Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8004/2024 11.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı dövlət sosial yardımın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sosial ödənişlər, vergi hesabatı, rəsmi cavab məktubunu, şikayət ərizəsi, təyinat və imtina səbəblərini araşdıraraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmə dəftərxanası vasitəsilə ərizə təqdim edərək, iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz olunmasını və ona son imtina tarixi xx.xx.2024cü il tarixindən ünvanlı dövlət sosial yardımın təyin edilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə təmin edilmiş və iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, dəfələrlə DSMF-yə ərizə və müraciətlər edilməsinə baxmayaraq onun ÜDSY təyinatına qərəzli və qeyri qanuni səbəblərdən imtina verilmişdir, halbuki xx.xx.2023-cü il tarixində eyni şərtlər daxilində təyinat verilmişdir. Lakin hesablanan məbləğ səhv olduğundan DSMF-yə müraciət etmiş, özü dayandırmışdır ki, yeni müraciət əsasında düzgün hesablanma aparılsın. Sonrakı müraciətlərdə isə Nazirlər Kabinetinin 37 nömrəli qərarına istinad edərək, sosial ödənişlərin edilməməsi səbəbini gətirərək imtina verilmişdir. Əməkdaşlar isə 12 ay ərzində mütləq gəlirin olmasını tələb edirlər, halbuki qanun bunu tələb etmir. Verilən rəsmi cavabda isə muzdlu işlə bağlı sosial ödənişlərin edilməməsi səbəbini gətirərək imtina səbəbini göstərilir, halbuki ödənişləri olunmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə **********106 nömrəli ərizə ilə ünvanlı dövlət sosial yardımın təyin olunması ilə bağlı inzibati orqana VEMTAS üzərindən müraciət etmiş, lakin iddiaçıya maddi-məişət şəraitinin müayinəsindən sonra ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina olunmuşdur". Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na əsasən, sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. Ailənin gəlirinin hesablanması zamanı pul və natura formasında bütün növ gəlirlər, o cümlədən həm Azərbaycan Respublikasının ərazisində, həm də onun hüdudlarından kənarda istənilən mənbədən daxil olan milli və xarici valyutanın məbləği nəzərə alınır. Həmçinin gəlirin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi və mənbəyi bəlli olan digər mənbələrdən (o cümlədən bilavasitə yerində araşdırmaqla) istifadə edilir. Ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. Muzdlu işlə əlaqədar gəlirlərə aşağıdakılar aiddir: 1) əsas iş yeri və əvəzçilik üzrə pul və ya natural formada ödənilən əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, birdəfəlik ödənclər, maddi yardımlar (5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla),qanunvericiliklə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı, haqqı ödənilən ictimai işlərə görə əməkhaqqı, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil edilməklə); 2) istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığın pozulmasına görə ödənclər; 3) işəgötürən tərəfindən ödənilən müavinətlər (5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla). Ailə üzvünün muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. Sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Qeyri-sahibkarlıg fəaliyyətindən əldə olunan gəlirlərə əmanətlər, depozitlər və onlara görə faiz gəliri, giymətli kağızlardan əldə olunan gəlirlər, daşınar (avtomobil, avadanlığ və s.) və daşınmaz (ev, mənzil, bag, torpağ sahəsi və digər daşınmaz əmlak) əmlakın icarəyə verilməsindən gəlir, royalti, gonorar, sahibkarlığ fəaliyyəti məgsədləri üçün istifadə olunmayan aktivlərin (ev, mənzil, bağ, torpağ sahəsi, avtomobil, mal-gara və s.) satışından gəlir, kənd təsərrüfatı məhsullarının satışından gəlir, podrat, tapşırığ, komisyon, müəlliflik və digər mülki-hügugi xarakterli mügavilələr əsasında gazanılmış gəlir, ailə kəndli təsərrüfatında məşğulluqdan gəlir, şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlir daxildir. İş üzrə İddiaçı xx.xx.2024-cü il tarixdə **********106 nömrəli müraciətinə imtina səbəbi kimi ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən məcburi dövlət sosial sığorta ödənişləri olmaması göstərilmişdir. İddiaçının VEMTAS-a edilən xx.xx.2024-cü il tarixdə **********106 nömrəli müraciətinə baxış keçirdikdə, “Ailə üzvləri barədə məlumatlar” grafasında təmsilçinin sahibkarlığ fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi olduğu geyd edilir (VÖEN: **********). İddiaçı sosial yardım təyin olunması üçün əsas olan MDSS ödənişlərinin ödənilməməsi müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının müraciətinə münasibətdə VEMTAS tərəfindən verilmiş “ailə üzvünün muzdlu işlə əlagədar gəlirlərini təsdiq edən MDSS ödənişlərinin olmaması” əsası ilə iddiaçıya ünvanlı dövlət sosial yardımın təyin edilməsi qanunvericiliyin tələblərinə uyğun şəkildə mümkün hesab edilməmişdir. Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin müayinəsinin və sosial yardım təyinatından sonrakı monitorinqlərin aparılmasına dair Təlimatda qeyd olunur ki, bu fakt maddi-məişət şəraitinin yoxlanılması zamanı tərtib olunmuş akt və çəkilmiş videogörüntü əsasında təsdiq edilmişdir. xx.xx.2023-cü il tarixdə maddi-məişət şəraitinin müayinəsi nəticəsində aşağıdakı məzmunda müayinə aktı tərtib edilmişdir: “Ünvan çıxarışla uyğundur. Ev təmsilçinin həyat yoldaşına aiddir. Təmsilçinin həyat yoldaşı rəsmi çalışır və analıq məzuniyyətindədir. Təmsilçi sahibkarlıqla məşğuldur. 300-350 manat gəliri olduğu bildirildi. Son ildə alqı-satqı edilməyib. Ailənin başqa gəliri yoxdur.” Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı sonuncu dəfə xx.xx.2024-cü il tarixdə ona ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sosial ödənişlər" və ya "Sosial sığorta üzrə müavinətlər - Mərkəzi hissə" (Haqq-hesab cədvəli) altsistemindən əldə edilən məlumata əsasən ailə üzvü Gulıyeva Alına -- aylıq sosial müavinət alan şəxs olması barədə məlumatın təsdiq edilməməsi əsası ilə iddiaçıya imtina cavabı vermişdir. İşdən görünür ki, iddiaçı daha sonra ünvanlı dövlət sosial yardımının təyin olunmasından imtina edilməsi barədə çıxarılmış qərarın araşdırılması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə müraciət etmiş, həmin müraciətə 5 saylı Bakı DOST Mərkəzində baxılaraq iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, ailəni təmsil edən şəxs qismində sosial yardımın təyin olunması ilə bağlı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsistemində xx.xx.2024-cü il tarixli **********106 nömrəli elektron müraciəti qeydə alınmışdır. Həmin müraciət əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq “ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən məcburi dövlət sosial sığorta ödənişləri olmaması” səbəbi göstərilməklə VEMTAS tərəfindən sosial yardımın təyin olunmasından imtina edilməsi qərarı çıxarılmış və bu barədə müraciətdə qeyd etdiyi əks- əlaqə vasitəsinə məlumat göndərilmişdir. İddiaçı hazırda cavabdeh tərəfindən ona verilmiş xx.xx.2024-cü il tarixli imtinanı mübahisələndirir. Məhkəmə qeyd edir ki, işin yuxarıda qeyd olunan hallarından görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixdə iddiaçıya imtina cavabı verərkən ailə üzvü Gulıyeva Alınanın aylıq sosial müavinət alan şəxs olması barədə məlumatın təsdiq edilməməsi əsası ilə imtina versə də, sonradan ona ünvanlanmış məktubda və etirazda iddiaçının “ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən MDSS ödənişlərinin olmaması” əsası ilə imtina verildiyini bildirmiş, bununla da hər dəfə fərqli imtina əsasları göstərmişdir. Məhkəmə hesab edir ki, nə qədər ki, cavabdeh etirazında iddiaçıya MDSS ödənişlərinin olmaması əsası ilə imtina verildiyini bildirir, deməli, cavabdehin imtinası əsas kimi qəbul edilməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: - maddə 1.0.5. aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə; - maddə 1.0.6. ünvanlı dövlət sosial yardımı (bundan sonra — sosial yardım) — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. - maddə 3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. - maddə 6.1. Sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı (“müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir) tərəfindən təyin olunur. - maddə 8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. - maddə 10.1. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. - maddə 10.2. Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. - maddə 10.3. Bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. - maddə 10.4. Ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na əsasən: - bənd 1.2. Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər: 1.2.1. ailə üzvünün əmək qabiliyyətini itirməsi; 1.2.2. əmək qabiliyyətli olan ailə üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi; 1.2.3. ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması; 1.2.4. ailənin əmək qabiliyyətli üzvünün “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişi alması; 1.2.5. ailə üzvünün vəfat etməsi; 1.2.6. ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi; 1.2.7. ailə üzvünün azadlıqdan məhrum edilməsi; 1.2.8. ailə üzvünün olduğu yerin məlum olmaması. -bənd 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. - bənd 3.2. VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların X1 Sistemi üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. - bənd 3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. - bənd 3.5. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 (bir) il müddətinə təyin olunur. - bənd 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; - bənd 3.8. VEMTAS tərəfindən sosial yardımın təyin olunması barədə qərar (5 nömrəli əlavə) çıxarıldığı hallarda sosial yardımın məbləği və təyin edilmə müddəti, təyin olunmasından imtina edilməsi barədə qərar (6 nömrəli əlavə) çıxarıldığı hallarda isə imtinanın səbəbləri göstərilməklə qərarın çıxarıldığı gün Təmsilçinin “Ərizə-bəyannamə”də qeyd etdiyi əks əlaqə vasitələrinin birinə məlumat göndərilir. - bənd 5.1. Sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. - bənd 5.3. Ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi mənbələrdən (o cümlədən ailənin maddi məişət şəraitinin müayinəsi zamanı aparılan video və foto çəkiliş üzrə məlumatlardan) istifadə edilir. - bənd 5.4. Ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. - bənd 5.5. Muzdlu işlə əlaqədar gəlirlərə aşağıdakılar aiddir: 5.5.1. əsas iş yeri və əvəzçilik üzrə pul və ya natural formada ödənilən əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, birdəfəlik ödənclər, maddi yardımlar (5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla),qanunvericiliklə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı, haqqı ödənilən ictimai işlərə görə əməkhaqqı, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil edilməklə);[ 5.5.2. istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığın pozulmasına görə ödənclər; 5.5.3. işəgötürən tərəfindən ödənilən müavinətlər (5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla). - bənd 5.7. Sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən müəyyən edilir. - bənd 5.13. Ailə üzvünün muzdlu işlə əlaqədar gəlirləri və sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər vergi, əmək və sığorta qanunvericiliyi ilə müəyyən edilmiş təsdiqedici sənədlərə əsasən hesablanır. Sadələşdirilmiş vergi ödəyicisi olan ailə üzvünün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində gəliri onun dövriyyəsi və şərti rentabellik normaları əsasında müəyyənləşdirilir. - bənd 5.23. ailənin orta aylıq gəliri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzindəki ümumi gəlirlərinin 12-yə bölünməsi yolu ilə hesablanır; - bənd 5.24. ailənin orta aylıq gəliri hesablanarkən ailənin gəlirindən aşağıdakılar çıxılır: 5.24.1. vergi, sosial sığorta haqları və digər məcburi ödənişlər; 5.24.2. təbii fəlakət (sel, yanğın, epidemiya, zəlzələ, torpaq sürüşməsi), müharibə və digər gözlənilməz bədbəxt hadisələr zamanı dövlət və ya işəgötürən tərəfindən ailəyə göstərilmiş yardımın məbləği (dəyəri); 5.24.3. ailə üzvünə ödənilən birdəfəlik müavinətlər və kompensasiyalar (radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət, uşağın anadan olmasına görə müavinət, dəfn üçün müavinət, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət, himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinət, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərə birdəfəlik müavinət və valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ilk dəfə işə düzələn zaman ödənilən birdəfəlik müavinət və paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıq əvəzinə verilən pul kompensasiyası); 5.24.4. ailə sosial yardım üçün təkrar müraciət etdikdə, ailənin gəliri hesablanan zaman əvvəlki dövr üçün ödənilən sosial yardımın məbləği. İstinad olunan normalardan görünür ki, qanunverici sosial yardımın təyin olunması üçün əsas şərt kimi ailənin gəlirinin düzgün hesablanmasını müəyyən etmiş, məlumatların yoxlanılması zamanı uyğunsuzluq aşkar olunduqa imtina edilməsini təsbit etmişdir. İşdən görünür ki, iddiaçı fərdi sahibkar kimi vergi orqanında qeydiyyatdan keçmişdir (VÖEN **********). İşdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, vergi orqanlarında olan uçot-baza məlumatlarına İddiaçı (VÖEN: **********) tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan fəaliyyət dövrü ərzində 18,00 manat vergi, sosial sığorta haqqı üzrə 321,97 manat və icbari tibbi sığorta haqqı üzrə 47,00 manat ödənilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçının şəxsi hesab vərəqəsindən görünür ki, iddiaçı 2023-cü ilin 1-ci rübü üzrə cari bəyannamələr təqdim edərək 257,75 manat MDSS bəyan etmiş, xx.xx.2023-cü il tarixdə həmin pulu ödəmiş, 2023cü ilin 4-cü rübü üzrə sonuncu ödənişi xx.xx.2024-cü il traixdə etməklə həmin tarixə MDSS borcu 0 manat olmuşdur. Göründüyü kimi, cavabdeh iddiaçıya MDSS ödənişlərinin olmaması əsası ilə müraciətini təmin etməkdən imtina etsə də, iddiaçı həmin ödənişləri həyata keçirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin həmin hala istinad edərək, iddiaçıya ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina etməsi qanunsuz olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda cavabdeh iddiaçının tələbini istisna edən faktiki şərtləri sübut etməli olduğu halda bu sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 2024-cü ilin yanvar ayından ünvanlı dövlət sosial yardımının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-8004/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8004/2024
11.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver