Məhkəmə qərarları › İş №2-1(112)-8027/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8027/2021

05.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8027/2021 05.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına (üçüncü şəxslər Ləğv prosesində olan "xxxx" ASC və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) qarşı “kompensasiya üzrə fiziki şəxsə ödəniləcək vəsaitin məbləğinin müəyyən edilməsi və ödəniş ediləcək fiziki şəxslərin siyahısına daxil edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankına və Ləğv prosesində olan "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehlə onun arasında bağlanan ********* saylı kredit müqaviləsi üzrə yaranmış kompensasiyanın düzgün hesablanaraq cavabdehdən tutulub onun xeyrinə verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, 09.07.2014-cü ildə "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsinə əsasən sonuncuya 2724 (iki min yeddi yüz iyirmi dörd dollar yeddi sent) ABŞ dolları kredit verilmişdir. 07 iyun 2017-ci il tarixində "xxxx" ASC ilə ********* saylı, 09.07.2014-cü il tarixli kredit müqaviləsinə 2 saylı əlavə saziş bağlanmış, müqaviləyə əsasən kredit borcu restrukturizasiya edilərək, son məbləğ 3.820 (üç min səkkiz yüz iyirmi dollar əlli yeddi sent) ABŞ dolları həddində müəyyən edilmişdir. Sözügedən kredit borcunu iddiaçı vaxtından əvvəl tam şəkildə ödəmişdir. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin problemli kreditlərlə bağlı 2018-ci il tarixli Fərmanına əsasən kredit müqaviləsi üzrə Ləğv prosesində olan "xxxx" ASC-dən iddiaçıya düşən kompensasiyanı tələb edəndə iddiaçıya bildirilmişdir ki, onun kredit müqaviləsi üzrə borcu qalıb. İddiaçı mübahisəli məsələ ilə əlaqədar Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə onun iddiasını təmin edərək, Nərimanov Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 2(005)-465/2020 nömrəli qətnaməsinə əsasən müqavilə üzrə əsassız hesablanmış 1424,90 ABŞ dolları məbləğində cərimə borcu silinmişdir. Bundan əlavə, qətnamə üzrə verdikləri kassasiya şikayəti Ali Məhkəmənin 10 fevral 2021-ci il tarixli, 2(102)-5545/20 saylı qərarına əsasən qətnamə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya əsassız cərimə borcu hesablanaraq ona düşən kompensasiyanı almağa süni maneəçilik yaradılmışdır. Bu baxımdan da iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmənin 2-1(112)-8027/2021 nömrəli, 25.08.2021-ci il tarixli qərardadı ilə Ləğv prosesində olan "xxxx" ASC-nin cavabdeh qismində prosessual iştirakına xitam verilmiş, eyni zamanda Ləğv prosesində olan "xxxx" ASC və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddiaçının nümayəndəsi X2 25.08.2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, kompensasiya üzrə fiziki şəxsə ödəniləcək vəsaitin məbləğinin müəyyən edilməsi və ödəniş ediləcək fiziki şəxslərin siyahısına daxil edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya münasibəti məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın 01.03.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına ləğv prosesində olan "xxxx" ASC tərəfindən daxil edilmiş qeydlərdə İddiaçı (FİN: xxxxxxx) 09.07.2014-cü il tarixli kredit müqaviləsi üzrə devalvasiyaların baş verdiyi günlərə (21.02.2015-ci və 21.12.2015-ci il tarixlərinə) ödənilməmiş əsas kredit borcunun olmadığı göstərildiyindən bu hissədə iddiaçıya kompensasiya məbləği hesablanmamışdır. Hazırda ləğv prosesində olan "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş ərizə və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, tərəflər arasında həqiqətən də 09.07.2014-cü il tarixdə kredit müqaviləsi üzrə birinci devalvasiya gününə (21.02.2015-ci il tarixə) 2.739,40 ABŞ dolları, ikinci devalvasiya gününə isə (21.12.2015-ci il tarixə) 2.723,94 ABŞ dolları məbləğində əsas kredit borcu mövcud olmuşdur. Bundan başqa, MKR və PK məlumat bazalarına əsasən sözügedən kredit müqaviləsi üzrə borcluya bank tərəfindən vaxtilə 99,51 manat güzəşt edilmişdir. Beləliklə, qeyd edilən sənədlər üzrə məlumatlara əsasən ləğv prosesində olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 09.07.2014-cü il tarixli kredit müqaviləsi üzrə Fərmanın 1.1-ci və 1.2-ci bəndləri nəzərə alınmaqla sonuncunun adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsinə və 2.219,70 manat kompensasiyanın hesablanmasına etiraz edilmir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş “Kreditor” adlanacaq "xxxx" ASC ilə “Borcalan” adlanacaq İddiaçı arasında bağlanmış 09.07.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən Kreditor Borcalana 4000 (dörd min) USD məbləğində kredit verir. Kredit 24 (iyirmi dörd) ay müddətinə verilir. Kreditin istifadəsinə görə Borcalan Kreditora illik 30 (otuz) faiz ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 31.13 faiz təşkil edir. İş materiallarına əlavə edilmiş “Kreditor” adlanacaq "xxxx" ASC ilə “Borcalan” adlanacaq İddiaçı arasında bağlanmış ********* saylı, 09.07.2014-cü il tarixli kredit müqaviləsi üzrə 2 nömrəli, 07.06.2017-ci il tarixli əlavə sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra restruktrizasiya edilmiş kredit) 3828.57 USD təşkil edir. Ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən 1 USD=1.4 AZN məzənnəsi əsas götürülməklə qəbul edilir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 2402.96 USD əsas borc, 1237.27 USD cərimə borcu təşkil edir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-465/2020 nömrəli, 18.03.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış ********* saylı, 09.07.2014-cü il tarixli kredit müqaviləsi və əlavə 2 saylı, 07 iyun 2017-ci il tarixli saziş ləğv edilmiş və həmin müqavilə əsasında əsassız hesablanmış 1424,90 ABŞ dolları məbləğində cərimə borcunun Ləğv prosesində olan "xxxx" ASC tərəfindən silinməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5649/2020 nömrəli, 27.07.2020-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-465/2020 saylı, 18 mart 2020-ci il tarixli qətnaməsindən cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 465/2020 saylı, 18 mart 2020-ci il tarixli qətnaməsi cavabdehin apelyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-235/2021 nömrəli, 27.01.2021-ci il tarixli qərarı ilə Ləğv prosesində olan "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5649/2020 nömrəli iş üzrə 27 iyul 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Ləğv prosesində olan "xxxx" ASC tərəfindən ünvanlanmış 16.09.2021-ci il tarixli, **********103 nömrəli məktubu ilə Ləğv prosesində olan “Dəmirbank" ASC ilə İddiaçı arasında bağlanmış 09.07.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi və hesabdan çıxarış göndərilmişdir. Təqdim olunmuş 09.07.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən - məbləğ 4000 USD, illik faiz 30%, müddət 24 ay, aylıq annunitet 223.73 USD, etibarlıdır 04.03.2016. Təqdim olunmuş hesabdan çıxarışdan görünür ki, İddiaçı 09.01.2015-ci il tarixə 2.932,20 ABŞ dolları, 09.02.2015-ci il tarixə 2.739,40 ABŞ dolları, 12.03.2015-ci il tarixə 2.724,07 ABŞ dolları və 18.05.2015-ci il tarixinə 2.723,94 ABŞ dolları kredit borcu olmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının iddiaçıya ünvanladığı 31.05.2021-ci il tarixli, 26-07072-2021 nömrəli məktubda bildirilmişdir ki, müraciətinizə Azərbaycan Respublikasının Mərkəzi Bankının Apelyasiya Komissiyasında baxılmışdır. Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli Fərman imzalanmışdır. Problemli kreditiniz ilə bağlı ətraflı məlumatı pk.cbar.az saytına daxil olaraq şəxsi məlumatlarınızı əlavə etməklə əldə edə bilərsiniz. Azərbaycan Respublikasının Mərkəzi Bankının məhkəməyə ünvanladığı 11.08.2021ci il tarixli, 16-03657-2021 nömrəli məktubda bildirilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın 01.03.2019cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. İddia tələbi ilə bağlı bildirilir ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına ləğv prosesində olan "xxxx" ASC tərəfindən daxil edilmiş qeydlərdə İddiaçı (FİN: xxxxxxx) 09.07.2014-cü il tarixli kredit müqaviləsi üzrə devalvasiyaların baş verdiyi günlərə (21.02.2015-ci və 21.12.2015-ci il tarixlərinə) ödənilməmiş əsas kredit borcunun olmadığı göstərildiyindən bu hissədə iddiaçıya kompensasiya məbləği hesablanmamışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmişdir. Beləliklə, bu növ iddia üzrə xüsusi mümkünlük şərti ödənilir. İddia mahiyyət üzrə əsaslıdır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının: -1-ci bəndinə görə aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. -2-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin. -3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: 3.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etsin; 3.2. bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən qəbul edilmiş 27 mart 2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın (bundan sonra Qayda) 1-ci bəndinə görə bu Qayda “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının (bundan sonra - Fərman) 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə hazırlanmışdır, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri, habelə kredit borclarının restrukturizasiyası ilə bağlı digər məsələləri müəyyən edir. Adıçəkilən Qaydanın: -2.1.10-cu bəndinə əsasən kompensasiya - fiziki şəxslərin xarici valyutada olan kreditlərinin devalvasiya nəticəsində manatla artmış hissəsinin Fərmanla müəyyən olunmuş qaydada qiymətləndirilməklə dövlət tərəfindən qarşılanması məqsədilə onlara dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilən məbləğdir. -3.1-ci bəndinə görə Fərmana uyğun olaraq, fiziki şəxslərin kompensasiya ödəniləcək kreditləri aşağıdakı şərtlərdən ən azı birinə cavab verməlidir: 3.1.1. 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankının (bundan sonra - Mərkəzi Bank) elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır; 3.1.2. 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır. -3.2-ci bəndinə görə kompensasiya məbləği aşağıdakı qaydada hesablanır: 3.2.1. bu Qaydanın 3.1.1-ci yarımbəndində nəzərdə tutulan əsas kredit borclarına münasibətdə:

1. fiziki şəxsin 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcları həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq ABŞ dolları ekvivalentində müəyyən olunaraq toplanılır;

2. bu Qaydanın 3.2.1-ci yarımbəndinin 1-ci abzasına uyğun olaraq hesablanmış məbləğ 1 ABŞ dollarına 0,25 manat kimi qiymətləndilir. 3.2.2. bu Qaydanın 3.1.2-ci yarımbəndində nəzərdə tutulan əsas kredit borclarına münasibətdə:

1. fiziki şəxsin 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada əsas kredit borcları həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq ABŞ dolları ekvivalentində müəyyən olunaraq toplanılır;

2. bu Qaydanın 3.2.2-ci yarımbəndinin 1-ci abzasına uyğun olaraq hesablanmış məbləğ 1 ABŞ dollarına 0,60 manat kimi qiymətləndirilir. 3.2.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə xarici valyutada mövcud olan əsas kredit borclarına münasibətdə bu Qaydanın 3.2.1-ci və 3.2.2-ci yarımbəndlərində qeyd olunan hər iki qaydada hesablanmış kompensasiya məbləğləri cəmlənir. -4.1-ci bəndinə əsasən kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Mərkəzi Banka təqdim edir. Azərbaycan Respublikası Prezidentinin “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” 28 noyabr 2019-cu il tarixli 1616 nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilmiş və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. Göründüyü kimi xarici valyuta ilə bağlanan kredit müqavilələri üzrə borcalan fiziki şəxslərə kompensasiya məbləği o zaman təyin olunur ki, onların devalvasiya tarixinədək (21.02.2015-ci il və 21.12.2015-ci il) əsas kredit borcunun qalıq hissəsi 10.000 ABŞ dollarından çox olmasın. İddiaçının adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməməsinin əsası ondan ibarət olmuşdur ki, Mərkəzi Bankın MKR və PK məlumat bazasında Ləğv prosesində olan "xxxx" ASC tərəfindən daxil edilmiş qeydlərdə iddiaçının 09.07.2014-cü il tarixli müqavilə üzrə devalvasiyaların baş verdiyi günlərə ödənilməmiş kredit borcunun olmadığı göstərilmişdir. Halbuki, məhkəmə icraatı gedişində üçüncü şəxs Ləğv prosesində olan "xxxx" ASC tərəfindən 09.07.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi və hesabdan çıxarışdan müəyyən olunur ki, iddiaçının sözügedən müqavilə üzrə devalvasiya günlərinə 21.02.2015ci il tarixə 2.739,40 ABŞ dolları, 21.12.2015-ci il tarixə isə 2.723,94 ABŞ dolları məbləğində əsas kredit borcu qalmışdır. Eyni zamanda cavabdeh orqan tərəfindən MKR və PK məlumat bazalarına əsasən həmin kredit müqaviəsi üzrə iddiaçıya bank tərəfindən 99.51 manat güzəşt edildiyi və Fərmanın 1.1-ci, 1.2-ci bəndləri nəzərə alınmaqla iddiaçının adının kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsinə və ona "xxxx" ASC ilə aralarında bağlanmış 09.07.2014cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə 2.219,70 manat kompensasiyanın hesablanmasına etiraz edilmir. İşin hallarından görünür ki, hazırkı iş üzrə kredit müqaviləsi bağlanma tarixi, tələb olunan əsas məbləğ və baş vermiş devalvasiya günlərinə qalıq borcun olmasına görə Fərmanın təsiri altına düşür. İddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı adının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı çərçivəsində kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və ona həmin Fərmanın tələblərinə əsasən Ləğv prosesində olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 09.07.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə 2.219,70 manat kompensasiya məbləğinin hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı adının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı çərçivəsində kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və ona həmin Fərmanın tələblərinə əsasən Ləğv prosesində olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 09.07.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə 2.219,70 manat kompensasiya məbləğinin hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar