Məhkəmə qərarları › İş №2-1(112)-8019/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8019/2021

10.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8019/2021 10.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 08 iyun 2021-ci il tarixli **********2586 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, aptekdə yoxlama aparılarkən fəaliyyətdə olan xəzinədar X2 hadisə ilə əlaqədar təqdim etdiyi izahatına əsasən o, aptekdə fəaliyyətdə olduğu dövrdə 18.04.2021-ci il tarixdə saat 13:46 radələrində vergi xidmətinin əməkdaşları olan kiçik vergi xidməti müşaviri X5 və ikinci dərəcəli X1 aptekə daxil olmuşlar. Həmin əməkdaşlardan X5 bir ədəd tibb maskası və bir ədəd tibbi spirt almaq istədiyini bildirmiş, xəzinədar öz növbəsində sifariş edilən dərman məhsullarını cəmi qiymətini hesablayaraq 1.10 manat təşkil etdiyini bildirmişdir. Bundan sonra vergi əməkdaşı cibindən 1 manat çıxardaraq rəfin üzərinə qoyub dərman məhsullarını götürərək çıxmış, həmin zaman xəzinədar çek vurmaq üçün kassaya yaxınlaşmış və gözləmişdir ki, əməkdaş pulun digər hissəsi olan 0.10 manatı da gətirəcəkdir. Çünki qeyd edilən aptekdə tez-tez belə oxşar hadisələr baş verir. Xəzinədar pulun qalığını gözlədiyi vaxt əməkdaş vəsiqəsini göstərərək özünü vergi əməkdaşı kimi təqdim etmiş və bildirmişdir ki, ona çek təqdim olunmamışdır. Xəzinədar isə bildirmişdir ki, vergi əməkdaşı ona dərman məhsullarına görə ödənilməmiş qalmış məbləğin digər hissəsi 0.10 manatı ödəmədiyindən çeki vurmamışdır və əməkdaşı gözləmişdir. Bu zaman xəzinədar 1.10 manat məbləğində çeki vurub vergi əməkdaşına təqdim etmişdir. Ondan sonra vergi əməkdaşları “hə, yaxşı” deyərək yoxlama apardıqları barədə akt tərtib edəcəklərini bildirmişlər. 19.04.2021-ci il tarixdə bir daha gəldiklərində heç bir problem olmadığını, çekin vurulduğunu və hər şeyin qaydasında olduğunu müəyyən etmişlər. İddiaçı barəsində mübahisəli qərar qəbul olunarkən yuxarıda qeyd edilən obyektiv hallar nəzərə alınmamış və hadisənin mahiyyətinə hərtərəfli, tam və obyektiv surətdə diqqət yetirilməmişdir. Cavabdeh orqan iddiaya yazılı etirazı məhkəməyə təqdim etmiş və etirazda göstərmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin 16.04.2021-ci il tarixli **********7017 nömrəli qərarına əsasən "xxxx" MMC üzrə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məqsədilə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Belə ki, 18.04.2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna ştq, Buzovna qəsəbəsi, 2-ci mərkəzi küçədə yerləşən 118 nömrəli aptekdə saat 13:45-də keçirilən operativ vergi nəzarəti tədbiri zamanı müştəri tərəfindən alınmış tibbi spirt və maska üçün nağd qaydada 1,10 manat ödənilmiş, lakin xəzinədar X3 tərəfindən nəzarətkassa aparatının çekinin vurulmadığı və müştəriyə təqdim edilmədiyi aşkar edilmişdir. Vergi orqanının əməkdaşları tərəfindən dövriyyədən yayındırılmış həmin məbləğ (1,10 manat) saat 13:51:29-da 7 saylı çeklə nəzarət-kassa aparatına bərpa olundu. Belə ki, Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Belə olan halda isə vergi orqanı tərəfindən 18.04.2021-ci il tarixli DVX seriyalı 004698 nömrəli AKT tərtib olunaraq, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 16.1.9-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16-cı bəndinin tələblərini pozulduğuna görə müəssisəyə Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən 6000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. Vergi orqanı tərəfindən tərtib edilmiş sözügedən AKT əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə 08.06.2021-ci il tarixli **********2586 saylı qərar qəbul edilmişdir. Operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi iştirak etmədiyi üçün aktı imzalamadı və bir nüsxəsini almadı. İddia ərizəsində qeyd edilmişdir ki, ödəniş tam edilmədiyindən və xəzinədar ödənişin qalıq hissəsini gözlədiyindən nəzarət-kassa aparatının çeki həmin anda müştəriyə təqdim edilməmişdir. İddiaçının qeyd etdiyi mülahizələr həqiqətə uyğun deyildir və operativ vergi nəzarəti tədbirləri zamanı iddiaçı tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməməsi faktı aşkar edilmiş və qanunvericiliyin tələblərinə müvafiq şəkildə rəsmiləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. İddiaçı cavabdehin qərarının ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı 08.06.2021-ci il tarixli qərarın mübahisələndirilməsi üçün 30.06.2021-ci il tarixdə iddia ilə məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1). İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, iş materiallarında olan: -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 16.04.2021-ci il tarixli, **********7107 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” Qərarına əsasən İddiaçı MMC-yə məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna ştq, Buzovna qəsəbəsi , 2-ci mərkəzi küçədə yerləşən 118 nömrəli aptekdə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə 18.04.2021-ci il tarixdən 02.05.2021-ci il tarixədək (02.05.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. -16.04.2021-ci il tarixli, KY211571934 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, yuxarıda qeyd edilən operativ vergi nəzarətinin keçirilməsi barədə məlumat 16.04.2021-ci il tarixdə reyestrə daxil edilmişdir. - 18.04.2021-ci il tarixdə tərtib edilmiş “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” DVX seriyalı, 004698 nömrəli aktdan görünür ki, Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən İddiaçı MMC-yə məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna ştq, Buzovna qəsəbəsi , 2-ci mərkəzi küçə ünvanında yerləşən “Aptek 118”-də operativ vergi nəzarəti həyata keçirilərkən müəyyən olunmuşdur ki, quraşdırılmış **********P10034212 zavod nömrəli AzSmart Bank markalı nəzarət-kassa aparatı 18.04.2021-ci il tarixli, **********9 nömrəli qeydiyyat vərəqəsi ilə qeydiyyata alınmışdır. 18.04.2021-ci il tarixdə saat 13:45-də keçirilən OVN tədbiri zamanı müştəri tərəfindən alınmış tibbi spirt və maska üçün nağd qaydada 1,10 manat ödənilmiş, lakin xəzinədar X3 tərəfindən NKA-ya çek vurulmamış və müştəriyə təqdim edilməmişdir. Dövriyyədən yayındırılmış 1,10 manat saat 13:51:29-da 7 saylı çeklə KNA-nın fiskal yaddaşına daxil edilmiş, “X” hesabatı və bərpa çeki akta əlavə edilmişdir. Yoxlama zamanı vergi ödəycisinin səlahiyyətli nümayəndəsi iştirak etmədiyi üçün aktı imzalamamışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 08.06.2021-ci il tarixli, **********2586 nömrəli Qərarından görünür ki, İddiaçı MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.3cü maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində üç və daha çox dəfə yol verdiyinə görə 6000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən şahid Eldar Musayev ifadəsində bildirmişdir ki, o digər vergi əməkdaşı Əli Həbibli ilə birlikdə 18 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2-ci mərkəzi küçədə yerləşən 118 nömrəli aptekdə müşahidə aparmışdır. O, aptekə girərək 1 manat 10 qəpik ödəməklə 1 ədəd tibbi spirt, 1 ədəd tibbi maska almış, lakin çek aptek işçisi tərəfindən NKA-ya vurulmamışdır. Məhsulu götürdükdən sonra aptekdən çıxmış, 5-10 dəqiqə gözlədikdən sonra digər vergi əməkdaşı ilə birlikdə yenidən aptekə daxil olaraq vəsiqələrini təqdim etmiş və baş vermiş hüquqpozmaya görə akt tərtib etmişlər. Bundan sonra aptek işçisi çeki NKA-ya vurmadığını qəbul etmiş, daha sonra vurulmamış məbləği kassaya bərpa etmiş, bərpa çeki vurmuşdur. Məhkəmə iclasında iştirak edən digər şahid Əli Həbibli ifadəsində bildirmişdir ki, vergi əməkdaşı Eldar Musayev operativ vergi nəzarəti məqsədilə aptekə daxil olmuş, bu zaman o, maşında gözləmişdir. Eldar Musayev aptekdən çıxdıqdan sonra onunla birlikdə aptekə daxil olmuş və vəsiqələrini göstərmişlər. Aptek işçisi çeki NKA-ya vurmamasına əsas səbəb kimi kassa aparatının nasaz olduğunu bildirmişdir. Onların tələbindən sonra aptek işçisi çekin bərpasını vurmuşdur. İşdə olan Xəzər rayonu, Buzovna ŞTQ, Buzovna qəsəbəsi, 2-ci mərkəzi küçədə yerləşən 118 nömrəli aptekin xəzinədarı X3 tərəfindən iddiaçıya ünvanlanmış yazılı izahatdan görünür ki, F.Cəfərov bildirmişdir ki, 18.04.2021-ci il tarixində, 13:45 radələrinə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşları olan kiçik vergi xidməti müşaviri X5 və 2-ci dərəcəli X1 F.Cəfərov aptekdə fəaliyyətdə olduğu vaxtda aptekə daxil olmuş, 1-ci əməkdaş Musayev Eldar 1 ədəd tibbi maska və 1 ədəd tibb spirti almaq istədiyini bildirmişdir. Sonra xəzinədar həmin məhsulların cəmi qiymətini hesablayıb 1.10 AZN təşkil etdiyini həmin şəxsə bildirmişdir. Vergi əməkdaşı isə 1.00 AZN cibindən çıxarıb polkanın üstünə qoymuş və məhsulları götürüb çıxmışdır. Həmin vaxt xəzinədar çeki vurmağa kassaya yaxınlaşmış və çeki vurmaq üçün vergi əməkdaşının 0.10 AZN gətirib çekini götürəcəyini gözləmişdir. Çünki həmin aptekdə xırda pulu çıxıb gətirilən hallar tez-tez olur. Xəzinədar gözlədiyi vaxtda vergi əməkdaşı gəlib vəsiqə göstərmiş və ona çek verilmədiyini demişdir. O isə vergi əməkdaşına 0.10 AZN vermədiyi üçün çek vermədiyini və onu gözlədiyini demişdir. Sonra xəzinədar çeki vurub 1.10 AZN məbləği həmin şəxsə vermişdir. Onlar “hə, yaxşı, biz akt yazarıq ki, yoxladıq” demişlər. Sonra 19.04.2021-ci ildə yenə gəlmiş “hər şey qaydasındadır, çek vurulur, heç bir problem yoxdur” demişlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Həmin Məcəllənin 50.1.1-50.1.14-cü maddələrinə əsasən operativ nəzarət tədbiri digər hallarla yanaşı aşağıdakı qeyd olunan halların aşkar edilməsi üçün həyata keçirilir: - 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; Həmin Məcəllənin: -50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. -50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. -50.6-cı maddəsinə görə operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Azərbaycan Respublikasının Vergilər nazirinin 14.01.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın: -7. Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi -7.1-ci bəndinə görə bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair operativ vergi nəzarəti tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. -7.2-ci bəndinə görə əhali ilə pul hesablaşmaları aparmaqla fəaliyyət göstərən obyektlərdə qanunvericilikdə nəzarət-kassa aparatının (bundan sonra – “NKA”) və ya ciddi hesabat blanklarının, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində taksometrin (sayğacın) quraşdırılması və ya ciddi hesabat blanklarının tətbiqinin nəzərdə tutulduğu müəyyən edilir. -7.3-cü bəndinə əsasən vergi ödəyicisinə məxsus obyektdə əhali ilə pul hesablaşmalarının aparılması zamanı nəzarət-kassa aparatından və ya ciddi hesabat blanklarından, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində taksometrdən və ya ciddi hesabat blanklarından istifadə edilib-edilməməsi müəyyənləşdirilir. -7.4-cü bəndinə əsasən NKA-nın çeklərində vergi ödəyicisinin adının, VÖEN-inin, çekin vurulması tarixinin və saatının, təsərrüfat subyektinin (subyektlərinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan, malın və xidmətin (işin) adının, ölçü vahidinin, miqdarının, bir vahidinin qiymətinin, yekun məbləğin, nəzarət-kassa aparatının fiskal rejiminin nişanının (əlamətinin), malın sürətli məlumat kodunun (X15), gün ərzində vurulmuş çeklərin sayının və nömrəsinin, nəzarət-kassa aparatının markasının və zavod nömrəsinin, ödənilmiş məbləğin, müştəriyə qaytarılan məbləğin (malın dəyərindən artıq ödənilən hissə üzrə), nisyə satış zamanı ödəniləcək məbləğin (qalıq borcun), ödənişin forması və üsulunun (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr), çekin növünün (satış, geri qaytarma və ya ləğvetmə), nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsinin, geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvolların əks etdirilməsi araşdırılır və hər hansı məlumatın NKA-nın fiskal yaddaşına daxil edilməməsi aşkar edildikdə, həmin məlumatların fiskal yaddaşa daxil edilməsinin vergi ödəyicisinə tövsiyə edilməsi barədə nəzarətin nəticələrinə dair tərtib edilən aktda qeydiyyat aparılır. -7.5-ci bəndinə görə alıcıya verilən nəzarət-kassa aparatının çekində göstərilən məbləğin ödənilmiş məbləğə uyğunluğu yoxlanılır. -7.12-ci bəndinə görə işlərə (xidmətlərə) görə ödənilmiş pulun alınmasını təsdiq edən sənədin istehlakçılara verilib-verilməməsi, istehlakçılara verilmiş sənədlərdə göstərilən məbləğlərin ödənilmiş məbləğə uyğunluğu araşdırılır. -7.15-ci bəndinə görə əhali ilə pul hesablaşmaları zamanı nəzarət-kassa aparatından istifadə olunmadığı aşkar edildikdə, nəzarət qaydasında mal alışının həyata keçirilməsi zamanı alınmış mal və ödənilmiş nağd pul məbləği barədə vergi ödəyicisi məlumatlandırıldıqdan sonra, onun və ya səlahiyyətli nümayəndənin iştirakı ilə nəzarətkassa aparatından operativ yaddaşın “X” (bundan sonra “X”) hesabatı alınır, nəzarətkassa aparatına mədaxil edilməmiş məbləğ bərpa edilir və yenidən “X” hesabatı alınaraq, həmin sənədlər nəzarətin nəticələri barədə tərtib olunan akta əlavə edilir və bu barədə həmin aktda qeydlər aparılır. İşin sadalanan hallarından aydın olur ki, nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məqsədilə iddiaçının fəaliyyət göstərdiyi obyektdə operativ vergi nəzarətinin keçirilməsi qərara alınmış, bu barədə məlumat sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilmiş, yoxlama yuxarıda istinad olunan normaların tələblərinə uyğun aparılmış, operativ vergi nəzarəti zamanı aşkar edilmiş hüquqpozma aktlaşdırılmış, nəzarət-kassa aparatına mədaxil edilməmiş məbləğ bərpa edilmiş, “X” hesabatı alınaraq akta əlavə edilmiş, həmin hüquqpozmaya görə məsuliyyətə cəlb etmə barədə qərar qəbul edilmiş, vergi orqanı bu zaman vergi qanunvericiliyinin hər hansı normasının pozulmasına yol verməmişdir. İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək cavabdehin qəbul etdiyi inzibati aktın qanunsuz olduğunu bildirməklə onun ləğvini tələb etsə də, həmin qərarın ləğvinə əsas ola biləcək hər hansı bir dəlilə istinad etməmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı mövcud hüquqpozmaya il ərzində üç dəfədən artıq yol verilməsini mübahisələndirməmiş, həmçinin iddia ərizəsində çekin vurulmadığını qəbul etmiş, bunu alınmış məhsulun dəyərinin tam ödənilməməsi ilə izah etmişdir. Məhkəmə iddiaçının bu dəlilini ağlabatan hesab etmir. Belə ki, vergi nəzarəti zamanı müəssisədə olan xəzinədar vergi əməkdaşının aldığı məhsullar üçün 1 manat ödəyini və aptekdən çıxdığını, onun isə çekin vurulması üçün pulun qalan hissəsini (0,10 manat) gətirməsini gözlədiyini bildirmişdir, hansı ki, bu hal həyatın adi axarına uyğun deyildir. Çünki xəzinədar F.Cəfərov vergi əməkdaşı ilə tanış deyil, həmin şəxslə hər hansı bir qohumluq və ya tanışlıq münasibətində olmamışdır. Buna baxmayaraq ən azından onun hansı səbəblə çıxıb getməsini öyrənmədən, bununla bağlı heç bir sorğu-sual etmədən tanımadığı şəxsin tam dəyərini ödəmədiyi məhsulu götürüb getməsinə icazə verməsi, onun qalıq dəyərini geri qayıdıb ödəcəyinə və bunu tez bir zamanda edəcəyinə etibar etməsi və ümumiyyətlə, məhsulun dəyəri ödənilmədən onu alıcıya təqdim etməsi ağlabatan deyil. Bundan başqa vergi yoxlaması aktına “X” hesabatı və bərpa çeki də əlavə olunmuşdur. Buna görə də istinad olunan hal sübut olunmur və bu dəlil mübahisələndirilən qərarın ləğvi üçün əsas kimi qəbul edilə bilməz. Vergi Məcəlləsinin: -58.7-ci maddəsinə görə bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Beləliklə, işin halları ilə iddiaçının istinad olunan hüquqpozmanı törətdiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, vergi orqanının Vergi Məcəlləsinin 58.7.3-cü maddəsinə istinadən iddiaçıya maliyyə sanksiyasının tətbiq edilməsi barədə qərarı əsaslı və qanuni olmuşdur, həmin qərarın ləğv edilməsi üçün əsas yoxdur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar