Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8038/2023 08.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən “5449” saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı1 adına, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən “5451” saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı2 adına çıxarışın verilməsi barədə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi iddia tələbləri üzrə 2-1(112)-8038/2023 nömrəli inzibati iş üzrə icraatdan -İddiaçı2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən “5451” saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi üzrə icraat sonrakı icraat yeni nömrə ilə qeydiyyata alınmaqla ayrılması; -İddiaçı1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən “5449” saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı1 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair icraat 2-1(112)-8038/2023 nömrə ilə saxlanılması qərara alınmışdır. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Ləhiş bağ massivində yerləşən torpaq sahələri iddiaçılara ayrılmışdır.İddiaçılar torpaq sahələri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişlər, lakin sonuncu onların müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçılar cavabdeh tərəfindən verilmiş imtinanı əsassız sayırlar və onların hüquqlarının pozulmasına səbəb olduğunu bildirirlər. Qeyd olunanlara əsasən iddiaçılar iddia tələbinin təmin edilməsini xahiş etmişdirlər. Cavabdehin etirazı: Cavabdeh iddia tələbinə münasibətdə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı1 təqdim etdiyi X2 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Həmçinin, İdarənin mütəxəssisləri tərəfindən texniki baxış zamanı göstərilən torpaq sahələrinin ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Bundan əlavə, 221 nömrəli X1 dair yerləşmə sxemi İdarənin arxiv əsaslarında aşkarlanmadığından torpaq sahəsinin yerləşməsini araşdırmaq mümkün olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin arxivində saxlanılan X4 İcraiyyə Komitəsinin 21 may 1991-ci il tarixli, 6/387 nömrəli Sərəncamından görünür ki, 221 №-li BTK-nın nəznində olan Ləhiş bağ massivində yerləşən torpaq sahəsi İddiaçı1 ayrılmışdır. Ləhiş bağ massivində 221 №-li BTK tərəfindən verilmiş 27 nömrəli orderin surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin 21 may 1991-ci il tarixli, 6/387 nömrəli Sərəncamına əsasən İddiaçı1 0,12 ha sahəsi olan 5449 nömrəli bağ sahəsi ayrılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin sorğuya cavab məktubundan görünür ki, 221 nömrəli bağ tikinti kooperativi nəznində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 ha torpaq sahəsi olan 5449 saylı bağ sahəsinə İddiaçı1 adına verilmiş 27 nömrəli orderin arxiv nüsxəsi, eləcə də həmin bağ sahəsinə dair cizgi və 221 saylı BTK-nın bölgü sxemi arxiv qovluğunda aşkar olunmamışdır. Dövlət Arxvinin Bakı filialında saxlanılan bağlar təsərrüfatı üzvlərinin siyahısından görünür ki, İddiaçı1 adı üzvlərin siyahısında 27-ci sətrdə göstərilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, cavabdeh inzibati orqanın imtinasından və iddiaya münasibətdə təqdim olunmuş yazılı etirazdan görünür ki, cavabdeh iddiaçının tələbinin təmin olunmaması üçün üç əsas gətirir:
1. Bağ sahəsinə dair orderin arxivdə aşkar edilməməsi;
2. Bağ sahəsinin digər bağ sahəsi ilə ümumi hasar daxilində yerləşməsi;
3. 221 nömrəli X1 dair yerləşmə sxeminin aşkar olunmamasıdır. İddiaçının müraciətinin təmin olunmamasının əsası kimi yuxarıda göstərilmiş halın əmlakın özəlləşdirilməsinə dair maneənin yaradıb-yaratmamasına qiymət verilməsi üçün əmlaka dair hüquqmüəyyənedici sənədlərin əhatə dairəsi müəyyən edilməlidir. Daşınmaz əmlaka, o cümlədən torpaq sahəsinə dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar aşağıdaki qanunvericiliyin müddəaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Sadalanan normaların birgə təhlilindən görünür ki, ümumiyyətlə, bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər - hüquqmüəyyənedici sənədlər hesab olunur. Əgər şəxs əmlak ilə bağlı bu sənədlərdən hər hansı birinə malik olarsa, onun həmin əmlak üzərində mülkiyyət hüquqları yaranmış olur və o, həmin əmlakın özəlləşdirilməsini tələb etmək hüququna malik olur. Məhkəmə ilk öncə cavabdehin imtina əsası kimi göstərdiyi birinci hala münasibət bildirir. Belə ki, Məhkəmə tərəfindən cavabdehin imtinasının qanuni olub-olmamasının müəyyən edilməsi məqsədi ilə aidiyyəti üzrə müvafiq orqanlara sorğular verilmişdir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin arxivində saxlanılan və məhkəmə icraatı zamanı təqdim olunan sənədlər toplusundan görünür ki, X4 İcraiyyə Komitəsinin sərəncamına əsasən 221 №-li BTK-nın nəznində olan Ləhiş bağ massivində yerləşən torpaq sahəsi İddiaçı1 ayrılmışdır. Doğrudur ki, hazırki mərhələdə iddiaçının məhkəmə icraatı zamanı təqdim etmiş olduğu Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X2 və X3 bağlar sahəsindəki 221 №-li kooperativi tərəfindən verilmiş order aidiyyəti orqanların arxivində aşkar olunmamışdır. Nəzərə alınmalıdır ki, həmin orderin aşkar edilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan haldır. Digər tərəfdən isə qeyd olunmalıdır ki, iddiaçının təqdim etdiyi order aidiyyəti qurumların arxivində aşkar olunmasa da, orderin verilməsinə əsas olan və orderdə istinad olunan (X4 İcraiyyə Komitəsinin 21 may 1991-ci il tarixli, 6/387 nömrəli sərəncamı) sərəncamı mövcuddur. Nəzərə alınmalıdır ki, işin müəyyən olunmuş hallarından iddiaçıya torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu görünür. İddiaçıya torpaq sahəsinin ayrıldığı və həmin sahənin onun istifadəsində olduğu müddətdə qeyd olunan hüquqmüəyyənedici sənədlərin hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin sənədlər qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdiriməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Bundan başqa Məhkəmə diqqətə çatdırır ki, arxiv sənədləri içərisində orderin aşkar edilməməsi, həmin sənədin mövcud olmaması demək deyil. Belə ki, məhkəmə icraatı zamanı iddiaçı tərəfindən təqdim olunmuş orderdən görünür ki, Ləhiş bağlar sahəsindəki 221 saylı kooperativi tərəfindən bağ sahəsinin İddiaçı1 ayrılması barədə orderin nömrəsi “27” dı. Məhkəmə icraatı zamanı təqdim olunmuş X4 İcraiyyə Komitəsinin 21 may 1991-ci il tarixli, 6/387 nömrəli sərəncamında da İddiaçı1 adı 27-cı sırada göstərilmişdir. Göründüyü kimi iddiaçının təqdim orderin nömrəsi X4 İcraiyyə Komitəsi tərəfindən verilmiş Sərəncamda iddiaçının adının göstərildiyi sıra nömrəsinə uyğun gəlmişdir. Bir çox oxşar işlərdən də məlum olduğu kimi, vətəndaşa bağ sahələri ayrılarkən orderlərin nömrəsi müvafiq olaraq şəxsin orderin verilməsinə əsas olan sənədlərdə (qərar, sərəncam, siyahı) qeyd olunmuş sıra nömrələrə uyğun verilirdir. Məhkəmə qeyd etmək istəyir ki, bu uyğunluq hazırki mübahisə üzrə də müəyyən olunur. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçıya bağ sahəsinin ayrılmasını təsdiq edən sərəncamdan yanaşı, həmçinin bağlar təsərrüfatının üzvlərinin siyahısıda mövcuddur ki, iddiaçının adı həmin siyahının 27-ci sətrində yer almışdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-255/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mübahisələndirilən bağ sahəsi uzun müddətdir iddiaçının istifadəsindədir. Cavabdeh tərəfindən həmin torpaq sahəsinin digər hüquqi və fiziki şəxslərin adına reyestrdə qeydiyyata alınması, eləcə də iddiaçıya ayrılmış bağ sahəsinin digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsi barədə məhkəməyə hər hansı sübut təqdim ediməmişdir. Qeyd olunan müqavilənin nüsxəsinin idarənin arxivində aşkar edilməməsi, həmin müqavilənin etibarlılığını şübhə altına alan digər əsasların müəyyən olunmadığı təqdirdə, iddiaçının müqaviləyə əsaslanan hüququnun qeydiyyata alınmasından imtina üçün yetərli əsas sayıla bilməz. Ali Məhkəmənin 2-1(102)-1612/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında da qeyd edilmişdir ki, İddiaçı tərəfindən təqdim olunmuş icarə müqaviləsinin cavabdehin arxivində aşkar olunmaması barədə imtina əsasları formal xarakterlidir. Bu mövqeyi həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-988/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında da nümayiş olunmuşdur. Doğrudur həmin işlər üzrə torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin nüsxəsinin idarənin arxivində aşkar olunmaması ilə bağlı qiymətləndirmə aparılmışdır, lakin məhkəmə hesab edir ki, təkc icarə müqaviləsinin arxivdə aşkar olunmaması yox, torpaq sahəsinə dair verilmiş orderin idarənin arxivində aşkar olunmaması ilə bağlı olmasına münasibətdə həmin mövqedən fərqli mövqeyin tətbiqinə hər hansı zərurət mövcud deyildir. Belə olan halda Məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.7-ci maddəsi hər üç sənədin (order, qərar, icarə müqaviləsi) birgə mövcudluğunu şərtləndirmədiyindən, həmçinin X4 İcraiyyə Komitəsinin 21 may 1991-ci il tarixli, 6/387 nömrəli sərəncamı ləğv edilmədiyindən, dəyişdirilmədiyindən və hal-hazırda qüvvədə olduğundan, həmin sərəncam iddiaçının torpaq (bağ) sahəsi üzərində mülkiyyət hüququnun tanınmasına yetərli sənəd hesab edilir. Bu səbəbdən də Məhkəmə hesab edir ki, orderin arxivdə aşkar olunmaması imtina əsası qismində çıxış edə bilməz. Məhkəmə cavabdehin imtina əsası kimi göstərdiyi digər hallara (bağ sahəsinin ümumi hasar daxildində yerləşməsi, 221 nömrəli BTK-nın yerləşmə sxeminin olmaması) münasibət bildirir. Məhkəmə diqqətə çatdırır ki, cavabdehin bağ sahəsinin ümumi hasar daxildində yerləşməsi, 221 nömrəli BTK-nın yerləşmə sxeminin olmaması kimi göstərdiyi imtina əsasları hazırki iddia tələbinin təmin edilməsini istisna etmir. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, 221 nömrəli BTK-nın yerləşmə sxeminin aşkar olunmaması, aidiyyəti qurumun arxivinə təhvil verilməməsi iddiaçının iradə ifadəsindən asılı olmayan bir haldır və onun məsuliyyət sferasını əhatə etmir. Lakin, iş materiallarında olan məhkəmə sorğusuna əsasən təqdim edilmiş sxematik xəritədən görünür ki, iddia olunan bağ sahəsi həmin sxematik xəritədə öz əksini tapmışdır. Bundan başqa nəzərə alınmalıdır ki torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə işin hallarından görünür ki, iddiaçıya mübahisəli torpaq sahəsi müvafiq orderə əsasən, bağ təsərrüfatının idarə edilməsinə məsul olan qurum tərəfindən ayrılmışdır. Həmin order qərarda (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi) istinad olunan norma anlamında daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslara aiddir. İş üzrə materiallardan hüquqmüəyyənedici sənəd olan həmin orderin hər hansı qaydada mübahisələndirildiyi, ləğv edildiyi və geri çağırıldığı yaxud da etibarsız sayıldığı görünmür. Yəni order öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mübahisələndirilən torpaq (bağ) sahəsi uzun müddətdir iddiaçının istifadəsindədir. Cavabdeh tərəfindən həmin torpaq sahəsinin digər hüquqi və fiziki şəxslərin adına reyestrdə qeydiyyata alınması, eləcə də iddiaçıya ayrılmış bağ sahəsinin digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsi barədə məhkəməyə hər hansı sübut təqdim ediməmişdir. Qeyd olunan orderin nüsxəsinin idarənin arxivində aşkar edilməməsi, həmin orderin etibarlılığını şübhə altına alan digər əsasların müəyyən olunmadığı təqdirdə, iddiaçının orderə əsaslanan hüququnun qeydiyyata alınmasından imtina üçün yetərli əsas sayıla bilməz. Bu mənada məhkəmə xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından davamlı imtina olunması “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna fiziki (hüquqi) şəxslərin inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Məhkəmə qənaətinə görə torpaq (bağ) sahəsinin iddiaçıya ayrılmasını təsdiq edən sənədlərin mövcudluğu və hal-hazırda qüvvədə olduğu hazırki işin halları ilə təsdiq olunduğundan¸ eyni zamanda bağ sahəsinin hər hansı digər fiziki və ya hüquqi şəxsin bağ sahələri ilə üst-üstə düşməsi müəyyən olunmadığından, 221 nömrəli BTK-nın yerləşmə sxeminin olmaması və bağ sahəsinin ümumi hasar daxilində yerləşməsi ilə bağlı imtina imtina əsası kimi qiymətləndirilə bilməz. Əks yanaşma iddiaçının uzun müddətdir ki istifadəsində olan torpaq sahəsinə münasibətdə gözlənilən mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilir. Xüsusi ilə qeyd olunmalıdır ki, iddiaçının iddia etdiyi torpaq (bağ) sahəsi 5451 saylı bağ sahəsi ilə ümumi hasar daxilində yerləşsə də, 5451 saylı bağ sahəsi iddiaçının arvadı İddiaçı2 istifadəsində olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən “5449” saylı torpaq sahəsi üzərində İddiaçı1 mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov