Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8026/2024 02.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə qarşı “qeydin aparılması” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İ İşin halları İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə (bundan sonra–Cavabdeh) ərizə ilə müraciət edərək əmək müqaviləsinə xitam verilməsi ilə bağlı elektron informasiya sistemində müvafiq qeydin aparılmasını xahiş etmiş, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərək xx.xx.2024-cü il tarixli məktubla bildirmişdir ki, Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(004)-4212/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnamədə əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsistemində etibarsız edilməsi ilə bağlı öhdəlik X2 Xidmətinin üzərinə qoyulmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vastəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin "h" bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindəndir. Əmək müqaviləsinin etibarsız hesab edilməsi məhkəmə qərarı əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edildiyi halda icra oluna bilər. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı elektron informasiya sistemində müvafiq qeydin aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" MMC arasında 03 aprel 2015-ci il tarixdə əmək müqaviləsi bağlanmış, iddiaçı həmin tarixdən 2015-ci ilin avqust ayınadək "xxxx" MMC-də direktor müavini vəzifəsində çalışmışdır. İddiaçı 2015-ci ilin avqust ayında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsi “a” bəndinə əsasən, işəgötürənə əmək müqaviləsinə xitam verilməsi barədə ərizə ilə müraciət etmiş və müddət bitdikdən sonra əmək müqaviləsinə xitam verildiyi qənaətinə gələrək ölkəni tərk etmişdir. Lakin "xxxx" MMC tərəfindən iddiaçının əmək hüquqları pozularaq, əmək müqaviləsinə xitam verilməmişdir. 05 aprel 2023-cü il tarixində iddiaçı əlavə iş yeri olaraq "xxxx" MMC-də idarə heyəti sədrinin müavini kimi işə qəbul olmuşdur. O, hazırda "xxxx" MMC ilə əsas iş yeri kimi əmək müqaviləsi bağlamaq niyyətindədir. Lakin məlum olmuşdur ki, iddiaçının "xxxx" MMC ilə olan əmək müqaviləsi hələ də qüvvədədir. Odur ki, iddiaçının "xxxx" MMC-də əsas iş yeri kimi qeydiyyata alınması üçün ilk növbədə "xxxx" MMC ilə bağlanan əmək müqaviləsinə xitam verilməsi zərurəti yaranmışdır. İddiaçı "xxxx" MMC ilə əmək münasibətlərinə girdiyi üçün 22 iyun 2023-cü il tarixdə "xxxx" MMC-yə ərizə göndərərək 7 gün ərzində, yəni 29 iyun 2023-cü il tarixindən işdən azad olunmasını xahiş etmişdir. Lakin şirkət faktiki olaraq fəaliyyət göstərmədiyi üçün göndərilən ərizəyə münasibətdə heç bir hərəkət edilməmişdir. Bu səbəbdən hazırda iddiaçının əsas iş yeri hələ də "xxxx" MMC olaraq qalmaqdadır. Şirkət faktiki olaraq fəaliyyət göstərmədiyi üçün nə iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi, nə də iddiaçı ilə son haqq-hesab aparıla bilməsi mümkün olmamışdır. İddiaçı bununla əlaqədar, mövcud olan əmək münasibətlərinin bitmiş, əmək müqaviləsinin xitam olunmuş hesab edilməsi, iddiaçının əmək kitabçasının, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin iddiaçıya verilməsi və işəgötürənin son haqq-hesabının aparılması vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması, tərəflər arasında əmək müqaviləsinə xitam verilməsi ilə bağlı elektron informasiya sistemində müvafiq qeydin aparılması vəzifəsinin X2 Xidmətinin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsi məqsədilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(004)-4212/2023 nömrəli qətnaməsi ilə iddiaçı və "AKEY” MMC arasında olan əmək münasibətləri bitmiş, əmək müqaviləsi xitam olunmuş hesab edilmiş, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin, əmək kitabçasının verilməsi və son haqq-hesabının aparılması barədə "xxxx" MMC-nin üzərinə vəzifə qoyulmuşdur. Lakin, Dövlət Vergi Xidmətindən əldə edilən məlumata əsasən “AKEY" MMC fəaliyyəti xx.xx.2021-ci il tarixindən dayandırıldığı üçün qətnamənin icrası mümkün olmamışdır. Bununla əlaqədar olaraq, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində "xxxx" MMC ilə olan əmək müqaviləsinə rəsmi xitam verilməsi ilə bağlı elektron informasiya sistemində müvafiq qeydin aparılması və rəsmi bildirişin təqdim edilməsi məqsədilə X2 Xidmətinə müraciət edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində e-poçt vasitəsilə təqdim edilmiş cavab məktubuna əsasən, əmək müqaviləsinə xitam verilməsindən imtina edilmiş, bunun yalnız məhkəmə qərarı əsasında mümkün olacağı bildirilmişdir. Cavabdeh məhkəməyə iddiaya yazılı münasibətini təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş iş yerinə dair arayışdan görünür ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində direktor müavini vəzifəsində işləyir, əmək müqaviləsi xx.xx.2015-ci il tarixdə bağlanmışdır və müddətsizdir. İşdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4212/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında olan əmək münasibətlərinin bitmiş, əmək müqaviləsinin xitam olunmuş hesab edilməsi, iddiaçının əmək kitabçasının, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin iddiaçıya verilməsi və işəgötürənin son haqq-hesabının (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması, tərəflər arasında əmək müqaviləsinə xitam verilməsi ilə bağlı elektron informasiya sistemində müvafiq qeydin aparılması vəzifəsinin X2 Xidmətinin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmənin həmin qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə "xxxx" MMC arasında olan əmək münasibətləri bitmiş, əmək müqaviləsi xitam olunmuş hesab edilmiş və İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin, əmək kitabçasının verilməsi və son haqq-hesabının (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) aparılmasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə vəzifə qoyulması qət edilmişdir. Məhkəmə qətnaməsində göstərilmişdir ki, “...tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı başqa işəgötürənlə əmək müqaviləsi bağlayaraq öz təşəbbüsü ilə cavabdeh ilə aralarında olan əmək müqaviləsinə xitam verilməsi üçün ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdehin faktiki olaraq fəaliyyət göstərməməsi səbəbindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməmiş və son haqq-hesab aparılmamışdır.” İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin məktubundan görünür ki, uçot baza məlumatlarına əsasən "xxxx" MMC-nin fəaliyyətinin xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək dayandırılması barədə məlumat mövcuddur. Hazırda faəliyyəti dayandırılmış vəziyətdədir. İş materiallarından görünür ki, "xxxx" MMC-nin qanuni təmsilçisi X1r. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 3-13-12/2-133867/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1972-ci il təvəllüdlü X3 barəsində Səbail rayon Polis İdarəsi tərəfindən CM-in 179.3.2, 308.2.1 və 313-cü maddələri ilə aparılan cinayət təqibi üzrə seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə xx.xx.2015-ci il tarixdə 1342 nömrəli axtarış işi açılmış və hazırda axtarışdadır. İddiaçı hazırda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə onunla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında olan əmək müqaviləsi xitam olunmuş hesab edildiyini, işəgötürənin fəaliyyətini dayandırması səbəbindən həmin məhkəmə qətnaməsinin icrasının mümkünsüz olduğunu bildirməklə, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı elektron informasiya sistemində müvafiq qeydin aparılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2011-ci il tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti (bundan sonra – Xidmət) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə (bundan sonra - əmək qanunvericiliyi) əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3.1.3-2-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda işçinin elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi bildirişinin qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt formasında qərar qəbul etmək, bununla bağlı işçinin müraciəti əsasında əmək kitabçasında müvafiq qeydlər aparmaq Xidmətin vəzifəsidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 4-cü hissəsinə əsasən həmin Məcəllənin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qərarı ilə qüvvədən düşmüş hesab edilir. Bu zaman əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan tərəfindən işçinin qüvvədə olan əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt formasında qərar qəbul edilir və bununla bağlı elektron informasiya sistemində müvafiq qeyd aparılır. Həmin maddənin 5-ci hissəsinə əsasən Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz. Həmin Məcəllənin 74-cü maddəsinin 1-1-ci hissəsinə əsasən: 1-1. Aşağıdakı hallar fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciəti əsasında xitam verilmiş hesab edilməsi üçün əsasdır: 1-1.1. fiziki şəxs olan işəgötürən vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə; 1-1.2. fiziki şəxs olan işəgötürən barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçildikdə, yaxud o, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə azadlıqdan məhrum edildikdə; 1-1.3. fiziki şəxs olan işəgötürən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxs hesab edildikdə; 1-1.4. Azərbaycan Respublikasının Mülki Prosessual və Azərbaycan Respublikasının Cinayət Prosessual məcəllələrinə uyğun olaraq fiziki şəxs olan işəgötürənin axtarışı elan olunduqda; 1-1.5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq əcnəbi və vətəndaşlığı olmayan işəgötürən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edildikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 iyun 2014-cü il tarixli 183 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın: -3.1-ci bəndinə əsasən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə əmək müqaviləsi bildirişinin daxil edilməsi “Elektron hökumət” portalı vasitəsilə həyata keçirilir. -3.2-ci bəndinə əsasən bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir. -3.4-cü bəndinə görə əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. -3.5-ci bəndinə görə işəgötürən xidmətə daxil olduqda, sistem tərəfindən onun təkmil sertifikatına əsasən soyadı, adı, atasının adı, gücləndirilmiş elektron imza (dövlət orqanları və ya hüquqi şəxslərlə münasibətdə möhür vurmaq səlahiyyəti olan) kartının nömrəsi və fərdi identifikasiya nömrəsi (FİN) müəyyən edilir. İşəgötürən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxiletmə səlahiyyətini etibar etdiyi şəxsin (şəxslərin) gücləndirilmiş elektron imza kartının nömrəsini, fərdi identifikasiya nömrəsini (FİN), səlahiyyətin etibar edilmə müddətini müəyyən edilmiş formada sistemə daxil edərək təsdiqləməlidir. -6.2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə dair məlumatlar elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edildikdən sonra məlumat bazasında bu Qaydaların 5 nömrəli əlavəsində müəyyən edilmiş formada yadda saxlanılır və bununla bağlı 1 (bir) iş günündən gec olmayaraq işəgötürənə sistem vasitəsilə bu Qaydaların 8 nömrəli əlavəsində müəyyən edilmiş formada məlumat verilir. İşəgötürən bu məlumatı çap edərək, mühafizə edilən aidiyyəti əmək müqaviləsi ilə birlikdə 5 (beş) il müddətinə saxlanmasını təmin edir və işçinin müraciəti əsasında bildirişin və məlumatın surətini ona təqdim edir. Sadalanan normalardan görünür ki, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Bu zaman işəgötürən ilk növbədə əmək müqaviləsinə xitam verilməsi barədə əmr verir, daha sonra isə həmin əmri elektron informasiya sisteminə daxil edir. Cavabdeh isə yalnız fiziki şəxs olan işəgötürən:
1. vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə; 2.barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçildikdə, yaxud o, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə azadlıqdan məhrum edildikdə;
3. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxs hesab edildikdə;
4. Azərbaycan Respublikasının Mülki Prosessual və Azərbaycan Respublikasının Cinayət Prosessual məcəllələrinə uyğun olaraq axtarışı elan olunduqda;
5. əcnəbi və vətəndaşlığı olmayan şəxs olduqda və onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edildikdə, işçinin qüvvədə olan əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi barədə qərar qəbul edir və bununla bağlı elektron informasiya sistemində müvafiq qeyd aparır. Göründüyü kimi, yuxarıda qeyd olunan hallar olduqda, artıq işəgötürənin öz iradəsi daxilində işçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmr qəbul etmək imkanı olmur və buna görə də qanunverici işçinin hüquqlarını qorumaq, onun əmək hüququnu, əmək fəaliyyətini davam etdirməsi üçün yeni müqavilə bağlamaq imkanını təmin etmək məqsədilə bağlanmış əmək müqaviləsinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan olan X2 Xidməti tərəfindən qüvvədən düşmüş hesab edilməsi barədə qərar qəbul etmək, müqavilə qüvvədən düşdükdən sonra isə bununla bağlı elektron informasiya sistemində müvafiq qeyd aparmaq səlahiyyəti vermişdir. İşdən görünür ki, hazırkı iş üzrə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallar mövcud deyil, yəni iddiaçının əmək müqaviləsi bağladığı işəgötürən fiziki şəxs deyil. Lakin işdən o da görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçı və "xxxx" MMC arasında olan əmək münasibətləri bitmiş, əmək müqaviləsi xitam olunmuş hesab edilmişdir. Yəni hazırda iddiaçı ilə işəgötürən "xxxx" MMC arasında hər hansı əmək münasibəti möcud deyil. İşdən həmçinin o da müəyyən olunur ki, "xxxx" MMC-nin fəaliyyəti dayandırılmış, onun qanuni təmsilçisi X3 barəsində isə cinayət işi başlanılmaqla axtarış işi açılmışdır və hazırda axtarışdadır. Belə olan halda aydındır ki, iddiaçının "xxxx" MMC ilə əmək münasibətlərinə xitam verilsə də, bununla bağlı məlumatların elektron informasiya sisteminə daxil edilməsi mümkünsüzdür. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin 2.3.2-ci bəndinə əsasən “Əmək və məşğulluq” altsistemi vasitəsilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən (siyahısı Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 206 nömrəli Fərmanı ilə təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək müqaviləsi kağız üzərində yazılı formada bağlanılan əmək münasibətləri istisna olmaqla) işçilərlə işəgötürənlər arasında əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək münasibətlərinə dair arayışların alınması, habelə əməyin təşkili, əməyin mühafizəsi, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məşğulluq sahəsində xidmətlərin elektron qaydada təşkili, o cümlədən məşğul şəxslərin reyestrinin elektron formada aparılması, işsiz və işaxtaran şəxslərin qeydiyyata alınması, vakansiya bankının və ştat vahidlərinə dair cədvəlin yaradılması, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsi və ya onun müddətinin uzadılması ilə bağlı elektron qaydada rəy verilməsi, eləcə də məşğulluq və əmək qanunvericiliyinə əməl olunmasına nəzarət, sığortaedənlər tərəfindən “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməsinin elektron monitorinqi təmin edilir. Məhkəmə qeyd edir ki, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron informasiya sistemində qeydiyyata alınmasının məqsədlərindən biri də məşğulluq və əmək qanunvericiliyinə əməl olunmasına nəzarəti təşkil etmək, məlumatların düzgünlüyünü və tamlığını təmin etməkdir. Hazırkı halda isə iddiaçının xitam verilmiş əmək müqaviləsinin elektron informasiya sistemində aktiv kimi göstərilməsi, iddiaçının əmək hüququnu pozmaqla yanaşı, həmin sistemin yaradılması məqsədinə də xidmət etmir. Məhz qeyd olunanları, həmçinin elekron informasiya sistemində əmək münasibətlərinə xitam verilməsi ilə bağlı müvafiq qeydin aparılması imkanının işəgötürən istisna olmaqla, yalnız cavabdeh tərəfindən aparılmasının mümkünlüyünü nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələbində haqlıdır və iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bunan sonra –İPM) 73.1ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilsin. İddiaçı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı elektron informasiya sistemində müvafiq qeydin aparılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova