Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8016/2023 01.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının qeydə alınmaqla buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportin verilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsinə 1-ci paralel küçədə yerləşən qeyri-yaşayış binası üzərində hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, əmlaka dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ünvan 3nə 1-ci paralel küçədə inşa edilmiş iki zirzəmili, beş mərtəbəli və mansardlı qeyri-yaşayış binası üzərində onun xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmasını və buna dair Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3nə 1-ci paralel küçədə yerləşən qeyri-yaşayış binası qanunvericiliyin tələblərinə uyğun olaraq inşa edilmiş, müvafiq sənədlərlə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuş, lakin sonuncu tərəfindən əmlaka dair mülkiyyət hüququnun qydiyyata alınmasından və çıxarış verilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, qeyd edilən qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət, icarə və istifadə hüququnu təsdiq edən sənəd təqdim edilməmiş və tikintiyə icazə verilməsi barədə qərar Bakı şəhər İcra Hakimiyyəti, istismara icazə sənədi isə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilməmişdir. Bundan əlavə torpaq sahəsi dövlət mülkiyyətindədir. Tikilinin faktiki vəziyyəti Bakı şəhər İcra Hakimiyyəti tərəfindən razılaşdırılmış eskiz layihəyə uyğun deyildir. Hesab edir ki, imtina əsassızdır və ona görə də iddia tələbi təmin olunmalıdır. Belə ki, hazırki halda cavabdeh inzibati orqan tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş halların hansına istinad etdiyi aydın deyildir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, müraciət etdiyi qeyri-yaşayış sahəsi üzərində hüquqlarının qeydə alınması üçün əsaslar (sənədlər) mövcuddur. Cavabdeh təşkilatın istinad etdiyi hallar hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina üçün əsas deyildir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazında göstərilmişdir ki, iddiaçının müvafiq tələblə bağlı müraciətləri xx.xx.2021 və xx.xx.2022-ci il tarixlərində 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmuşdur. Sərəncamın icrası ilə bağlı aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, qeyd edilən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət, icarə və istifadə hüququnu təsdiq edən sənəd təqdim edilməmiş və tikintiyə icazə verilməsi barədə qərar Bakı şəhər İcra Hakimiyyəti, istismara icazə sənədi isə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilməmişdir. Bundan əlavə, torpaq sahəsi dövlət mülkiyyətindədir. Tikilinin faktiki vəziyyəti Bakı şəhər İcra Hakimiyyəti tərəfindən razılaşdırılmış eskiz layihəyə uyğun deyil. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu brədə iddiaçıya **********58 saylı, xx.xx.2021-ci il tarixli və **********071 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubları ünvanlanmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №li Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddia İPM-nin (iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması) tələblərinə uyğun olaraq ümumi mümkünlük şərtləri təmin olunmaqla verilmişdir. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı qeyri-yaşayış sahəsinə dair hüquqlarının qeydə alınması ilə bağlı cavabdeh inzibati orqana rəsmi qaydada müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab etmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. İşin halları. İş materiallarında olan: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 24 iyun 2016-cı il tarixdə müddətsiz verilmiş 089887 №-li Lisenziyanın surətindən müəyyən olunur ki, "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsini həyata keçirməyə icazə verilmişdir. "xxxx" MMC tərəfindən ünvan 3nə 1-ci paraleldə yerləşən İddiaçı məxsus qeyriyaşayış binasına dair 2016 və 2017-ci illərdə tərtib olunmuş eskiz layihələrin notarial qaydada təsdiq olunmuş surətlərindən müəyyən olunur ki, həmin layihələr müvafiq olaraq Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 18/03-8/1457 nömrə ilə xx.xx.2017-ci il tarixdə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən razılaşdırılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısına ünvanlanmış 18/03-8/1457 №li xx.xx.2017-ci il tarixli məktubda qeyd olunmuşdur ki, daxil olmuş Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, F-3-149 saylı razılıq məktubu nəzərə alınmaqla, İddiaçı Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsinə İ paralel küçədə ofis və ticarət binasının tikintisi ilə əlaqədar təqdim olunmuş memarlıq-planlaşdırmasının həlli layihəsi ("xxxx" MMC-nin işi, memar E.Ağayev) razılaşdırılmışdır. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 276 №li sərəncamının təsdq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı Teymur Əliyev küçəsi ilə Əhməd Rəcəbli küçəsinə İ paralel küçədə öz vəsaiti hesabına, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış (xx.xx.2017-ci il tarixli, 18/03-8/1457 qeydiyyat nömrəsi) layihəyə uyğun ofis və ticarət binasının tikintisinə icazə verilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən istifadəyə (icarəyə) verilən torpaq sahəsinin 08/17 №li Ayrıc aktının surətindən müəyyən olunur ki, qeyd olunan Akt Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 276 saylı sərəncamı ilə Nərimanov rayonu, Ə.Rəcəbli küçəsinə İ paralel ünvanda, İddiaçı ofis və tifecarət binasının tikintisinin layihələndirilməsi məqsədilə cizgidə göstərilən sərhədlər daxilində 0,025 hektar torpaq sahəsinin ayrılması ilə bağlı verilmişdir. Bu barədə xx.xx.2017-ci il tarixdə Ayrıc aktlarının qeydiyyat kitabında 08/17 sayla qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X3 X1 Ekspertizası Baş İdarəsinin xx/xx-01871 №li xx.xx.2018-ci il tarixli məktubu ilə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə göndərilmiş xx.xx.2018-ci il tarixli 26046 №li rəyində (surəti) göstərilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsinə 1-ci pararlel küçədə ofis və ticarət binasının “Azərdövlətlayihə” DBLİ tərəfindən işlənmiş Şəhərsalma əsaslandırılması layihəsi Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2017-ci il tarixli 18/03-8/1177 nömrəli məktubu ilə razılaşdırılmışdır. Layihənin konstruksiya bölməsini razılaşdırmaq olar. Hesabi sxem, yüklər, deformativ göstəricilər Tikinti Norma və Qaydaları, o cümlədən AzDTN 2.3-1-in tələblərini ödəyir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 111 nömrəli sərəncamı əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (“İcarəyəverən”) ilə İddiaçı (“İcarəçi”) arasında 18 may 2023-cü il tarixdə bağlanmış “Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə” 5234 №li müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, “İcarəyə verən”in icarəyə verdiyi ünvan 3 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 260,0 kv. metr torpaq sahəsi “İcarəçi” tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilmişdir (bənd 1.1). Bu müqavilə ilə icarə müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək müəyyən edilmişdir (bənd 4.1). Müqavilənin müddəti qurtardıqdan sonra icarəçi torpaq sahəsini istifadə etdiyini nəzərə alaraq, o müqavilə nəzərdə tutulmuş eyni müddət üçün uzadılmış hesab edilir (“İcarəyə verən”in etirazı olmadıqda). İddiaçının hazırkı tələblə bağlı müraciətinə cavab olaraq DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********71 №li xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, qeyd edilən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət, icarə və istifadə hüququnu təsdiq edən sənəd təqdim edilməmiş və tikintiyə icazə verilməsi barədə qərar Bakı şəhər İcra Hakimiyyəti, istismara icazə sənədi isə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilməmişdir. Bundan əlavə, torpaq sahəsi dövlət mülkiyyətindədir.Tikilinin faktiki vəziyyəti Bakı şəhər İcra Hakimiyyəti tərəfindən razılaşdırılmış eskiz layihəyə uyğun deyil. Tətbiq olunan hüquq. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (maddə 2.2). Həmin Qanunun 4-cü maddəsinə əsasən: 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 4.3. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu Qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu Qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Həmin Qanunun 5-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Həmin Qanunun 8.0.9.2-ci və 8.0.10.1-ci maddələrinə əsasən müvafiq olaraq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair- çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair-tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 58.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: - 74.1-ci maddəsinə görə bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. - 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. “Əsasnamə”nin 3.0.11 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. Məhkəmənin mövqeyi. Məhkəmə iş materiallarını araşdıraraq və mövcud qanunvericiliyi təhlil edərək, həmçinin iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından da göründüyü kimi mübahisəli daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanuni əsaslarla iddiaçının icarəsinə verilmişdir. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən iddiaçıya təsdiq olunmuş layihəyə uyğun həmin torpaq sahəsində qeyri - yaşayış obyektinin tikintisinə icazə verilmiş və İddiaçının qeyd olunan torpaq sahəsində inşa etdirdiyi qeyri - yaşayış sahəsi müvafiq orqanlar tərəfindən istismara yararlı hesab olunmuşdur. Hazırda iddiaçı qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq yeni inşa edilmiş daşınmaz əmlaka (qeyri - yaşayış sahəsi) dair mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmasını tələb edir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış imtina bildirişində qeyd olunan (qeyd edilən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət, icarə və istifadə hüququnu təsdiq edən sənəd təqdim edilməmiş və tikintiyə icazə verilməsi barədə qərar Bakı şəhər İcra Hakimiyyəti, istismara icazə sənədi isə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilməmişdir. Bundan əlavə, torpaq sahəsi dövlət mülkiyyətindədir. Tikilinin faktiki vəziyyəti Bakı şəhər İcra Hakimiyyəti tərəfindən razılaşdırılmış eskiz layihəyə uyğun deyil) dəlillərə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müvafiq olaraq yuxarıda qeyd olunan işin faktiki halları və qanunvericiliyin tələblərinə görə qeyd olunan səbəblər hazırki iddianın təmin olunmaması üçün əsas hesab oluna bilməz. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə həmin Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş qanuni əsaslar mövcud deyildir və cavabdeh inzibati orqan tərəfindən iddiaçının bu barədə müraciətindən imtina olunarkən qanunvericiliyin tələbləri pozulmuşdur. Halbu ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, ünvan 3nə 1-ci paralel küçədə inşa edilmiş iki zirzəmili, beş mərtəbəli və mansardlı qeyri-yaşayış binası üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidr. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 3nə 1-ci paralel küçədə inşa edilmiş iki zirzəmili, beş mərtəbəli və mansardlı qeyri-yaşayış binası üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və buna dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-8016/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8016/2023
01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver