Məhkəmə qərarları › İş №2-1(112)-8023/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8023/2023

05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8023/2023 05.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 5 iyul 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: X7 X2 190 № li kooperativin üzvü olmuşdur. Bakı şəhəri X10 İcraiyyə Komitəsinin “Bağ-tikinti kooperativlərinin yaradılması və vətəndaşlara bağ sahələrinin ayrılması haqqında” 19 oktyabr 1990-cı il tarixli 7/348 №-li qərarına əsasən X6 Bakı şəhəri, Çöl Şüvəlan bağlar sahəsində 190 nömrəli BTK-nın nəzdində bağ sahəsi ayrılmışdr. Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi X2 190 №-li kooperativi tərəfindən 28 fevral 1991-ci il tarixdə verilmiş Б/С №-li Orderə əsasən X4 Bakı şəhər icraiyyə komitəsinin 19 oktyabr 1990-cı il tarixli 7/348 №-li qərarına əsasən ona çöl-şüvəlan bağlar sahəsində 190 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 4b/12 №-li bağ sahəsi ayrılmışdır. İİ-ЖГ 357841 №-li Nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən X11 ilə X8 4.10.1980-ci il tarixdə nikahlarını bağlamışlar, nikah bağlanandan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. İddiaçı (bundan sonra – iddiaçı) nümayəndəsi 26 yanvar yanvar 2023-cü il tarixdə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan bağ massivində yerləşən 4b/12 nömrəli bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş xx.xx.2023-cü il tarixli məktubda bildirmişdir ki, “...aparılmış araşdırma zamanı İdarədə mövcud olan arxiv materiallarında və tərəfindən təqdim edilən arxiv arayışında vətəndaşın atasının adında fərq mövcud olduğu müəyyən edilmişdir. Həmçinin elektron baza məlumatlarına əsasən sözügedən bağ sahəsinin yerləşməsinin sxematik xəritə məlumatları ilə uyğun gəlmədiyi məlum olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan bağ massivində yerləşən və ümumi sahəsi 0.12 ha olan 4b/12 №-li bağ sahəsi üzərində mülkiyyət hüququ üzrə iddiaçının hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və buna dair reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh müraciətin təmin olunmaması iki hal ilə əsaslandırılmışdır.

1. İdarədə mövcud olan arxiv materiallarında və təqdim edilən arxiv arayşında vətəndaşın atasının adında fərqin mövcud olması; 2. Sözügedən bağ sahəsinin elektron baza məlumatlarına əsasən bağ sahəsinin yerləşməsinin sxematik xəritə məlumatları ilə uyğun gəlməməsi; Birinci hal ilə bağlı qeyd edilir ki, təqdim etdikləri sənədlərdən görünür ki, qərarda ata adı Qasım kimi qeyd olunsa da, adıçəkilən yanlışlıq tərtib edilmiş orderdə aradan qaldırılmışdır. Odur ki, cavabdeh inzibati orqanın bu arqumenti əsassızdır. Belə ki, əgər qərardakı şəxs ilə orderdə qeyd edilən şəxs fərqli şəxs olsa idi, bu zaman hər iki sənəd birlikdə iddiaçının əlində olmazdı. İkinci hal ilə bağlı qeyd edilir ki, iddiaçıya məxsus bağ sahəsinin elektron baza məlumatlarında sxematik xəritə məlumatları ilə uyğun gəlməməsi, ümumiyyətlə həmin uyğunsuzluqların mövcud olması iddiaçının təqsiri üzündən baş verməmişdir. Cavabdeh inzibati orqanın əsasnaməsinə uyğun olaraq həmin orqan adıçəkilən bağ sahəsinə dair mülkiyyət hüquqlarının təsdiqi barədə reyestrdən çıxarış tərtib edərkən mövcud olan uyğunsuzluqları aradan qaldırmalıdır.

Cavabdehin etirazları: Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad etmiş və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.

ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən halıdır ki, iddiaçı 190 saylı kooperativin üzvü olmuş və bununla əlaqədar ona torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin ayrılması barədə iki hüquqmüəyyənedici sənəd mövcuddur:

1. Bakı şəhəri X10 İcraiyyə Komitəsinin “Bağ-tikinti kooperativlərinin yaradılması və vətəndaşlara bağ sahələrinin ayrılması haqqında” 19 oktyabr 1990-cı il tarixli 7/348 №-li qərarı;

2. Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi X2 190 №-li kooperativi tərəfindən 28 fevral 1991-ci il tarixdə verilmiş Б/С №-li Order. 1-ci sənəddə iddiaçının adı, soyadı və ata adı «Мамедова Рена Гасым» qızı, 2-ci sənəddə isə «Мəммəдова Рəна həcəн» qızı kimi yazılmışdır. Göründüyü kimi iddiaçının ata adında fərq vardır. Cavabdeh də iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtina edərkən birinci əsas kimi bu fərqə istinad etmişdir. Məhkəmə qeyd edir ki, təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçıya həmin torpaq sahəsi onun 190 nömrəli kooperativin üzvü olmasına görə ayrılmışdır. Hər iki sənəddə bu hal öz təsdiqini tapır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri X10 İcraiyyə Komitəsi Bağlar Təsərrüfatı İnkişafı və İstismarı Birliyinin rəisi tərəfindən 190 № li kooperativin sədrinə ünvanlanmış xx.xx.1991-ci il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri Soveti İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 7/348 N-li qərarına əsasən yoldaş X4 190 № li kooperativin tərkibində bağ sahəsinin verilməsinə icazə verilmişdir. Həmçinin iddiaçının adına ikinci sənəd verilərkən Orderdə birinci sənədə, istinad edilmişdir. Beləliklə. təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, 1-ci və 2-ci sənədlərdə göstərilən «Мамедова Рена Гасым» qızı ilə «Мəммəдова Рəна həcəн» qızı eyni şəxslərdir. Məhkəmə bu qənaətə gələrkən həmçinin onu da nəzərə alır ki, hər iki sənəddə kiril qrafikasında olan hərflərdən istifadə edilmişdir. Həmin əlifbada, eyni zamanda rus dilində hər iki adın səslənişi və oxunuşu bir-birinə oxşayır (“Гасым” “Гасан”). Ona görə də, məhkəmə işin hallarına əsasən 19 oktyabr 1990-cı il tarixli 7/348 №-li qərarda iddiaçının ata adının “Гасым” kimi yazılmasını texniki səhv olması qənaətinə gəlir. Qeyd edilən hal iddiaçının səhvi və ya sənədlərə müdaxiləsindən yaranmamaqla, onun məsuliyyət sferasına aid olan məsələ deyildir və mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas ola bilməz. Cavabdeh bu halı əsas götürüb iddiaçının müraciətini təmin etməkdən imtina edərkən iddiaçının MPM-in 307.2.5-ci madddəsində qeyd edilmiş hüquqi əhəmiyyətli faktın müəyyən edilməsindən sonra mümkün ola biləcəyini izah etmişdir. Lakin məhkəmə qeyd edir ki, hazırkı icraat çərçivəsində məhkəmə təqdim edilmiş sənədlərə əsasən bu qənaətə gələ bilirsə, prosessual qənaət və işin hallarının araşdırılması prisipləri baxımından inzibati mühakimə icraatı çərçivəsində də hər iki sənədin iddiaçıya məxsus olması halını müəyyən edə bilər. Digər tərəfdən hər iki sənədin iddiaçıda olması, iddiaçı tərəfindən məhkəməyə təqdim etməsi, sözügedən bağ sahəsinə hər hansı digər şəxsin müraciəti (iddiasının) olmaması da həmin sənədlərdəki ata adındakı fərqin texniki səhv olması qənaətinə gəlməyə əsas verir. Cavabdeh imtina əsası kimi digər hal kimi, iddiaçıya məxsus bağ sahəsinin elektron baza məlumatlarında sxematik xəritə məlumatları ilə uyğun gəlməməsini qeyd etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, həmin uyğunsuzluqların mövcud olması iddiaçının təqsiri üzündən baş verməmişdir. Cavabdeh inzibati orqanın əsasnaməsinə uyğun olaraq həmin orqan adıçəkilən bağ sahəsinə dair mülkiyyət hüquqlarının təsdiqi barədə reyestrdən çıxarış tərtib edərkən mövcud olan uyğunsuzluqları aradan qaldırmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə qüvvədə olan və hazırda ləğv olumayan inzbati akt olduğundan, yalnız formal tələblərdən çıxış edərək onun hüququnun qeydə alınmasından imtina edilməsi əsaslı sayıla bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə Qanunun 9-cu maddəsinin müddəaları 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanununa və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 732 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən müəyyən edilmişdir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin dördüncü hissəsində və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə, şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İdiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqmüəyyənedici sənədə malik olmuş, buna görə də istifadəsində olan bağ sahəsinə yaranmış mülkiyyət hüququnu qeydə aldırmaq hüququna malik olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqmüəyyənedici sənədə malik olmuş, buna görə də istifadəsində olan bağ sahəsinə yaranmış mülkiyyət hüququnu qeydə aldırmaq hüququna malik olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,

qərara aldı:

İddia təmin olunsun. Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan bağ massivində yerləşən və ümumi sahəsi 0,12 ha olan 4b/12 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququ üzrə İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar