Məhkəmə qərarları › İş №2-1(112)-8013/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8013/2022

12.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8013/2022 12.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə (üçüncü şəxs: X2) qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hal-hazırda həmin ünvanda yaşayır. Buna baxmayaraq yaşadığı evin icarədarı, yəni onun qardaşı iddiaçını həmin ünvana qeydiyyata almaqdan imtina edir. İddiaçı yaşayış yeri üzrə qeydiyyata alınması məqsədi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırki iş üzrə X1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs, onun nümayəndəsi və vəkili iddia tələbinin rədd edilməsini xahiş etdilər. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi (1) icarə və kirayə müqaviləsi (2) üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla (3) daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür; Qanunun 5-ci maddəsinin 1-ci və 2-ci abzasına əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qanunun 8-ci maddəsinin 1-ci bəndinə əsasən bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə, müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdurlar: -yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd (1); -yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi (2); -yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər (3). Lakin eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Sadalanmış maddələrin təhlili nəticəsində müəyyən olunur ki, qanunvericilik şəxsin qeydiyyatının aparılmasını konkret olaraq şərtləndirmişdir ki, bu zaman dəyərləndirmə məhz yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olması və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olması istiqamətində aparılır. Hazırki işin araşdırılmış hallarından məlum olur ki, mübahisə predmetini təşkil edən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak üzərində İddiaçı hər hansı bir hüququ, yəni mülkiyyət, icarə və ya istifadə hüququ əmələ gəlməmişdir. Başqa sözlə desək, iddiaçı sözügedən əmlaka qeydiyyata alınması üçün hər hansı üç hüquqdan birinə (mülkiyyə, icarə, istifadə), yəni qanunvericilikdə nəzərdə tutulmuş sənədlərdən (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) yalnız birinə malik olmalı olduğu halda, iddiaçının həmin hüquqlarının olması və ya hüquqlarını təsdiq edən hüquqmüəyyənedici sənədlərin mövcudluğu müəyyən edilməmişdir. Bundan başqa iddiaçının həmin yaşayış sahəsinə dair istifadə hüququnun olmaması mülki məhkəmə qətnaması ilə təsdiq olunmuşdur. Belə ki, iddiaçı və üçüncü şəxs arasında gedən mülki mübahisə zamanı İddiaçı Adıl qızının ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə dair istifadə hüququnun olmaması, iddiaçının üçüncü şəxsin sahibliyində olan yaşayış sahəsində daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi müəyyən olunmuş, bununla da İddiaçı “yaşayış sahəsinə dair istifadə hüququnun tanınması” barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Sözügedn məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 7997/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Beləliklə, Məhkəmə hesab edir ki, iddiaçının iddia etdiyi yaşayış sahəsinə qeydiyyata alınması üçün o, hər hansı üç hüquqdan birinə (mülkiyyə, icarə, istifadə), yəni qanunvericilikdə nəzərdə tutulmuş sənədlərdən birinə malik olmadığından, həmçinin onun yaşayış sahəsinə dair istifadə hüququnun olmaması məhkəmə qətnaməsi ilə təsdiq edildiyindən, iddiaçının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsində nəzərədə tutulmuş “yaşayış sahəsinə köçmək üçün sənəd” əsasında qeydiyyata alınması mümkün deyildir. Məhkəmə həmin Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” əsasında qeydiyyatının aparılması ilə bağlı bildirir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi dövlət reyestrində qeydiyyata alınmasa da, iddiaçının adı çəkilən ünvanda yerləşən daşınmaz əmlaka qeydiyyata alınması yalnız üçüncü şəxsin razılığı olduğu təqdirdə mümkündür. Belə ki, iddiaçı ilə üçüncü şəxs arasında gedən məhkəmə çəkişmələri bilavasitə üçüncü şəxs X1 xeyrinə yekunlaşmışdır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)- 262/2021 saylı, xx.xx.2021-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 7997/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamələrdən görünür ki, həm birinci instansiya məhkəməsi, həmçinin apellyasiya instansiya məhkəməsi İddiaçı mübahisəli yaşayış sahəsini tərk etdikdən sonra həmin yaşayış sahəsinin “Azərneftyağ” İB-nin qərarı əsasında X1 adına keçməsini, hazırda onunla kirayə müqaviləsinin bağlanılmasını və hazırda üçüncü şəxsin istifadəsində olmasını təsdiq etmişdirlər. Bunun əsasında da məhkəmələr İddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini zəbt etməsi əsası ilə çıxarılmasına qərar vermişdirlər. Göründüyü kimi mübahisəli yaşayış sahəsinə dair üçüncü şəxsin mülkiyyət hüquqları qeydiyyata alınmasa da, onun həmin əmlaka dair “legitim gözləntisi”nin olması istisna olunmur. Belə olan halda, iddiaçının yaşayış sahəsinə qeydiyyata alınması yalnız üçüncü şəxsin razılığı ilə mümkündür. Hazırki məhkəmə icraatına cəlb olunmuş X2 isə iddiaçının yaşayış sahəsinə qeydiyyata alınmasına etiraz etdiyindən, iddiaçının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsində nəzərədə tutulan “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” əsasında qeydiyyata alınması şərti də aradan qalxmışdır. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə görə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığı halda, şəxsin əmlaka qeydiyyata alınması mümkün deyildir. (Ali Məhkəmənin 2-1(102)-53/2020 saylı qərarı, Apellyasiya Məhkəməsinin 2-1(103)-348//2021 və 2-1(103)-1237/2021 saylı qərarları) Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə, həmçinin izah edir ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Bununla bağlı, iddiaçıya cavabdehin yerləşdiyi inzibati binaya qeydiyyata alınması ilə bağlı həmin inzibati orqana müraciət etmək hüququ, müraciət təmin edilmədiyi təqdirdə isə cavabdehin yerləşdiyi inzibati binaya qeydiyyata alınmasından imtina ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququna malik olduğu izah edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar