Məhkəmə qərarları › İş №2-1(112)-8033/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8033/2022

31.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8033/2022 31.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 60 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, 83k saylı xx.xx.1980cı il tarixli əmrə əsasən «Azərdənizneftinşaat» trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinə (Neft Daşları) usta vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1981-ci ildən xx.xx.1981-ci il tarixli 17/k nömrəli əmrə əsasən iş icraçısı vəzifəsinə keçirilmişdir. xx.xx.1981-ci ildən xx.xx.1981-ci il tarixli 37/k nömrəli əmrə əsasən hərbi xidmətə çağırışı ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. O, xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilədək hərbi xidmətdə olmuş, xx.xx.1982-ci ildən xx.xx.1982-ci il tarixli 127/k nömrəli əmrə əsasən “Azərdənizneftinşaat” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinə (Neft Daşları) iş icraçısı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1985-ci il tarixli 12/k nömrəli əmrə əsasən işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısının 29-cu maddəsinin “b” bəndinə əsasən tikinti və quraşdırma işləri üzrə iş icraçısı və usta vəzifəsi güzəştli şərtlərlə pensiya hüququ verir. "xxxx" tresti Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin birbaşa tabeçiliyində olan dövlət müəssisəsi kimi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanına əlavələr edilməsi barədə 07 mart 2007-ci il tarixli, 539 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin 12 mart 2007-ci il tarixli, 51 nömrəli və 14 mart 2007-ci il tarixli, 61 nömrəli əmrlərinə əsasən “Azneft” İstehsalat Birliyinin “Xəzərdənizneftqaztikinti” və «Azneft» İstehsalat Birliyinin «Azərdənizneftinşaat» trestinin bazasında yaradılmışdır və həmin təşkilatların hüquqi varisidir. O, cavabdeh orqana güzəştli şərtlərlə pensiya təyini ilə bağlı müraciət etdikdə onun güzəştli iş stajının 12 il 6 aydan az olduğunu əsas gətirməklə müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdehin imtinası əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 izahatında bildirdi ki, iddiaçı cavabdehə xx.xx.2022-ci ildə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin iddiaçının təqdim etdiyi 10 avqust 1980-ci il tarixli əmək kitabçası, güzəştli və arxiv arayışı araşdırılaraq güzəştli iş stajının 12 il 6 aydan az olması səbəbilə cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixli məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. İddiaçının cavabdehə təqdim etdiyi əmək kitabçası, güzəştli və arxiv arayışına əsasən güzəştli iş stajı 12 il 6 aydan az, yəni 10 il 22 gün təşkil edir. İddiaçının xx.xx.1980-ci ildən xx.xx.1981-ci ilədək, xx.xx.1982-ci ildən xx.xx.1985-ci ilədək “Azərdənizneftinşaat” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsində, xx.xx.1985-ci ildən xx.xx.1988-ci ilədək Bakı “Poladkonstruksiya” Quraşdırma İdarəsində, xx.xx.1993-cü ildən xx.xx.1998-ci ilədək Bakı Baş Tikinti İdarəsi 10 saylı Tikinti İdarəsində işlədiyi dövrlər cavabdeh tərəfindən mübahisələndirilməyən güzəştli iş stajına daxil edilən dövrlərdir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iş yerindən güzəştli iş stajı barədə arayış təqdim edilməlidir. İddiaçı iddia ərizəsində xx.xx.2001-ci ildən xx.xx.2004-cü ilədək “Samor-H” firmasında iş icraçısı vəzifəsində çalışdığını iddia edərək həmin dövrün güzəştli iş stajı hesab edilməli olduğunu bildirmişdir. Lakin iddiaçı işlədiyini iddia etdiyi iş yerindən güzəştli iş stajı barədə arayış təqdim etmədiyi üçün həmin dövr güzəştli iş stajına daxil edilməmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuşdur. İş materiallarında olan iddiaçıya məxsus VÇ seriyalı 055973 nömrəli hərbi biletin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilədək həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan xx.xx.1980-ci ildə verilmiş EV seriyalı 281836 nömrəli diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1975-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olmuş və 1980-ci ildə Azərbaycan Mühəndis İnşaat İnstitutunda sənayə və mülki tikinti ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət imtahan komissiyasının xx.xx.1980-ci il tarixli qərarı ilə ona inşaat-mühəndisi ixtisası verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 16 mart 2022-ci ıl tarixində daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, Sizin güzəştli iş stajınız 12 il 6 aydan az (10 il 22 gün (xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1982- xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1988-ci il, xx.xx.1993-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan Bakı Poladkonstruksiya Quraşdırma ATSC-nin xx.xx.2022-ci il tarixli 01 saylı arayışından görünür ki, İddiaçı həqiqətən polad, dəmir-beton konstruksiyaları üzrə usta işində (25/K saylı əmrlə) xx.xx.1985-ci il tarixindən, iş icraçısı işində (99/K saylı əmrlə) xx.xx.1986-ci il tarixindən xx.xx.1988-ci il tarixinə kimi Bakı «Poladkonstruksiya» Quraşdırma İdarəsində işləmişdir və bu vəzifələr üzrə iş stajı cəmi 2 il 10 ay 14 gün təşkil edir ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli «Güzəştli şərrlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı» qərarı, siyahı №29 bənd b ilə Müəssisədə işlədiyi vəzifənin xüsusiyyətləri ilə eynidir. Azərbaycan Respublikasının Əmlak Nazirliyinin 307 saylı 24 noyabr 2000-ci il tarixli Sərəncamına əsasən Bakı «Poladkonstruksiya» quraşdırma idarəsi Bakı "xxxx" X8 Cəmiyyətinə çevrilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı Baş Tikinti İdarəsi 10 saylı Tikinti İdarəsinin natamam arxiv sənədlərinin əmr kitabalarında 1959-cu il təvəllüdlü İddiaçı xx.xx.1993-cü il tarixli, 84/k saylı əmrlə xx.xx.1993-cü il tarixdən 3-cü dərəcəli suvaqçı vəzifəsinə işə qəbul olunması və xx.xx.1998-ci il tarixli, 5/k saylı əmrlə xx.xx.1998-ci il tarixdən iş icraçısı kimi köçürmə yolu ilə işdən azad olunması barədə məlumatlar Dövlət Arxivinin Bakı filialında mövcuddur. Əsas: fond-BBTİ 10 saylı Tikinti İdarəsinin siy.2, iş 177, 183. İş materiallarında olan (SOCAR) "xxxx" trestinin İddiaçı barəsində xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, "xxxx" trestinin arxiv fondunun materiallarına əsasən İddiaçı xx.xx.1980-ci il tarixli 83/k nömrəli əmrə əsasən “Azərdənizneftinşaat” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinə (Neft Daşları) usta vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı xx.xx.1981-ci il tarixindən xx.xx.1981-ci il tarixli 17/k nömrəli əmrə əsasən iş icraçısı vəzifəsinə keçirilmişdir. İddiaçı xx.xx.1981-ci il tarixindən xx.xx.1981-ci il tarixli 37/k nömrəli əmrə əsasən hərbi xidmətə çağırışı ilə əlaqədar tutduğu vəzifədən işdən azad edilmişdir. Hərbi xidmətdə qulluq xx.xx.1981-ci il tarixindən xx.xx.1982-ci il tarixədək. İddiaçı xx.xx.1982-ci il tarixindən xx.xx.1982-ci il tarixli 127/k nömrəli əmrə əsasən “Azərdənizneftinşaat” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinə (Neft Daşları) iş icraçısı vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı xx.xx.1985-ci il tarixli 12/k nömrəli əmrə əsasən Azərbaycan Respublikasının ƏQM-nin 37-ci maddəsinə əsasən öz təşəbbüsü ilə işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısının, 29-cu maddəsinin “b” bəndinə əsasən tikinti və quraşdırma işləri üzrə iş icraçısı və usta vəzifəsi güzəştli şərtlərlə pensiya hüququ verir. Məlumat üçün bildiririk ki, "xxxx" tresti Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin birbaşa tabeçiliyində olan dövlət müəssisəsi kimi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanına əlavələr edilməsi barədə 07 mart 2007-ci il tarixli, 539 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin 12 mart 2007ci il tarixli, 51 nömrəli və 14 mart 2007-ci il tarixli, 61 nömrəli əmrlərinə əsasən “Azneft” İstehsalat Birliyinin “Xəzərdənizneftqaztikinti” trestinin (qeydiyyat tarixi: xx.xx.1997-ci il, qeyd.№D-2270) və “Azneft” İstehsalat Birliyinin “Azərdənizneftinşaat” trestinin (qeydiyyat tarixi: xx.xx.1994-cü il) bazasında yaradılmışdır və həmin təşkilatların hüquqi varisidir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Azər Səhiyyə təmir-tikinti Tresti 2 nömrəli Təmir Tikinti Müəssisəsi barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X5 Müdriyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Səhiyyə Nazirliyi X5 Müdiriyyətinin arxivində Azər Səhiyyə təmir tikinti Tresti 2 nömrəli Təmir Tikinti Müəssisəsi ilə bağlı sənəd yoxdur. Səhiyyə Nazirliyi X5 Müdiriyyəti Nazirlər Kabinetinin 11 fevral 2005-ci il tarixli 26 nömrəli qərarına əsasən Azərbaycan Respublikası səhiyyə nazirinin 2006-cı il tarixli 25 saylı əmri ilə yaradılmışdır. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2006-cı il tarixli 25 saylı əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tikilməkdə olan X1 müdiriyyətinin Səhiyyə Nazirliyinin X5in müdiriyyətinin adlandırılması, Səhiyyə Nazirliyinin Texniki Nəzarət qrupunun Səhiyyə Nazirliyinin X5in müdiriyyətinin tərkibinə daxil edilməsi, Səhiyyə Nazirliyinin «Texniki Nəzarət qrupunun» balansında olan mal-materiallar Səhiyyə Nazirliyinin X5in müdiriyyətinə təhvil verilməsi qərara alınmışdır. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X5 Müdiriyyətinin 13 saylı, xx.xx.2006-cı il tarixli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirinin xx.xx.2006-cı il tarixli 25 saylı əmrinə əsasən Tikilməkdə Olan E.T X2 ləğv edilərək, onun bazasında X5 müdiriyyəti yaradılmışdır. xx.xx.2006 cı il tarixindən Tikilməkdə Olan E.T X2nin işçilərinin işdən azad olunaraq, X5 müdiriyyətinə keçirilməsi qərara alınmışdır. İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı ******* saylı əmək kitabçasının notarial qaydada tərcümə edilmiş və təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 3 saylı BQİ işə qəbul olunana qədər xx.xx.1975-ci ildən xx.xx.1980-ci ilədək Azərbaycan İSİ təhsil almışdır, xx.xx.1980-ci ildə “Azərdəniznefttikinti” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsində usta vəzifəsinə qəbul edilmiş, xx.xx.1981-ci ildə iş icraçısı vəzifəsinə keçirilmiş, xx.xx.1981-ci ildə işdən azad edilmiş, xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilədək Sovet ordusu sıralarında xidmət etmiş, xx.xx.1982-ci ildə “Azərdəniznefttikinti” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsində iş icraçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1985-ci ildə işdən azad edilmiş, xx.xx.1985-ci ildə Bakı “Poladkonstruksiya” Quraşdırma İdarəsi Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə usta vəzifəsinə qəbul edilmiş, xx.xx.1986-cı ildə İİ dərəcəli usta vəzifəsinə keçirilmiş, xx.xx.1986-cı ildə sahə üzrə iş icraçısı vəzifəsinə keçirilmiş, xx.xx.1988-ci ildə sahə üzrə rəis vəzifəsinə keçirilmiş, xx.xx.1989-cu ildə işdən azad edilmiş, xx.xx.1989-cu ildə Azərbaycan səhiyyə təmir tikinti 2 saylı Təmir tikinti idarəsində iş icraçısı vəzifəsinə təyin edilmiş, xx.xx.1993-cü ildə Bakı Baş Tikinti İdarəsinin “Tikinti şöbəsi” trestinin 10 saylı Təmir tikinti idarəsinə köçürülmə ilə işdən azad edilmiş, xx.xx.1993-cü ildə Bakı Baş Tikinti İdarəsinin “Tikinti şöbəsi” trestinin 10 saylı Təmir tikinti idarəsində Azərbaycan səhiyyə təmir tikinti 2 saylı Təmir tikinti idarəsindən köçürülmə yolu ilə 3-cü dərəcəli suvaqçı təyin edilmiş, xx.xx.1993-cü ildə iş icraçısı vəzifəsinə təyin edilmiş, xx.xx.1998-ci ildə Bakı “Poladkonstruksiya” Quraşdırma İdarəsinə köçürülmə ilə işdən azad edilmiş, xx.xx.1998-ci ildə köçürülmə yolu ilə Bakı “Poladkonstruksiya” Quraşdırma İdarəsinə 10 nömrəli İTİ-dən istehsalat üzrə baş mütəxəssis vəzifəsinə qəbul olunmuş, xx.xx.2001-ci ildə işdən azad edilmiş, xx.xx.2001-ci ildə “Dalğa” İstehsalat Kommersiya firması müqavilə üzrə yüngül konstruksiyalar üzrə baş mütəxəssis vəzifəsinə qəbul edilmiş, xx.xx.2001-ci ildə işdən azad edilmiş, xx.xx.2001-ci ildə «Samir-H» firmasına iş icraçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2004-cü ildə işdən azad edilmişdir. İş materiallarında olan İddiaçı məxsus ******* saylı əmək kitabçasının surətindən (əslinə baxış keçirildi) görünür ki, İddiaçı xx.xx.2008-ci ildə "xxxx" MMC-də sahə rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2010-cu ildə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2010cu ildə "xxxx" LTD Şirkətində baş mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.2012-ci ildə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2012-ci ildə AİMROK LTD Şirkətinin Azərbaycan Respublikasındakı filialına layihə üzrə böyük tikinti mühəndisi vəzifəsinə qəbul olunmuş, xx.xx.2013-cü ildə işdən azad edilmiş, xx.xx.2013-cü ildə Svift Texnikal Azərbaycan LTD Şirkətində BP SCPX layihəsində işləmək üçün ərazidə inşaat meneceri vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2014-cü ildə işdən azad edilmiş, xx.xx.2014-cü ildə Svift Enjinirinq (Azərbaycan) LTD Şirkətinin filialına Cənubi Qafqaz borcu xəttinin genişlənməsi layihəsinə mədəni irs məsələləri üzrə əməkdaş vəzifəsinə qəbul edilmiş, xx.xx.2016-cı ildə ön işlər üzrə nümayəndə vəzifəsinə keçirilmiş, xx.xx.2018-ci ildə işdən azad edilmiş, xx.xx.2019-cu ildə "xxxx"MMC-də rəhbərlik yanında aparata sahə rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci ildə əvəzçilik üzrə sahə rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci ildə işdən azad edilmiş, xx.xx.2020-ci ildə "xxxx" MMC-də müəssisəyə inşaat mühəndisi vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci ildə işdən azad edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci ilədək olan redaksiyası). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Lakin həmin Qanunun 21.2-ci maddəsinə sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə müddətlərin daxil edilməsi sadalanmış, təhsil müddətinin sığorta stajına daxil edilməsinin nəzərdə tutulduğu isə göstərilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən təhsil müddəti iş stajına daxil edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, şəxsin pensiya hüququ onun qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur. Pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, lakin təhsil müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə deyil, onun təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbləri ilə müəyyən edilməlidir. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiya hüququna malikdiklər. xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və ya yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının təhsil aldığı müddət də sosial sığorta stajına əlavə edilməlidir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuşdur. İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilədək həqiqi hərbi xidmət keçmiş, xx.xx.1975-ci ildən xx.xx.1980-ci ilədək Azərbaycan Politexnik İnstitutunda təhsil almışdır. İddiaçı hərbi xidmət və təhsil aldığı müddətlər də daxil olmaqla, 60 yaşının tamam olduğu xx.xx.2019cu il tarixədək 37 ildən artıq ümumi sığorta stajına malikdir. Göründüyü kimi, 60 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixədək iddiaçının ümumi sığorta stajı 25 ildən artıqdır. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.1980-ci ildən xx.xx.1981-ci ilədək “Azərdəniznefttikinti” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsində usta vəzifəsində, xx.xx.1981-ci ildən xx.xx.1981-ci ilədək həmin idarədə iş icraçısı vəzifəsində, xx.xx.1982-ci ildən xx.xx.1985-ci ilədək həmin idarədə iş icraçısı vəzifəsində, xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilədək Bakı “Poladkonstruksiya” Quraşdırma İdarəsində usta vəzifəsində, xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilədək həmin idarədə iş icraçısı vəzifəsində, xx.xx.1989-cu ildən xx.xx.1993cü ilədək Azərbaycan səhiyyə təmir tikinti 2 saylı Təmir tikinti idarəsində iş icraçısı vəzifəsində, xx.xx.1993-cü ildən xx.xx.1998-ci ilədək Bakı Baş tikinti İdarəsinin “Tikinti şöbəsi” trestinin 10 saylı Təmir tikinti idarəsində iş icraçısı vəzifəsində işləmişdir (cəmi 14 il 02 ay 23 gün). Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda nəzərdə tutulmuşdur – Bölmə 29 - Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri, bənd b) mütəxəssislər: tikinti və quraşdırma işləri üzrə ustalar, iş icraçıları. Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və iddiaçının güzəştli iş stajı 12 il 6 aydan çoxdur (cəmi 14 il 02 ay 23 gün). Beləliklə, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixədək 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini güzəştli şərtlərlə pensiya hüququ verən sahə və vəzifələrdə işlədiyinə görə onun 60 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar