Məhkəmə qərarları › İş №2-1(112)-8006/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8006/2024

28.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8006/2024 28.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi, əlilliyin təyin edilməsi (bərpa edilməsi) vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti

1. İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ona əlillik dərəcəsinin təyin edilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini məhkəməyə təqdim etmiş, əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi, əlilliyin təyin edilməsi (bərpa edilməsi) vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərarın qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmənin 11 iyul 2024-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqiləşdirilməsi ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir.

5. Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi 11 iyul 2024-cü il tarixli Qərardadı ilə, Bakı Xəzər Tibb Mərkəzi məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2017-ci il tarixdə «Sadə parsial tutmalarla müşahidə ölürian lokalizə olunmuş epilepsiya, epilepsiya tez-tez baş verən gereralizə olunmuş tonik-klonik qıcolma tutmaları ilə, orta beyin arteriyasının tıxanması və stenozu, sağ orta beyin arteriyası hövzəsində keçirilmiş insultun qalıq əlamətləri» diaqnozu qoyulmuş, İİ dərəcəli əlillik verilmiş və ayda 180 manat peesiya təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə isə ona «40 epilepsiya, epilepsiya xəsətəliyi» diaqnozu qoyulmuş, İİİ dərəcəli əlillik verilmiş və ayda 150 manat pensiya təyin edilmişdir. 2024-cü ilin yanvar ayından iddiaçıya İİİ dərəcəli əlilliyə görə təyin edilmiş 150 manat məbləğində pensiyam kəsilmişdir. Tibbi Sosial Ekspert Komissiyası xx.xx.2024-cü il tarixli rəsmi cavabında bunu onunla əlaqələndirmişdir ki, dövlət səhiyyə müəssisəsi tərəfindən 88 saylı göndəriş natamam doldurulmuş, həmin göndərişdə psixiatrın rəyi qeyd olunmayıb. Bundan sonra o, qeydiyyatda olduğu və faktiki yaşadığı ünvan üzrə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 4 №-li Birləşmiş Şəhər Xəstəxanasına müraciət etmiş, həmin Xəstəxananın nevropatoloqu Aytən Vəliyeva iddiaçıya bildirmişdir ki, həmin Xəstəxana tərəfindən əlaqədar Tibbi Sosial Ekspert Komissiyasına göndərilmiş 88 saylı forma arayışda psixiatrın rəyi qeyd olunmuşdur. Buna baxmayaraq həmin Xəstəxana 2-ci dəfə psixiatrın rəyini Tibbi Sosial Ekspert Komissiyasına göndərdi. Bundan sonra Tibbi Sosial Ekspert Komissiyası xx.xx.2024-cü il tarixdə ona aşağıdakı məzmunda cavab göndərmişdir: «Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: Əlillik AS-ə səhiyyə müəsisəsi tərəfindən daxil olmuş F88də, xəstənin hazırkı vəziyyətin, etioloji faktoru, bir aydakı tutmaların sayın dəqiqləşdirmək üçün ixtisaslaşmış stasionarda müayinə müalicə olması tövsiyyə olunur» . İddiaçıya 4 №-li Birləşmiş Şəhər Xəstəxansı tərəfindən verilmiş forma 88 tam doldurulmuş, orada həm psixiatrın rəyi və həm də 1 ayadək tutmaların (sudurğanın) sayı dəqiq olaraq 10-12 qeyd edilmişdir. Bundan əlavə o, 2023-cü ildə 3 dəfə Sabunçu rayon, 3 №-li Birləşmiş Şəhər Xəstəxansının nevroloji şöbəsində müalicələr almış, lakin səhhətində heç bir müsbət dəyişiklik olmamışdır. Bu il isə həkimlərin ona təyin etdikləri dərmanlarla yaşayır. Həmin dərmanlar ona 4 №-li Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilirdi, lakin 2024-cü ilin martından həmin dərmanlar da kəsilmişdir. 2024-cü ilin yanvar ayından İİİ dərəcəli əlilliyə görə təyin edilmiş 150 manat məbləğində pensiyası da kəsilmişdir. Hazırda maddi cəhətdən böyük sıxıntı içindədir, belə ki, onun qəbul etdiyi dərmanlar apteklərdə yoxdur, digər tərəfdən həmin dərmanlar aptekdə olsa belə onları almağa maddi imkanı yoxdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdehdən iddiaya dair etirazın bildirilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya etiraz təqdim edilməmişdir.

İİ. İddianın növü və mümkünlüyü

8. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin

- 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

9. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən müraciətinə imtina cavabı verilmiş, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

10. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

12. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarında olan sənədlər: AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1981-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Müvəqqəti qeydiyyat vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixinədək Binə qəsəbəsi, Südçülük sovxozunda qeydiyyata alınmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininin xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, iddiaçıya xx.xx.2022-ci ildə ümumi xəstəlik səbəbindən xx.xx.2023-cü il tarixinədək üçüncü dərəcə əlillik təyin edilmişdir. Səhiyyə Nazirliyi 2 nömrəli X1 1/2543 nömrəli, xx.xx.2024-cü il tarixli Həkim Psixiatr Komissiyasının 2743 nömrəli rəyinə əsasən Həkim Psixiatr Komissiyasının qərarına əsasən qeyd edilmişdir ki, İddiaçı diaqnozu – üzvi mənşəli emosinal-labil pozuntusu, koqnitiv funksiyaların zəifləməsi, anamnezində qicolma tutmaları MMSİB; F06.6, F06. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/2-13125/2024 nömrəli, xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən, İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci ilədək 5 il müddətinə, xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2024-cü ildə Bakı Xəzər Tibb Mərkəzi tərəfindən forma 88 göndərilmiş və göndərişin natamam doldurulması səbəbi ilə imtina edilmişdir. Daha sonra xx.xx.2024-cü ildə forma 88 göndərilmiş, nəticədə eyni səbəb ilə iddiaçıya əlilliyin təyin edilməsindən yenidən imtina edilmişdir. .

İV. Məhkəmənin mövqeyi

Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir:

13. Əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununu tənzimləyir.

14. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:

Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2 Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. (3.3.) Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 3.5.Müvafiq icra hakimiyyəti orqanı əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. 3.6. Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın

1. Ümumi müddəalar ... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. ... 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. ...

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. ...

3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. ... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən:

1.1 əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 2.1 insanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 3.1 anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. 3.4. Qonartroz (diz oynağının artrozu) (M17) 6.7.1. epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) təzahür edən, həyat fəaliyyətinin əsas sferalarına adaptasiyanın çətinləşməsi ilə nəticələnən orta dərəcəli psixopatoloji simptoma - tika (18 yaşınadək şəxslərdə psixopatoloji simptomatika müşahidə edilmədən)

2. Qan dövranı sisteminin xəstəlikləri 2.1 Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər (İ10-İ15) 2.1.1. arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının mülayim pozulması (zədələnməsi) ilə - 35-60% - 1 il 2.1.2. arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının ciddi pozulması (zədələnməsi) ilə - 65-80% - 2 il 2.1.3. arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının ağır pozulması (zədələnməsi) ilə - 85-100% - müddətsiz

17.İlkin olaraq, əlilliyin qiymətləndirilməsi “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1, 2.4cü bəndlərinin məzmunundan irəli gəlir. Belə ki, həmin normaların tələbinə görə: - şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır (2.1-ci bənd); - TSEK göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir. 18.Göründüyü kimi, tibb müəssisələrinin həkim-məsləhət komissiyaları tərəfindən tərtib olunmuş Göndərişdəki məlumatlar şəxsin əlilliyinin qiymətləndirilməsinin əsasını təşkil edir. 19.Nəzərə alınmalıdır ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. 20.Bundan əlavə qeyd olunmalıdır ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanmalıdır. 21.İş materiallarından müəyyən olunur ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən 5 il müddətinə (xx.xx.2022-ci ilədək) ikinci dərəcəli əlillik təyin edilmiş, növbəti qiymətləndirmə zamanı Bakı Xəzər Tibb Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə forma 88 göndərilmiş, xx.xx.2022-ci ildə ümumi xəstəlik səbəbindən 1 il müddətinə (xx.xx.2023-cü ilədək) ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2024-cü ildə Bakı Xəzər Tibb Mərkəzi tərəfindən forma 88 göndərilmiş və göndərişin natamam doldurulması səbəbi ilə imtina edilmişdir. Daha sonra xx.xx.2024-cü ildə forma 88 göndərilmiş, nəticədə eyni səbəb ilə yenidən imtina edilmişdir. 22.Hazırkı mübahisəyə münasibətdə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı Xəzər Tibb Mərkəzi tərəfindən tərtib olunmuş göndəriş əsasında iddiaçıya əlillik dərəcəsinin təyin olunmasından cavabdeh imtina etmiş və bu zaman forma 088 arayışın natamam olması bildirilmişdir. Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli Qərardadı ilə, İddiaçı əlillik dərəcəsinin müəyyən olunması üçün əyani tibbi-sosial ekspertiza müayinəsindən keçirilməsi və rəy verilməsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə” publik hüquqi şəxsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə qərardadı icra edilmiş və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyası tərəfindən 3- 17-4/3-1-22051/2024 saylı, 03 oktyabr 2024-cü il tarixli Qərar qəbul edilmişdir. Qərarda qeyd edilmişdir ki - xx.xx.2024-cü il tarixində məhkəmə qərardadı əsasında, DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və bəzi instrumental müayinələr aparılmışdır. xx.xx.2024-cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri tez-tez huşunun itməsi ilə təzahür edən qıcolmalardan, baş ağrılarından, baş gicəllənmələrindən, əsəbilikdən, yaddaşın pozulmasından, sol ətraflarda zəiflik və keyimə hissindən, yerişin çətinləşməsindən olmuş, dövlət tibb müəssisəsinin qiymətləndirilməyə əsas verən xx.xx.2024-cü il tarixli L00174854ELF nömrəli rəsmiləşdirilmiş göndərişində 2017-ci il tarixində sağ orta beyin arteriya hövzəsində keçirilmiş insultun olduğu qeyd edilsə də, vətəndaş və yanında onu müşaət edən şəxs, ona bu barədə həkim-ekspertlər tərəfindən sual verilməsinə baxmayaraq, heç bir məlumat bildirməmişdir. Təqdim edilmiş sənədlər arasında, Akdemik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2019-xx.xx.2019-cu il tarixli 15620 nömrəli epikrizinə əsasən diaqnoz “Epilepsiya, generalize olunmuş toniko-klonik qıcolma tutmaları ilə. Psixoorqanik sindrom.” şəklində göstərilmiş, 2 nömrəli X1 xx.xx.2024-cü il tarixli X4 2743 nömrəli tibbi rəyinə əsasən diaqnoz “Üzvi mənşəli emosional labil pozuntu, koqnitiv funksiyaların zəifləməsi, anamnezində qıcolma tutmaları ilə, MMSE ~ 24” kimi qeyd edilmişdir. Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi adi olmuş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları aydın eşidilmiş, AT 120/80 mm civ.süt., nəbz ritmik (1 dəqiqədə 70 vurğu), dili nəm, ərpsiz, qarnı yumuşaq, göbəkətrafı və epiqastral nahiyədə ağrısız izlənilmiş, həkim-nevroloq müayinəsinin nəticəsinə əsasən yuxarı və aşağı ətraflarda hərəkət məhdudluğu, parez, atrofiya, hipotrofiya izlənilməmiş, həkim-psixiatr müayinəsinin nəticəsi “Ünsiyyətdə sərbəst, çoxsözlüdür. Demonstrativ şəkildə boynunu büküb, sağ ayağını iradi şəkildə əsdirir. Sualları tam qavrayaraq, mahiyyətinə uyğun cavablar verir. Təfəkkürü ardıcıl, məntiqə uyğundur. Təfəkkürü və nitqi koqnitiv funksiyaların geriliyi izlənilmir. Emosiyaları stabil, maraqlarına uyğun, demonstrativdir. Əhval-ruhiyyə fonu normal diapazondadır. Mühakimə qabiliyyəti tam reallığı əks etdirir, situasiyaya adaptivdir. Təqdim edilmiş tibbi sənəd əsasında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, müayinə və müalicə müddətinin yetərsiz olduğu məlum olmuş, ildə 3 aydan az olmayaraq dekompensasiyalar, kənar şəxslərlə konflikt, özünə baxım, gigiyenik prosesslərdə geriləmə və yüksək intihar riski kimi ağırlaşmalar 2 nömrəli X1 xx.xx.2024-cü il tarixli X4 2743 nömrəli tibbi rəyində göstərilməmiş, aparılmış müayinələr nəticəsində də aşkarlanmamışdır. ” kimi qiymətləndirilmiş, əlillik təyinatına əsas verən nevroloji defisit və psixopatoloji pozuntu müşahidə edilməmişdir. xx.xx.2024-cü il tarixində DTSERA-da aparılmış EXO-KQ müayinəsinin nəticəsi “Sol mədəciyin sistoladiastolik boşluq ölçüləri böyüməyib və sistolik funksiyası (LVEF=50%) cüzi azalıb. Sol qulaqcıq cüzi dilatasiya olub. Sağ boşluqlar normaldır. İVS və İAS tamdır. Seqmentar divar hərəkət qüsuru - inferoseptum və apeks cüzi hipokinetikdir. Aorta kökü və qapaqları, digər qapaq aparatı normaldır. Perikard boşluğu təmizdir. PDA, ASD, VSD yoxdur. Rəngli Doppler EXO-KQ-də min PÇ, min MÇ qeyd edilir.” kimi qiymətləndirilmiş, burada aparılmış EEQ müayinəsinin nəticəsi “Baş beynin bioelektrik aktivliyinin dezorqanizasiyası, yüksək amplitudlu beta ritm hesabına. Regional asimmetriya yoxdur. Funksional sınaqlar normal. Epileptiform aktivlik aşkar edilmədi. ” şəklində göstərilmiş, əlillik təyinatına əsas verən qan dövranı pozğunluğu, nevroloji defisit və heç bir patofunksional pozuntu aşkarlanmamışdır. Xəstə müayinə zamanı aqrovasiya etmiş, iradi olaraq sol ayağını tremor vəziyyətində nümayiş etdirmişdir ki, həkim-ekspert tərəfindən müayinə edilərkən ayağım sərbəst və tam şəkildə, tremor izlənilmədən yerə təmas etdiyi məlum olmuşdur. Nəticədə dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən xx.xx.2024-cü il tarixli L00174854ELF nömrəli göndərişində göstərilmiş əsas diaqnozun, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmaları aparılmış müayinələr nəticəsində təsdiqini tapmadığından “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, tibb mərkəzi tərəfindən göndərilmiş forma 88 cavabdeh tərəfindən xəstənin hazırki vəziyyətin, etioloji faktoru, bir aydakı tutmaların sayı dəqiqləşdirmək üçün ixtisaslaşmış stasionarda müayinə müalicə olmasının tövsiyyə edilməsi səbəbi ilə imtinası qanuna uyğun olmamışdır. Məhkəmə qərardadının icrası nəticəsində cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və yuxarıda göstərilən Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının 3-17-4/3-1-22051/2024 saylı, 03 oktyabr 2024-cü il tarixli Qərarı ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İlk öncə qərarda qeyd edilmiş “Xəstə müayinə zamanı aqrovasiya etmiş, iradi olaraq sol ayağını tremor vəziyyətində nümayiş etdirmişdir ki, həkim-ekspert tərəfindən müayinə edilərkən ayağını sərbəst və tam şəkildə, tremor izlənilmədən yerə təmas etdiyi məlum olması” səbəbi və “xx.xx.2024-cü il tarixli L00174854ELF nömrəli rəsmiləşdirilmiş göndərişində 2017-ci il tarixində sağ orta beyin arteriya hövzəsində keçirilmiş insultun olduğu qeyd edilsə də, vətəndaş və yanında onu müşaət edən şəxs, ona bu barədə həkim-ekspertlər tərəfindən sual verilməsinə baxmayaraq, heç bir məlumat bildirməməsi” kimi hallar iddiaçı barəsində diaqnozun təsdiqinin tapmaması barədə qərar qəbul edilməsinə əsas vermir. Məhkəmə qeyd edir ki, diaqnostika geniş mənada orqanizmin müxtəlif orqanların vəziyyətini, sistem və fizioloji göstəricilərin müəyyən edilməsi deməkdir. Cavabdeh əyani müayinə qərarında instrumental müayinlərin aparılmasını bildirsə də, əyani müayinə zamanı hansı avadanlıqlardan istifadə edilməsini və ümumiyyətlə insturmental diaqnostikanın aparılmasını göstərməmiş, məhkəmə araşdırılması zamanı da bu hallar aşkar edilməmişdir. Bundan başqa cavabdeh qərarda göstərmişdir ki, “həkim-psixiatr müayinəsinin nəticəsi “düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi adi olmuş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları aydın eşidilmiş, AT 120/80 mm civ.süt., nəbz ritmik (1 dəqiqədə 70 vurğu), dili nəm, ərpsiz, qarnı yumuşaq, göbəkətrafı və epiqastral nahiyədə ağrısız izlənilmiş, həkim-nevroloq müayinəsinin nəticəsinə əsasən yuxarı və aşağı ətraflarda hərəkət məhdudluğu, parez, atrofiya, hipotrofiya izlənilməmiş, ünsiyyətdə sərbəst, çoxsözlüdür. Demonstrativ şəkildə boynunu büküb, sağ ayağını iradi şəkildə əsdirir. Sualları tam qavrayaraq, maliyyətinə uyğun cavablar verir”. Cavabdeh nə göstərilən halların əsaslı olmasını təsdiq edən sübutları, nə də iddiaçıya 2017-ci il və 2022-ci il tarixlərdə eyni əsaslar ilə təyin edilmiş əlilliyin onda reabilitasiya olması barədə məlumatları məhkəməyə təqdim etməmişdir. 23.Göstərilən bütün halları nəzərə aldıqda, iddiaçıda olan xəstəliklər ona əlilliyin təyininə əsas versə də, cavabdeh inzibati orqan bu halı nəzərə almamış, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Başqa sözlə desək, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir.

24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun

- 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 13-cü maddəsində göstərilmişdir ki, (13.1) inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. (13.2) İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. (13.3.) Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 14-cü maddəsinə əsasən, (14.1.) inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. (14.2.) Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. (14.3.) Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 21.1-ci maddəsinə görə, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. - 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. - 24.5-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. 25.İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 26.Məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçının əlilliyin təyin olunmasından imtinası inzibati praktikaya uyğun olmamaqla, qanunvericiliyinin normalarına zidd olmuşdur.

27.“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun

- 64.2-cü maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 28.İnzibati orqan qüvvədə olan inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövgeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə borcludur.

29.Azərbaycan Respublikasının İnzibаti Prоsеssuаl Məcəlləsinin

- 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. - 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. 30.İnzibаti Prоsеssuаl Məcəllənin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 31.Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı əlilliyin təyin edilməsi (bərpa edilməsi) vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməlidir. 32.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. 33.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. 34.Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin, İddiaçı əlilliyin təyin edilməsi (bərpa edilməsi) vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar