Məhkəmə qərarları › İş №2-1(112)-801/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-801/2020

04.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-801/2020 04.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X7 (2 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının sədrekspert cərrahı, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinə qarşı əlilliyin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Respublika Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona əlilliyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1716/2019 saylı, 28 oktyabr 2019-cu il tarixli qərardadına əsasən inzibati iş aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası SHXÇDX-nin Sumqayıt şəhər İdarəsi tərəfindən 2018-ci il tarixdə həqiqi hərbi xidmətə daxil olmuşdur. Hərbi xidmət keçərkən xəstələnmiş və xx.xx.2018-ci il tarixdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müayinə olunduqdan sonra müəyyən olunmuşdur ki, sağ ağciyərin aşağı payının xroniki pnevmoniyası, interstisial forma İ (birinci) mərhələ, natamam remissiya mərhələsində, xarici tənəffüs funksiyasının pozulması ilə Vegetativ damar distoniyası diaqnozlu xəstəliyi var. 1647 nömrəli Xəstəlik haqqında şəhadətnamədə diaqnozla bağlı dedikləri öz əksini tapmışdır. xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Zəfəran Hospitalında müayinə və müalicə olunmuşdur. Lakin müalicə heç bir effekt verməmişdir.Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 15 noyabr 2018-ci il tarixli, 1636 nömrəli qərarı ilə xəstəliyinə qiymət verilərək qeyd olunmuşdur ki, “Xəstəlikdir, hərbi xidmət dövründə almışdır”.Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlilliyin müəyyən edilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə müraciət etmişdir. 04 iyun 2019-cu il tarixli, **********3 nömrəli məktubla müraciətinə cavab olaraq bildirilmişdir ki, səhiyyə şöbəsi tərəfindən forma 088 saylı arayış rəsmiləşdirildikdən sonra əlillik müəyyən edilə bilər. O, Sumqayıt şəhər Səhiyyə Şöbəsində olmuş, qeyd olunan müayinə və müalicə ilə bağlı əvvəlcə 1 nömrəli X8, sonra isə X2 göndərilmişdir. Yuxarıda qeyd olunan tibb müəssisələrində müayinə və müalicədə olmuş, lakin xəstəliyi əvvəl olduğu kimi qalmış, yəni sağalmamışdır. Təxminən bir il keçməsinə baxmayaraq Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlilliyinin müəyyən edilməsi ilə bağlı 28 iyun 2019-cu il tarixdə sonuncu dəfə cavabdehə müraciət edərək, onun əlillik vəziyyəti barədə göndərişi (forma 088) rəsmiləşdirməyi xahiş etmişdir.04 iyul 2019-cu il tarixdə 991 nömrəli cavab məktubu ilə ona bildirilmişdir ki, 2 nömrəli şəhər poliklinikasında müayinə olmuşdur və xəstəliyi ilə əlaqədar Respublika Ağciyər İnstitutuna göndərilir. Müayinə və müalicədən sonra əlillik əlaməti olarsa tibbi sənədləri hazırlanıb Komissiyaya göndəriləcəkdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində Sumqayıt Səhiyyə şöbəsinə qarşı onun əlillik vəziyyəti barədə göndərişin (forma 088) rəsmiləşdirməsi barədə iddia qaldırdıqdan sonra cavabdeh tərəfindən xahişi təmin olunmuş, o da iddia ərizəsini ərizə yazaraq geri götürmüşdür. Daha sonra hazırkı cavabdeh onun müraciətinə elektron portalında imtina cavabı verərək bildirmişdir ki, onun əlavə müalicəyə ehtiyacı vardır.Cavabdehin bu cavabını müraciətinə imtina kimi qiymətləndirir. Belə ki, Ambulator, X11 Kartasından Çıxarışlardan müəyyən olunur ki, 08 noyabr 2018-ci il tarixdə və 22 iyun 2019-cu il tarixdə iki dəfə onu müayinə və müalicə üçün Respublika Ağciyər İnstitutuna göndərmişlər. Hər ikisində də eyni nəticə, yəni heç bir irəliləyiş olmamışdır. Belə gedişlə cavabdeh ildə iki dəfə onu Respublika Ağciyər İnstitutuna göndəriş etməklə sadəcə illərini əlindən almaq istəyir. O, il ərzində bir neçə iş yerində işləmək istəsə də, hamısında eyni nəticə olmuş, yəni xəstəliyi imkan verməmişdir. Bu səbəbdən də işdən azad olmuşdur. Hazırda valideynlərinin himayəsindədir. Bundan başqa Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 15 noyabr 2018-ci il tarixli 1636 nömrəli qərarında hər şey açıq aydın qeyd olunmuşdur. Hesab edir ki, cavabdehin ona 3-cü dəfə eyni göndərişlə müalicə olunmasını göstərməsi qanunsuz və əsassızdır. Belə ki, xəstəliklər sağala bilən olduğu kimi sağalmaya da bilir. Məhz onun xəstəliyini uzun illərdir müalicə etməsinə baxmayaraq sağalmayan xəstəlikdir. Ona görə də hesab edir ki, ona əlillik verilməlidir. Cavabdeh imtinada gəldiyi qənaəti əsaslandıra bilməmişdir. Sadəcə formal olaraq Sumqayıt Səhiyyə şöbəsinin forma 88 saylı arayışına əsasən təyin etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0530003AAE16 saylı göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 0530003AAE16 saylı göndərişin təhlili göstərdi ki, xəstəlik xx.xx.2018-ci il tarixdə başlamışdır. Əsas diaqnoz və ağırlaşma kimi “Kəskin bronxit, Xroniki bronxit, obstruktiv sindromla. Sağ tərəfli açıq torokal biopsiya əməliyyatından sonrakı vəziyyət. (xx.xx.2018) (sağ ağciyərin absesinə görə seqmentoektomiyası)” diaqnozu” xəstəliyi qeyd edilmişdir.Qeyd edilmiş diaqnoz və ağırlaşmalar əsasında Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə uyğun olaraq əlillik təyinatı aparmaq mümkün deyil. Belə ki, Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.4-cü bəndinə uyğun olaraq “2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri”. ikinci dərəcə əlilliyin təyininə əsas verir. Səhiyyə müəssisəsinin 0530003AAE16 saylı göndərişində Ramin Ağaquluyevdə ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatmamazlığının olması barədə məlumatlar qeyd edilmədiyindən əlillik dərəcəsi təyin etmək mümkün olmamış və əsaslı olaraq göndərişin natamam doldurulması barədə qərar verilmişdir. İddiaçı əlillik vəziyyəti növbəti dəfə səhiyyəmüəssisəsinin 0530003AAE3S saylı göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir.Qiymətləndirməyə əsas verən 0530003AAE16 saylı göndərişin təhlili göstərmişdir ki, əsas xəstəliyinə görə son bir ildə stasionar müraciəti olmamışdır. Ağciyərlərin spiroqramması müayinəsinin nəticəsində “Ventilyasiya pozğunluğu qeyd olunmur”yazılmışdır. Bu məlumatlar şəxsdə Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.4-cü bəndinə uyğun olaraq əlillik əlamətlərinin olmamasını göstərir və buna görə də əlillik təyinatı aparılmamış və dinamik müşahidə məqsədi ilə əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 noyabr 2016-cı il tarixli, 446 nömrəli qərarı ilə Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Tibbi- Sosial Ekspert Komissiyaları haqqında” Əsasnaməyə dəyişiklər edilmişdir. Həmin dəyişikliklərə əsasən vətəndaşların əlillik vəziyyəti səhiyyəmüəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə TSERAS üzərindən qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. Həmin Əsasnamənin 4.2-ci bəndinə görə “Göndərişdə şəxsin səhhətini əks etdirən bütünfunksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır”. 4.7-ci bəndinə görə isə “Səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar.” İddiaçı səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş hər iki göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmamış, əlilliyin təyininə əsas verən ağırlaşmalar qeyd edilməmişdir. Buna görə də əlillik təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq imtina qərarları verilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış 06 avqust 2018-ci il tarixli, 4/2630 saylı məktubdan görünür ki, N nömrəli hərbi hissənin əsgəri İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Silahlı Qüvvələrin Baş X4 xəstəliklər bölməsində, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Pulmonologiya bölməsində “Sağ ağciyərin aşağı payının xroniki pnevmoniyası, interstisial forma, İ (birinci) mərhələ, natamam remissiya mərhələsində. Xarici tənəffüs funksiyasının pozulmaması ilə. Vegetativ-damar distoniyası. Follikulyar angina. Burun arakəsmənin əyriliyi, tənəffüsün cüzi dərəcədə pozulması ilə. Aşıq-qayıqvari oynaqların osteoartozu olmayan hər iki ayağın ikinci dərəcəli boylama yastıayaqlılığı” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. Müalicə müddəti başa çatdıqdan sonra İddiaçı hospitalın hərbi-həkim komissiyasında şəhadətləndirilmiş və ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin “Xəstəliklər cədvəli”nin 51b maddəsinin İİ qrafası ilə “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı verilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 15 noyabr 2018-ci il tarixli, 1636 saylı qərarından görünür ki, Azərbaycan Respublikası SHXÇDX-nin Sumqayıt şəhər idarəsi tərəfindən 2018-ci ildə hərbi xidmətə daxil olmuş İddiaçı hərbi xidmət keçərkən xəstələndiyi və xx.xx.2018-ci il tarixdə Silahlı Qüvvələrin Baş Kliniki Hospitalında müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: “Sağ ağciyərin aşağı payının xroniki pnevmoniyası, interstisial forma İ (birinci) mərhələ, natamam remissiya mərhələsində, xarici tənəffüs funksiyasının pozulmaması ilə. Vegetativ damar distoniyası” və xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilə kimi Zəfəran Hospitalında müayinə və müalicə olunduğu xəstəlik və aparılmış sağtərəfli açıq torakal biopsiyanın nəticəsi – diaqnoz: “Sağ ağciyərin absessi. Sağ ağciyərin seqment-ektomiyası. Kazeoz qranulernatoz iltihab prosesi” (Azərbaycan Respublikası SHXÇDX-nin Sumqayıt şəhər idarəsinin xx.xx.2018-ci il tarixli 59 nömrəli göndərişi, xx.xx.2018-ci il tarixli 452 nömrəli arayışı, Silahlı Qüvvələrin Baş Klinik Hospitalından verilmiş xx.xx.2018-ci il tarixli 1647 nömrəli xəstəlik haqqında şəhadətnamə, Zəfəran Hospitalından verilmiş çıxarış epikrizi, Milli Onkologiya mərkəzinin patositomorfologiya laborotoriyasının 17114/2018-ci il tarixli rəyi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi şəhadətləndirilmişdir. İşdə olan Zəfəran Hospital tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli epikrizdən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə xəstəxanaya daxil olmuş, xx.xx.2018-ci il tarixədə vəziyyəti yaxşılaşdığından xəstəxanadan çıxmışdır. Ona ETN tətbiqindən sonra – sağtərəfli açıq torakal biopsiya əməliyyatı icra edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış 991 saylı, 04 iyul 2019-cu il tarixli məktubdan görünür ki, iddiaçının müraciəti ilə əlaqədar olaraq bildirilmişdir ki, o, 2 nömrəli şəhər poliklinikasında müayinə olunmuş “Xroniki obstruktiv bronxit. Astmatik sindromla. Sağ tərəfli ağ ciyərin apsesinə görə seqmentoektamiyadan sonrakı vəziyyət. Torakal biopsiya. Keçirilmiş sağ ağ ciyərin pnevmaniyasından plevral bitişmələr” diaqnozu ilə Respublika X2 göndərilir. Müayinə və malicədən sonra əlillik əlamətləri olarsa müvafiq təlimata uyğun olaraq tibb sənədləri hazırlanıb Tibbi Sosial Ekspert Komissiyasına göndəriləcəkdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1108 saylı, 26 iyul 2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı xəstəliyi ilə əlaqədar olaraq xx.xx.2018-ci il tarixdə 2 nömrəli şəhər poliklinikasına müraciət etmişdir. xx.xx.2018-ci il tarixdə SQBKH terapiya profilli hospital tərəfindən 1647 nömrəli xəstəlik haqqında şəhadətnamə ilə verilən “Sağ ağciyərin aşağı payının xroniki pnevmaniyası intersistal forma natamam remissiya mərhələsi. Tənəffüs funksiyasının pozulmaması” diaqnozu ilə dispanser qeydiyyata götürülmüşdür. xx.xx.2018-ci il tarixdə ET.X2 müayinə üçün göndərilmiş, lakin getməmişdir. Təkrar İddiaçı xx.xx.2019-cu il tarixdə spriqrofiya müayinəsinə göndərilmiş, xx.xx.2019-cu il tarixdə müayinə olunmuş, lakin xəstədə tənəffüs funksiyasının pozulması müəyyən olunmamışdır. İddiaçı hal-hazırda “Xroniki bronxitin obstruktiv sindromla. Sağ tərəfli açıq torakal biopsiya əməliyyatından sonrakı vəziyyət. (Sağ ağciyərin abssesinə görə seqmentoektomiya). Sağ ağciyərin pnevmaniyasından sonrakı bitişmələr” diaqnozu ilə poliklinikanın Həkim Məsləhət Komissiyası tərəfindən müayinə olunmuş, xəstəliyin ağırlaşması müəyyən edilmədiyindən əlillik dərəcəsinin təyini üçün Tibbi Sosial Ekspert Komissiyasına (TSEK) göndərilməmişdir. Buna baxmayaraq xəstənin özünün və ailə üzvlərinin israrlı təkidi nəzərə alınaraq onun tibbi sənədləri rəy üçün (forma 088) onlayn sistemi ilə xx.xx.2019-cu il tarixdə TSEK-ə göndərilmişdir. İşdə olan 2 nömrəli şəhər poliklinikasının Həkim Məsləhət Komissiyasının 0530003AAE16 saylı, 25 iyul 2019-cu il tarixli bildirişindən görünür ki, İddiaçı 2 nömrəli şəhər poliklinikasının Həkim Məsləhət Komissiyası tərəfindən müayinə olunmuşdur və bu barədə göndəriş “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə daxil edilmişdir. İşdə olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, 0530003AAE16 saylı Forma 88 arayış üzrə əlilliyin təyin edilməsindən imtina edilmişdir. İmtinanın səbəbi olaraq dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: qüsurlu forma xəstəyə əlillik dərəcəsini təyin etmək üçün Bakı şəhər Ağ ciyər xəstəlikləri İnstitundan rəyin olunması vacibdir. İşdə olan Tibbi Sosial Ekspert Komissiyasının 0530003AAE3S saylı göndərişinə cavabdan görünür ki, 2 nömrəli şəhər poliklinikasının göndərişinə əsasən əlilliyin təyin edilməsindən imtina edilmişdir. TSEK-in cavabı olaraq diaqnoz: əlavə müalicəyə ehtiyacın olması, xətənin əlavə ixtisaslaşmış müayinə və müalicəyə ehtiyacının olması göstərilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya verilmiş 04 iyun 2019-cu il tarixli, **********3 saylı imtina məktubundan görünür ki, iddiaçının Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlilliyin müəyyən edilməsi barədə müraciətinə baxılmış və bildirilmişdir ki, hərbi xidmətlə bağlı əlillik səbəbləri Mərkəzi Hərbi Həkim Komissiyasnın müvafiq qərarı əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 noyabr 2016-cı il tarixli 446 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında” Əsasnaməyə dəyişikliklər edilmişdir. Həmin dəyişikliklərə əsasən vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi (forma 88) əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən əlilliyin qiymətləndirilməsi zamanı əlillik səbəbi barədə məlumat dövlət səhiyyə müəssisəsləri tərəfindən təqdim edilmiş göndərişlər əsasında müəyyən olunur. Göndəriş barədə məlumatlar elektron sənəd formasında əldə edildiyi üçün hər hansı bir dəyişikliyin aparılması texniki və hüquqi cəhətdən mümkün deyil. İddiaçı Hərbi-Həkim Komissiyasının xəstələnmənin (travmanın) səbəb əlaqəsi barədə qərarı ilə səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə və müalicə olunmalı və göndəriş (forma 088) rəsmiləşdirildiyi halda əlillik vəziyyəti şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlər əsasında qiymətləndirilib, müvafiq qərar veriləcəkdir. Göründüyü kimi İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0530003AAE16 saylı göndərişi əsasında xx.xx.2019-cu il tarixdə, 0530003AAE3S saylı göndəriş əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilərək, hər iki göndəriş üzrə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. 2 nömrəli şəhər poliklinikası tərəfindən 0530003AAE16 saylı göndərişi üzrə iddiaçıya əsas diaqnoz və ağırlaşma kimi “Kəskin bronxit, Xroniki bronxit,. Obstruktiv sindromla. Sağ tərəfli açıq torokal biopsiya əməliyyatındann sonrakı vəziyyət” (sağ ağciyərin absesinə görə seqmentoektomisyası) diaqnozu qeyd edilmişdir. Cavabdeh tərəfindən 0530003AAE16 saylı Forma 88 arayış üzrə əlilliyin təyin edilməsindən imtina edilməsinin səbəbi olaraq dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması, həkim rəyinin qüsurlu olması və xəstəyə əlillik dərəcəsini təyin etmək üçün Bakı şəhər Ağ ciyər xəstəlikləri İnstitundan rəyin olunmasının vacib olması göstərilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş 0530003AAE16 saylı göndərişin natamam doldurulmasına əsas kimi “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.4-cü bəndinə əsasən əlillik təyin edilməsi üçün göndərişdə İddiaçı ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatmamazlığının olması barədə məlumatların qeyd edilmədiyindən, əlillik dərəcəsi təyin etməyin mümkün olmadığı, əsaslı olaraq göndərişin natamam dolduruması barədə qərar verildiyini göstərmişdir. İddiaçının əlillik vəziyyəti növbəti dəfə səhiyyə müəssisəsinin 0530003AAE3S saylı göndəriş əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmişdir. Həmin göndərişdə ağciyərlərin spiroqramması müayinəsinin nəticəsində “Ventilyasiya pozğunluğu qeyd olunmur” yazılması şəxsdə “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.4-cü bəndinə uyğun olaraq əlillik əlamətlərinin olmamasını göstərmiş, buna görə də əlillik təyinatı aparılmamış və dinamik müşahidə məqsədi ilə əlavə müalicəyə ehtiyacının olması əsası ilə imtina edilmişdir. Məhkəmə iddianın əsassız olması ilə bağlı onu da qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamənin 4.3-cü bəndinə əsasən, göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; Həmin Əsasnamənin 4.9-cu bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X5 Sosial Ekspertiza və X9 (bundan sonra - TSERAS) ötürülür. Həmin Əsasnamənin 4.9-1-ci bəndinə əsasən TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. Həmin Əsasnamənin 4.16-cı bəndinə əsasən TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Həmin Əsasnamənin 4.17-ci bəndinə əsasən qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir (1 nömrəli əlavə). Həmin Əsasnamənin 4.19-cu bəndinə əsasən hər iş gününün sonunda TSEK tərəfindən gün ərzində aparılmış əlilliyin qiymətləndirilməsi hallarını özündə əks etdirən protokol tərtib olunur və hər bir komissiya üzvü tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək TSERAS-a daxil edilir. Göründüyü kimi vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə TSERAS üzərindən qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. Əlilliyin müəyyən olunması meyarları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə ilə müəyyən olunur. Belə ki, Əsasnamənin 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarət etmə, hərəkətetmə, özünə xidmət etmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, eyni zamanda xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Əsasnamənin 2.2.4-cü bəndinə əsasən ikinci dərəcəli əlillik ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəliklərinə təyin edilir. Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə hesab edir ki, iddiaçıya “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməsinin 2.2.4-cü bəndinə əsasən ikinci dərəcəli əlillik təyin edilməsi üçün onun ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəliyinin olması müəyyən edilməlidir. Yəni ikinci dərəcəli əlillik təyin edilməsi üçün onun xəstəliyi adıçəkilən Əsasnamədə qeyd edilən meyarlara uyğun olmalıdır. Səhiyyə müəssisəsinin göndərişlərində bu barədə məlumatlar qeyd edilmədiyindən, bununla da “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.4-cü bəndinə uyğun olaraq əlillik əlamətlərinin olmaması müəyyən edildiyindən, əlillik təyinatı aparılmamış və dinamik müşahidə məqsədi ilə əlavə müalicəyə ehtiyacının olması əsası ilə imtina edilmişdir. İddiaçının əlilliyi sonuncu dəfə xx.xx.2019-cu il tarixdə qiymətləndirilərək, əlilliyin təyin edilməsindən imtina edilmişdir. İş materiallarında olan xəstəlik tarixindən çıxarışdan görünür ki, iddiaçı həmin tarixdən sonrakı dövrdə iddiaçı əlavə müalicə olunması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 İnstitutuna müraciət etmişdir. Beləliklə, iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı sübut edilmədiyindən, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar