Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8034/2022 06.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X18 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı ünvanlı sosial yardımın ayrılması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aztəminatlı ailə kimi 15 fevral 2022-ci ildən başlayaraq həmin il üçün az təminatlı ailə kimi dövlət məcburi sosial yardımın ayrılması barədə vəzifənin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının razılığı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair bildirişi elektron variantda xx.xx.2022-ci il tarixdə sms vasitəsi ilə telefon nömrəsinə göndəriİib və hesab edir inzibati prosessual qanunvericiliyə görə məhkəmədə iddia qaldırmaq müddətini buraxmamışdır. Cavabdehlə 2002-ci il tarixdən hüquq münasibətindədir, belə ki, həmin tarixdən etibarən hazırki, yəni 2022-ci ilin fevral ayınadək ünvanlı sosial müavinəti alırdı. Cavabdeh 2022-ci il fevral ayından etibarən ona ünvanlı sosial müavinət təyin etməkdən imtina etmişdir Adına yazılmış bildirişin məzmunundan məlum olduğu kimi “ailə tərkibinin tərəfindən düzgün göstərilməməsi” səbəbindən cavabdeh ünvanlı sosial yardımın təyin edilməsi barədə xx.xx.2022-ci il tarixli, **********96002 nömrəli ona etdiyi müracətindən imtina etmişdir. Hesab edir ki, “ailə tərkibinin tərəfindən düzgün göstərilməməsi” səbəbindən cavabdehin ona ünvanlı sosial yardımın təyin edilməsi barədə xx.xx.2022-ci il tarixli, **********96002 nömrəli ona etdiyi müracətindən imtina etməsi aşağıda göstərdiyi hallara görə əsassız hesab edilməli və cavabdehin üzərinə 2022-ci il üçün həmin ilin 15 fevral tarixindən başlamaqla ona ünvanlı sosial yardımın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmalıdır. Ailəsi dörd nəfərdən, o cümlədən xx.xx.2002-ci il təvəllüdlü oğlu X13 ADNSU universitetinin 3-cü kurs tələbəsidir, ödənişsiz əsaslarla təhsil alır, xx.xx.2006-cı il tarixdə anadan olmuş X19 və xx.xx.2007-ci il tarixdə anadan olmuş X7 ibarətdir. Uşaqların ataları ilə rəsmən məhkəmə qaydasında ayrılmışdır. Məhkəmə qaydasında uşaqların saxlanılması üçün məhkəmə qaydasında aliment təyin edilsə də məhkəmə qərarları 15 ildir ki, əsassız olaraq icra edilməmişdir. Bu tərkibdə, yəni özü də daxil olmaqla dörd nəfərdən ibarət ailə üçün cavabdeh tərəfindən hələ 2007-ci il tarixdən etibarən 15 fevral 2022-ci ilə qədər aztəminatlı ailə kimi ona ünvanlı sosial yardım ayrılmışdır və həmin sosial yardımı uşaqlarının saxlanılması üçün istifadə etmişdir. Özü 2015-ci ildən 3-cü qrup əlildir. İxtisasca müəllimə olsa da və bu vəzifədə uzun illər çalışsa da ağır eşitdiyindən nəinki müəllimə, hətta normal işlərdə belə işləyə bilmir. Bu səbəbdən balalarını dolandırmaq üçün MKTB-də fəhlə işləyir. 260 manat əmək haqqı alır. UDSY dayandırılması isə maddi vəziyyətini daha da ağırlaşdırıb. Bakı şəhəri, Suraxanı rayonu Bülbülə qəsəbəsi, Ç.Nəsirov küçəsi, dalan 5, ev 10 hazırda vəfat etmiş anası X2 xüsusi mülkiyyətində olmuşdur və hazırda da onun mülkiyyətində qalmaqdadır, anası sağ ikən boşanıb anasının evinə qayıtdıqdan sonra mülk üstə qardaşı onu evdən çıxartmağa çalışmışdır. Anası vəfat edəndən sonra vərəsə kimi qardaşı ilə onun arasında münaqişə daha da dərinləşmişdir. Münaqişəyə ərizə əsasında hətta Suraxanı rayon polis orqanları müdaxilə etmişdir. Buna görə də anasının bacısı olan 1951-ci il təvəllüdlü xalası ona və üç uşağına Bülbülə qəsəbəsi, Əyri küçəsi, ev 10-da xüsusi mülkiyyətində olan evi müvəqqəti sığınacaq kimi təqdim etmişdir, özü isə miras əmlakla bağlı qardaşı ilə olan münaqişə həll edilənədək qeydiyyatda olduğu (vəfat etmiş bacısının xüsusi mülkiyyətində olan) Bül-bülə qəsəbəsi, Ç.Nəsirov küçəsi, dalan 5, ev 10 yerləşən evə köçmüşdür. Tənha qadındır, pensiyaçıdır, 260 manat pensiya alır. Bu ilin 9 mart günündə səhər saatlarında cavabdehin nümayəndələri evə baxış keçiriblər, həmin vaxt o evdə olmuş, uşaqları isə dərsdə. COVİD- 19 pandemiyası ilə bağlı hamı tibbi maskadan istifadə edir. Evə gələn həmin nümayəndələr də həmçinin. Eşitmə əngəlli olduğundan danışıqları yalnız dodaq tərpənməsindən anlayır. Maska taxıldıqda isə nə qədər ucadan danışılsa da, uca danışılan səsləri eşitsə də danışıqları anlamır. Xalasından xahiş etmişdir ki, danışıqları ona anlatmaq üçün evə gəlsin. Bu səbəbdən də xalası onlara gəlib. Həmin vaxt əməkdaşlar özlərinin qeydlərini aparmış və bu barədə rəsmi sənəddə də bildirmişlər. Sonradan təkrarən 30 mart 2022-ci il tarixdə səhər saatlarında uşaqları dərsdə, özü işdə olan zaman cavabdehin nümayəndələri yenidən ona heç bir məlumat vermədən gəlib evə baxış keçiriblər və özlərinin qeydlərini edib çıxıb gediblər. Həmin vaxt xalası X10 onlarda olmuşdur, xalası onun xahişi ilə evə nəzərət etməyə gəlmişdir. Çünki evinə giriş qapısı yararsız olduğundan məhlədəki narkoman və oğrular dəfələrlə o işdə olan zaman evinə girib pensiya pulunu oğurlamışlar. Evə baxış keçirilən xx.xx.2022-ci il tarixdən sonra cavabdeh ona ünvanlı sosial müavinətin ayrılması barədə etdiyi 15 fevral 2022-ci il tarixli müraciətinə imtina cavabını vermişdir. Buna əsas kimi tərəfindən cavabdehə ailə tərkibinin düzgün göstərilməməsi haqqında məlumat olmuşdur. Cavabdehin bu motivasiyası ilə bağlı bildirir ki, birinci dəfə deyil ünvanlı sosial yardımın ayrılması üçün cavabdehə müraciət edir. İllərdir ki, üç uşağı ilə birlikdə (hazırdakı tərkibdə) aztəminatlı ailə kimi cavabdehdən ünvanlı sosial yardımı alır və bu dəfə də ailə tərkibinin dəyişməz olduğu barədə cavabdehə doğru və dürüst məlumat vermişdir. Ailə qanunvericiliyinə görə ailə deyildikdə ana-ata və uşaqların cəmi başa düşülür (qan xətti üzrə qohumlar). Xala, bibi, qardaş bacı və digər şəxslər bir-birinə münasibətdə ailə üzvləri hesab olunmurlar. Uşaqları ilə birlikdə müvəqqəti olaraq xalası X3 evində yaşaması onun onunla ailə üzvü qismində bir evməişət təsərrüfatını birgə idarə etməyinə həm faktiki, həm də hüquqi olaraq dəlalət eləmir, xalası X10 ilə birlikdə bir ailə olub birgə ev təsərrüfatını idarə etmələri kimi hesab edilməsi cavabdehin yalnız və yalnız subyektiv yanaşmasıdır. Bunun da təməlində əsassız olaraq aztəminatlı ailə kimi ona ünvanlı sosial yardım ayrılmasında imtina etmək istəyi durur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsinin əsasları kimi 2002-ci il tarixdən ünvanlı dövlət sosial yardım aldığını, daha sonra yenidən ünvanlı dövlət sosial yardım təyin olunması üçün müraciət etdiyini, xx.xx.2022-ci il tarixli, **********96002 nömrəli məktuba əsasən ona ünvanlı dövlət sosial yardım təyin edilməsindən imtina olunduğunu göstərmişdir. Hesab edir ki, cavabdeh tərəfindən ona ünvanlı dövlət sosial yardım təyin edilməli olduğu halda bundan əsassız olaraq imtina edilmişdir. İddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlliliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən, sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Həmin Qanunun 6.2 və 6.3-cü maddələrinə görə sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Yuxarıda istinad olunan Qanunun 10.1-ci maddəsinə görə sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial vardımın təyin olunmasına və ya məbləqinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3-cü bəndinə əsasən Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin və ya “DOST” mərkəzlərinin (ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə təmsilçinin iştirakı olmaqla video, foto çəkilişi və səs yazısı əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. İstinad olunan Qavdalarınn 4.2-ci bəndinə əsasən sosial vardım almaq üçün müraciət edilən zaman ailə sosial vardımın təvin olunmasına və va məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. İş üzrə icraat materiallarına əsasən İddiaçı xx.xx.2020ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 2 (iki) il müddətinə 171,52 manat məbləğində ünvanlı dövlət sosial yardım təyin edilmişdir. Təyin edilmiş ünvanlı dövlət sosial yardımın müddəti bitdikdən sonra iddiaçı yenidən təyinat üçün xx.xx.2022-ci il tarixdə VEMTAS vasitəsi ilə müraciət etmiş, lakin “Ünvanlı dövlət sosial yardımı” haqqında Qanunun 3-cü maddəsinə əsasən ailənin əmək qabiliyyətli üzvünün orta aylıq gəliri ondan asılı olan səbəblərdən sıfıra bərabər olduğu üçün, bu ailə ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olmadığı göstərilmişdir. Bundan sonra İddiaçı xx.xx.2022-ci il tarixdə, yenidən VEMTAS vasitəsi ilə müraciət etmiş, maddi-məişət şəraitinin yoxlanılması zamanı ailə tərkibi düzgün göstərilmədiyi üçün ona sosial yardım təyin olunmasından imtina edilmişdir. İş üzrə icraat materialarına əlavə edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qavdaları”na 4 nömrəli əlavədə müayinə məqsədilə ünvana baxış keçirildiyi zaman təmsilçinin xalasının da həmin ünvanda olduğu qeyd edilmiş, müayinə aktı təmsilçi və xalası tərəfindən imzalanmışdır. xx.xx.2022-ci il tarixli ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumatda mənzilə baxış keçirildiyi zaman təmsilçinin xalasının həmin ünvanda olduğu, təmsilçinin özünün və övladlarının isə evdə olmadığı müəyyən edilmişdir. İşin faktiki hallarından göründüyü kimi İddiaçı xalası həmin ünvanda yaşamasına baxmayaraq VEMTAS tərəfindən müraciət olunan zaman ailə tərkibində göstərilməmiş, bu hal maddi-məişət şəraitinin yoxlanılması zamanı müəyyən olunmuşdur. Bu səbəbdən də iddiaçıya ünvanlı dövlət sosial yardım təyin olunmasından imtina olunmuşdur. Ümumilikdə, yuxarıda qeyd edilən qanunvericilik normaları və işin faktiki halları nəzərə alınmaqla qeyd edilməlidir ki, İddiaçı ünvanlı dövlət sosial yardım təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X32 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdə doğulmuşdur. - Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının Bülbülə qəsəbəsi İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 550 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı, X13, X19, X20 həqiqətən Bülbülə qəsəbəsi, Çingiz Nəsirov küçəsi, 5-ci döngə, 10 saylı evdə qeydiyyatdadırlar. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən ümümi xəstəlik səbəbi, “Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, otoskopiyada AD və AS xarici qulaq keçəcəyi təmizdir. Təbil pərdənin tamlığı pozulmayıb. Pic səsləri eşitmir. Xəstə eşitmə aparatından istifadə edir. İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, otoskopiyada AD və AS xarici qulaq keçəcəyi təmizdir. Təbil pərdənin tamlığı pozulmayıb. Pıc səsləri eşitmir. Xəstə eşitmə aparatından istifadə edir” diaqnozu ilə müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. - xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, işçi X11 ilə işəgötürən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2019-cu ildən xx.xx.2022-ci il tarixədək qüvvədə olan əmək müqaviləsi bağlanmışdır. İşçinin vəzifəsi əmək müqaviləsi üzrə təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçidir. Əməyin ödənilməsi forması vaxtamuzd olmaqla aylıq əmək haqqının məbləği 300 manatdır. - Cavabdehə ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı və X13 tərəfindən ünvanlanmış və notarial qaydada təsdiqlənmiş 11 fevral 2022-ci il tarixli ərizənin surətindən görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən onların ailəsinə təyin ediləcək ünvanlı dövlət sosial yardımının rəsmiləşdirilməsi məqsədilə ailələrinin 18 yaşına çatmamış üzvləri, X19, X20 barədə məlumat verərək Nazirlik tərəfindən onların hər birinə aid gəlirlər, xərclər, əmlaklar və digər zəruri məlumatların aidiyyəti dövlət orqanlarından və təşkilatlarından əldə edilməsinə və aidiyyəti dövlət orqanları və təşkilatları tərəfindən onların hər birinə dair sorğu olunan gəlirlər, xərclər, əmlaklar və digər zəruri məlumatların müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsinə etiraz etmirlər. Həmçinin ailələri üçün 1 il müddətinə təyin olunacaq sosial yardımın alınması üçün İddiaçı ailələrini təmsil edən şəxs kimi qeydə alınmasını xahiş edirlər. - Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının Bülbülə qəsəbəsi İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 308 nömrəli, xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı, X13, X19, X20 həqiqətən Bülbülə qəsəbəsi, Çingiz Nəsirov küçəsi, 5-ci döngə, 10 saylı evdə qeydiyyatdadırlar, lakin müvəqqəti olaraq Bülbülə, Əyri, 10 saylı evdə qeydiyyatsız yaşayırlar. - Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının Bülbülə qəsəbəsi İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 527 nömrəli, xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, X1 qəsəbəsi, Əyri küçəsi, 10 №-li evdə qeydiyyatdadır, lakin fakitki olaraq Bülbülə qəsəbəsi, Çingiz Nəsirov küçəsi, dalan 5, 10 saylı evdə qeydiyyatsız yaşayır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı “ASAN xidmət” X12 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1828 №-li arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1974-cü il tarixindən Bakı şəhərində anadan olmuş X14 barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktları” Avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2022-ci ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir: Uşaq: X13 (xx.xx.2002); X21 (xx.xx.2006); X8 (xx.xx.2007). Qeyd: “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə Azərbaycan Respublikasının qeydiyyat orqanları tərəfindən tərtib edilmiş vətəndaşlıq vəziyyəti aktlarına dair məlumatlar daxildir. Eyni zamanda bildirilir ki, arayışda yalnız ərizəçinin tələb etdiyi şəxslər barədə məlumatlar göstərilməlidir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli, **********3 nömrəli məktubun surətindən görünür ki, onun X26 və X33 (VEMTAS-a) xx.xx.2018-ci il tarixli müraciətinə əsasən ailəsinə xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək VEMTAS tərəfindən avtomatlaşdırılmış qaydada aylıq 182,31 manat məbləğində ünvanlı təyin edilmişdir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********7 nömrəli məktubun surətindən görünür ki, X26 və X33 (VEMTAS-a) daxil etdiyi xx.xx.2020ci il tarixli, **********79801 nömrəli müraciətinə əsasən ailəsinə xx.xx.2020-ci il tarixindən qanunvericiliklə müəyyən olunmuş qaydada aylıq 171,52 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əyri küçəsi, ev 10, yeni qaydalarla: AZ 1043, ünvan 2 ünvanıda yerləşən ümumi sahəsi 71,70 kvm. olan fərdi yaşayış evi X3 xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 018-9388- 1222 №-li məktubundan görünür ki, xx.xx.1974-cü il təvəllüdlü X15 xx.xx.2002-ci il tarixdən, xx.xx.2002-ci il təvəllüdlü X13 xx.xx.2014-cü il tarixdən ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Göstərilən şəxslərin qeyd olunan ünvana qeydiyyata alınmasına və onlara şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Əlavə olaraq bildirilir ki, qeyd olunan ünvanda qeydiyyatda olan, xx.xx.2006-cı il təvəllüdlü X19 və xx.xx.2002-ci il təvəllüdlü X13 “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin tələbinə uyğun olaraq valideynlərinin yaşayış yeri üzrə ilk dəfə şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilən azyaşlıdırlar. - Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışın surətindən görünür ki, İddiaçı, X21, X20 və X13 ünvan 1 ünvanı üzrə qeydiyyatdadırlar. - Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı müraciəti ilə əlaqədar inzibati icraat materiallarından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə **********96001 nömrə ilə, xx.xx.2022-ci il tarixdə **********96002 nömrə ilə müraciət edərək ünvanlı sosial yardımın təyin edilməsini xahiş etmişdir. Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə xx.xx.2022-ci il tarixli məlumatdan görünür ki, ailəni təmsil edən şəxs İddiaçıdır. Yaşadığı ünvan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əyri 10-dur. Ailə tərkibi İddiaçı (təmsilçi, əmək pensiyaçı, sahibkar, işləyir), X13 (oğlu, tələbə/təqaüd), X19 (oğlu, şagird), X20 (oğli, şagird). Əmlakın mülkiyyətçisi X4r. İstifadə məqsədi müvəqqətidir. Müayinə məqsədi ilə ünvana baxış keçirildi. Ev təmsilçisinin xalasına məxsusdur. Xalası Bülbülədə başqa ünvanda yaşayır. Ünvan evin sənədi ilə uyğundur. Sayğaclar ayrı, abonent kodu uyğundur. Təmsilçi rəsmi olaraq xx.xx.2006-cı ildə ayrılıb, İ həyat yoldaşından, İİ evliliyi qeyri-rəsmi olub. Uşaqların sənədi atalığın müəyyən edilməsi ilədir. Rəsmi sənəd təqdim olunmadı. Ailənin gəlirləri: Təmsilçi MKİS-də işləyir, 2022-ci ilin yanvar ayınadək 236 AZN, yanvardan isə 267 AZN əmək haqqı alır. Təmsilçi 2022-ci ilin yanvar ayınadək 259 AZN, yanvardan 268 AZN pensiya alır. Təmsilçinin övladı tələbədir. 2022-ci ilin yanvar ayınadək 75 AZN təqaüd alıb. Müayinə zamanı təmsilçinin xalası da ünvanda idi. Bildirdi ki, təmsilçi eşitmə əngəlli olduğu üçün ünvandadır. Təmsilçi heç bir həyat yoldaşından aliment almadığını bildirdi. Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə xx.xx.2022-ci il tarixli məlumatdan görünür ki, maddi-məişət şəraitinin müayinəsi məqsədi ilə ə/b-də qeyd olunan ünvana təkrar baxış keçirildi. Müayinə zamanı təmsilçi və ailə üzvlərinin ünvanda olmadığı məlum oldu. Ünvanda özünü təmsilçinin xalası kimi təqdim edən X10 var idi və bildirdi ki, təmsilçinin övladlarının 2-si məktəbdə, 1-i isə universitetdədir. Təmsilçinin isə evdə olmadığını bildirdi. Təmsilçinin xalası bildirdi ki, yaxınlıqda yaşayır və təmsilçiyə ev işlərində kömək məqsədi ilə gəldiyini bildirdi. İddiaçı xx.xx.2022-ci il tarixli, **********96001 nömrə ilə müraciətinə görə xx.xx.2022-ci ildə sosial yardımın təyin olunmasından “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən ailənin əmək qabiliyyətli üzvünün orta aylıq gəliri ondan asılı olman səbəblərdən sıfıra bərabət olduğu üçün bu ailənin ünvanlı dövlət sosial yardımı almaq hüququna malik deyildir. X19” səbəbinə görə imtina edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli, **********96002 nömrə ilə müraciətinə görə xx.xx.2022-ci ildə sosial yardımın təyin olunmasından “Ailə tərkibinin düzgün göstərilməməsi” səbəbinə görə imtina edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, “Ünvanlı sosial yardım haqqında” Azərbaycan Respublikası Qanunun: - 1.0.2-ci maddəsinə əsasən ailə - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslərdir. - 1.0.3-cü maddəsinə əsasən ailənin gəlirləri - ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusudur. - 1.0.5-cü maddəsinə əsasən aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailədir. - 3-cü maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. - 10.1-ci maddəsinə əsasən sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının: - 1.1-ci bəndinə əsasən bu Qaydalar “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən hazırlanmışdır və ünvanlı dövlət sosial yardımının (bundan sonra – sosial yardım) alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi mexanizmini müəyyən edir. - 2.1-ci bəndinə əsasən ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir. - 2.2-ci bəndinə əsasən bu Qaydaların 2.1-ci bəndinə uyğun olaraq təsdiq edilmiş təmsilçilik barədə ərizədə göstərilən ailəni təmsil edən şəxs (bundan sonra - Təmsilçi) “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizəbəyannamə”ni (2 nömrəli əlavə) dolduraraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) göndərir. 2.2.1. şəxsiyyəti təsdiq edən sənəd (müraciət kağız üzərində olduqda); 2.2.2. təmsilçilik barədə ərizə (notariat orqanı tərəfindən təsdiq edildikdən sonra müraciət üçün 90 (doxsan) gün müddətində, sosial yardım təyin olunduğu halda isə sosial yardımın alındığı dövrdə qüvvədədir) (1 nömrəli əlavə); 2.2.3. ərizə-bəyannamə (2 nömrəli əlavə). - 3.1-ci bəndinə əsasən sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. - 3.2-ci bəndinə əsasən VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. - 3.3-cü bəndinə görə bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin (bundan sonra - Bölmə) və ya “DOST” mərkəzlərinin (bundan sonra - Mərkəz) ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. - 3.4-cü bəndinə əsasən bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video, foto çəkilişi və səs yazısı əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddə-sində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur. 3.4.1. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. - 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X6 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. - 4.2-ci bəndinə əsasən sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı X9 cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixə kimi 4 nəfər ailə üzvü qeydə alınmaqla (özü və üç oğlu) ünvanlı sosial yardım təyin edilərək ödənilmişdir. xx.xx.2022-ci il tarixdə X16 yenidən ünvanlı sosial yardımın təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş və ərizə-bəyannamədə yaşadığı ünvanı ünvan 5ünü, yetkinlik yaşına çatmış oğlu Fazil Qəhrəmanov, yetkinlik yaşına çatmayan oğlanları Özcan Kərimli və Elnar Kərimlini, aylıq gəlirləri barədə məlumatları qeyd etmişdir. Cavabdeh inzibati orqanın səlahiyyətli nümayəndələri tərəfindən ailənin maddi-məşiət şəraitinin müayinəsi aparılmış və xx.xx.2022-ci il tarixdə təmsilçinin – iddiaçının faktiki yaşadığı ünvanda həmin daşınmaz əmlakın mülkiyyətçisi olan xalasının olduğu müəyyən edilmişdir. İddiaçı eşitmə əngəlli olduğu üçün xalasının onun yanında olduğunu bildirmişdir. Təkrarən həmin ünvana xx.xx.2022-ci il tarixdə baxış keçirilən zaman iddiaçının xalasının yenə həmin ünvanda olması aşkar edilmişdir. Cavabdeh inzibati orqan iddiaçı tərəfindən ailə tərkibi düzgün göstərilməməsini əsas gətirərək iddiaçıya ünvanlı dövlət sosial yadımının təyin edilməsindən imtina etmişdir. Hazırki mübahisə üzrə İddiaçı yaşadığı ünvan 6 ünvanının onun xalası X3 mülkiyyətində olması və Pərvaz Muxtarovanın həmin ünvan üzrə yaşayış yerinə görə qeydiyyatda olması işin mübahisəsiz halıdır (AZE ******* nömrəli, xx.xx.2008-ci il tarixli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən X5 yaşayış yeri ünvan 7 ünvanıdır). İşin mübahisəli halı İddiaçı tərəfindən cavabdeh orqana müraciət edilən zaman X10 barəsində məlumatın qeyd edilməməsidir. İddiaçı bunu xalasının onun ailə üzvü olmaması, həmçinin ailə münaqişəsinə (qardaşı ilə mülklə bağlı münaqişə) görə xalasının faktiki olaraq onun qeydiyyatda olduğu Bülbülə qəsəbəsi, Ç.Nəsirov küçəsi, dalan 5, ev 10 ünvanında yaşadığını, səhhəti və evində baş verəcək oğurluq hadisələrinə görə xalasının həmin ünvana ona kömək məqsədi ilə gəlməsi ilə əsaslandırır. Məhkəmə qeyd edir ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun tələbinə görə ailə qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslərdir. Odur ki, ünvanlı dövlət sosial yardımla bağlı mübahisələrdə məhz bu anlayış əsas götürülməlidir. Buna görə isə ailə hesab edilə bilmək üçün digər tələblərlə yanaşı, birgə yaşayan şəxslərin ümumi ev təsərrüfatına malik olmaları, yəni birgə təsərrüfat aparmış olmaları müəyyən olunmalıdır. Digər tərəfdən isə ünvanlı dövlət sosial yardımın təyin olunması ilə bağlı elektron müraciətin edilməsi zamanı şəxslərdən eyni ünvanda yaşadıqları həm öz ailə üzvləri, həm də digər ailə(lər) barədə məlumat vermələri tələb olunur. Beləliklə, həm mövcud qanunvericilik, həm də ünvanlı dövlət sosial yardım almaq üçün müraciətləri qəbul etmək üçün dövlət tərəfindən yaradılmış sistemin özü prinsip etibarilə bir ünvanda bir neçə ayrı ailə(lər)nin yaşamasının mümkünlüyünü qəbul edir. Məhz buna görə də müraciəti qəbul edən elektron sistem şəxsdən öz ailəsi ilə bağlı məlumatlarla yanaşı, varsa eyni ünvanda yaşayan digər ailə(lər) barədə məlumat vermələrini də tələb edir. Məhkəmə işin hallarına qiymət verərək hesab edir ki, İddiaçı xalası X3 onunla yaşamaması barədə irəli sürdüyü dəlil əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçının yaşadığı ünvan X3 mülkiyyətindədir və sonuncu yaşayış yeri üzrə həmin ünvanda qeydiyyatdadır. Bundan əlavə cavabdeh inzibati orqanın nümayəndələri tərəfindən ailənin maddi-məşiət şəraitinin müayinəsi zamanı hər iki halda Pərvaz Muxtarovanın həmin ünvanda olması İddiaçı dəlilini təkzib edən haldır. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən ünvanlı dövlət sosial yardımın təyin olunması ilə bağlı elektron müraciətin edilməsi zamanı şəxslərdən eyni ünvanda yaşadıqları həm öz ailə üzvləri, həm də digər ailə(lər) barədə məlumat vermələri tələb olunduğu halda İddiaçı tərəfindən buna əməl edilməmiş, iddiaçının müraciətində qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq, yəni ailə tərkibinin düzgün göstərilməməsi aşkar edildiyindən sosial yardımın təyin edilməsindən imtina edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın tələbinə uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bu səbəbdən də iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-8034/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8034/2022
06.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver