Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8030/2021 30.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin dəyişdirilməsi və əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 06.08.2014cü il tarixli, 0566 nömrəli əmrində “Həqiqi hərbi xidmətə çağırılsın” sözlərinin “Hərbi xidmətə bərpa edilsin” sözləri ilə əvəz edilməsi və 04.12.2008-ci ildən 18.04.2018-ci ilədək xidmət illərinin və yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 28 iyun 1986-cı il tarixdən 06 iyun 1988-ci il tarixədək SSRİ SQ-də müddətli həqiqi, 01 oktyabr 1992-ci il tarixdən 04 dekabr 2008-ci il tarixədək və 06 avqust 2014-cü il tarixdən 18 aprel 2018-ci il tarixədək Azərbaycan Respublikası SQ-də hərbi xidmətdə olmuşdur. Ümumi xidmət illəri 25 il 02 ay 08 gün olmaqla yaşa görə ehtiyata buraxılmışdır. Müharibə veteranıdır. Xidmət zamanı 04.12.2008-ci ildə SQ-in Təlim və Tədris Mərkəzində növbətçi olduğu zaman parkda yanacaq oğurluq edərkən günahkar şəxsləri saxladığı üçün xidmət edə-edə iş və vəzifəsindən kənarlaşdırılaraq, qanunsuz “Xidməti uyğunsuzluq“ bəndi ilə ehtiyata buraxılmışdır. İllərlə bütün instansiyalara bunun qanunsuz olduğu barədə müraciət etməsinə baxmayaraq, indiyə qədər heç bir köməyi olmamışdır. 2014-cü ilin avqust ayında yeni təyin edilmiş Azərbaycan Respublikası müdafiə nazirinə qanunsuz tərxis olunduğu haqda “Şikayət ərizə”-si yazaraq, qəbula yazılmış, şikayət araşdırılmış və 3 gün ərzində keçmiş vəzifəsinə bərpa etmişlər. Vəzifəyə təyin olunduğu 06.08.2014-ci il tarixli müvafiq əmrdə keçmiş MN-nin 04.12.2008-ci il tarixli əmrinin ləğv edilməsi barədə heç bir cümlə də yazılmamışdır. Daha doğrusu bunu, ancaq 2018-ci ildə tərxis olunanda bilmişdir. 18.04.2018-ci ildə “Hərbi Xidmətkeçmə haqqında Əsasnamə”nin “Yaşa görə” bəndinə əsasən SQ-dən tərxis olunmuş, tərxis olunarkən, onun 04.12.2008-06.08.2014-cü ilədək qulluq müddətlərini xidmət illəri kimi hesablanmamışlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh etirazla məhkəməyə müraciət edərək, göstərmişdir ki, iddiaçının mübahisələndirilən əmrdən məlumatlı olmasını aşağıdakı hallar və sənədlər təsdiq edir: Azərbaycan Respublikası müdafiə nazirinin 06.08.2014-cü il tarixli 0566 nömrəli əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 36.1.4-cü və 38.1.5-ci maddələrinə müvafiq olaraq, ehtiyatda olan mayor İddiaçı könüllülük əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrində 1 il 6 ay müddətinə zabitlərin həqiqi hərbi xidmətinə qəbul edilmişdir. Qeyd olunan əmr verilməmişdən əvvəl iddiaçıdan xidmətə qəbul üçün müəyyən sənədlər tələb edilmiş və onun tərəfindən təqdim edilmiş sənədlərdən, o cümlədən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinin Hərbi Həkim komissiyasının sədri tərəfindən sağlamiıq vəziyyətini müəyyən edən “Hərbi xidmətə könüllü daxil olan şəxsin tibbi şəhadətləndirmə” kartından, iddiaçının həqiqi hərbi xidmətə könüllülük əsasında qəbul edildiyini və onun bu haqda məlumatlı olduğunu təsdiq edir. Bundan əlavə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən hərbi xidmət - dövlət qulluğunun xüsusi növüdür. Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2019-cu il tarixli 527 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”nın 1.6-cı bəndinə əsasən dövlət qulluqçusunun şəxsi işi ilə tanış olmaq səlahiyyətinə onun özü, tabe olduğu rəhbər vəzifəli şəxslər və kadr qurumunda çalışan şəxslər malikdirlər. İddiaçı Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi rəisinin 15.08.2014-cü il tarixli 228 nömrəli əmrinə əsasən Mərkəzin şəxsi heyətin siyahısına daxil edilmiş, işləri və vəzifəsini qəbul etmişdir. 15.08.2014-cü il tarixdən onun həqiqi hərbi xidmətinə daxil olması üçün əsas olmuş sənədlərlə və əsaslarla, habelə həqiqi hərbi xidmətdən ehtiyata buraxılarkən 12.06.2018-ci il tarixli “Hərbi qulluqçunun xidmət illərinin hesablanması” vərəqi ilə (“1. Təqvim üzrə hərbi xidmət dövrü” bölməsində təkrar xidmətə 06.08.2014-cü il tarixdən qəbul edilməsi və hesablamaların məhz bu tarixdən başlanması göstərilmişdir) tanış olmaq üçün kifayət vaxt var idi və İddiaçı maraqlı idisə bunu təmin edə bilərdi. İddiaçı məlumatlı olduğu halda məsələ ilə bağlı müraciət və ya şikayət etməmiş, münasibətlərin yarandığı tarixdən 7 il keçəndən sonra tələbləri irəli sürməklə qanunvericiliyin qeyd olunan tələblərini pozmuş, iddia qaldırılması üçün nəzərdə tutulmuş müddəti buraxmışdır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3657/2019 saylı, 01.11.2019-cu il tarixli nömrəli qərardadı ilə İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müdafiə Nazirliyinin 0451 nömrəli 04.12.2008-ci il tarixli əmrinin “qeyri-qanuni hesab edilməsi və 04.12.2008-06.02.2014-cü ilədək xidmət illərinin və yaşa görə əmək pensiyasının yenidən hesablanması”na dair iddiası mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3049/19 saylı 24.12.2019-cu il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1011/2020 saylı 14.04.2020-ci il tarixli qərarları ilə iddiaçının müvafiq apelyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Göründüyü kimi, İddiaçı hazırda baxılan iddia ərizəsinin “04.12.2008- 18.04.2018-ci ilədək xidmət illərinin və yaşa görə əmək pensiyanın yenidən hesablanması” hissəsinin “04.12.2008-06.02.2014-cü ilədək xidmət illərinin və yaşa görə əmək pensiyanın yenidən hesablanması hissəsinə artıq yuxarıda qeyd olunan məhkəmələr tərəfindən hüquqi qiymət verilmişdir. İddiaçının könüllü olaraq zabitlərin həqiqi hərbi xidmətə daxil olduğu tarixdən, yəni 06.08.2014-cü il tarixdən müvafiq hərbi müəssisənin şəxsi heyətin siyahısından çıxarıldığı tarixədək, yəni 04.07.2018-ci ii tarixədək olan həqiqi hərbi xidmət dövrü nəzərə alınmış, 29.08.2018-ci il tarixdə yenidən tərtib edilmiş ZE- 59841 nömrəli “Məlumat vərəqi” aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. İddiaçıya aid hissədə xidmət illərinin və yaşa görə əmək pensiyanın yenidən hesablanması zamanı nə inzibati aktın qəbulundan imtina olunmuş, nə cavabdehin hərəkətsizliyi olmuş, nə də iddiaçının hüquqları pozulmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəflərin fikirləri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın mümkün hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat verərək, iddianın mümkün hesab edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 04 dekabr 2008-ci il tarixli, 0451 nömrəli əmrindən görünür ki, Silahlı Qüvvələrin Təlim və X2 fənlər kafedrasının kütləvi qırğın silahlarından mühafizə silsiləsinin baş müəllimi – kimya xidməti rəisi, mayor İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır; Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 06 avqust 2014-cü il tarixli, 0566 nömrəli əmrindən görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.4 və 38.1.5-ci maddələrinə müvafiq olaraq, ehtiyatda olan mayor İddiaçı könüllülük əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və X2 fənlər kafedrasının kimya təminatı və kütləvi qırğın silahlarından mühafizə silsiləsinin baş müəllimi – kimya xidməti rəisi təyin olunmuşdur; Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 14.04.2020-ci il tarixli, 2-1(102)-1011/2020 saylı qərarından görünür ki, İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı Müdafiə Nazirliyinin 0451 nömrəli 04.12.2008-ci il tarixli əmrinin qeyriqanuni hesab edilməsi və 04.12.2008 - 06.02.2014-cü ilədək xidmət illərinin və yaşa görə əmək pensiyasının yenidən hesablanmasıbarədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 01.11.2019-cu il tarixli,2-1(81)-3657/2019 nömrəli (sədrlik edən hakim Ş.Süleymanova) qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərardadından narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 01.11.2019-cu il tarixli qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 24.12.2019-cu il tarixli,2-1(103)-3049/19 nömrəli (hakimlər V.Ağayev - sədrlik edən və məruzəçi, A.Nuriyeva və C.Yusifov) qərardadı ilə İddiaçı apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 01 noyabr 2019-cu il tarixli, 2-1(81)- 3657/2019 saylı qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. İddiaçı həmin qərarddan kasasiya şikayəti vermişdir. İddiaçının kasasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 24 dekabr 2019-cu il tarixli, 2-1(103)-3049/2019 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adışəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, iddia müddətlərinə riayət edilməsi iddianın mümkünlüyü komponentlərindən biridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27.12.2001ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25.01.2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 06.08.2014-cü il tarixli, 0566 nömrəli əmri, ən gec halda iddiaçının bildirdikləri qəbul olunduğu halda belə 2018-ci ildə ona məlum olmuşdur. Nəzərə alınmalıdır ki, qüvvədə olmuş qanunvericilik belə aktların mübahisələndirilməsi (dəyişdirilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddət müəyyən etmişdir. İddiaçı isə həmin iddia müddətini 3 ildən artıq vaxt ötürmüşdür. Məhkəmə bir daha vurğulayır ki, iddianın mümkünlüyü şərtlərinin mövcudluğu tərəflərin tələbindən asılı olmayaq məhkəmə tərəfindən öz xidməti vəzifəsinə uyğun olaraq yoxlanılmalıdır. Belə olan halda isə, iddianın mümkünlük şərtlərinin mövcudluğunun sübuta yetirilməsi iddiaçını üzərinə düşür. Lakin iddiaçı prosessual müddətin hər-hansı üzrlü səbəbdən ötürüldüyünü əsaslandıra bilməmişdir. Digər iddia tələbinə (04.12.2008-18.04.2018-ci ilədək xidmət illərinin və yaşa görə əmək pensiyanın yenidən hesablanması) münasibətdə isə məhkəmə bildirir ki, 04.12.2008-06.08.2014 dövrü üzrə tələb əsas iddia tələbindən (əmrin dəyişdirilməsi) asılı olduğundan, birinci tələbin mümkün sayılmaması sonrakı iddia tələbinin də mümkün hesab olunmaması üçün əsas yaradır. Həmçinin, pensiyanın yenidən hesablanması ilə bağlı qeyd edilməlidir ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi hazırkı iddiaya cavab verməli olan orqan deyil. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin dəyişdirilməsi və əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-8030/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8030/2021
30.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver