Məhkəmə qərarları › İş №2-1(112)-8036/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8036/2022

03.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8036/2022 03.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X8 kаtibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, hərbiçi, pensiyaçı) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə qarşı “iddiaçının ailə üzvləri ilə birlikdə yaşayış sahəsi ilə təmin olunmağı üçün icra hakimiyyətində mənzil növbəsinə qəbul edilməsi barədə sərəncam verilməsi və müvəqqəti mənzilin kirayəsi üçün ödənilən kirayə pulunun ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə qarşı “iddiaçının ailə üzvləri ilə birlikdə yaşayış sahəsi ilə təmin olunmağı üçün icra hakimiyyətində mənzil növbəsinə qəbul edilməsi barədə sərəncam verilməsi və müvəqqəti mənzilin kirayəsi üçün ödənilən kirayə pulunun ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək AR Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət, xx.xx.2002-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikasının Sərhəd Xidmətində gizir qismində həqiqi hərbi xidmət keçmişdir. “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən (xidmət müddəti başa çatdığına görə) ehtiyata buraxılmışdır. Hərbi xidmət dövründə mənzillə (yaşayış sahəsi ilə) təmin olunmamış, 15 ildən çox xidmət etmiş və ehtiyata buraxılmış hərbi qulluqçu kimi Nəsimi rayon İcra Hakimiyyətinə müraciət edərək ailə üzvləri ilə birlikdə yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülməsini xahiş etmişdir. Lakin Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçıya imtina cavabı verilmişdir, imtina cavabı onunla əsaslandırılmışdır ki, iddiaçı “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən xidmət müddəti başa çatdığına görə) ehtiyata buraxıldığına görə qanun ona aid deyil. İddiaçı qeyd edir ki, Qanunda belə bir hal şərtləndirilməmişdir. Eyni zamanda, o, bələdiyyələrdən heç bir pulsuz torpaq sahəsi almamışdır. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edir. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamına əsasən iddiаyа dаir cavabdehin yazılı münasibətində (еtirаzda) bildirilmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən bəzi kateqoriya hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunmaq hüquqları vardır. Həmin qanunun 12.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçularin qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. Həmin maddənin 7-ci hissəsinə əsasən yaşına, səhhətinə, ştatların ixtisarına ailə vəziyyətinə görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). Normanın məzmunundan görünür, hərbi qulluqçunun yaşayış sahəsi ilə təmin olunması, buna qədər isə mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxıl edilməsi üçün 3 şərt tələb olunur: 1) yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış hərbi qulluqçusu olması. 2) yaşayış sahəsinin olmaması; 3) 15 təqvim ili və daha çox xidmət etməsi; Qanunvericilikdə nəzərdə tutulmuş qeyd olunan 3 şərt tamamlandıqdan sonra ehtiyata buraxılmış hərbi qulluqçular mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilə bilər. Belə ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətinin Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsi tərəfindən təqdim olunmuş 30 saylı xx.xx.2022-ci il tarixli arayışdan məlum olmuşdur ki, baş gizir İddiaçı xx.xx.1999-cu il tarixdən, xx.xx.2000-ci il tarixinədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət, xx.xx.2002-ci il tarixindən 22 05.2021-ci ıl tarixinədək Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində gizir qismində hərbi xidmət keçmişdir. “Hərbi xidmətkeçmə haqqında“ Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdiğına görə) müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Beləliklə, İddiaçı “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 7ci hissəsində göstərilən yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış hərbi qulluqçusu kimi qanunvericilikdə nəzərdə tutulmuş güzəştlər ona şamil edilmir. Eyni mövqeyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli qərarında qeyd olunmuşdur. Qeyd edilənlərə əsasən cavabdeh orqan iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, iddia düzgün cavabdehə verilmiş, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır; iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cаvаbdеh məhkəmə bахışınа öz səlahiyyətli nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Odur ki, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan: Nəsimi rayon İcra Hakimiyyətinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında" Qanunun 12-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyyata və ya istefaya buraxılmış zabitlərin, gizirlərin və miçmanların müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli İcra Hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. İddiaçı “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən ehtiyyata buraxıldığına görə sözügedən Qanun ona şamil edilmir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon şöbəsi tərəfindən verilən vətəndaşın hərbi xidmət keçməsinə dair 30 nömrəli xx.xx.2022-ci il tarixli arayışına əsasən İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixinədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət, xx.xx.2002-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində gizir qismində həqiqi hərbi xidmət keçmişdir. “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışına əsasən, ünvan 2 ünvanında İddiaçı (xx.xx.1978-ci il təvəllüdlü), X18 (xx.xx.1980-ci il təvəllüdlü) qeydiyyatdadırlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Bakı “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli arayışına əsasən, xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş İddiaçı barəsində “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2022-ci ilədək aparılmış və bu məlumatlar aşkar edilmişdir: həyat yoldaşı – X10 (xx.xx.1981), uşağı – X11 (xx.xx.2011), uşağı – X12 (xx.xx.2011). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışına əsasən, ünvan 4 ünvanında X10 (xx.xx.1981), X19 (xx.xx.1977); X12 (xx.xx.2011); X2 (xx.xx.1980); X20 (xx.xx.1990); X11 (xx.xx.2011); X21 (xx.xx.1968); X13 (xx.xx.1988); X14 (xx.xx.1986); X9 (xx.xx.2014) qeydiyyatdadırlar. 05 mart 2022-ci il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi haqqında kirayə müqaviləsinə əsasən, Kirayəyə verən qismində X4, Kirayəçi qismində İddiaçı olmaqla, Kirayəyə verən ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 112,7 kv.m olan fərdi yaşayış evinin 56,35 kv.m hissəsini paylı mülkiyyət üzrə Kirayəçiyə kirayəyə vermişdir, müqavilənin 3-cü bəndinə əsasən kirayə müddəti xx.xx.2027-ci il tarixədək (5 il) müəyyən olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 112.70 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət növündə X3 adına qeydiyyatdan keçmişdir. AA******* şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı xx.xx.1995-ci il təvəllüddlü Azərbaycan Respublikasının vətəndaşıdır. AZ-İ 351867 nömrəli Nikah haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən Həsənov X6 Ləman Namik qızı ilə xx.xx.2000-ci ildə nikaha daxil olmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli arayışına əsasən, X5 adına daşınmaz əmlak aşkar edilməmişdir. Bakı şəhəri Nəsimi bələdiyyəsinin H-114 saylı xx.xx.2022-ci il tarixli arayışına əsasən ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı Nəsimi bələdiyyəsi tərəfindən torpaq sahəsinin ayrılmasına dair məlumat bələdiyyənin informasiya bazasında aşkar edilməmişdir. Bakı şəhəri Yasamal bələdiyyəsinin 283 saylı xx.xx.2022-ci il tarixli arayışına əsasən ünvan 4 ünvanında qeydiyyatda olan X1 bələdiyyəsindən torpaq sahəsi almamışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2021-ci il tarixli 51/63 nömrəli arayışına əsasən İddiaçı Dövlət Sərhəd Xidmətində xidmət etdiyi müddət ərizndə torpaq sahəsi və mənzil ilə təmin olunmamışdır. Arayış Nəsimi rayon İcra Hakimiyyətinə təqdim edilmək üçün verilmişdir. AO ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1999-cu il tarixdə hərbi hissəyə göndərilmiş, xx.xx.1999-cu ildə ona süvari rütbəsi verilmişdir. xx.xx.2000-ci ildə təxris edilmişdir. xx.xx.2000-ci ildə sürücü kimi çalışmış, xx.xx.2002-ci ildə gizir rütbəsi verilmiş, həmin vaxtdan xx.xx.2003-cü ilə qədər 2014 h/h-də təsərrüfat tağım komandiri kimi çalışmış, xx.xx.2008-ci ildə ona baş gizir rütbəsi verilmişdir. xx.xx.2008-ci ildən xx.xx.2011-ci ilə qədər Bakı SND-də nəzarətçi, xx.xx.2011-ci ildən xx.xx.2016-cı ilə qədər 14-cü SNM-in rəisi müavini, xx.xx.2016-ci ildən xx.xx.2021-ci ilə qədər MMT bölgə yanğından mühafizə manqa komandiri, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə qədər GHT-nin manqası, sürücü mexanik kimi çalışmışdır. İddiaçı həmçinin, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Qüsursuz xidmətə görə” müxtəlif dərəcəli medallarla təltif olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli arayışına əsasən, İddiaçı adına daşınmaz əmlak aşkar edilməmişdir. Cavabdeh tərəfindən inzibati icraat materialları, o cümlədən iddiaçının cavabdehə ünvanladığı müraciəti, buna dair cavabdehin imtina məktubu, qeydiyyat-nəzarət vərəqəsi, iddiaçının ərizələri, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon şöbəsinin arayışı məhkəməyə təqdim edilmişdir. Məhkəmənin sorğusuna əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2022-ci il tarixli məktubu ilə mövcud arxiv məlumatlarında iddiaçının adına qeydiyyata alınmış daşınmaz əmlakın aşkar edilməməsini bildirmişdir. Məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı 15 ildən çox müxtəlif vəzifələrdə həqiqi hərbi xidmətdə olmuş, dövlət hesabına mənzillə təmin olunmaq üçün yaşadıqları rayon üzrə İcra Hakimiyyətinə mənzil növbəsinə götürülmək və müvəqqəti yaşayış sahəsinin kirayəsinə ödənilən kirayə pulunun ödənilməsi üçün müraciət etmiş, cavabdeh orqan isə iddiaçının müraciətinə imtina cavabı vermişdir. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edir, iddiaçının tələbi ilə bağlı aşagıdakıları qeyd edir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır... Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Həmin Qanunun 12-ci maddəsinin 7-ci hissəsinə əsasən, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” xx.xx.2012-ci il tarixli 172 nömrəli Qərarının 1-ci hissəsinə əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay müvafiq məbləğlərdə, yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat; 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. Həmin Qərarın 2-ci hissəsinə əsasən, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Mənzil qanunvericiliyi ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilməsi nəzərdə tutulmuşdur. (Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.1-ci maddəsi) Mənzil Məcəllənin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. (Mənzil Məcəllənin 51.1-ci maddə) Mənzil Məcəllənin 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Həmin Məcəllənin 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 51.6-cı maddəsinə əsasən uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; həmin məcəllənin 53.2-ci maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə əsasən, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.6-cı bəndinə əsasən yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Yuxarıda sadalanan qanunvericiliyin normalarından göründüyü kimi, hərbi qulluqçusunun güzəştli mənzil növbəsinə alınması üçün aşagıdakı şərtlər mövcud olmalıdır: 15 il və daha çox hərbi xidmət etməsi, yaşayış sahəsinə ehtiyacı olması. İş üzrə mübahisələndirilməyən faktiki halları ondan ibarətdir ki, iddiaçı 15 ildən artıq müddət ərzində hərbi xidmət etmişdir, gizirdir, hal-hazırda yaşadığı mənzilin mülkiyyətçisi deyil, nə onun, nə də ailə üzvlərinin torpaq sahəsi və yaşayış sahəsi yoxdur, o, yaşadığı mənzilin kirayəçisidir, iddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilir. İddiaçı eyni zamanda yaşayış sahəsi ilə təmin edilməməsi əsası ilə müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi barədə kompensasiyanı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətindən tələb edir. Cavabdeh iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota almaqdan imtina üçün Mənzil Məcəlləsinin 53.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı bir əsası göstərməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borculudurlar. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilən əsaslarla yaşayış sahəsinə ehtiyacı olan vətəndaşın mənzil növbəsinə götürülməsindən imtina edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdlr. Azərbaycan Respublikasının İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, İddiaçı ailə üzvləri ilə birlikdə yaşayış sahəsi ilə təmin olunmağı üçün icra hakimiyyətində mənzil növbəsinə qəbul edilməsi və müvəqqəti mənzilin kirayəsi üçün ödənilən kirayə pulunun ödənilməsi barədə sərəncam verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 33, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı ailə üzvləri ilə birlikdə yaşayış sahəsi ilə təmin olunmağı üçün icra hakimiyyətində mənzil növbəsinə qəbul edilməsi və müvəqqəti mənzilin kirayəsi üçün ödənilən kirayə pulunun ödənilməsi barədə sərəncam verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar