Məhkəmə qərarları › İş №2-1(112)-8017/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8017/2022

28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8017/2022 28.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya fərqinin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2006-cı il tarixindən xx.xx.2015-ci il tarixinədək olan müddət üçün pensiya fərqinin xx.xx.2018-ci il tarixədək DSMF-nin Səbail rayon şöbəsindən ikinci qrup əlilliyə görə aldığı əmək pesiyası ilə AR ƏƏSMN yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdən hərbi qulluqçu kimi ikinci qrup əlilliyə görə aldığı pensiya arasındakı fərqin hesablanaraq ona ödənilməsi vəzifəsinin AR ƏƏSMN yanında Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı AR Silahlı Qüvvələrində hərbi xidmət dövrü aldığı yaralanma (travma) nəticəsində sağlamlığını itirmiş və ona xx.xx.1994-cü il tarixindən 2-ci dərəcəli ömürlük əlillik qrupu təyin edilmişdir. O, xx.xx.1994-cü il tarixindən xx.xx.2018-ci il tarixinədək DSMF-nın Səbail rayon şöbəsindən əmək pensiyası almışdır. xx.xx.2018-ci il tarixindən isə ona 2-ci dərəcəli əlilliyə görə AR Müdafiə Nazirliyinin xətti ilə hərbi qulluqçu kimi pensiya təmin olunmuş, DSMF-nın Səbail rayon şöbəsi tərəfindən ödənilən pensiya isə dayandırılmışdır. Bu zaman DSMF-nın Səbail rayon şöbəsindən aldığı pensiya ilə ona hərbi qulluqçu kimi təyin olunmuş pensiya arasında üç illik fərqin (xx.xx.2015-xx.xx.2018) cavabdeh tərəfindən hesablanaraq iddiaçıya ödənilməsi qərara alınmışdır. Hesab edir ki, ona təkcə axırıncı üç ilinki yox, xx.xx.2006-cı il tarixindən xx.xx.2015-ci il tarixinədək olan müddət üçün pensiya fərqi hesablanaraq ödənilməlidir. xx.xx.2006-cı il tarixindən xx.xx.2015-ci il tarixinədək olan müddət üçün pensiya fərqinin hesablanaraq iddiaçıya ödənilməsi xahişi ilə o, xx.xx.2022ci il tarixində ərizə ilə cavabdehə müraciət etmişdir. Müraciəti nəticəsiz qalmışdır. AR ƏƏSMN-nin tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ona cavab verilmişdir ki, əmək pensiyanız üzrə keçmiş üç il üçün hesablanmış 4459,68 manat fərq məbləği 2019-cu ilin sentyabr ayından etibarən “Əmək pensiyaları haqqında” AR Qanununun 32.1-1-ci maddəsinə əsasən olan dövrdəki ayların sayına bölünməklə hissə-hissə (hər ay 123.88 manat) pensiyanızın üzərinə əlavə olunmaqla müvafiq kart hesabınıza köçürülür. Hesab edir ki, onun əlilliyə görə hərbi qulluqçu kimi əmək pensiyası almaq hüququ xx.xx.2006-cı il tarixindən yaranmışdır. “Əmək pensiyaları haqqında” AR Qanununun xx.xx.2017-ci il tarixə qədər olan redaksiyasında əmək pensiyası hüququ olan şəxslərin əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan əmək pensiyasının təyin olunması hüququ nəzərdə tutulmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” AR Qanununun 37.7-ci maddəsində göstərilmişdir ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı 22 iyul 2019-cu il tarixində Mərkəzi Filiala hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin olunması üçün müraciət etmişdir. Mərkəzi Filialın sorğusuna əsasən Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinin 15 avqust 2019-cu il tarixli **********3 nömrəli məktubunda əmək pensiyasının 31 avqust 2019-cu il tarixinədək ödənildiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Mərkəzi Filiala təqdim olunmuş 27 may 2019-cu il tarixli MN-12021 nömrəli məlumat vərəqəsinə uyğun olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə əsasən ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlilliyə görə pensiya təyin edilmiş, eyni zamanda keçmiş üç il müddət üçün hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən iddiaçının əmək pensiyası üzrə keçmiş üç il müddət üçün hesablanmış 4459,68 manat fərq məbləği 2019-cu ilin sentyabr ayından etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən ötən dövrdəki ayların sayına bölünməklə hissə-hissə (hər ay 123,88 manat) pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. Əlavə olaraq bildirilir ki, 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi-47,28 manat maddi yardım ödənilir. Qeyd olunanları nəzərə alaraq İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının təmin edilməməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üçün ödənilmiş pensiya ilə hərbi qulluqçu kimi İİ dərəcə əlilliyə görə təyin edilmiş pensiya arasındakı fərqin hesablanaraq ödənilməsi vəzifəsinin AR ƏƏSMN yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tərəf iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1957-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhər Yasamal rayon həkim-əmək ekspert komissiyasının VTEK- 9 seriyalı, 091566 nömrəli arayışına əsasən 1957-ci il təvəllüdlü İddiaçı xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublikası müdafiəsi zamanı alınmağı səbəbilə müayinə nəticəsində ikinci qrup əlillik müəyyən edilmişdir. Növbəti müayinə tarixi xx.xx.1996-cı il. Əmək qabiliyyətsizdir qərara alınmışdır. Əsas: 1035 saylı, xx.xx.1995-ci il tarixli müayinə aktı. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası 1 nömrəli zonanın 495281 nömrəli arayışına əsasən 1957-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası müdafiəsi zamanı alınmağı səbəbilə təkrar müayinə nəticəsində müddətsiz 2 (ikinci) qrup əlillik müəyyən edilmişdir. Əməyə qadir deyil qərara alınmışdır. Əsas: 583 saylı, xx.xx.2002-ci il tarixli müayinə aktı. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən İddiaçı əlillik vəziyyəti xx.xx.2002-ci il tarixdə qiymətləndirilmiş və “diaqnoz: keçirilmiş kəllə-beyin travması nəticəsi, baş beynin travmatik xəstəliyi qabarıq asteno-nevrotik sindrom; əmək zəmanəti: əməyə qadir deyil; əlilliyin səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” səbəbi ilə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2019-cu il tarixli, 581 nömrəli məktubu ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə Müdafiə Nazirliyi xətti ilə pensiya təyin olunması üçün İddiaçı sənədlərindən görünür ki: - Müdafiə Nazirliyinin DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ünvanladığı xx.xx.2019-cu il tarixli 581 nömrəli məktubunda Müdafiə Nazirliyinin xətti ilə pensiya təyin olunması üçün (MN 12021) İddiaçı sənədləri göndərilmişdir. - Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan Müdafiə Nazirliyinin MN-12021 nömrəli məlumat vərəqinə əsasən MAHHX əsgəri İddiaçı xx.xx.1992-ci il tarixdə “Hərbi xidmət haqqında” AR Qanununun 18-ci maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən tərxis olunmuşdur. Təqvimi xidmət illəri 02 il 03 ay 04 gün. Vəzifə maaşı 325,00 manat, rütbə maaşı 80,00 manat, ərzaq payı əvəzinə kompensasiya 64,00 manat, cəmi pul təminatı 469 manatdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2019-cu il tarixli **********9 nömrəli qərarına əsasən Müdafiə Nazirliyi tərəfindən təqdim edilən məlumat vərəqi əsasında İddiaçı xx.xx.2019-cu il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası müdafiəsi səbəbilə müddətsiz 80 faiz, İİ qrup əlilliyə görə 375,20 manat məbləğində əmək pensiyası təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2019-cu il tarixli qərarına əsasən İddiaçı ötən dövrlər üzrə təyin olunmuş əlilliyə görə əmək pensiyası məbləği: xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək 351,20 manat, xx.xx.2018-ci il tarixdən müddətsiz olaraq 375,20 manat hesablanmışdır. Ötən dövrlər üzrə alınmamış pensiya məbləği: xx.xx.2016xx.xx.2019-cu il tarixədək 123.88 manat, xx.xx.2019-cu il tarixdən 375,20 manat təşkil edir. - İddiaçı xx.xx.2019-cu il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ərizə ünvanlayaraq onun pensiyasının hesablanmasında yaranmış fərqin hesablanıb ödənilməsini xahiş etmişdir. - İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ərizə ünvanlayaraq fərq məbləğinin xx.xx.2007-ci il tarixdən xx.xx.2015ci il tarixədək müddətin ona birdəfəlik ödənilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli, **********0 nömrəli keçmiş dövr üzrə hesablanmış fərq məbləği haqqında məktubda bildirilmişdir ki, siz 22 iyul 2019-cu il tarixində Mərkəzi Filiala hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin olunması üçün müraciət etmisiniz. Mərkəzi Filialın sorğusuna əsasən Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinin 15 avqust 2019-cu il tarixli **********3 nömrəli məktubunda əmək pensiyanızın 31 avqust 2019-cu il tarixinədək ödənildiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Mərkəzi Filiala təqdim olunmuş 27 may 2019-cu il tarixli MN-12021 nömrəli məlumat vərəqəsinə uyğun olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə əsasən sizə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlilliyə görə pensiya təyin edilmiş, eyni zamanda keçmiş üç il müddət üçün hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən əmək pensiyanız üzrə keçmiş üç il müddət üçün hesablanmış 4459,68 manat fərq məbləği 2019-cu ilin sentyabr ayından etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən ötən dövrdəki ayların sayına bölünməklə hissə-hissə (hər ay 123,88 manat) pensiyanızın üzərinə əlavə olunmaqla müvafiq kart hesabınıza köçürülür. Əlavə olaraq bildirilir ki, 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla sizə “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinizin 10 faizi-47,28 manat maddi yardım ödənilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia, həmçinin mahiyyət üzrə əsaslıdır. İşin hallarından görünür ki, iddiaçı hərbi xidmətdə olduğu dövrdə 1992-ci ildə aldığı kəllə beyin travması nəticəsində xx.xx.1992-ci ildə tərxis olunmuş, ona xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik təyin edilmiş, xx.xx.2002-ci ildən isə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar ikinci dərəcə müddətsiz əlillik təyin edilmişdir. İddiaçıya ümumi əsaslarla əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Daha sonra iddiaçıya xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2019-cu il tarixli məlumat vərəqi əsasında hərbi qulluqçu kimi İİ dərəcə əlilliyə görə pensiya təyin olunmuş, bu zaman əvvəlki üç il üçün ödəmələr aparılmış, yəni xx.xx.2016-cı il tarixdən etibarən ümumi əlilliyə görə aldığı pensiya ilə ona hərbi qulluqçu kimi təyin olunmuş pensiya məbləği arasındakı 3 illik fərq cavabdehin xx.xx.2019-cu il tarixli qərarı ilə hesablanaraq ödənilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək, ona yalnız son 3 ilin yox, xx.xx.2006-cı il tarixdən etibarən ödənilmiş pensiya ilə hərbi qulluqçu kimi təyin edilmiş pensiya arasındakı fərqin hesablanaraq ödənilməsini xahiş etmişdir. Cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 və 37.7-ci maddələrinə istinadən müraciətin təminindən imtina etmişdir. Məhkəmə cavabdehin iddiaçının tələbinin təmin edilməməsinə dair imtina dəlili ilə razılaşmır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir (xx.xx.2017-ci ilə qədər olan redaksiya). -37.7-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir (xx.xx.2017-ci ildən qüvvəyə minmiş redaksiya). “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 49-cu maddəsinə əsasən keçmiş müddət üçün pensiyaların ödənməsi pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.3-cü maddəsində göstərilmiş hərbi qulluqçulara və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və həmin Qanunun 1.0.4cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 saylı qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydaları (bundan sonra – Qaydalar) ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 18 oktyabr tarixli 314 saylı Qərarı ilə həmin Qaydaların 2, 3 və 4-cü hissələri yeni redaksiyada verilmişdir. Qaydaların həmin tarixədək qüvvədə olan hissələrinə görə, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən qeyd olunan pul təminatından hesablanır. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Fonda təqdim edilir. Konstitusiya Məhkəməsinin “N.Hüseynbəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 14 iyul 2022-ci il tarixli Qərarında göstərilmişdir ki “(....) Əmək pensiyaları haqqında Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsindəki “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 1 iyul 2017-ci il tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi üçün müvafiq inzibati orqana məhz həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə tətbiq olunur və bununla da, məntiqi olaraq pensiyanın yenidən hesablanmasını deyil, ilk dəfə hesablanması hallarını ehtiva edir. Həmin Qanuna 30 noyabr 2018-ci il tarixində yeni məzmunda əlavə edilmiş 32.1-2-ci maddə isə inzibati orqana 2019-cu il yanvarın 1-dən sonra müraciət etmiş pensiyaçıların əmək pensiyasının yenidən hesablanması hallarını tənzimləyir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-2-ci maddəsinin tələblərinə müvafiq olaraq, 2019-cu il yanvarın 1-dək əmək pensiyasının yenidən hesablanması üçün müvafiq inzibati orqana müraciət etmiş pensiyaçılara münasibətdə həmin Qanunun 32.1-1-ci maddəsinin tələbləri şamil edilmir, yəni “pensiyanın müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi” şərti həmin şəxslərə tətbiq edilmir”. Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 sentyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “(......) Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər.” Qeyd edilən normaların müddəaları baxımından, məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı 1995-ci ildən əlil olmaqla pensiya hüququ həmin tarixdən yarandığından ona hərbi qulluqçu kimi pensiya hüququ “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələbləri əsasında deyil, iddiaçının pensiya hüququnun yarandığı zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında həll edilməlidir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanununa görə, pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir. Bundan əlavə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hərbi qulluqçu kimi pensiya müvafiq icra hakimiyyəti orqanının sosial müdafiə orqanına təqdim etdiyi məlumat vərəqi əsasında təyin edilir. Məlumat vərəqinin təqdim edilməsi Müdafiə Nazirliyinin səlahiyyətində olmaqla iddiaçının iradəsindən asılı olmayaraq yalnız 2019-cu ildə tərtib edilərək pensiya təyinatını həyata keçirən orqana göndərilmişdir. İddiaçı barəsində hərbi qulluqçu kimi pensiya alması üçün məlumat vərəqinin göndərilməsi onun iradəsindən asılı olmadığı halda gec təqdim edilmə iddiaçının əliverişsiz vəziyyətə düşməsi ilə nəticələnə və ya bu hal onun ziyanına təfsir və tətbiq bilməz. İddiaçı 2.07.2019-cu il tarixli ərizəsində ona hərbi qulluqçu kimi pensiya təyin edilmə zamanı yaranmış fərqin hesablanıb ödənilməsini xahiş etmiş, cavabdeh orqan isə yalnız 3 il üçün pensiya fərqini (xx.xx.2016-xx.xx.2019-cu il) hesablayaraq ödəmiş, daha sonra iddiaçı yenidən 2022-ci ildə müraciət edərək pensiya fərqinin xx.xx.2006-cı ildən etibarən hesablanıb ödənilməsini xahiş etmişdir. Dolayısı ilə Konstitusiya Məhkəməsinin mövqeyinə də uyğun olaraq hazırkı iş üzrə müəyyən olunur ki, pensiyanın yenidən hesablanması, yaranmış fərqin ödənilməsi üçün müraciətin gec edilməsi iddiaçının iradəsindən asılı olmayan səbəblərdən olmuşdur. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən xx.xx.2007-ci il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fonduna həvalə edildiyindən və hərbi qulluqçuların pensiya təminatı hazırda başqa dövlət orqanı tərəfindən həyata keçirilmədiyindən, bu sahə üzrə səlahiyyətli orqan Dövlət Sosial Müdafiə Fondudur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üçün ödənilmiş pensiya ilə xx.xx.2019-cu il tarixdən təyin edilmiş hərbi qulluqçu kimi pensiya məbləği arasındakı fərqin ödənilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçıya xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üçün ödənilmiş pensiya ilə hərbi qulluqçu kimi İİ dərəcə əlilliyə görə təyin edilmiş pensiya arasındakı fərqin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddaçı İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üçün ödənilmiş pensiya ilə hərbi qulluqçu kimi İİ dərəcə əlilliyə görə təyin edilmiş pensiya arasındakı fərqin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar