Məhkəmə qərarları › İş №2-1(112)-8024/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8024/2024

09.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8024/2024 09.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "Təhsildə Keyfiyyət Təminatı Agentliyi" publik hüquqi şəxsinə qarşı "inzibati icraat materiallarının təqdim edilməsi" tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) "Təhsildə Keyfiyyət Təminatı Agentliyi" publik hüquqi şəxsinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək maraqlı şəxs olaraq NA00003604 saylı toplanmış icraat materialları ilə tanış olmaq və surətlərinin ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2-1(112)-14821/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1318/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 2-1(112) - 14821/2023 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək maraqlı şəxs olaraq NA00003604 saylı toplanmış icraat materialları ilə tanış olmaq və toplanmış materialdan onlayn formada keçirilən tədris dili ilə bağlı müsabiqənin video yazısını əks etdirən diskin, sərhəd keçmə haqqında sorğunun nəticəsinin, ali təhsil müəssisəsinin akkreditasiyadan keçməsini əks etdirən rəyin, həmin dövrdə qüvvədə olmuş qaydaların 3.2 və 3.4-cü bəndlərində nəzərdə tutulmuş tələblərlə bağlı ekspert rəylərinin təsdiq olunmuş surətlərinin ona təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2016-2021-ci illər üzrə Rusiya Federasiyası Dağıstan Dövlət Universtetində «Hüquqşünaslıq» ixtisası üzrə qiyabi təhsil almış, 2021-ci il tarixində cavabdehin elektron sisteminə sənədləri daxil etməklə diplomun nostrifikasiyası ilə bağlı müraciət olunmuş, xx.xx.2022-ci il tarixində müraciətinə dair NA00003604 saylı qərar qəbul etməklə müraciəti ilə bağlı imtina verilmişdir. 2022-ci il tarixində verilmiş qərarın qanunsuz və əsassız olması ilə bağlı subordinasiya qaydasında yuxarı instansiyalara və sonda inzibati məhkəməyə iddia ilə müraciət olunmuş, sonda iddianın geri götürülməsi ilə bağlı ərizə ilə müraciət olunmuşdur. 2021-ci il tarixində cavabdeh quruma rəsmi müraciət olunduğu zaman iş icraatda olduğu vaxtda cavabdehin elektron ərizə sistemi bölməsində “müraciət et” bölməsi vasitəsi və rəsmi ərizə ilə, qərar qəbul olunduqdan sonra isə dəfələrlə cavabdehə və yuxarı instansiya olan Elm və Təhsil nazirinə şikayətlərlə müraciət edərək İnzibati İcraat haqqında AR Qanunu və hüquq münasibəti yaranan an qüvvədə olan Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalarında nəzərdə tutulan hüquqdan yararlanmağına şərait yaradılmasını, maraqlı şəxs kimi NA00003604 saylı icraat materialı ilə tanış olmaq və surətlərinin əldə edilməsini xahiş etməyinə baxmayaraq, cavabdeh qurum hərəkətsizlik etməklə iddiaçının bu hüquqdan yararlanmağına şərait yaratmamışdır. Bundan əlavə iş məhkəmə icraatında olduğu zaman şifahi vəsatətlə müraciət olunaraq toplanmış materialın məhkəməyə təqdim edilməsi xahiş olunmuş, lakin cavabdeh qurum hərəkətsizlik etməklə qanunun tələbini pozaraq ekspertiza sənədlərini məhkəməyə təqdim etməməklə iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı mülahizədə göstərilmişdir ki, iddiaçı Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş №100505 ******* nömrəli xx.xx.2021-ci il tarixli diplom üzrə “Hüquqşünaslıq" ixtisası (bakalavr/qiyabi) üzrə aldığı kvalifikasiyanın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üzrə 29 noyabr 2021-ci il tarixdə elektron ərizə vasitəsi ilə cavabdehə müraciət etmiş, inzibati orqan ərizəçinin müraciəti üzrə cavabdeh tərəfindən müvafiq sorğular göndərilmiş və yekun olaraq həmin vaxt qüvvədə olan Azerbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü iİ 3 fevral tarixli 34 nömrəli Qərarı ilə ləğv edilmiş Azerbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalarına uyğun olaraq 01 fevral 2022-ci il tarixdə, NA00003604 nömrəli inzibati akt qəbul etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-8024/2024 nömrəli sərəncamının 4-cü hissəsində qeyd olunmuş məsələlərlə bağlı iddiaçının xarici diplomunun tanınmasından imtina üçün səbəb olmuş onun tədris dilinin yoxlanılması üçün aparılmış müsahibənin video yazısı ilə tanış olması üçün iddiaçı Agentliyin inzibati binasına dəvət olunmuşdur. Bununla bağlı 18 sentyabr 2024-cü il tarixində iddiaçı X1 üzvlərinin, Hüquqi məsələlərin tənzimlənməsi və Xarici kvalifikasiyaların tanınması şöbəsindən olan nümayəndələrin iştirakı ilə onun tədris dili üzrə xx.xx.2022-ci il tarixdə saat 16:40-da onunla aparılmış müsahibənin audio-video yazısı ilə tanış olmuşdur. Həmçinin, iş üzrə aparılmış inzibati icraatla bağlı digər məlumatlar da məhkəməyə təqdim edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya cavabdeh orqan tərəfindən verilmiş imtina qərarı üzrə mübahisə predmeti olan inzibati icraat materialları ilə tanış olma imkanının yaradılması, digər sənədlərin də məhkəməyə təqdim olunduğu nəzərə alınaraq, hazırkı iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, həmçinin bildirdi ki, o, Agentliyin inzibati binasına dəvət olunmuş, təxminən 10 dəqiqə audio-video yazı ilə tanış olmuş, daha sonra isə həmin diskin və digər inzibati icraat materiallarının surətini istəmiş, inzibati orqan tərəfindən ona imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bu səbəbdən tələbini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1983-cü ildə anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh tərəfindən qəbul edilmiş 01 fevral 2022-ci il tarixli, NA00003604 saylı Xarici dövlətlərin ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin (nostrifikasiyasının) müəyyən edilməsi barədə Qərara əsasən ekspertiza zamanı iddiaçının tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. İddiaçının tədris dili üzrə bilik səviyyəsi qənaətbəxş olmadığından bu hal onun aldığı təhsilin məzmununa uyğun hesab edilə bilməz. Qeyd olunanlara əsasən iddiaçının xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər (25.1.). Qanunla başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati icraatla bağlı məlumatlar başqa şəxslərə yalnız maraqlı şəxslərin razılığı əsasında verilə bilər (25.2.). İnzibati orqan müraciət daxil olduğu gündən 3 gün müddətində müvafiq məlumatları verməlidir (25.3.). İnzibati orqan məzmununda qanunla qorunan hər hansı sirr olan sənədlərdən maraqlı şəxslərin ziyanına istifadə edə bilməz (25.4.). Məzmununda qanunla qorunan hər hansı sirr olan sənədin tanış olmaq üçün təqdim edilməsindən imtina olunduğu hallarda, inzibati orqan qanunla qorunan maraqlara ziyan vurmadan, həmin sənədin məzmunu haqqında maraqlı şəxsə mümkün qədər dolğun məlumat verməyə borcludur (25.5.). Maraqlı şəxslər inzibati icraat materialları ilə həmin icraatın həyata keçirildiyi inzibati orqanda tanış ola bilərlər (25.6.). Müstəsna hallarda maraqlı şəxslər, yazılı müraciət əsasında, inzibati icraat materialları ilə digər inzibati orqanda, habelə Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliyində tanış ola bilərlər (25.7.). Maraqlı şəxsin inzibati icraatla bağlı sənədlərin və digər materialların surətlərini əldə etmək hüququ vardır (25.8.). Qanunun qeyd edilən müddəalarından göründüyü kimi Qanunda inzibati icraat materialları ilə tanış olmaq və inzibati icraat materiallarının surətlərinin əldə edilməsi anlayışları fərqləndirilmişdir. Qanunda inzibati icraatda iştirak edən maraqlı şəxslərin inzibati icraat materialları ilə tanış olmaq hüququ onların müstəsna hüququ kimi nəzərdə tutulmuşdur. Bu hüquq inzibati orqan tərəfindən məhdudlaşdırıla bilməz və inzibati icraat iştirakçılarının müraciəti əsasında onların aparılan və ya başa çatmış inzibati icraat materialları ilə tanış olmaq və ya həmin icraat haqqında məlumat almaq hüquqları təmin edilməlidir. Qanunun 25.8-ci maddəsində isə maraqlı şəxslərin inzibati icraatla bağlı sənədlərin və ya digər materialların surətlərini əldə etmək hüquqları təsbit edilmişdir. Bu səbəbdən inzibati icraatla bağlı “sənəd və ya digər materiallar” anlayışına aydınlıq gətirilməlidir. “İnzibati icraat haqqında” Qanunda göstərilmişdir ki, inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır (45.1.). İnzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: sənədlərdən; tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; şahid ifadələrindən; müvafiq müayinələrin aparılmasından; ekspert rəylərindən; hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər (45.2.). Göründüyü kimi Qanunda inzibati icraat zamanı istifadə olunan sübutların siyahısı öz əksini tapmışdır. Cavabdeh Azərbaycan respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş (hal-hazırda qüvvədən düşmüş) “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na istinad edərək onun təhsil aldığı xarici dili bilməməsinə əsaslanaraq iddiaçının diplomunun tanınmasından imtin etmişdir. Həmn “Qaydalar”da göstərilmişdir ki, Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilir (1.6). Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra) (3.2.). Ekspertiza zamanı aşağıdakılar nəzərə alınır: tədris planının və proqramlarının məzmunu; attestasiya sistemləri; öyrənilmiş fənlərin həcmi; fənlər üzrə attestasiyanın nəticələri; istehsalat təcrübəsi və onun müddəti; yekun attestasiyanın nəticəsi (3.4.). İş materialları ilə müəyyən edilir ki, 01 fevral 2022-ci il tarixli NA00003604 saylı Xarici dövlətlərin ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin (nostrifikasiyasının) müəyyən edilməsi barədə Qərarına əsasən ekspertiza zamanı iddiaçının tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Cavabdeh yuxarıda qeyd olunan “Qaydalar”a uyğun olaraq keçirilmiş ekspertiza çərçivəsində iddiaçı ilə fərdi müsahibə aparmışdır. Həmin müsahibənin videoyazısı aparılmışdır ki, iddiaçı hazırda həmin videoyazının surətinin ona verilməsini tələb edir. Qeyd edilməlidir ki, iddiaçı ilə aparılmış müsahibənin videoyazısı inzibati icraat materiallarına əlavə edilmiş “sənəd” deyil. Eyni zamanda həmin videoyazı iddiaçı ilə aparılmış müsahibəni özündə əks etdirməklə, cavabdehin iradəsi ilə aparılmışdır. Həmin videoyazı cavabdehə aiddir və iddiaçıya verilməsi onun hər hansı maraqlarına xidmət etmir. Belə ki, iddiaçı həmin müsahibədə iştirak etmişdir və müsahibənin videoyazısı ilə tanış olmasına cavabdeh tərəfindən hər hansı maneə yaradılmır. Cavabdeh öz yazılı mülahizəsində iddiaçının hazırkı iddianı qaldırmamışdan əvvəl icraat materialları ilə tanış olma ilə bağlı agentliyə müraciətlərinin olmasını, iddiaçının icraat materialları ilə tanış olma ilə bağlı müraciəti ilə əlaqədar onunla əlaqə saxlanıldığını, agentlikdə qəbul edildiyini bildirmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçının NA00003604 saylı toplanmış icraat materialları ilə tanış etmək vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. İddia qlan hissədə əsassız olduğu üçün təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı NA00003604 saylı toplanmış icraat materialları ilə tanış edilməsi vəzifəsi cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar