Məhkəmə qərarları › İş №2-1(112)-8029/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8029/2023

16.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8029/2023 16.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “torpaq sahəsinin plan-cizgisinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, İslamov Tamerlan Cəlil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı torpaq sahəsinin plan-cizgisinin verilməsi tələbinə dair iddiası üzrə inzibati işə 16 iyun 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 03 nömrəli protokol qərarı və Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 40 nömrəli məktubuna əsasən, X1 xx.xx.1998-ci il tarixli 128 №-li əmrinə əsasən İddiaçı (bundan sonra – iddiaçı) Abşeron rayonu, Binə qəsəbəsi, Hövsan-Südçülük sovxozunda 0,12 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi ayrılarkən iddiaçıya torpaq sahəsinin plan-cizgisi verilməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ona ayrılmış torpaq sahəsinə yerləşmə sxeminin verilməsi ilə bağlı Cavabdehnə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, hər hansı bir formatda xəritəçəkmə, planaalma və ya mərz nöqtələrinin yerə keçirilməsi fəaliyyəti Rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid deyil. Aidiyyəti üzrə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmək tövsiyə olunur. İddia tələbi və iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən sahəsi 0,12 ha torpaq sahəsinə dair plan-cizginin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, sözügedən torpaq sahəsi qanuni əsaslarla ona ayrılmış və hal-hazırda onun istifadəsindədir. Lakin torpaq sahəsi ayrılarkən torpağın plan cizgisi verilməmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və torpaq sahəsinə dair plan-cizgini cavabdeh tərtib edərək ona verməlidir. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə yazılı etiraz göndərərək iddianın, həmin iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırıldığından mümkün sayılmamasını xahiş etmişdir. Etirazın dəlilləri cavabdehin imtinasının dəlilləri ilə eynidir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 03 nömrəli protokol qərarı, Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 40 nömrəli məktubuna, X1 xx.xx.1998-ci il tarixli 128 № li əmrinə əsasən müəyyən edilir ki, İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 03 nömrəli protokol qərarı və Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 40 nömrəli məktubuna əsasən, iddiaçıya Abşeron rayonu, Binə qəsəbəsi, Hövsan- Südçülük sovxozunda 0,12 ha torpaq sahəsi ayrılmışdır. Hazırda iddiaçının tələbi ona ayrılmış torpaq sahəsinə cizginin tərtib edilərək verilməsidir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı, cavabdehin imtinası isə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 176 saylı 4 avqust 1999-cu il tarixli Fərmanının 2.2-ci bəndinin 5-ci abzasına görə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 5-ci bəndinin birinci abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür) 14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir... Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. Həmin Məcəllənin 23-cü madəsinə görə vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpağayırma aktında göstərilir. Torpaq sahəsinin verilməsi və geri alınması, o cümlədən dövlət və ictimai məqsədlər üçün geri alınması barədə vəsatətin qaldırılması və ona baxılması qaydalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Həmin Məcəllənin 57-ci maddəsinə əsasən yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Göründüyü kimi, mübahisənin yarandığı zaman (iddiaçıya torpaq sahəsi ayrılan zaman) qüvvədə olan Torpaq Məcəlləsinin istinad edilən normalarına görə, vətəndaşlara torpaq sahəsinin verilməsi Xalq Deputatları Sovetlərinin (Yerli İcra Hakimiyyətlərinin) qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpağayırma aktında göstərilir. Həmçinin torpaq kadastrının aparılmasını və yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yer-təsərrüfat quruluşu planlarının hazırlanması və həyata keçirilməsini təşkil etmək rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyətinə aid məsələ olmuşdur. İddiaçıya torpaq sahəsi ayrılan zaman torpaq sahəsinin yerləşmə vəziyyətini (hüdudlarını) əks etdirən sənədi (cizgini, planı, ayrıc aktını) həmin qərara əlavə edilməmişdir. İddiaçı isə, öz tələbinin – öhdəliyin cavabdeh tərəfindən icrasının əsası kimi cavabdehin Qərarı ilə ona verilmiş hüquqdan və Qərarın icrası qaydasında torpaq sahəsinin ona təhvil verilməsi faktından çıxış edir. Belə olan halda, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin yerləşmə vəziyyətinin sənəd üzrə verilmiş sahəyə uyğun olmadığını, buradan, cavabdehin iddiaçı qarşısında hazırkı məzmunda öhdəlik daşımadığını sübut etmək yükü cavabdehin üzərinə düşür. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 03 nömrəli protokol qərarı, Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 40 nömrəli məktubu, X1 xx.xx.1998-ci il tarixli 128 №-li əmrinə əsasən İddiaçı ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən sahəsi 0,12 ha torpaq sahəsinin plan-cizgisinin verilməsi öhdəliyi Cavabdehnə həvalə olunsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar