Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8030/2023 17.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “diaqnoz əlillik əlaməti təyin etmir” qərarının ləğv edilməsi, iddiaçının əlillik dərəcəsinin xx.xx.2022-ci il tarixdən bərpa edilməsi və həmin tarixdən ödənilməmiş müavinətin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyi nəzərə alınmaqla iddia tələbinin xx.xx.2021-ci il tarixdən 2-ci qrup əlilliyin bərpa edilməsi kimi dəyişdirilməsini xahiş etmişdir. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyi nəzərə alınmaqla iddia tələbi xx.xx.2021-ci il tarixdən 2-ci qrup əlilliyin bərpa edilməsi kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 1986-1988-ci illərdə Əfqanıstan Respublikasında gedən döyüş əməliyyatlarında iştirak etmişdir və orada yaralanmışdır. Azərbaycana gələndən sonra iddiaçıya 3-cü qrup əlillik verilmişdir. Daha sonra 1-ci Qarabağ müharibəsində iştirak etmişdir. Bundan sonra iddiaçının səhhətində ağırlaşmalar olmuş və nəticədə ona 2-ci qrup əlillik verilmişdir. xx.xx.2021-ci ildə heç bir səbəb olmadan iddiaçıya verilmiş əlillik ləğv edilmiş və aldığı müavinət kəsilmişdir. İddiaçı da məcbur qalaraq hərbi səbəblə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsi barədə ərizə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir. Lakin qeyd olunan Agentlikdən iddiaçıya imtina cavabı verilmişdir. İmtina belə əsaslandırılmışdır ki, "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar" əlillik vəziyyətinizin qiymətləndirilməsi üçün iddiaçı xx.xx.2022-ci il tarixdə Agentlikdə komissiyada əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və ətraflı əyani müayinənin nəticəsi olaraq iddiaçı barəsində "Diaqnoz əlillik əlaməti təyin etmir" qərarı qəbul edilmişdir. İddiaçının əlillik vəziyyətinin müayinəsi zamanı göndərişdə qeyd edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi dövrdə qüvvədə olan 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq əlillik təyininə əsas verməmişdir”. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən verilmiş imtina əsassız və qanunsuzdur. Qeyd olunanlara əsasən iddiaçı məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir.
4. Cavabdeh orqan tərəfindən məhkəməyə təqdim olunan etirazda bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasının 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqii pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, cavabdeh orqan iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul etməsini xahiş edir.
5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar" əlillik vəziyyətinizin qiymətləndirilməsi üçün xx.xx.2022-ci il tarixdə iddiaçı Agentlikdə komissiyada əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və ətraflı əyani müayinənin nəticəsi olaraq iddiaçı barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir" qərarı qəbul edilmişdir. Belə ki, iddiaçının əlillik vəziyyətininin müayinəsi zamanı göndərişdə qeyd edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi dövrdə qüvvədə olan 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq əlillik təyininə əsas verməmişdir.
6. xx.xx.2014-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2014-cü il tarixdə müharibə əlilliyi səbəbi ilə 1 il müddətinə təkrar əlillik (ikinci dərəcə) təyin edilmişdir. xx.xx.2015-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2015-ci il tarixdə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 1 il müddətinə təkrar əlillik (ikinci dərəcə) təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2016-cı il tarixdə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 5 il müddətinə təkrar əlillik (ikinci dərəcə) təyin edilmişdir.
7. xx.xx.2022-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Belə ki, əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, göndərişin natamam doldurulmuşdur − 1991-2014, 2016-2021-ci illər ərzində əsas xəstəlik üzrə aldığı stasionar müalicələr, mütəxəssis rəyləri, instrumental müayinə ətraflı qeyd olunmalıdır. Əsas xəstəliyin ağırlaşmaları instrumental müayinə elə öz təsdiqini tapmır.
8. xx.xx.2022-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Belə ki, əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, diaqnoz əlillik əlaməti təyin etmir və diaqnozun əlillik təyin etmir barədə qərar qəbul edilmişdir.
9. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının **********1 nömrəli sentyabr 2022-ci il tarixli qərarına əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 34 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: 3) Bakı şəhər sakini xx.xx.1968-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin Q112003AACDP nömrəli göndərişi əsasında 16.01,2022-ci il tarixdə qiymətləndirilmiş və Göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunmaqla geri göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı qərar/şəhadətnamə təqdim etməmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başındakı ağrılardan, “ürəkgetmələrdən” şikayətlənmiş, lakin tutmaları ilə əlaqədar ətraflı məlumat verə bilməmişdir. Nevroloji status və intellektual-mnestik funksiyalar yaşa uyğun, ətraflarda əzələ gücü ~4,5-5,0 bal, tonusu normal, reflekslər canlı qeyd olunmuş, nevroloji ocaqlı patologiya aşkarlanmamışdır. Təqdim olunmuş Epikrizlərdəki diaqnozlar şikayətləri və klinik əlamətlərlə uyğunsuzluq təşkil etmişdir. 3 nömrəli Şəhər Klinik Xəstəxanası PHŞ xx.xx.2021-ci il tarixli Baş beyin KT müayinəsinin nəticəsi “Beyin parenximasına aid törəmə və va hematoma aşkar olunmur. Yan mədəciklərdə assimetriya qeyd edilir D<S. Təpə nahivvəsində bir neçə ədəd millimetrik yad cisimlər (qəlpə) izlənilmişdir” kimi müəyyənləşdirilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
10. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Bakı Şəhəri Nərimanov Rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 216 nömrəli Arayışa əsasən xx.xx.1968-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixdək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək N saylı səhra poçtu hərbi hissəsinin tərkibində Əfqanıstan Demokratik Respublikasında hərbi qulluq keçmiş və Beynəlmiləlçi borcunu yerinə yetirmişdir. N saylı səhra poçtu hərbi hissəsinin tərkibində xx.xx.1987-ci il tarixdə sol tərəf döş qəfəsinin çox saylı güllə yarası və kəllə beyin travması almışdır. Həmin şəxslər “Azərbaycan Respublikasının Veteranlar Haqqında” qanununa müvafiq olaraq həqiqətən müharibə veteranları və əlilləri üçün qanunvericilikdə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Əsas: H3 № ******* hərbi bilet
11. 30 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən düzgünlüyü təsdiq olunmuş iddiaçıya məxsus hər biletdən çıxarışın tərcüməsindən görünür ki, iddiaçıda döş qəfəsinin sol tərəfindən çoxsaylı güllə yaraları, kontuziya, kəllə beyin travması (xx.xx.1987-ci il) qeyd olunmuşdur.
12. 3 nömrəli şəhər kliniki xəstəxanası publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli kompyuter-tomoqrafiya müayinəsinin protokoluna əsasən yan mədəciklərdə assimetriya qeyd edilir (D<S). Təpə nahiyyəsində bir neçə ədəd milliometrik yad cisimlər (qəlpə) izlənilir.
13. Şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
14. Şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı cavabdehin nümayəndəsi iştirak etmir.
İİ. İddianın növü və mümkünlüyü
15. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
16. İddiaçıya təyin edilmiş əlilliyin ləğv və ya etibarsız hesab edilməsi barədə qərar yoxdur, qiymətləndirmənin etibarsızlığı faktiki xarakterli hərəkətlə həyata keçirilmişdir.
17. Hazırki iddia öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür.
İİİ. Tətbiq edilən hüquq
18. İddiaçının əlilliyinin qiymətləndirilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi- Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.
20. İddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. İddiaçı bildirir ki, əvvəllər əlilliyi olduğundan, əlilliyin təyin olunmasından imtinadan məlumatsız olub, pensiya almadığından uzun müddət sonra ona məlum olub ki, səbəb əlilliyin təyin olunmasından imtinadır.
21. Əlillik altsistemindən görünür ki, iddiaçıya xx.xx.2016-cı ildə təyin edilmiş ikinci dərəcə əlilliyin müddəti (diaqnoz: baş beynin travmatik xəstəliyi. Posttravmatik ensefalopatiya, kəkin asteno-nevrotik sindromla. Kəllədaxili hipertenziya) xx.xx.2021-ci il tarixdə bitmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2021-ci il olaraq müəyyən edilmişdir. Həmin tarixdən sonra növbəti müayinə zamanı (xx.xx.2022-ci il tarixdə xxxxxxx0004 nömrəli göndəriş) göndərişin natamam doldurulması səbəbi ilə, xx.xx.2022-ci il tarixli müayinə zamanı (xxxxxxx0005 nömrəli göndəriş) diaqnozun əlillik əlaməti təyin edilməməsi səbəbi ilə əlilliyin təyinindən imtina edilmiş, təkrar olaraq 2022-ci ilin sentyabr ayında aparılmış müayinə zamanı diaqnozun əlillik təyin etməməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarın iddiaçıya nə zaman təqdim edildiyi müəyyən edilmir.
22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.
23. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
24. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.
25. Hazırki iddia müəyyən etməyə və mübahisələndirməyə dair iddiadır. Belə ki, iddiaçı əlilliyin təyini tarixinin cavabdehlə hüquq münasibətlərinin yarandığı tarixdən müəyyən edilməsini və əlilliyin təyini tarixinin dəyişdirilməsini tələb edir.
26. İPM-dən: 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. 36.3. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. 36.4. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır.
27. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.
28. İddianın mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçıya 2016-cı ildə təyin edilmiş əlilliyin müddəi xx.xx.2021-ci il tarixdə bitmiş, həmin tarixdə onun yenidən qiymətləndirilməli olduğu qeyd edilmiş, cavabdeh qurum tərəfindən əlilliyin qiymətləndirilməsi xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, 2022-ci ilin sentyabr ayında aparılmış, lakin nəticəsinin iddiaçıya nə zaman təqdim edildiyi müəyyən olunmur və iddiaçıya hüquqi müdafiə vasitələri izah edilmir. İddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir.
29. Yəni qeyd edilən müddət ərzində iddiaçının mütəmadi olaraq əlilliyin təyin edilməsi ilə bağlı müraciətləri olmuş, odur ki, iddiaçı həmin xx.xx.2021-ci il tarixdən əlilliyin təyin olunmasını tələb etmək hüququ vardır.
30. İddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
32. İddiaçının əlillik təyinatına əsas olmuş xəstəlik Əfqanıstanda hərbi qulluq keçərkən yaranmış, belə ki, xx.xx.1987-ci ildə sol tərəf döş qəfəsinin çoxsaylı güllə yarası və kəllə beyin travması almışdır. İddiaçıya ilkin olaraq əlillik (3-cü dərəcə) xx.xx.1991-ci ildə təyin edilmişdir və həmin tarixdən etibarən əlilliyi uzadılmışdır.
33. İddiaçının 2021-ci ilə qədər qüvvədə olan əlilliyinin olması (baş beynin travmatik xəstəliyi, posttravmatik ensefalopatiya, kəskin asteno-nevrotik sindromla. Kəllədaxili hipertenziya) işin mübahisəsiz halıdır.
34. İddiaçıya ilk dəfə əlilliyin təyinatından imtina xx.xx.2022-ci il tarixli müayinənin nəticəsində olmuşdur. Səbəb-göndərişin natamam doldurulması, 1991-2014, 2016-2021-ci illər ərzində əsas xəstəlik üzrə aldığı stasionar müalicələr, mütəxəssis rəyləri, instrumental müayinələr ətraflı qeyd olunsun. Əsas xəstəliyin ağırlaşmaları instrumental müayinə ilə öz təsdiqini tapmır. Lakin məhkəmə qeyd edir ki, həmin göndərişdə aidiyyəti həkimlər tərəfindən iddiaçının müayinədən keçdiyi (nevropotoloq və psixiatr tərəfindən xx.xx.2021-ci il tarixdə aparılmış müayinənin nəticəsində S06.9 Dəqiqləşdirilməmiş kəllədaxili travma, baş beyin silkələnməsindən sonrakı davamlı qalıq əlamət. Posttravmatik ensefolopatiya. Koqnitiv funksiyaların pozulması və tez-tez təkrarlanan vegetativ krizlər. Kəskin asteno-nevrotik sindrom. Diabetik profilerativ retinopatiya; ağırlaşması G93.4 Dəqiqləşdirilməmiş ensefalopatiya. Posttravmatik ensefolopatiya; ağırlaşması F48.0 Nevrasteniya, kəskin astenonevrotik sindrom; ağırlaşması F06.7 yüngü koqnitiv pozğunluq, koqnitiv funksiyaların pozulması və tez-tez təkrarlanan krizlərlə) müəyyən olunur.
35. İddiaçının 2022-ci ilin sentyabrında əyani müayinəsi zamanı təqdim olunmuş epiqrizlərdəki diaqnozlar şikayələri və klinik əlamətlərlə uyğunsuzluq təşkil etdiyi qeyd edilsə də, həmin uyğunsuzluğun nədən ibarət olması barədə məlumat qeyd edilməmişdir.
36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”na əsasən: 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdəəqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması.
37. Məhkəmə müəyyən edir ki, xx.xx.2022-ci il tarixdə xxxxxxx0004 nömrəli göndəriş əsasında aparılmış qiymətləndirmə zamanı iddiaçının əllilliyi ilkin olaraq təyin edilmədiyindən (iddiaçı 1987-ci ildən xəstəlikdən əziyyət çəkir və 1991-ci ildən əlildir), Qaydaların 1.5.3-cü bəndinə əsasən, əlillik müddəti bitdikdən sonra həmin halların davam etməsi göndərişin verilməsi üçün əsasdır, yəni təkrar əlillik təyinatı zamanı şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olması tələb edilə bilməz.
38. Bunu qeyd edərkən məhkəmə nəzərə alır ki, iddiaçıya aid əlillik altsistemindən görünür ki, iddiaçının başının sağ təpə nahiyyəsində qəlpə zədəsi yeri var, təpə nahiyyəsində bir neçə ədəd millimetrik yad cisimlər (qəlpə) izlənilir.
39. Beləliklə, keçirilmiş qapalı kəllə-beyin travmasının nəticəsində XBT 10-a əsasən, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə əsasən əlillik təyin olunmasına əsas verən xəstəliyini (baş-beyin travmaları S06-S06.9, eləcə də nevrasteniya F48) müəyyən etməsinə baxmayaraq və həmin xəstəliklərlə bağlı illər ərzində stasionar (xx.xx.2014-xx.xx.2014-cü il tarixdə və xx.xx.2021-xx.xx.2021-ci il tarixdə Bakı 3 nömrəli Şəhər Klinik Xəstəxana) və mütəmadi olaraq ambulator müalicələrdə olmasına baxmayaraq (müayinəyə dair sənədlər iş materiallarına əlavə edilmişdir), əlilliyin növbəti müddətə həmin xx.xx.2021-ci il tarixdən təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır.
40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”ndan: 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.
41. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı 1991-ci ildən bəri 2021-ci ilə kimi 30 il müddətinə əlil olduğundan növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilməli idi.
42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
43. İPM-in 52-ci maddəsinə görə Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
44. Odur ki, iddia tələbi iddiaçının hüquqi marağına uyğun olaraq qeyd edilən xx.xx.2021-ci il tarixdən əlilliyin təyin edilməsi kimi təyin edilməlidir.
45. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
46. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, əlillik təyinatı xx.xx.2022-ci il tarixdən deyil, daha əvvəl, yəni qiymətləndirmənin aparılmalı olduğu xx.xx.2021-ci il tarixdən olmaqla ikinci dərəcə əlilliyin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının 61-80 faiz pozulmasının) təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.
47. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı İİ dərəcə əlilliyin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının 61-80 faiz pozulmasının) xx.xx.2021-ci il tarixdən təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva