Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-802/2023 09.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinə qarşı “istifadə hüquqlarının həyata keçirilməsinə edilən maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi,56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yaşadığı Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, “Bakı-188” h/ş, 25A nömrəli binada yerləşən, 8 saylı mənzildən (indiki-Badambar qəsəbəsi, 2-ci Yaşayış Massivi, Abbasqulu Abbaszadə küçəsi, ev 25A, mənzil 18) Cavabdeh tərəfindən istifadə hüquqlarının həyata keçirilməsinə edilən maneələrə son qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar şöbəsi ilə aralarında bağlanmış 31 may 2014-cü il tarixli 50 saylı “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi” əsasında, hərbi qulluqçu qismində (polkovnik-leytenant) ona 3 (üç) nəfərdən ibarət ailə tərkibi ilə (özü,arvadı və bir övladı) Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, ”Bakı-188” h/ş, 25 A nömrəli binada, sahəsi 42 kv. metr olan 2 otaqlı 8 saylı mənzil (indiki - Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Abbasqulu Abbaszadə küçəsi, ev 25 a, mənzil 8) verilmişdir ki, hazırki vaxtadək həmin mənzildə yaşayır. 17 may 2012-ci ildən etibarən “Azərbaycan Respublikasının Silahlı Qüvvələr veteranıdır, 01 avqust 2017-ci il tarixdə isə 37 il qulluq stajı ilə yaşa görə əmək pensiyasına çıxmış və ona ömürlük əmək pensiyası təyin edilmişdir. Cavabdeh ona 22 iyun 2021-ci tarixdə “xəbərdarlıq” məktubu göndərərək, yuxarıda göstərilən müqavilənin 2.4.11-ci yarımbəndinə əsasən mənzili təhvil verilməsini tələb etmişdir ki, həmin yarımbənddə “bu Müqavilə ləğv edildikdən və ya ona xitam verildikdən sonra razılaşdıqları müddətdə (lakin 30 (otuz) təqvim günündən artıq olmamaq şərti ilə) yaşayış sahəsini təhvil-təslim aktına əsasən “Kirayəyə verən”ə təhvil vermək” müddəası nəzərdə tutulmuşdur. Lakin o, cavabdehin həmin xəbərdarlıq məktubunu qanuni hesab etməmiş, yuxarıda göstərilən müqavilənin ləğv edilmədiyini və ya ona xitam verilmədiyini, habelə 37 il qulluq stajı ilə yaşa görə əmək pensiyasına çıxdığına görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 102.2.2-ci və 102.3-cü maddələrinə əsasən ona digər yaşayış sahəsi təklif edilmədiyindən mənzili boşaltmaq tələbinə etiraz edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Eyni zamanda məhkəmənin 2-1(112)-6531/22 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə əsl olmayan Cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi ilə əvəz olunmuşdur. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin iddaya dair yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə İPM-nin 62-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın mümkün hesab olunaraq, təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək, iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri hesab etmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu rəisinin xx.xx.2014-cü il tarixli 4 nömrəli qərarı əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil şöbəsi (“Kirayəyə verən”) ilə İddiaçı (“Kirayəçi”) arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 50 №-li “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”ndən görünür ki, kirayəyə verən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, Bakı-188 h/ş küçəsi, 25A nömrəli binada 8 nömrəli mənzildə yerləşən Dövlət mənzil fonduna aid, yaşayış hissəsi 42 kv. m-dən ibarət 2 otaqlı yaşayış sahəsinin kirayə haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və həmin müqavilə ilə müəyyən edilmiş şərtlərlə 20 gün müddətinə Kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür (bənd 1.1). Kirayəçinin ailə üzvləri qismində 1963-cü il təvəllüdlü həyat yoldaşı-X2- 1990-cı il təvəllüdlü oğlu-X4 qeyd olunmuşdur (bnd 1.2). Kirayəçinin vəzifələri kimi yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, habelə digər şəxslərin icarəsinə, istifadəsinə verməmək qeyd olunmuşdur (bənd 2.4.3). Bakı Qarnizonu Mənzil İstismar Hissəsinin 1 saylı MİS tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli “Xəbərdarlıq”lardan müəyyən olunur ki, 50 №-li, xx.xx.2014-cü il tarixli kirayə müqaviləsinin 2.4.11-ci yarımbəndinə əsasən müqavilə ləğv edildikdən və ya ona xitam verildikdən sonra razılşadıqları müddətdə (lakin 30 (otuz) təqvim günündən artıq olmamaq şərti ilə) yaşayış sahəsi təhviltəslim aktına əsasən Kirayəyə verənə təhvil verilməlidir. Hal - hazırda Həsənov X3 rayonu, Fətəliyev küçəsi, ev 46, 103 saylı mənzillə təmin olunmağı ilə əlaqədar yaşadığı xidməti mənzili xəbərdarlıqlarda göstərilmiş tarixlərədək (müvafiq olaraq xx.xx.2021 və xx.xx.2022-ci il) təhvil verməli olduğu tələb olunmuşdur. Məhkəmə tərəfindən verilmiş müvafiq sorğulara cavab olaraq verilmiş: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin 7689 №-li xx.xx.2022-ci il tarixli cavab məktubunda İddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi ilə təmin olunduğu və sözügedən mənzilin onun tərəfindən özəlləşdirildiyi bildirilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********10 №-li xx.xx.2023-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş 003251 saylı orderin surətindən müəyyən olunur ki, Nəsimi rayon X1 xx.xx.1971-ci il tarixli 181 №-li qərarı ilə İddiaçı və ailə üzvləri arvadı 1967-ci il təvəllüdlü Həsənova E.A və 1990-cı il təvəllüdlü oğlu Həsənov E.K ilə birlikdə ünvan 1 ünvanında yerləşən 33,19 kv. m. sahədən ibarət 2 (iki) otaqlı mənzil ayrılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin 596 №-li xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı verilmiş MH seriyalı 111463 №-li qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Fətullayev küçəsindəki 46 №-li yaşayış evinin 103 saylı mənzili xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə xx.xx.1997-ci il tarixdə qeydiyyat aparılmışdır. Hazırda iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu rəisinin xx.xx.2014-cü il tarixli 4 nömrəli qərarı əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil şöbəsi ilə bağlanmış “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi” əsasında sonuncu tərəfindən kirayəsinə verilmiş mənzildən istifadəsinə cavabdeh tərəfindən törədilən maneələrin qadağan olunmasının həvalə edilməsi barədə tələb irəli sürmüşdür “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnibati orqanların Təsnifatı”nda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin idarə, şöbə və xidmətləri inzibati orqanlar kimi müəyyən olunmuşdur (bənd 4.1.1). İPM-nin 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələbinə görə inzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafıq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfındən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafıq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfındən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə hazırkı iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır. Belə ki, iddiaçının tələbindən də göründüyü kimi, hazırda mübahisə predmeti olan mənzil iddiaçıya xx.xx.2014-cü il tarixli kirayə müqaviləsi ilə mülkiyyət hüququ kirayəyə verəndə saxlanılmaqla müvəqqəti istifadəsinə verilmişdir. İddiaçı tərəfindən cavabdehə mübahisəli mənzillə bağlı qadağan olunması tələb olunan “maneə”lər isə sonuncu tərəfindən ona ünvanlanmış mənzilin boşaldılması ilə bağlı “Xəbərdarlıq”lardan ibarətdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinin tələbinə görə təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilir ki, İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır. İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan tanınma haqqında iddia növünün maddi əsası “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində müəyyən edilmişdir. Belə ki, inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın əsaslı hesab edilməsi üçün həmin aktın “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinin tələbləri baxımından etibarsız olması tələb olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qanunvericilik xüsusi təyinatlı yaşayış sahəsinin özəlləşdirilməsinə yol vermədiyindən və iddiaçının istifadəsində olan mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mülkiyyəti olmaqla, cavabdeh tərəfindən ona “Xəbərdarlıq” edilməsi mübahisəli mənzillə bağlı tərəflər arasında münasibətləri tənzimləyən müqavilədə nəzərdə tutulduğundan, iddiaçının cavabdehə mənzillə bağlı ona “Xəbərdarlıq” edilməsinin qadağan olunması barədə hazırki iddiası mümkün sayıla bilməz. Beləliklə də, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, iddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik deyil. Qeyd olunanların nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və İPM-nin 35, 80, 85-ci maddəsinə əsasən məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinə qarşı “istifadə hüquqlarının həyata keçirilməsinə edilən maneələrin aradan qaldırılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-802/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-802/2023
09.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver