Məhkəmə qərarları › İş №2-1(112)-801/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-801/2021

14.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-801/2021 14.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvan: Bakı şəhəri, Y.Yasamal-1, ev 14, mənzil 29; ixtisası: orta təhsil; iş yeri: işləmir), cavabdehin nümayəndəsi X5 (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Əjdər Xanbabayev 1; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hüquq şöbəsində böyük məsləhətçi) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə 3-cü şəxs - Bank “VTB (Azərbaycan)” ASC qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhər, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi, “4”a nömrəli yaşayış evinin həyatyanı sahəsində yerləşən ayrıca daş hasarda olan 295,7 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə iddiaçıya çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmənin 09.06.2020-ci il tarixli qərardadı ilə Bank “VTB (Azərbaycan)” ASC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin 22.09.2020-ci il tarixli qərardadı ilə mübahisə predmeti olan ünvan 1 ünvanda yerində müayinə aparılması qərara alınmışdır. 02.10.2020-ci il tarixli Yerində müayinə protokolundan görünür ki, yerində müayinə zamanı ünvan 2 ünvanda yerləşən torpaq sahəsi ayrıca daş hasarla əhatələnməsi müəyyən edilmişdir. Məhkəmənin 02.03.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. 20.08.2021-ci il tarixdə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 10.08.2021-ci il tarixli **********01 nömrəli məktubu ilə rəy məhkəməyə daxil olmuşdur. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 14.09.2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin nümayəndəsi iddiaçının mübahisə predmeti olan torpaq sahəsinə hər hansı hüquqmüəyyənedici sənədi olmadığından iddianın mümkün sayılmamasını xahiş etsə də, mübahisə predmeti olan torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən iddiaçının adına texniki pasport tərtib edilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ mövcuddur. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı X4 məxsus 06.06. 2002-ci il JN-3235D, kod-00600066 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə və 2777 nömrəli kitabda qeyd alınmış Qaraçuxur qəsəbəsi, 4048/60-cı kvartalında yerləşən 700 kv.m torpaq sahəsini 06 sentyabr 2002-ci il tarixində Bakı şəhəri 34 saylı dövlət notariat kontorunda 336.000.000 (üç yüz otuz altı milyon) manata almışdır. 1998-ci il tarixdə tikilmiş 7000 kv.m, torpaq sahəsində yerləşmiş, sahəsi 83,5 kv.m. olan 4 yaşayış otaqlardan, sahəsi 57 kv.m olan köməkçi otaqlardan, həyatyanı təsərrüfat tikililərindən ibarət Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi, “4”a nömrəli yaşayış evinin AN-1 ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən 02 iyun 2005-ci il tarixində Bakı şəhəri 34 saylı dövlət notariat kontorunda 250.000.000 (iki yüz əlli milyon) manata almışdır. Mülkiyyətinə verilmiş torpaq sahəsi, 995,7 kv.m olduğu halda o, 700 kv.m torpaq sahəsini 17.04.2007-ci il tarixdə Azərbaycan Respublikasının Daşınmaz Əmlakşn Dövlət Reystri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakşn Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarış almışdır. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının 12.04.1999-cu il tarixdə verdiyi sərəncama əsasən Qaraçuxur qəsəbəsi, 4048/60-cı kvartalında yerləşən 1998-ci il tarixdə tikilmiş 7000 kv.m, torpaq sahəsində yerləşmiş, sahəsi 83,5 kv.m. olan 4 yaşayış otaqlardan, sahəsi 57 kv.m olan köməkçi otaqlardan, həyatyanı təsərrüfat tikililərindən ibarət Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi, “4”a nömrəli yaşayış evinin 700 kv.m torpaq sahəsi və əlavə olunmuş 295.7 kv.m ümumi 995,7 kv.m torpaq sahəsində yerləşmiş hesab olunması qeyd edilmişdir. Hal-hazırda mülkiyyətində olan 295.7 kv.m torpaq sahəsi ayrıca daş hasarın içərisində yerləşir torpaq sahəsinin çıxarışı yoxdur. Belə ki, 1998-ci il tarixdə keçmiş sakin X6 rayon icra aparatına müraciət edərək, Qaraçuxur qəsəbəsində yeni tikilmiş evin texniki posportun tərtib olunmasına və ilkin hüquqi qeyydiyyata alınmasına icazə verilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının 12 aprel 1999-cu il tarixli 769 nömrəli sərəncamına əsasən Qaracuxur qəsəbəsi Nizami İamayılov küçəsi, “4a” nömrəli yaşayış evinin texniki posportunun tərtib olunmasına və ilkin hüququ qeydiyyata alınmasına icazə verilmişdir. Müəyyən edilmişdir ki, X1 İcra Hakimiyyəti başçısının 03 noyabr 1998-ci il tarixli, 1916 saylı sərancamı ilə Qaraçuxur qəsəbəsi, “4048- 60 kvartalda, 8 nömrəli binanın qərb hissəsində, 7000 kv.m torpaq sahəsi ayrılmışdır. Yerində yoxlama zamanı müəyyən edilmişdir ki, sahəsi, 83,5 kv.m. olan 4 yaşayış otaqlardan, sahəsi 57 kv.m olan köməkçi otaqlardan, həyətində (11,5x1,9) hamam, tualet, anbar, mətbəx tikilişdən ibarət olan 995,7kv.m torpaq sahəsində yerləşmişdir. Əlavə edilmiş 295,7 kv.m. torpaq sahəsi orada yaşayan ailənin mənzil şəraitinin yaxşılaşdırılmasına xidmət edir, abadlaşdırılıb, həyatyanı sahəyə qatılıb, daş hasarla hörülüb, rəsmiləşdirilməsi məqsədə uyğun hesab edilib. Qeyd olunanları, həmçinin TİB-nun Vətəndaşlara şəxsi mülkiyyət hüquqi ilə məxsuss olan yaşayış evlərinin ilkin hüquqi qeydiyyata alınması haqqında təlimatına BŞİK-nin 18.09. 87- ci il tarixli 19/338 nömrəli qərarına əsaslanaraq sərəncam verərək, X6 1998-ci il tarixdə tikilmiş 7000 kv.m, torpaq sahəsində yerləşmiş, sahəsi 83,5kv.m. olan 4 yaşayış otaqlardan, sahəsi 57 kv.m olan köməkçi otaqlardan, həyatyanı təsərrüfat tikililərindən ibarət Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi, “4”a nömrəli yaşayış evinin mülkiyyətçisi müəyyən edilmişdir. Əlavə olunmuş 295,7 kv.m. torpaq sahəsi, X6 oğlunun istifadəsində saxlanılmış və həmin mülk 995,7 kv.m torpaq sahəsində yerləşmiş hesab edilmişdir. Tİ və MHQ-ın idarəsinə həmin evin texniki posportunun tərtib olunmasına və ilkin hüquqi qeydiyyata alınmasına icazə verilmişdir. Həmin torpaq sahəsi, uzun illərdir mənim mülkiyyətimdədir, texniki posportu mənim adımadır və həmin evdə yaşayıram. Həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınması və bu barədə reyesterdən çıxarışın texniki pasportun verilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin, ona imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş 3cü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmişdir. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi iddiaçının müraciətini təmin etməkdən imtina edərək 27.11.2019cu il tarixli məktubla bildirmişdir ki, sözügedən əlavə torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-cı maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin əmlakla bağlı Yasamal rayonu Məhkəməsinin 2(004)-471/2017 saylı bildiriş daxıl olmuş, lakin qanuni qüvvəyə minmiş yekun qərarı idarəyə daxil olmamışdır və bununla yanaşı fərdi yaşayış evi ipoteka ilə Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə yüklüdür. Bu səbələrbdən ərizənizin icrası mümkün olmamışdır. İş materiallarından görünür ki, X6 ilə İddiaçı arasında 06.09.2002-ci il tarixdə bağlanılmış Müqaviləyə əsasən M.S.Əliyev Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, 4048/60-cı kvartalında yerləşən ona məxsus 700 kv.m torpaq sahəsini İddiaçı satmışdır. İş materiallarından görünür ki, AN-İ ******* nömrəli 02.06.2005-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X6 ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evini İddiaçı satmışdır. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 17.04.2007-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsində mülkiyyətdə olan 0.07 ha torpaq sahəsində yerləşən “4”a nömrəli fərdi yaşayış evi İddiaçı adına qeydiyyatdan keçmişdir. İddia tələbindən görünür ki, iddiaçı Bakı şəhər, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi, “4”a nömrəli yaşayış evinin həyatyanı sahəsində yerləşən ayrıca daş hasarda olan 295,7 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə ona çıxarışın və texniki sənədlərin verilməsini tələb edir. İddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı rayon icra hakimiyyətinin başçısının 12 aprel 1999-cu il tarixli 769 nömrəli sərəncamına əsasən əlavə olunmuş 295,7 kv.m. torpaq sahəsi, X2 istifadəsində saxlanılmış və həmin mülk 995,7 kv.m torpaq sahəsində yerləşmiş hesab edilmişdir. Həmin torpaq sahəsi uzun illərdir iddiaçının mülkiyyətindədir, texniki posportu onun adınadır. Bununla bağlı məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən alqı-satqı müqaviləsinə əsasən X6 995,7 kv.m deyil, 700 kv.m torpaq sahəsini İddiaçı satmışdır. Həmçinin, məhkəmə iddiaçının istinad etdiyi texniki pasportla bağlı qeyd edir ki, həmin texniki pasport İddiaçı adına 15.07.2005-ci il tarixdə qeydiyyatdan keçmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndində üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) göstərilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, mübahisə predmeti olan Bakı şəhər, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi, “4”a nömrəli yaşayış evinin həyatyanı sahəsində yerləşən ayrıca daş hasarda olan 295,7 kv.m. torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən iddiaçının adına texniki pasport 2005-ci ildə tərtib olunduğundan, cavabdehin imtinası qanuna zidd və hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs Bank “VTB (Azərbaycan)” ASC) Bakı şəhər, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi, “4”a nömrəli yaşayış evinin həyatyanı sahəsində yerləşən ayrıca daş hasarda olan 295,7 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə iddiaçıya çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar