Məhkəmə qərarları › İş №2-1(112)-804/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-804/2021

26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-804/2021 26.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, cavabdehin nümayəndəsi X1 (Ünvan: Bakı şəhərində doğulmuş, Bakı şəhəri, A.Qarayev küçəsi, ev 1, mənzil 1; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatının Hüquq baş idarəsinin cavabdeh qismində işlərinin təşkili şöbəsinin böyük hüquqşünası) iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “müraciətlərə cavab verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı iddiaçının qarşı tərəfə edilmiş müraciətlərinin cavablandırılmamasının səbəbinin aydınlaşdırılması və bu barədə onlardan rəsmi izahat tələb edilməsi, qarşı tərəfə edilən müraciətlərin cavablandırılmasının həvalə edilməsi, Dövlətin qanununa əməl etməyən vətəndaşın hüququnu pozan və vətəndaşa maddi və mənəvi ziyan vuran şəxlərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada cərimə tətbiq edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı 22.04.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. 16.03.2021-ci il tarixli məhkəmə iclasında cavabdehin adının Azərbaycan Respublikası Vergilər Nazirliyi əvəzinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti kimi oxunması qərara alınmışdır. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 26.10.2021-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında iddiaçının “İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə etdiyi müraciətlərinə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçının cavabdehə ünvanlanmış 12.10.2018-ci il tarixli müraciətinə heç bir cavab verilməmişdir. Dəfələrlə etdiyi müraciətinin cavablandırılmamasının səbəbi barədə vergi orqanına şikayət etsə də heç bir nəticə əldə olunmamışdır.Bununla da onun hüquqları pozulmuşdur. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazı onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsində 12.10.2018-ci il tarixdə vergi orqanına ünvanlanmış müraciətin cavablandırılmadığını bildirmişdir. Lakin iddiaçı tərəfindən qeyd olunan müraciətin inzibati orqana göndərilməsi və ya təqdim edilməsi haqqında hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı iddia ərizəsində isə inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hansı hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır. Bundan əlavə, Dövlət Vergi Xidməti tərəfindən daha öncə İddiaçı 2-1(112)-5826/2020 №-li işi üzrə məhkəməyə təqdim olunmuş sübutlardan da göründüyü kimi, vətəndaş İddiaçı tərəfindən bugünədək vergi orqanına ünvanlanmış 100dən artıq müraciət olmuş və eyni zamanda vergi orqanı tərəfindən onun 100-dən artıq müraciəti cavablandırılmışdır. Ünvanlanmış müraciətlərin əksəriyyəti eyni məzmunlu və təkrar müraciətlər olmuşdur. Qüvvədə olan Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqqında” Qanununla vətəndaş müraciətlərinin baxılmamış saxlanılması üçün əsaslar nəzərdə tutulmuşdur. Həmin əsaslardan biri Qanunun 8.1.4-ci maddəsində göstərilmiş vətəndaşın təkrar müraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verilməsi və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatların olmamasıdır. Həmçinin qeyd etməliyik ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Həmin Qərara əsasən, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı- ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə etdiyi müraciətlərə cavab verilməməsi ilə bağlı cavabdehin hərəkətsizliyindən narazı qalaraq, məhkəmədə onun müraciətlərin cavablandırılmasının cavabdehə həvalə edilməsi barədə iddia qaldırmışdır. Məhkəmə qeyd edir ki, iddia tələbində müraciətin tarixi dəqiq göstərilməsə də, iddia ərizəsindən müəyyən edilir ki, hazırkı iddianın predmetini iddiaçının cavabdehə ünvanlanmış 12.10.2018-ci il tarixli müraciətinə cavab verilməməsi təşkil edir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir: Məhkəmə tərəfindən İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinə olan (hazırkı adı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə) 12.10.2018-ci il tarixli müraciətinin cavab verilib-verilməməsi barədə məlumatın təqdim edilməsinə dair sorğu göndərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məhkəmənin sorğusuna cavab olaraq 17.05.2021-ci il tarixli məktubla bildirmişdir: “Sizin İddiaçı 12.10.2018-ci il tarixində Vergilər Nazirliyinə ünvanladığı müraciətinin cavablandırılması barədə məlumatın məhkəməyə təqdim edilməsi haqqında məktubunuza Dövlət Vergi Xidmətində baxılmışdır. Bildiririk ki, vətəndaş tərəfindən eyni və ya oxşar predmetli müraciətlərin 2016, 2017 və 2018-ci il tarixlərində vergi orqanlarına ünvanlandığı və vətəndaşa mahiyyəti üzrə ətraflı cavab verildiyi üçün 12.10.2018-ci il tarixli ərizə qeydiyyata alınaraq işəalınma edilmişdir. Həmçinin nəzərinizə çatdırırıq ki, vətəndaş İddiaçı tərəfindən 2018-ci ildə Bakı İnzibati Məhkəməsində Dövlət Vergi Xidmətinə qarşı adından ünvanlanmış saxta müraciətlərin kimlər tərəfindən göndərilməsinin araşdırılması və saxta imzanın ekspertizadan keçirilməsi barədə iddia qaldırılmış (İş № 2-1 (81)-1878/2018, hakim Aygün Abdullayevə) və iddia tələbi təmin edilməmişdir. Daha sonra vətəndaş tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir.” İş materiallarından görünür ki, iddiaçının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (əvvəlki adı Azərbaycan Respublikası Vergilər Nazirliyinə) etdiyi çoxsaylı (17.01.2018-ci il, 24.01.2018-ci il, 01.03.2018-ci il, 03.04.2018ci il, 21.05.2018-ci il, 07.06.2018-ci il, 27.06.2018-ci il, 28.06.2018-ci il, 13.07.2018-ci il, 03.08.2018-ci il, 17.08.2018-ci il, 27.08.2018-ci il, 13.09.2018-ci il, 24.09.2018-ci il tarixli) müraciətlərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavab verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanununun preambulasında göstərilmişdir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə və 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyən edir. Həmin Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır (maddə 1.1). Vətəndaşlar müraciət etmək hüququnu sərbəst və könüllü həyata keçirirlər. Vətəndaşın öz müraciət hüququnu həyata keçirməsi digər şəxslərin hüquqlarını və azadlıqlarını pozmamalıdır (maddə 1.2). İrqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, mənşəyinə, əmlak vəziyyətinə, qulluq mövqeyinə, əqidəsinə, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətinə görə şəxsin müraciət etmək hüququnu məhdudlaşdırmaq qadağandır (maddə 1.3). Həmin Qanunun 3.0.14-cü maddəsinə əsasən təkrar müraciət – müraciətin bu Qanunla müəyyən edilmiş baxılması müddəti ötdükdə və ya həmin müraciət cavablandırıldıqda eyni şəxsin eyni məsələ ilə bağlı eyni müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə göndərdiyi növbəti müraciətdir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən vətəndaşlar müraciətlərini həmin məsələyə baxılmasını bilavasitə təmin etməli olan müraciətə baxan subyektlərə və ya onların vəzifəli şəxslərinə yazılı formada təqdim edir və ya şifahi formada bildirirlər. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. Həmin Qanunun 7.5-ci maddəsinə əsasən müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə – müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. Həmin Qanunun 7.9-cu maddəsinə əsasən müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi müraciətdə göstərilən məsələnin həlli ilə əlaqədar əlavə məlumatların öyrənilməsi üçün aidiyyəti üzrə sorğu göndərdikdə həmin sorğuya yeddi iş günündən gec olmayaraq cavab verilməlidir. Həmin Qanunun 7.10-cu maddəsinə əsasən müraciətə baxan subyektlər və ya onların vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda, müraciəti üç iş günündən gec olmayaraq aidiyyəti üzrə göndərir və müraciət edənə bu barədə məlumat verir. Müraciətdə göstərilən məsələ bir neçə müraciətə baxan subyektin səlahiyyətinə aid edildikdə müraciətin surəti üç iş günündən gec olmayaraq həmin subyektlərə göndərilir. Həmin Qanunun 8.1.4-cü maddəsinə əsasən vətəndaşın təkrar müraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda müraciət baxılmamış saxlanılır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh inzibati orqana etdiyi müraciətlərinə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavab verilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, ididaçının hazırkı iddia tələbi əsassızdır və təmin oluna bilməz. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddiaçının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə etdiyi müraciətlərinə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və İPM-in 75 və 85-ci maddələrini rəhbər tuturaq, məhkəmə Qərara aldı: İddia təmin edilməsin. Qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar