Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8039/2023 16.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “şəxsiyyət vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin üzərinə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədin - şəxsiyyət vəsiqəsinin verilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Hər iki valideyni Azərbaycan Respublikasının vətəndaşı, anasının milliyəti də azərbaycanlıdır. Azərbaycan Respublikası müstəqilliyini qazandığı vaxtdan ölkənin vətəndaşıdır və orada yaşamış, həkim kimi fəaliyyət göstərmişdir. Sonuncu dəfə Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi iddiaçıya xx.xx.2008-ci il tarixdə təqdim edilmişdir. 19 yanvar 2023-cü ildə 50 yaşı tamam olduğundan yeni şəxsiyyət vəsiqəsinin alınması üçün iddiaçı 2 saylı Bakı “Asan” Xidmətinə müraciət etdikdə yeni şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi Azərbaycan Respublikasının vətəndaşı olmağı ilə bərabər Rusiya Federasiyasının da vətəndaşı olduğu bildirilmişdir. İddiaçı doğulandan Azərbaycan Respublikasında yaşayır və bu ölkədə çalışmışdır. Azərbaycan Respublikası iddiaçının ana Vətənidir, ali təhsilini Rusiya Federasiyasında aldığından ona oranın vətəndaşlığı verilsə də, təhsilini bitirdikdən sonra Vətəninə qayıtmışdır. Asan Xidmət tərəfindən göstərilən səbəb şəxsiyyət vəsiqəsinin verilməsindən imtina üçün əsas olmadığından, iddiaçı cavabdeh quruma şəxsiyyət vəsiqəsinin verilməsi barədə ərizə ilə müraciət etmişdir. Cavabdeh qurum tərəfindən xx.xx.2023-cü il tarixli cavab məktubu ilə 2 saylı Bakı “Asan Xidmət” tərəfindən verilən cavab təsdiq edilmişdir. Lakin məhkəmə qərarı olmadan heç kim vətəndaşlıqdan məhrum edilə bilməz və Azərbaycan Respublikasının vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilə bilməz. xx.xx.2023-cü il tarixdə iddiaçı Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinə Rusiya Federasiyasının vətəndaşlığından çıxmağı barədə ərizə ilə müraciət etmişdir.
3. Cavabdeh 18/2-A-5032 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “şəxsiyyət vəsiqəsi almaq barədə vəsatətiniz üzrə aparılış zəruri yoxlamalarının nəticəsi barədə qəbulda olarkən qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin məsul əməkdaşı tərəfindən Siza məlumat verilmişdir.”
4. Cavabdehin məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, vətəndaş İddiaçı Aleksandrova ilk dəfə xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilmiş, həmin sənəd xx.xx.2008-ci il tarixdə yenisinə dəyişdirilmiş, sonuncu şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir. Bununla yanaşı İddiaçı Rusiya Federasiyasının vətəndaşı olmaqla ********* nömrəli pasportla xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikasına gəlmişdir. İddiaçı Rusiya Federasiyasının vətəndaşı olması nəzərə alınaraq onun şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Müraciətə baxılmasının nəticəsi barədə İddiaçı rəsmi məlumat verilmişdir.
5. Məhkəmə iclası zamanı iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubunda iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirərək, məhkəmə iclasında cavabdeh qurumun iştirakı olmadan keçirilərək qərar qəbul edilməsi xahiş edilmişdir.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
İddianın növü
8. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə Nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.
9. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
10. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
Məhkəmənin mövqeyi
11. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
12. Belə ki, 271364 nömrəli, xx.xx.1973-cü il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş, şəhadətnamədə ata adı qrafasında X1, ana adı qrafasında isə X2 göstərilmişdir.
13. İş materiallarında olan xx.xx.2008-ci il tarixli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsindən görünür ki, xx.xx.1973-cü il təvəllüdlü İddiaçı Bakı şəhərində anadan olmuş, yaşayış yeri Bakı şəhəri, ünvan 1 ünvanıdır.
14. İş materiallarında olan iddiaçının xx.xx.2023-cü il tarixli Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinə ərizəsindən görünür ki, İddiaçı Rusiya Federasiyasının vətəndaşlığından çıxmağı barədə müraciət etmişdir.
15. İddiaçı hazırda şəxsiyyət vəsiqəsinin müddəti bitdiyindən yeni şəxsiyyət vəsiqəsi verilməsi barədə hazırkı iddianı qaldırmışdır.
16. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin ərizəsi və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciətindən ən geci 10 gün keçənədək verilir. Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir.
17. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 24cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.
18. Vətəndaşlıq hüququ, habelə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ insan hüquq və azadlıqlarının sırasında əhəmiyyətli yer tutur.
19. Konstitusiyanın 52-ci maddəsinə görə Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.
20. Vətəndaşlıq insan və dövlət arasında olan qarşılıqlı münasibətlər üçün əsasdır. Vətəndaşlıq dövlət daxilində insanın hüquqi vəziyyətinin başlıca əsası kimi bu vəziyyətə aydınlıq və müəyyənlik gətirir. Vətəndaşlıq mənsubiyyəti insan üçün müxtəlif hüquq və azadlıqlarından istifadə etmək imkanı verir. Dövlət öz vətəndaşlarını müdafiə və onlara hamilik edir.
21. «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Qanunun 6-cı maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının vətəndaşlığını üç növ sənəd təsdiq edə bilər- Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı; Azərbaycan Respublikası vətəndaşının pasportu. Bu sənədlərin hər birinin özünəməxsus yeri və təyinatı vardır. 22.«Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Qanunun 1-ci maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Şəxsiyyət vəsiqəsinin verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi, bu Qanunla müəyyənləşdirilən qaydalara zidd olaraq onun alınması qəti qadağandır. Bu sənəd sahibinə vətəndaşlıq hüququndan irəli gələn digər konstitusiya hüquqlarını həyata keçirmək üçün imkan verir. Həmin hüquqlardan istifadə etmək üçün hər bir vətəndaşın Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi olmalıdır.
23. Göründüyü kimi, şəxsiyyət vəsiqəsi hər bir şəxsin öz vətəndaşlıq hüquqlarını həyata keçirməsi üçün ən zəruri sənədlərdən biridir.
24. Hazırda iddiaçı şəxsiyət vəsiqəsi ala bilmir ki, bu da onun konstitusion hüquqlarını, eyni zamanda vəzifələrini həyata keçirməyə mane olur. Azərbaycan Respublikası vətəndaşlığına mənsub olan hər bir şəxs kimi iddiaçı da şəxsiyyət vəsiqəsi ilə təmin olunmalıdır.
25. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.
26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 27.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 28.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 29.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı: İddia təmin edilsin. xx.xx.1973-cü il təvəllüdlü İddiaçı şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva