Məhkəmə qərarları › İş №2-1(112)-8009/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8009/2024

07.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8009/2024 07.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mülkiyyətə verilmə və qanunsuz açılmış yolun bağlanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 1980-cı ildən istifadəsində və sahibliyində olan Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi, 32 nömrəli binanın həyətində yerləşən 0, 01 ha torpaq sahəsində olan obyektin mülkiyyətinə verilməsi və bununla əlaqədar tələb olunan sənədlərin verilməsi və həmin sahənin zəbt edilmiş 0, 005 ha hissəsindən qanunsuz açılmış yolun bağlanması öhdəlikləri Lökbatan bələdiyyəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən binanın həyətində 1980-ci ildən təmizlik üzrə fəhlə işləyib. Hazırda təqaüdçüdür, 74 yaşı vardır. Həmin bina və torpaq sahəsi əvvəllər Dəmir yolunun balansında olmuşdur. Həyat yoldaşı da fəxri dəmir yolçudur. 6 nəfər uşağı var. Mübahisəli torpaq sahəsi yaşadığı binanın qarşısındadır. Qeyd edilən torpaq sahəsi ona iş yerində işlətdiyi əşyaları orada saxlamaq üçün verilmişdir. İstifadəsində olan torpaq sahəsi 0, 01 ha-dır. Təqribən 10-15 ildən sonra həmin bina Qaradağ Rayon İcra hakimiyyətinin balansına verilmişdir. Bələdiyyələr yarandıqdan sonra mübahisəli 0, 01 ha torpaq sahəsi də Lökbatan bələdiyyəsinin mülkiyyətinə obyekt kimi verilmişdir. Obyekt dedikdə həmin torpaq sahəsində 1980-ci ildən yəni işlədiyi vaxtdan təmizlik işi ilə əlaqədar istifadə etdiyi əşyaları qoymaq üçün tikdiyi tikili başa düşülməlidir. 2001-ci ildən həmin obyektə görə Lökbatan bələdiyyəsinə qəbzsiz olaraq vergi ödəmişdir. 2016-cı ildən başlayaraq ödədiyi vergiyə görə aldığı qəbzlər ondadır. 23 ildən artıqdır ki, vergi ödəyicisidir. 0,01 ha torpaq sahəsi 43 ildir istifadəsində və sahibliyindədir. Lakin onun sənədləşməsi üçün Lökbatan bələdiyyəsinə müraciət etsə də müxtəlif bəhanələr gətirilərək həmin torpaq sahəsinin sənədləşdirilməsindən imtina edilir. 2023-cü ildə həmin 0,01 ha torpaq sahəsinin 0, 005 ha hissəsi qonşusu köçkün Eyvaz Zeynalov adlı bir şəxsə yol üçün verilmişdir. Halbuki, Eyvaz Zeynalovun 15-20 sot torpaq sahəsinin giriş və çıxışı olmaqla 3 yolu vardır. İstifadəsində və sahibliyində olan 0,01 ha torpaq sahəsinin 0,005 hektarı Eyvaz Zeynalov tərəfindən icarəyə verilmiş müxtəlif təyinatlı obyektlərə getmək üçün yol kimi istifadə olunur. Eyvaz Zeynalova məxsus həmin obyektlərdə düzəldilən dəmir qapıları, pəncərə barmaqlıqlarını və manqalları reklam olaraq həmin yerə düzürlər. Zəbt olunmuş yerdə tikdiyi divarlar sökülmüş, daşlar kənara yığılmış və torpaq sahəsi zəbt olunmuşdur. X2 bilavasitə Lökbatan bələdiyyəsinin razılığı ilə 15-20 sot tropaq sahəsində yerləşən bu obyektlərin giriş və çıxış yolları olduğu halda onun da yerinin yarı hissəsi zəbt edilərək üçüncü yol açılmışdır. Zəbt olunmuş torpaq sahəsindən istifadə edə bilmir. Halbuki, 0, 01 ha torpaq sahəsinə vergi pulunu obyekt kimi fasiləsiz 23 il ödəmişdir. Həmin obyektdə müqavilə əsasında çəkilmiş işıq və suya görə pulları ödəyir. Buna baxmayaraq istifadəsində olan 0,01 ha torpaq sahəsinin sənədləşdirilməsindən Lökbatan bələdiyyəsi imtina edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, bələdiyyə torpaqlarının torpaq hərracları və müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli Qanunu ilə "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında əsasnamə’nin 22 və 23-cü bəndləri aşağıdakı redaksiyada verilmişdir: 22.Bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. 23. Bu əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakmiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq torpaq sahəsinin dəyəri ödənildikdən sonra 5 gün müddətində torpağın mülkiyyətə ayrılması barədə qərar qəbul edir.Torpaq sahəsinin qiyməti bazar məzənnələri nəzərə alınmaqla bələdiyyə tərəfindən müəyyən edilir.Torpağın 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Bələdiyyə ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququn təsdiq edən sənədlərin alınması üçün öz qərarından çıxarışı və torpaq sahəsinin planı və ölçüsünü ərizəçiyə verir. Azərbaycan Respublikası Prezidentinin "Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə 2008-ci il tarixli 28 oktyabr 709-İİİ QD saylı Qanununun təsdiq edilməsi haqqında" 10 dekabr 2008-ci il tarixli fərmanına uyğun olaraq bütün növ bələdiyyə torpaqlarının hərraclar və müsabiqələr vasitəsilə istifadəyə icarəyə və mülkiyyətə verilməsi müəyyənləşdirildikdən sonra torpaq sahələrinin ayrılmasına qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxıla bilər. Eyni zamanda, X1 edilməsi haqqında" Azərbaycan Respublikası Qanununa" və Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında əsasnamə" yə edilmiş dəyişikliyə əsasən Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə əldə edilə bilər. "Bakı şəhərində mühəndiskommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2016-cı il tarixli Fərmanının 1-ci hissəsinin tələblərinə əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən Bakı şəhərinin ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırılması sənədlərinə uyğunluğu baxımından rəy verilməsi 2017-ci il yanvar ayının 1-dən etibarən müvəqqəti dayandırılmışdır. Bələdiyyə torpaqlarının torpaq hərracları verilməsinin və müsabiqələri vasitəsilə tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericilik aktlarına bəzi dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli Qanunu ilə "X3 Azərbaycan Respublikasının qanununa", "X4 Azərbaycan Respublikasının Qanununa", "Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə", "X1 Edilməsi Haqqında Azərbaycan Respublikasının Qanununa", "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında əsasnaməyə" və digər müvafiq qanunlara edilmiş əlavə və dəyişikliklərə əsasən İddiaçının tələbinin həlli hal-hazırda bələdiyyəsinin imkanı xaricindədir. İddiaçının iddia etdiyi torpaq sahəsinin Lökbatan bələdiyyəsinin mülkiyyətində olmasını təsdiq edən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilən çıxarışı yoxdur. Həmin torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft şirkətinin ərazisidir. İddiaçı 2016-cı il tarixdən yerli vergi ödəyicisi kimi Lökbatan bələdiyyəsində uçota götürülmüşdür və o, mülkiyyətində və istifadəsində olan torpaq sahəsinə görə yerli vergiləri poçt vasitəsi ilə Lökbatan bələdiyyəsinin hesablaşma hesabına ödəmişdir. İddiaçı 300 m² torpaq sahəsinə görə İN-25924 H - kod ********* xx.xx.2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə, xx.xx.2021-ci il tarixdə isə çıxarış almışdır. Lökbatan bələdiyyəsi tərəfindən Eyvaz Zeynalov adlı şəxsə torpaq sahəsi ayrılmamışdır, belə bir şəxs Lökbatan bələdiyyəsinə müraciət etməmişdir və ona hər hansı bir yol müəyyən edilməmişdir. İddiaçının iddia ərizəsində nəzərdə tutduğu obyektin onun mülkiyyətinə verilməsinə dair qeyd edilir ki, bələdiyyə obyekti mülkiyyətə verən orqan deyil və bu məsələ Lökbatan bələdiyyəsinin səlahiyyətində deyil. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan iddianın mümkünlük məsələsinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İşin hallarından müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində ünvanında yerləşən 0.03 ha torpaq sahəsinin xx.xx.2021-ci il tarixdən xüsusi mülkiyyətçisidir. İddiaçı mülkiyyətində olan sahə ilə yanaşı istifadəsində 0.01 ha əlavə torpaq sahəsinin olduğunu, həmin sahənin uzun müddət istifadəsində olmaqla vergi ödəyicisi olduğunu əsas gətirərək qeyd edilən sahənin ona ayrılması barədə bələdiyyə qərarının verilməsini, eləcə də həmin 0.01 ha sahədən üçüncü şəxsin yol kimi istifadə olunmasının qarşısının alınması üçün həmin yolun bağlanmasını öhdəliyinin cavabdeh Qaradağ rayonu, Lökbatan bələdiyyəsinin üzərinə qoyulmasını mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Plenum Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 12-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, inzibati orqanın yalnız inzibati hüquq sahəsindəki fəaliyyəti inzibati mübahisəyə əsas olmaqla, inzibati məhkəmə icraatında inzibati orqanların məhz inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanılır. “X1 edilməsi haqqında” Qanunun aşağıdakı maddələrinə əsasən: -9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər -9.2. Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. - 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. - 9.7. Bələdiyyələr satışa çıxarılan torpaq sahələri və bu torpaqların ölçüləri, təyinatı, qiyməti, olduğu yeri göstərilməklə elanlar vasitəsilə əhalini əvvəlcədən məlumatlandırır, ildə bir dəfə torpaqların dövriyyəsi və istifadə olunması barədə məlumatları seçicilərə çatdırırlar. "Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2016-cı il tarixli Fərmanına əsasən:

1. Yerli icra hakimiyyəti orqanları tərəfindən Bakı şəhərinin ərazisində Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinə uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırılması sənədlərinə uyğunluğu baxımından rəy verilməsi 2017-ci il yanvarın 1-dən etibarən müvəqqəti dayandırılsın.

2. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, yerli icra hakimiyyəti orqanlarına tapşırılsın və Bakı şəhərinin inzibati ərazi vahidi hüdudlarında təşkil olunmuş bələdiyyələrə tövsiyə olunsun ki, Bakı şəhəri üzrə ərazi planlaşdırılması sənədlərinin sifarişi ilə bağlı verilən layihə tapşırıqlarında şəhərin ərazisinin baş və müfəssəl planlarında şəhərsalma məqsədləri baxımından tikintilərin növü və miqyası ilə bağlı torpaqlardan istifadəsi təsbit edilmiş ərazilərin zonalaşdırılması zamanı həyətyanı torpaq sahələri olan yaşayış evləri tikiləcək zonaların planlaşdırılmasına yol verilməsin.

4. Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhərinin inzibati ərazi vahidi hüdudlarında təşkil olunmuş bələdiyyələr tərəfindən “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinin tələbləri pozulmaqla tikinti üçün mülkiyyətə bu Fərman qüvvəyə mindikdən sonra ayrılmış torpaq sahələrində tikinti obyektinin inşasının aparıldığını aşkar etdikdə, tikinti işlərinin dayandırılması üçün dövlət şəhərsalma nəzarəti qaydasında müəyyən edilmiş tədbirlər görsün və bununla bağlı rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin. Göründüyü kimi qanunvericiliklə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə əldə edilə bilər. Eyni zamanda müəyyən olunur ki, yerli icra hakimiyyəti orqanları tərəfindən Bakı şəhərinin ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırılması sənədlərinə uyğunluğu baxımından rəy verilməsi 2017-ci il yanvar ayının 1-dən etibarən müvəqqəti dayandırılmışdır. Qeyd edilənlərə əsaəsn hazırkı halda cavabdeh inzibati orqanın iddiaçının tələb etdiyi qaydada faktiki istifadəsində olan torpaq sahəsinin sənədləşdirilməsi (mülkiyyətə verilməsi) ilə bağlı qanunla nəzərdə tutulmuş öhdəliyi yaranmır. Qanunvericiliklə mövcud olmayan öhdəliyin icrası cavabdehdən tələb edilə bilinmədiyi kimi həmin faktiki hərəkətin yerinə yetirilməsindən imtina da hüquq və qanuni mənafeyin pozulması kimi qiymətləndirilə bilməz. Beləliklə, hazırkı halda cavabdehin sonuncunun inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının hüquq və qanunla qorunan mənafeləri pozulmadığından ona qarşı yönəlmiş iddia tələbi mümkün hesab edilmir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd edir ki, iddiaçı onun faktiki istifadəsində olan 0,01 ha torpaq sahəsinin 0,005 hektarı hissəsinin dgər fiziki şəxs tərəfindən yol kimi istifadə olunması, zəbt olunmuş yerdə tikdiyi divarların sökülməsi ilə bağlı tələb isə bilavasitə inzibati orqana qarşı deyil, fiziki şəxsə qarşı irəli sürülə biləcək iddianın dəlilləridir. Məhkəmə izah edir ki, iddiaçının arzuladığı məqsədə nail olması hazırkı iddia vasitəsi ilə deyil, mübahisəli torpaq sahəsindən istifadə edən şəxslər hüquqmüəyyənedici sənəd əsasında istifadə etdikdə həmin sənədlərin mübahisələndirilməsi, hər hansı hüquqmüəyyənedici sənəd olmadan qanunsuz istifadə etdikdə isə həmin şəxslərin torpaq sahəsindən çıxarılması ilə bağlı mülki məhkəmə icraatı qaydasında iddia qaldırılması ilə mümkündür. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar