2005-ci il tarixli, 27 saylı sərəncamına əsasən fərdi yaşayış evi tikmək üçün ona ayrılmış Şüvəlan qəsəbəsində (ayrıc aktında göstərilən yerdə) yerləşən 600 kv.m torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-800/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-800/2025
25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver