Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8010/2024 21.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn məxsusluğuna dair arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı ünvan 1 ünvanında yerləşən 20 kv.metr qaraj-qeyri-yaşayış sahəsinin plan-ölçüsünün və texniki pasportunun X2 adına verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 20 kv.m qarajqeyri-yaşayış sahəsi alqı-satqı müqaviləsinə əsasən X1 tərəfindən alınmışdır. X1 xx.xx.2010-cu ildə rəhmətə getmişdir. Qeyd olunan qaraj-qeyri-yaşayış sahəsinin satıcı məxsus sənədlərinin anasının adına rəsmiləşdirilməsi və texniki pasport verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsini saylı Bakı Ərazi İdarəsinə müraciət edərək qaraj-qeyri-yaşayış sahəsinin texniki pasportununverilməsini xahiş etsə də, müraciətimiz İdarənin məktubu ilə təmin edilməmişdir. Bildirmək istəyir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin məktubu tamamilə əsassız və qanunsuz olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2024-cü il tarixli, ********** daxilolma nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024- cü il tarixli, **********60 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan qeyri-yaşayış binasının (qaraj) iddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.9.2-ci və ya 8.0.10.1-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin xx.xx.1995-ci il tarixli notariat qaydasında təsdiq edilmiş bağışlanma müqaviləsi qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146-cı maddəsinə əsasən Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Bundan əlavə elektron kadastr məlumatlarına əsasən qeyri-yaşayış binasının əksər hissəsi su xəttinin mühafizə zonasında yerləşir. xx.xx.2023-cü il tarixdə idarənin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işləri aparılması məqsədilə ünvanda olan zaman məlum olmuşdur ki, qarajın ümumi sahəsi texniki pasportda 16,6 kv.metr qeyd olunsa da faktiki 19.4 kv.metr təşkil edir və texniki pasportda qeyd olunan baş planda istinad və məsafələr göstərilmədiyi üçün həmin qaraja aid olmasını müəyyən etmək mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısının, mühafizə rejimi və təhlükəsizliyi üzrə Təsnifatı”nın, “Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydaları”nın və “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında xx.xx.2003-cü il tarixli 109 saylı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən mühafizə zonaları müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli iclasda iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək ünvan 1 ünvanında yerləşən 19.4 kv.m ölçüdə qaraja hüququn X3 məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 9 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 1884 nömrəli məktubunda bildirilmişdir ki, Miras əmlakın üzərində (ünvan 2 ünvanda yerləşən sahəsi 20 kv.m. olan daş qaraj)miras qoyan X2 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə və “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında” Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş Texniki pasportu və üzərində hər-hansı məhdudiyyətin, həbsin və s. olub-olmamasına dair məlumatı (forma 1) sorğunu təqdim edən İddiaçı vasitəsi ilə verilməsini təmin edilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 3165/6-13-S-11-6/24 nömrəli məktubunda bildirilmişdir ki, 3 saylı dövlət notariat ofisində 23 iyun 1995-ci il tarixdə 3M-3- 202 reyestr nömrəsi ilə təsdiq edilmiş 1995-ci il tarixli bağışlanma müqaviləsinə əsasən X7 ünvan 3 ünvanda yerləşən sahəsi 20 kv.m. olan daş qarajı X3 bağışlamışdır. Qeyd olunan müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. -xx.xx.1995-ci il tarixdə tərtib edilmiş Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportuna əsasən ünvan 3 ünvanında yerləşən qaraj X5 adınadır. Torpaq sahəsi üzrə eksplikasiyasına əsasən qarajın yerləşdiyi torpaq sahəsi 20.0 kv.m, tikinti altında 20.0 kv.m, tikintilərin və qurğuların xarakteristikalarına əsasən qaraj 1984-cü il tarixdə tikilmiş, bünövrəsi daş, divarlar kub, dam örtüyü beton, sahəsi 20.0 kv.m, həcmi 56.0 kub m, sələrin xarakteriskalarına əsasən otaqın sayı 1, ümumi sahəsi 16.60 kv.m, o cümlədən köməkçi sahəsi 16.60 kv.m təşkil edir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 Saylı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********95 nömrəli məktubu ilə göndərilmiş xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın Texniki Vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən əmlakın sahəsi hüquqmüəyyənedici sənəd üzrə 16.6 kv.m, tikintialtı sahəsi 20.0 kv.m, faktiki isə 19.4 kv.m-dir. İş materiallarına əlavə edilmiş 29 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfinən tərtib edilmiş Nərimanov rayonu, M.T.Uluqbəy küçəsi 125b, mənzil 24-də yaşayan İddiaçı (keçmiş X3 məxsus daş qarajın sxemindən görünür ki, 3 tərəfi qonşu qaraj, iki tərəfi yol olub, sahəsi 19.4 kv.m təşkil edir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 Saylı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********30 nömrəli məktubunda bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən qarajın qərb tərəfindən 50 mm-lik yerüstü orta təzyiqli qaz xətti keçir. Həmçinin qarajın yan hissəsi su xəttinin mühafizə zolağında yerləşir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, **********60 nömrəli məktubda bildrilmişdir ki, texniki pasportda əsasən qarajın ümumi sahə 16.6 kv.m göstərilsə də, faktiki 19.4 kv.m təşkil edir. Həmçinin qeyri-yaşayış binasının (qaraj) texniki pasportunun baş planında istinadlar və məsafələr qeyd olunmadığından texniki pasportun bu qaraja aid olubolmamasını təyin etmək mümkün tərəfimizdən mümkün olmamışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir. Sadalanan normalardan müəyyən olunur ki, daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən vərəsənin müraciəti əsasında əmlak üzərində hüquq sahibi olan şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etmədən öldüyü halda verilir. Dolayısı ilə müvafiq arayışın verilməsi üçün ilk növbədə vəfat etmiş şəxsin müvafiq əşya üzərində qanun, müqavilə və s. əsasında əmələ gəlmiş əmlak hüquqları (mülkiyyət, sahiblik, istifadə, məhdud əşya hüquqları və s.) mövcud olmalıdır. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçı mərhum X2 vərəsəsi olmaqla ünvan 3 ünvanda yerləşən sahəsi 20 kv.m. olan daş qaraja dair hüququn mərhum dair texniki pasportun verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təminindən imtina etmişdir. Cavabdehin imtina və etirazının dəlilləri aşağıdakılardan ibarət olmuşdur: -“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.9.2-ci və ya 8.0.10.1-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. -xx.xx.1995-ci il tarixli notariat qaydasında təsdiq edilmiş bağışlanma müqaviləsi qanunvericiliyin tələblərinə uyğun deyil. -elektron kadastr məlumatlarına əsasən qeyri-yaşayış binasının əksər hissəsi su xəttinin mühafizə zonasında yerləşir. -qarajın ümumi sahəsi texniki pasportda 16,6 kv.metr qeyd olunsa da faktiki 19.4 kv.metr təşkil edir və texniki pasportda qeyd olunan baş planda istinad və məsafələr göstərilmədiyi üçün həmin qaraja aid olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə cavabdehin qeyd edilən dəlilinin hazırkı iddianın təminini istisna edən şərt kimi qiymətləndirmir. Belə ki, işin hallarından görünür ki, ünvan 3 ünvanda yerləşən sahəsi 20 kv.m. olan daş qaraj 23 iyun 1995-ci il tarixli bağışlama müqaviləsinə əsasən X7 tərəfindən X3 bağışlanmışdır. Məhkəmə cavabdehin bağışlanma müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olmadığını, əmlak qeydiyyata alınmadığından qeydə alınmamış əmlaka dair notarial müqavilənin etibarsız olması dəlili ilə razılaşmır. Əvvəla, sözügedən müqavilə 3 saylı dövlət notariat ofisində 23 iyun 1995-ci il tarixdə 3M-3-202 reyestr nömrəsi ilə təsdiq edilmiş və həmin müqavilənin notariat işi saxlanması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə təhvil verilmişdir. Müqavilə ilə ötürülən əmlak daş qarajdır və həmin qaraja dair hüquqmüəyyənedici sənəd X5 adına verilmiş xx.xx.1995-ci il tarixdə tərtib edilmiş texniki pasportu notariat işinə əlavə edilmişdir. Həmin texniki pasport Bakı Texniki İnventarlaşdırma Bürosu tərəfindən tərtib edilməklə təsdiq edilmişdir. Göründüyü kimi iddia olunan qaraj ilkin mülkiyyətçi X5 adına qeydiyyatda olmuş, onun adına qarajlar üçün hüquqmüəyyənedici sənəd hesab edilən texniki pasport tərdib edilmiş və sonuncu həmin texniki pasportla ona məxsus olan qarajı notarial qaydada təsdiq edilmiş müqavilə əsasənda X2 mülkiyyətinə ötürmüşdür. Müqavilənin tərəflərin iradəsi ilə dəyişdirilməsi və ya ləğv edilməsi və ya bağışlanma müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun olmaması əsası ilə etibarsız sayılmasına dair məhkəmə qətnaməsi mövcud deyildir. Qarajın su xəttinin mühafizə zonasında yerləşməsi, texniki pasportda sahəsinin 16,6 kv.metr, faktiki 19.4 kv.metr təşkil etməsi, texniki pasportun həmin qaraja aid olmasını müəyyən etməyin mümkün olmaması dəlillərinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, qeyd edildiyi kimi sözügedən qaraj yeni tikili deyildir, qaraj bir dəfə X5 adına hələ 1995-ci ildə qeydiyyatda olmasına dair texniki pasport tərtib edilmiş və ilkin qeydiyyat zamanı qarajın hər hansı mühafizə zonasında yerləşməsinə dair qeydiyyat orqanı tərəfindən hər hansı imtina dəlili irəli sürülməmişdir. Digər tərəfdən qarajın yerləşdiyi ərazinin MKİS qarajın X3 məxsus olmaqla yerləşmə sxemini təsdiq etmişdir. Təqdim edilən hüquqmüəyyənedici sənədlərdə-bağışlama müqaviləsində qarajın ölçüsü 20 kv.m, texniki pasportda qarajın yerləşdiyi torpaq sahəsi 20.0 kv.m, tikinti altında 20.0 kv.m, tikintilərin və qurğuların xarakteristikaları hissəsində sahəsinin 20.0 kv.m və qarajın yerləşdiyi yerin planında eni və uzunluğu- perimetr ölçüləri 500x400 olaraq göstərilmişdir. Hazırkı halda cavabdehin mütəxəssisləri tərəfindən keçirilmiş yerli müayinə zamanı, eləcə də MKİS-nin tərtib etdiyi cizgidə də qarajın sahəsi 19.4 kv.m olduğu müəyyən olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hüquqmüəyyənedici sənəd üzrə ölçülərdən kənara çıxmayan və faktiki istifadəsində olan 19.4 kv.m ölçüdə qaraja dair məxsusluq arayışının təqdim edilməsini tələb etməkdə haqlıdır. Cavabdeh təqdim edilən hüquqmüəyyənedici sənədlərin iddiaçı tərəfindən naturada göstərilən qaraja aid olmadığı ilə bağlı müvafiq təsdiqedici sübutu məhkəməyə təqdim etməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İddiaçı texniki pasportun verilməsini tələb etdiyi qaraja dair əvvəlki sahibin adına olan texniki pasport və bağışlama müqaviləsi kimi hüquqmüəyyənedici sənədləri təqdim etmişdir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 1 ünvanında yerləşən 19.4 kv.m ölçüdə qaraja mülkiyyət hüququnun X3 məxsus olmasına dair arayışın verilməsi vəzifəsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən 19.4 kv.m ölçüdə qaraja mülkiyyət hüququnun X3 məxsus olmasına dair arayışın verilməsi vəzifəsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-8010/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8010/2024
21.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver