Məhkəmə qərarları › İş №2-1(112)-803/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-803/2022

31.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-803/2022 31.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil sahəsi üzərində istifadə hüququnun qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 32,0 kv.metr olan mənzil sahəsi üzərində istifadə hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 avqust 2018-ci il tarixli, 2-1(82)-3483/2018 saylı qərarı ilə qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən, yaşayış sahəsi 32,0 kv.metr olan mənzil sahəsinin onun adına kirayə müqaviləsi bağlamaq vəzifəsi Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Qərar 07 noyabr 2018-ci il tarixdə qüvvəyə minmiş və icra üçün 07 noyabr 2018-ci il tarixli, 2-1(82)-3483/2018 saylı məktubla Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə təqdim edilmişdir. Bundan sonra qeyd olunan mənzil sahəsinə onun adına kirayə müqaviləsi bağlanılması barədə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 26 noyabr 2018-ci il tarixli, 395 saylı Sərəncamı olmuşdur. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 26 noyabr 2018-ci il tarixli, 395 saylı Sərəncamına uyğun olaraq Bakı şəhəri Sabunçu rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 44 saylı Mənzil Kommunal İstismar Sahəsi ilə iddiaçı arasında 01.12.2018-ci il tarixli “Yaşayış sahəsinin kirayə müqaviləsi” bağlanılmışdır. Yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən, dövlət mənzil fonduna aid ümumi sahəsi 54,30 kv.metrdən, yaşayış sahəsi 32,0 kv.metrdən ibarət olan 2 otaqlı mənzil sahəsi 99 illiyinə iddiaçının sahibliyinə və istifadəsinə verilmişdir. Bununla əlaqədar o, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 32,0 kv.metr olan mənzil sahəsi üzərində istifadə hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması barədə çıxarışın verilməsi üçün 19.01.2021-ci il tarixli, ********** sayli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 02.03.2021-ci il tarixli, **********26 saylı məktubla mənzil sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində digər şəxsin adına qeydiyyata alınmasını, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinin müddəlarını əsas gətirərək istifadə hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması haqqında çıxarışın verilməsindən imtina etmişdir. İddiaçı bir şəhid ailəsi olaraq ona verilmiş 2 otaqlı mənzil sahəsi üzərində istifadə hüququnun qeydiyata alınması barədə çıxarışın verilməsindən imtinanı anlaya bilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5415/2021 nömrəli, 04.05.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, qeyd olunan mənzil daşınmaz əmlakın dövlət reyestrində X5 adına qeydiyyata alınmışdır. Həmçinin ərizəyə əlavə edilmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07.11.2018-ci il tarixli, 2-1(82)-3483/2018 saylı iş üzrə İdarə cavabdeh olmamış, İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamış və əlavə olunan iş üzrə İdarəyə məlumat daxil olmamışdır. Bununla bağlı İddiaçı **********26 nömrəli 02.03.2021-ci il tarixli məktub ünvanlanmışdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinin müddəalarına əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyəti) orderi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Habelə 08.07.1982-ci il tarixli Azərbaycan SSR Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1960-cı il təvəllüdlü İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Sabunçu rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin İddiaçı verdiyi 27.08.2010-cu il tarixli, 007502 nömrəli Şəhid ailəsi üzvünün vəsiqəsinin surətinə əsasən İddiaçı şəhid ailəsi üzvüdür. İş materiallarına əlavə edilmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 3483/2018 nömrəli, 13 avqust 2018-ci il tarixli qərarına əsasən İddiaçı iddiası təmin edilmiş, ünvan 5 ünvanında yerləşən mənzilə iddiaçı X7 adına sosial kirayə müqaviləsinin bağlanması haqqında sərəncam verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 395 nömrəli, 26.11.2018-ci il tarixli şəhid ailəsi - İddiaçı yaşadığı mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncamında göstərilmişdir ki, İddiaçı Sabunçu Rayon İcra Hakimiyyəti başçısına ərizə ilə müraciət edərək, müvəqqəti yaşadığı Bakıxanov qəsəbəsi, M.Hüseynzadə küçəsində yerləşən 9 saylı evin yaşayış sahəsi 32,0 kv.metr olan 2 otaqlı 6 saylı mənzilə dair onunla kirayə müqaviləsi bağlanmasına dair 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82)-3483/2018 saylı 13.08.2018-ci il tarixli qərarının icra olunmasını xahiş etmişdir. 44 saylı MKİS-i tərəfindən verilmiş 19 saylı 02.11.2018-ci il tarixli arayışdan (forma-2) görünür ki, İddiaçı ailə tərkibi 2 nəfər olmaqla (özü və oğlu) Bakıxanov qəsəbəsi, M.Hüseynzadə küçəsində yerləşən 9 saylı evin yaşayış sahəsi 32,0 kv.metr olan 2 otaqlı 6 saylı mənzilində qeydiyyatda olmaqla yaşayırlar. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82)-3483/2018 saylı 13.08.2018-ci il tarixli qərarı ilə Bakıxanov qəsəbəsi, M.Hüseynzadə küçəsində yerləşən 9 saylı evin 2 otaqlı 6 saylı mənzilə dair İddiaçı adına kirayə müqaviləsinin bağlanması haqqında sərəncam verilməsi vəzifəsi Sabunçu Rayon İcra Hakimiyyətinin üzərinə qoymuşdur. Sabunçu Rayon İcra Hakimiyyətinin Mənzil məsələləri üzrə komissiyası (15.11.2018-ci il tarixli, 16 saylı protokol) Bakıxanov qəsəbəsi, M.Hüseynzadə küçəsində yerləşən 9 saylı evin yaşayış sahəsi 32,0 kv.metr olan 2 otaqlı 6 saylı mənzilə dair ailə tərkibi 2 nəfər (özü və oğlu) olmaqla İddiaçı ilə mənzil kirayə müqaviləsinin bağlanmasını təklif edir. Qeyd olunanları nəzərə alaraq Bakıxanov qəsəbəsi, M.Hüseynzadə küçəsində yerləşən 9 saylı evin yaşayış sahəsi 32,0 kv.metr olan 2 otaqlı 6 saylı mənzilinə dair İddiaçı ilə mənzil kirayə müqaviləsi (ailə tərkibi 2 nəfər özü, oğlu) bağlanılması qərara alınmışdır. İş materiallarına əlavə eidlmiş Kirayəyə verən adlandırılacaq yaşayış sahəsinin mülkiyyətçisinin adından çıxış edən Sabunçu rayon MKTB-nin 44 saylı MKİS-nin rəisi V.Y.Bayramov şəxsində bir tərəfdən və bundan sonra Kirayəçi adlandırılacaq vətəndaş İddiaçı arasında bağlanmış 01.12.2018-ci il tarixli yaşayış sahəsinin kirayə müqaviləsinin 1.1-ci maddəsinə əsasən bu müqaviləyə görə Kirayəyə verən Bakı şəhəri, Sabunçu rayonu, M.Hüseynzadə küçəsi, 9 nömrəli evdə 6 nömrəli mənzildə yerləşən dövlət mənzil fonduna aid, ümumi sahəsi 54,30 kv.metrdən, yaşayış hissəsi 32,0 kv.metrdən ibarət 2 (iki) otaqlı yaşayış sahəsinin haqqı ödənilməklə, yaşamaq üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə, 99 il müddətinə Kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Məhkəmənin sorğusuna cavab olaraq Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 44 saylı Mənzil Kommunal İstismarı Sahəsinin 16.04.2021-ci il tarixli, 20/1 nömrəli məktubunda bildirilmişdir ki, Bakıxanov qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 9, mənzil 6 dövlət mənzil fondunun balansındadır. Mənzil, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 395 saylı 26.11.2018-ci il tarixli kirayə müqaviləsinin sərəncamına əsasən İddiaçı istifadəsinə verilmişdir. Mənzildə özü, İddiaçı, oğlu, X13 26.12.2015-ci il tarixdən pasport qeydiyyatındadır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 26.04.2021-ci il tarixli, **********76 nömrəli məktubu ilə təqdim edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 9, 6 saylı mənzilə dair hüquqmüəyyənedici sənədlərdən görünür ki: - Lenin rayon X12 İcraiyyə Komitəsinin 35/36 nömrəli, 14.12.1990-cı il tarixli qərarına əsasən Bakı şəhəri, Razin qəsəbəsi, M.Hüseynzadə küçəsi, 9 nömrəli evin 6 nömrəli mənzili X2 şəxsi mülkiyyətinə verilmiş, V.Y.Verevkinə 3 ay ərzində Texniki İnventarlaşdırma Bürosunda qeydiyyata alınmanın təklif edilməsi qərara alınmışdır. - 28.01.1991-ci il tarixli müqaviləyə əsasən X8 rayon X12 İcraiyyə Komitəsinin adından Bakı şəhəri, Razin qəsəbəsi, M.Hüseynzadə küçəsi, 9 nömrəli evin 6 nömrəli mənzilini X2 mülkiyyətinə verir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin 06.05.2021-ci il tarixli, 1/701 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Hüseynzadə küçəsi, 9 nömrəli evin sahəsi 32,0 kv.metr olan 2 otaqlı 6 saylı mənzilinin kimin balansında olması barədə məlumatın, həmin mənzilə dair hüquqmüəyyənedici sənədlərin (sərəncam, kirayə müqaviləsi və s.) təsdiq olunmuş surətlərinin təqdim edilməsi ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə daxil olmuş 2-1(112)-5415/2021 saylı 07 aprel 2021-ci il tarixli sorğunuzla bağlı bildirilir ki, qeyd edilən mənzil Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 28.07.2021-ci il tarixli, **********63 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 9, 6 saylı mənzil X5 adına 26.02.1991-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Həmçinin bildirilir ki, sözügedən mənzilə dair qeydiyyat vəsiqəsi İdarənin arxivində saxlanılmmaışdır. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin 10.08.2021-ci il tarixli, 1/1497 nömrəli məktubunda bildirilmişdir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 9, mənzil 6 Lenin rayon İcra Hakimiyyətinin 14.12.1990-cı il tarixli 35/36 saylı qərarına əsasən X6 verilib. Mənzil, 26.02.1991-ci il tarixli 30/5509 saylı qeydiyyat vəsiqəsinə əsasən V.Y.Veryovkinin adına özəlləşdirilib. Hal-hazırda həmin mənzildə 26.12.2015-ci il tarixdən İddiaçı və oğlu X13 pasport qeydiyyatındadır. Qeyd edilən mənzil Sabunçu rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 44 saylı MKİS-nin xidməti ərazisindədir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin 12.11.2021-ci il tarixli, 1/2288 nömrəli məktubunda bildirilmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3483/2018 saylı 13.08.2018-ci il tarixli qərarına əsasən İddiaçı Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı olan iddia tələbi təmin edilərək, ünvan 6 ünvanında yerləşən mənzilə İddiaçı adına kirayə müqaviləsinin bağlanması haqqında sərəncam verilməsi vəzifəsi Sabunçu Rayon İcra Hakimiyyətinə həvalə edilmiş və həmin qərar icra edilmişdir. İş materiallarına əlavə edilmiş Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 44 saylı Mənzil Kommunal İstismarı Sahəsinin 19 saylı, 02.11.2018-ci il tarixli arayışından görünür ki, Vasiliy Yemelyanoviç 2012-ci il tarixdə vəfat etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin 01.02.2022-ci il tarixli, 1/2695 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 9 ünvanında yerləşən 6 saylı mənzil Sabunçu rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Həmin məktuba əlavə edilmiş Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 44 saylı Mənzil Kommunal İstismarı Sahəsinin 25.01.2022-ci il tarixli, 01 nömrəli məktubunda bildirilmişdir ki, M.Hüseyn küçəsi, ev 9, mənzil 6 Sabunçu rayon Mənzil Kommunal Təsrrüfatı Birliyinin balansındadır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı 02.03.2021-ci il tarixli, **********26 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, 9 saylı evin 6 saylı mənzilinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli, 19.01.2021-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, qeyd olunan mənzil daşınmaz əmlakın dövlət reyestrində digər şəxsin adına qeydiyyata alınmışdır. Həmçinin bildirilir ki, ərizənizə əlavə etdiyiniz 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07.11.2018-ci il tarixli, 2-1(82)- 3483/2018 saylı iş üzrə İdarə cavabdeh olmamış, İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamış və əlavə olunan iş üzrə İdarəyə məlumat daxil olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Hazırkı işdən müəyyən olunur ki, iddiaçı Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 395 nömrəli, 26 noyabr 2018-ci il tarixli sərəncamı və sərəncamına uyğun olaraq Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 44 saylı Mənzil Kommunal İstismarı Sahəsi ilə bağlanmış 01.12.2018-ci il tarixli yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 9 ünvanında yerləşən 6 saylı mənzilin onun istifadəsində verildiyini əsas götürərək həmin əmlak üzərində istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmişdir. Cavabdehin imtinasının əsası ondan ibarət olmuşdur ki, qeyd olunan mənzil daşınmaz əmlakın dövlət reyestrində digər şəxsin - X4 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən yerli icra hakimiyyəti başçıları: -3.9.2-ci bəndinə əsasən müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir, kommunal təsərrüfatın və mənzil-istismar sahələrinin idarə olunmasını təşkil edir, mühəndis qurğularının və kommunikasiyaların saxlanılmasına, istismarına, cari və əsaslı təmirinə nəzarəti həyata keçirir, mənzilkommunal infrastrukturunun inkişafını təmin edir; -3.9.6-cı bəndinə əsasən dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -48.1-ci maddəsinə görə sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. -59.1-ci maddəsinə görə yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. -59.2-ci maddəsinə görə yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır. -59.4-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. -62.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün hesab olunur. Göründüyü kimi adıçəkilən Qanunun 8.0.1-ci maddəsi hüququn qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənədlər sırasında bilavasitə yerli icra hakimiyyəti orqanları tərəfindən dövlətə məxsus olan daşınmaz əmlakın icarəsinə, istifadəsinə dair qəbul olunmuş aktları nəzərdə tutmuşdur. Yerli icra hakimiyyəti orqanlarının dövlət mənzil fonduna aid olan mənzilləri qüvvədə olan Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq vətəndaşların istifadəsinə vermək, bu barədə inzibati akt - sərəncam qəbul etmək, mənzilə dair kirayə müqaviləsini bağlamaq kimi səlahiyyətləri nəzərdə tutulmuşdur. Üstəlik, qanunverici yerli icra hakimiyyəti orqanının sərəncamı, kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını da təsbit etmişdir. Qeyd edilən normaları hazırkı işin hallarına tətbiq etdikdə müəyyən olunur ki, iddiaçı İddiaçı şəhid ailəsi üzvüdür, ünvan 3 ünvanında qeydiyyatdadır. 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-3483/2018 nömrəli, 13 avqust 2018-ci il tarixli qərarı ilə ünvan 10 ünvanında yerləşən mənzilə iddiaçı X7 adına sosial kirayə müqaviləsinin bağlanması haqqında sərəncam verilməsi vəzifəsi cavabdeh Sabunçu Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Qeyd edilən məhkəmə qərarı qanuni qüvvəsini almış, Sabunçu Rayon İcra Hakimiyyətinin 395 nömrəli, 26.11.2018-ci il tarixli sərəncamı ilə adıçəkilən qərar icra olunaraq sözügedən mənzilə dair İddiaçı ilə mənzil kirayə müqaviləsinin bağlanılması qərara alınmışdır. Eyni zamanda həmin sərəncama əsasən mənzilin balansaxlayıcısı ilə İddiaçı arasında mənzilin kirayə müqaviləsi bağlanmışdır. Beləliklə, göründüyü kimi Bakı şəhəri, Bakıxanov qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 9, 6 nömrəli mənzil İddiaçı qanuni istifadəsindədir. Məhkəmə qeyd edir ki, cavabdehin istinad etdiyi mənzilə mülkiyyət hüququnun digər fiziki şəxsin adına olması ilə bağlı dəlili iddiaçının mənzil üzərində istifadə hüquqlarının qeydiyyata alınmasına mane təşkil etmir. Belə ki, işin hallarından müəyyən olunur ki, mübahisə predmeti olan ünvan 3 Lenin rayon X12 İcraiyyə Komitəsinin 35/36 nömrəli, 14.12.1990-cı il tarixli qərarına və 28.01.1991-ci il tarixli müqaviləyə əsasən X2 şəxsi mülkiyyətinə verilmişdir. Eyni zamanda müəyyən olunur ki, Vasiliy Yemelyanoviç 2012-ci il tarixdə vəfat etmiş, hazırda iddiaçı sözügedən mənzildə yaşayır, həmin ünvanda qeydiyyatdadır, bu günə qədər həmin mənzildə kommunal xərcləri ödəməklə mübahisəsiz yaşamışdır. Vasiliy Yemelyanoviçin vəfatından sonra hazırda 6 saylı mənzil dövlət mənzil fonduna aid edilməklə Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Cavabdehin iddiaya etirazında istinad etdiyi “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsi hazırkı iddianın hüquqi əsası hesab edilmir. Qeyd edildiyi kimi həmin normalar dövlət mənzil fonduna aid mənzillərin özəlləşdirilməsi, fiziki şəxslərin adına həmin mənzillərə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı münasibətləri tənzimləyən normalardır. Hazırkı iş üzrə yuxarıda da qeyd edildiyi kimi mübahisəli mənzil mənzilin balansaxlayıcısı tərəfindən iddiaçının istifadəsinə verilmiş, məhkəmənin qanuni qüvvəsini almış qərarı ilə mənzilə kirayə müqaviləsinin bağlanması vəzifəsi Səbail RİH-nin üzərinə qoyulmuş, balansaxlayıcı ilə mənzilə dair kirayə müqaviləsi baxlanmışdır və iddiaçı hazrırkı iddiasında həmin mənzilin özəlləşdirilməsi və ya mənzilə mülkiyyət hüququnun qeydiyyatını deyil, qanuni istifadəsində olan mənzilə istifadə hüquqlarının qeydiyyata alınmasını mübahisələndirir. İddiaçının mənzilə istifadə hüququnun qeydiyyata alınması tələbi isə istər Mülki Məcəllənin 139.1-ci maddəsinin, istərsə də Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən 59.4-cü maddəsinin tələblərinə əsasən mümkün və qanunidir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin 395 nömrəli, 26.11.2018-ci il tarixli sərəncamı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən “mənzilə istifadə hüququnun qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd” qismində çıxış edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının mənzil üzrə istifadə hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 32,0 kv.metr olan mənzil sahəsi üzərində istifadə hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 32,0 kv.metr olan mənzil sahəsi üzərində istifadə hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar