Məhkəmə qərarları › İş №2-1(112)-8023/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8023/2024

13.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8023/2024 13.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi) “təhsil haqqında dövlət sənədi verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Tibb Universitetinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Tibb Universitetində təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili rezidentura pilləsini (səviyyəsini) bitirən şəxs olaraq X3 qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı anası Azərbaycan Respublikası, atası isə İran İslam Respublikasının vətəndaşıdır. İddiaçı orta məktəbi İranda bitirib diplomunu aldıqdan sonra 2011-2012-ci ildə Cavabdeh hazırlıq kursuna qəbul olmuşdur. 2013-cü ildə Tibb Universitetinin stomatologiya fakültəsinin 1-ci kursunda təhsil almağa başlamışdır. İddiaçı qeyd etmişdir ki, Universitetə qəbul olanda Universitetin xarici tələbələr dekanlığına bütün lazım olan sənədləri təhvil vermişdir. Universitetdən ona bildirilmişdir ki, heç bir problem yoxdur, bu səbəbdən də o müqavilə əsasında (ödənişli) Universitetə qəbul edilmişdir. Universitetə sənədləri təhvil verdiyi zaman ondan oturuma aid olan sənədlərin də təhvil verilməsi tələb edilmişdir. O isə iki pasportunun olduğunu bildirmiş və hər iki pasportunu dekanlığa təqdim etmişdir. Dekanlıqda bildirmişlər ki, onun Azərbaycan pasportu olduğu üçün oturuma baş vurmağa artıq ehtiyac yoxdur. Hətta oturum üçün hazırladığı sənədləri və oturum haqqını, yəni 100 manat ödənişi də geri qaytarmışlar. İddiaçı oturumla bağlı bu gunə qədər heç bir problem olmadan təhsilini davam etdirmişdir. Oturumla əlaqəli və ya başqa sənədlə bağlı təhsil müddətində ona heç bir məlumat və bildiriş verilməmişdir. İddiaçı ailə qurduğu üçün təhsil müddəti uzadılmış və həmin müddət ərzində heç bir problem olmadan təhsil haqlarını ödəmişdir. Təhsil haqqları ilə birlikdə təhsil krediti ödənişlərini də etmişdir. 2022-ci ilin sonunda dövlət imtahanını verib təhsilini başa vurmuşdur. Sonradan diplom almaq üçün sənədləri toplayıb dekanlığın diplom şöbəsinə müraciət etdiyi zaman ona onun adının sistemə vurula bilinmədiyi, belə ki, onun oturumunun olmadığı bildirilmişdir. İddiaçıdan ilk dəfə diplom alanda oturum tələb etmişlər. Bundan sonra o, dəfələrlə diplom almaq üçün Universitetin dekanlığına müraciət etsə də, onun bu müraciətlərinə məhəl qoyulmamış və indiyə qədər o, diplomunu ala bilməmişdir. İddiaçı onun Azərbaycan Respublikası Tibb Universitetini bitirməyinə dair diplom verilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, Dövlət Miqrasiya Xidmətindən müvəqqəti yaşayış icazəsi olması haqqında sənədi təqdim etmədiyi üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin diplom təsdiqi sistemində diplom alınması üçün qeydiyyat aparmaq mümkün deyildir. İddiaçı təhsil alma haqqında 199 saylı, xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən Azərbaycan Respublikası Tibb Universitetində təhsil almış və məzundur. Sonuncu ona məzun tələbə olduğuna, hər hansı təhsil haqqı və ya kredit borcunun olmadığına dair xx.xx.2023-cü il tarixli 92 saylı arayış da təqdim etmiş, lakin, qanunla ona verilməsi nəzərdə tutulmayan Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin olmamasını əsas göstərərək, qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədini verməkdən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin bu imtinası əsassız və qanunsuzdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası vətəndaşıdır və bu barədə ona Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi verilmişdir. Vətəndaşlığı onun əldə edilməsi əsaslarından asılı olmayaraq digər vətəndaşların vətəndaşlıqları ilə bərabərdir. Azərbaycan Respublikasının vətəndaşı olduğundan, Azərbaycan Respublikasının ərazisində, İran İslam Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. Onun yaşayış yeri əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olaraq xüsusi nümunəli vəsiqə ilə deyil, Azərbaycan Respublikası vətəndaşı olaraq Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsi, ev 11, mənzil 15 olaraq müəyyən edilir və onun əcnəbi və ya vətəndaşlığı olmayan şəxs kimi Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə almağı qanunla nəzərdə tutulmur. Göründüyü kimi, cavabdehin Azərbaycan Respublikası vətəndaşından öz ölkəsində əcnəbi və ya vətəndaşlığı olmayan şəxs kimi Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə almasını tələb etməsi qanunsuzdur. Bundan başqa, iddiaçı hesab etmişdir ki, Azərbaycan Respublikasının vətəndaşı olduğu üçün ona oturum verilməsi nəzərdə tutulmur. Eyni zamanda oturuma zərurət olsaydı təhsil dövründə və dövlət imtahanlarına buraxılma zamanı bu sənədlər tələb olunardı. Təhsil aldığı müddətdə ondan belə tələb olmadığından diplom verilən zaman oturum tələb olunması əsassızdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, iddiaçı Cəvadi X7 İslam Respublikasının vətəndaşı olduğunu təsdiq edən pasportu təqdim edərək Cavabdeh ilə birbaşa müqavilə bağlayaraq stomatologiya fakültəsində təhsil almaq üçün qəbul olunmuşdur. Bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları"nın 3.1.5-ci bəndinə müvafiq edilmişdir. Cavabdeh bitirdikdə İddiaçı əcnəbi vətəndaş kimi Dövlət Miqrasiya Xidmətindən müvəqqəti yaşayış icazəsi olması haqqında sənəd tələb olunmuşdur. Lakin əcnəbi vətəndaş İddiaçı tələb olunan sənədi bu günə kimi təqdim etməmişdir. Məlumat üçün bildirilir ki, bu sənəd olmadan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin diplom təsdiqi sistemində diplom alınması üçün qeydiyyat aparmaq mümkün deyildir. Eyni zamanda təhsil aldığı müddətdə İddiaçı Azərbaycan vətəndaşı olması barədə Cavabdehnə bildirməmişdir, əks halda onun Cavabdehnə əcnəbi kimi Universiteti ilə birbaşa müqavilə bağlayaraq qəbul olması mümkünsüz olardı. Belə ki, Azərbaycan Respublikasının vətəndaşlarının ali təhsil müəssisələrinə qəbulu ancaq X4 mərkəzləşmiş qaydada keçirilən tələbə qəbulu müsabiqəsi əsasında həyata keçirilir. Yuxarıda qeyd olunanları nəzəra alaraq, cavabdeh İddiaçı Farhad qızının iddiasının əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edərək bildirilmişdir ki, İddiaçı iddiasında ali təhsil pilləsinin əsas (baza ali) tibb təhsili səviyyəsini bitirən şəxs olaraq ona təhsil haqqında dövlət sənədinin verilməsinin Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə, həmçinin hazırlıq qruplarına tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. İddiaçının təhsil müəssisəsinə qəbul olunduğu il qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 6 mart tarixli 56 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının təhsil almaq üçün xarici ölkələrə göndərilməsi və xarici ölkə vətəndaşlarının Azərbaycanın təhsil müəssisələrində təhsil almaları haqqında Əsasnamə”nin ikinci hissəsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının təhsil və elmi tədqiqat müəssisələrinə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulunun aparılması əsaslarından biridir. Azərbaycan Respublikasında təhsil alan əcnəbilər təhsil haqqında dövlət sənədinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Diplom Təsdiqi Sistemi (www.dts.edu.az) üzərindən qeydiyyata alınması məqsədilə müvafiq müvəqqəti yaşamaq üçün icazə vəsiqələrini təqdim etməlidirlər. İddiaçı İran İslam Respublikasının vətəndaşı olduğunu təsdiq edən pasportu təqdim edərək Universitet ilə birbaşa müqavilə bağlamış, həmin Universitetin stomatologiya fakültəsinə daxil olmuşdur və təhsil aldığı müddətdə onun İran İslam Respublikasının vətəndaşı olmaqla yanaşı həmçinin Azərbaycan Respublikasının vətəndaşı olması barədə Universitetə heç bir məlumat verməmişdir. İddiaçı təhsilini başa vurduqda ona təhsil haqqında dövlət sənədinin verilməsi üçün Universitetə müvəqqəti yaşama icazəsini təqdim etməli idi. Lakin iddiaçının sözügedən iki dövlətin vətəndaşlığına mənsub olması ilə əlaqədar bu mümkün olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxsin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası növündə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh xx.xx.2023-cü il tarixli məktublundan görünür ki, iddiaçının hazırkı tələbi üzrə müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun məzmunda imtina cavabı verilmişdir. -Cavabdeh ilə İran İslam Respublikasının vətəndaşı X5 arasında bağlanmış 14 sentyabr 2011-ci il tarixli 103 nömrəli Sazişə əsasən seçilmiş iştisas üzrə xarici ölkə vətəndaşının tədrisinin sazişdə qeyd olunan şərtlər əsasında həyata keçirilməsi müəyyən edilmişdir. -Cavabdeh ilə əcnəbi tələbi olan X6 arasında bağlanmış ödənişli təhsil almaq haqqında xx.xx.2016-cı il tarixli, 199 nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh ödənişli əsaslarla əcnəbi tələbəyə Azərbaycan Respublikasının dövlət standartlarına cavab verən təhsil proqramları əsasında Ali təhsil səviyyəsinə uyğun “Stomatologiya” ixtisası üzrə təhsil verməyi, əcnəbi tələbə isə tədris ili üçün müəyyənləşdirilmiş təhsil haqqının Cavabdehnə ödənilməsini öhdəsinə götürmüşdür. -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda xx.xx.1993cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətində hər hansı araşdırma aparılmadığı, İdarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi üzrə yoxlama zamanı İddiaçı ilk dəfə xx.xx.2004-cü il tarixdə Bakı şəhəri Suraxanı Rayon polis idarəsi tərəfindən 10451117 nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edildiyinin məlum olduğu, eyni zamanda İddiaçı Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazənin alınması ilə bağlı hər hansı müraciətinin qeydə alınmadığı bildirilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cacavab məktubunda İddiaçı ünvan 1 ünvanına qeydiyyata alınmaqla ilk dəfə xx.xx.2004-cü il tarixdə AZE-10451117 nömrəli, xx.xx.2011-ci il tarixdə AZE-08764376 nömrəli, xx.xx.2018-ci il tarixdə AZE- 17792560 nömrəli, xx.xx.2018-ci il tarixdə AA-0437389 nömrəli şəxsiyyət vəsiqələri ilə təmin olunduğu bildirilmişdir. Beləliklə müəyyən edilir ki, iddiaçının cavabdeh ali təhsil müəssisəsində təhsil alması, təhsil haqqını ödəməsi və təhsilini başa vurması işin mübahisələndirilməyən hallarındandır. İşin digər mübahisələndirilməyən halına görə iddiaçı təhsil müəssisəsinə əcnəbi vətəndaş (İran İslam Respublikasının) vətəndaşı kimi müqavilə əsasında daxil olmuş və həmin əsaslarla təhsil almışdır. İddiaçının hüquqi marağı ona Cavabdehndə təhsil almağını və bu təhsili başa çatdırmağını təsdiq edən diplomun verilməsindən ibarətdir. Bu məqsədlə onun cavabdehə müraciəti təmin edilməmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Cavabdeh imtinanın əsası olaraq iddiaçının əcnəbi vətəndaş kimi müvəqqəti yaşayış icazəsi haqqında sənədin təqdim edilməməsini və buna görə də, Təhsilin X1 (TİMS) qeydiyyatın aparılmasının mümkünsüzlüyünü göstərmişdir. Məhkəmə cavabdehin imtinasının qanunazidd olmadığını hesab edir və gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-İVQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 3.0.1-ci maddəsinə əsasən əcnəbi – Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxsdir. Azərbaycan Respublikasında miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında hüquqi vəziyyəti ilə bağlı normaları müəyyənləşdirən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 3.0.7-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında müvəqqəti yaşayan – bu Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir (44.3.). “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2013-cü il tarixli Fərmanının 5.4-cü maddəsinə əsasən, Miqrasiya Məcəlləsinin 44.2 və 44.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.1-ci bəndinə əsasən abituriyent - ali təhsil və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olunmaq üçün müvafiq sənədləri təqdim etmiş şəxsdir. Həmin Qanunun 29.0.1-ci maddəsinə əsasən, təhsil sahəsində təhsil sahəsində vahid dövlət siyasətini müəyyənləşdirmək və onun həyata keçirilməsini təmin etmək dövlətin vəzifələrindəndir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota, təhsil qrantı proqramı və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 mart 2001-ci il tarixli 56 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının təhsil almaq üçün xarici ölkələrə göndərilməsi və xarici ölkə vətəndaşlarının Azərbaycanın təhsil müəssisələrində təhsil almaları haqqında Əsasnamə”nin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 125 nömrəli qərarı ilə ləğv edilmişdir) 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının təhsil və elmi tədqiqat müəssisələrinə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu aşağıdakı əsaslarla həyata keçirilir: Azərbaycan Respublikası və xarici ölkələr arasında təhsil, elm, mədəniyyət sahələrində əməkdaşlıq haqqında hökumətlərarası sazişlər əsasında; təhsil müəssisələri arasında bağlanmış birbaşa müqavilələr əsasında; qeyri-hökumət və xeyriyyə cəmiyyətlərinin təsis etdiyi təqaüdlər hesabına; təhsil müəssisələrinin xarici ölkələrin təşkilatları, şirkətləri, assosiasiyaları, digər müəssisələri, vətəndaşları və s. ilə bağladıqları müqavilələr əsasında. Həmin Əsasnamənin 1.13-cü bəndinə əsasən təhsil almağa gələn əcnəbilər aşağıdakı sənədləri təqdim etməlidirlər: təhsil müəssisəsi rəhbərinin adına ərizə; keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən təhsil haqqında sənədin (sənədlərin) notarius tərəfindən təsdiq olunmuş surəti (surətləri); sağlamlıq və QİÇS haqqında arayışlar; milli pasportun surəti, pasport yaşına çatmamış şəxslər üçün isə doğum haqqında şəhadətnamə; tərcümeyi-hal; 4x3 ölçüdə 8 ədəd fotoşəkil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 2015-ci il tarixli 125 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın 3.1-ci bəndinə əsasən, əcnəbilərin təhsil müəssisələrində əvvəlki təhsilinə uyğun gələn təhsil səviyyəsinə və ya əlavə təhsilin hər hansı istiqamətinə qəbulu aşağıdakı əsaslarla həyata keçirilir: 3.1.1. təhsil sahəsində Azərbaycan Respublikası ilə xarici ölkələr arasında bağlanılmış müqavilələrə uyğun müəyyənləşdirilmiş kvota əsasında; 3.1.2. təhsil müəssisələrinin iştirak etdiyi beynəlxalq proqramlar əsasında; 3.1.2-

1. dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramı əsasında; 3.1.3. təhsil müəssisələri ilə xarici ölkələrin təhsil müəssisələri arasında bağlanılmış müqavilələr əsasında; 3.1.4. təhsil müəssisəsinin hüquqi şəxslərlə birbaşa bağladığı müqavilələr əsasında; 3.1.5. təhsil müəssisəsinin fiziki şəxslərlə birbaşa bağladığı müqavilələr əsasında. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyası), bu Qaydaların 3.1.1-3.1.6-cı yarımbəndlərində qeyd olunan əsaslarla Azərbaycan Respublikasında təhsil almaq üçün müraciət edən əcnəbilər seçdikləri təhsil müəssisəsinə aşağıdakı sənədləri təqdim etməlidirlər: 3.4.1. seçdikləri ixtisas, tədris dili və təhsilalma forması göstərilməklə, təhsil müəssisəsinin rəhbərinin adına ərizə (ərizə elektron formada da təqdim edilə bilər); 3.4.2. əvvəlki təhsil pilləsində (səviyyəsində) keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən və müvafiq qaydada leqallaşdırılmış (və ya apostil olunmuş) təhsil haqqında sənədin (sənədlərin) və onun Azərbaycan dilinə tərcüməsinin notariat qaydada təsdiq edilmiş surəti (surətləri); 3.4.3. sağlamlıq, o cümlədən QİÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmaması haqqında arayış; 3.4.4. etibarlı sərhədkeçmə sənədi; 3.4.5. 3x4 ölçüdə 6 ədəd fotoşəkil; 3.4.6. tədris dilindən imtahan verilməsi barədə sertifikat (mövcud olduğu halda); 3.4.7. fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda). Həmin bəndin xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyasına görə, bu Qaydaların 3.1.1-3.1.6-cı yarımbəndlərində qeyd olunan əsaslarla Azərbaycan Respublikasında təhsil almaq üçün müraciət edən əcnəbilər seçdikləri təhsil müəssisəsinə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin (bundan sonra – TMİS) “Elektron sənəd qəbulu” altsistemi vasitəsilə elektron qaydada müraciət edir. Həmin müraciətlər TMİS-də qeydiyyata alınır və hər bir əcnəbiyə sistemdə şəxsi kabinet açılır. Əcnəbi onun üçün açılmış şəxsi kabinetdə müraciətinin statusunu izləyə bilər. Əcnəbi TMİS-nin Elektron sənəd qəbulu altsistemində “Elektron ərizə”ni doldurur və bu müraciətə aşağıdakı sənədlərin skan olunmuş surəti əlavə edilir: 3.4.2. əvvəlki təhsil pilləsində (səviyyəsində) keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən və müvafiq qaydada leqallaşdırılmış(və ya apostil olunmuş) təhsil haqqında sənədin (sənədlərin) və onun Azərbaycan dilinə tərcüməsinin notariat qaydada təsdiq edilmiş surəti (surətləri); 3.4.3. sağlamlıq, o cümlədən QİÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmaması haqqında arayış; 3.4.4. etibarlı sərhədkeçmə sənədi; 3.4.6. tədris dilindən imtahan verilməsi barədə sertifikat (mövcud olduğu halda); 3.4.7. fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda) Göründüyü kimi təhsil qanunvericiliyinə görə təhsil müəssisəsinə müqavilə şərtləri əsasında daxil olmaq üçün yeganə şərt abituriyentin xarici vətəndaş olmasıdır. Hazırkı işin hallarına görə iddiaçı təhsil müəssisəsinə daxil olduğu vaxt həm də Azərbaycan Respublikası vətəndaşlığını daşısa da, ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmədən İran İslam Respublikasının vətəndaşı kimi cavabdeh təhsil müəssisəsi ilə birbaşa müqavilə bağlayaraq təhsil almış və təhsilini başa vurmuşdur. Hazırda iddiaçının diplomunun verilməsi üçün onun sənədləri Elm və Təhsil Nazirliyinin Təhsilin X1 (TİMS) qeydiyyata alınmalıdır. İddiaçı təhsil müəssisəsinə xarici vətəndaş kimi daxil olduğundan diplomun verilməsi üçün tələb olunan sənədlərdən biri də əcnəbi vətəndaşlara Dövlət Miqrasiya Xidməti tərəfindən verilən müvəqqəti yaşayış icazəsinin olması haqqında vəsiqədir. İddiaçıda həmin vəsiqə olmadığından Cavabdeh tərəfindən diplomun verilməsi mümkün olmamışdır. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası vətəndaşı olduğu təqdirdə, xarici vətəndaş kimi müqavilə əsasında daxil olub təhsil almışdır. Təhsilin bitirdikdə isə Dövlət Miqrasiya Xidməti tərəfindən verilən müvəqqəti yaşama haqqında vəsiqəsi olmadığından diplom ala bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı diplom verilməsi üçün qanunla tələb olunan sənədləri təqdim edə bilmədiyindən cavabdehin imtinası qanunazidd olmamışdır. Məhkəmə iddiaçı tərəfin dəlillərinə münasibətdə hesab edir ki, cavabdeh iddiaçının təhsil haqqı ödəməsi və təhsil alması ilə bağlı məsələləri mübahisələndirməmiş, onun yalnız əcnəbi vətəndaşlarla bağlı qanunvericiliyin müddəalarına əməl edilməsi ilə bağlı tələbi irəli sürmüşdür. Bu tələb isə mövcud maddi hüquq normalarının tələblərinə uyğun olmuş və iddiaçının hüququnun pozulmasına səbəb olacaq halları ehtiva etməmişdir. Odur ki, özünün vətəndaşlıq mənsubiyyəti (Azərbaycan Respublikasının vətəndaşı olması) barədə dəqiq məlumata malik olmasına baxmayaraq təhsil müəssisəsi ilə əcnəbi vətəndaş kimi müqavilə imzalamış iddiaçı ali təhsil müəssisəsinə daxil olması barədə müqavilə imzalayarkən və təhsil haqqı ödəməklə təhsil almağa davam edərkən bunun hüquqi nəticəsini bilməli olduğu halda, hazırda həmin səhvin cavabdehin hesabına düzəldilməsini tələb etməkdə haqlı sayıla bilməz. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Eyni Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar