Məhkəmə qərarları › İş №2-1(112)-804/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-804/2024

14.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-804/2024 14.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs "xxxx" MMC) qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Bakı Aeroport yolunun sol tərəfində yerləşən fərdi yaşayış evi və torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavadeh xx.xx.2023-cü il tarixli məktub ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2001-ci il tarixindən sonra ayrılmış torpaq sahələrinin qeydiyyatının aparılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 11 fevral 2000-ci il tarixli, 134 saylı sərəncamı və müvafiq dərkənarına əsasən Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 16 aprel 2004-cü il tarixli, 307 saylı Sərəncamı ilə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan X1 ayrılmış 213 saylı ümumi sahəsi 400 kv.m olan torpaq sahəsinin dövlət qeydiyyatına alınmaqla çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 11 fevral 2000ci il tarixli, 134 saylı sərəncamı və müvafiq dərkənarına əsasən Suraxanı rayon İcra Hakimiyyəti başçısının 16 aprel 2004-cü il tarixli, 307 saylı Sərəncamı ilə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan X1 ayrılmış 213 saylı ümumi sahəsi 400 kv.m olan torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X9 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişdir. İİ Tərəflərin əsaslandırması: İddia tələbi bununla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 11 fevral 2000-ci il tarixli 134 saylı Sərəncamı ilə Bakı-Aeroport yolunun sol tərəfində, Hövsan Aerasiya stansiyasına məxsus olan il meydançasının 18.75 ha torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin mənzil sahəsinin qeydiyyatı və təqdimatı əsasında Bakı şəhərinin başqa rayonlarında, 18.75 ha torpaq sahəsi isə Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 789 nömrəli məktubu əsasında Suraxanı rayonunda mənzil növbəsində olan vətəndaşlara fərdi yaşayış evləri tikintisi üçün Suraxanı Rayon İcra Hakimiyyətinə təhkim edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 11 fevral 2000-ci il tarixli 134 saylı Sərəncamı və müvafiq dərkənarına əsasən Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 16 aprel 2004-cü il tarixli 307 saylı sərəncamı ilə mənzil şəraitlərinin yaxşılaşdırılmasına ehtiyacları olan X2 və X1 Bülbülə qəsəbəsi, Bakı Aeroport yolunun sol tərəfində ayrı-ayrılıqda hər biri 400 kv.m olmaqla fərdi yaşayış evi tikmək üçün torpaq sahələri ayrılmışdır. 28 aprel 2004-cü il tarixdə tərtib olunmuş və Suraxanı Rayon İcra Hakimiyyəti başçısının birinci müavininin imzası ilə təsdiq edilmiş aktlarla Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 16 aprel 2004-cü il tarixli 307 saylı sərəncamına əsasən ayrılmış, hər birinin sahəsi 400 kv.m olan 213 saylı torpaq sahəsi X1, 215 saylı torpaq sahəsi isə X2na naturada təhvil verilmişdir. Valideynləri həmin torpaq sahələrini qəbul etdikdən sonra fərdi yaşayış evlərinin inşasına başlamışlar. X2 ona ayrılmış 215 saylı, ümumi sahəsi 400 kv.m olan torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evini dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, **********06-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçəsi, 18-ci döngə ünvanında yerləşən 215 saylı fərdi yaşayış evi dövlət qeydiyyatına alınmışdır. Daha sonra anası sözügedən fərdi yaşayış evini Bakı şəhəri, 52 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 4Ə-93 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında X6 bağışlamışdır. O isə öz növbəsində yuxarıda qeyd edilən müqavilə əsasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçəsi, 18-ci döngə ünvanında yerləşən 215 saylı fərdi yaşayış evini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-ci il tarixli, **********06-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla öz adına rəsmiləşdirmişdir. X1 ayrılmış 213 saylı, ümumi sahəsi 400 kv.m olan torpaq sahəsini isə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi (keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) müxtəlif bəhanələrlə dövlət qeydiyyatına almaqdan imtina edir. Belə ki, DƏDRX-ın 1 saylı Bakı Ərazi İdarəsinin **********16 saylı xx.xx.2020-ci il tarixli imtina məktubunda guya elektron kadastr baza məlumatlarında ayrılmış torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olduğu və göstərilən ərazinin keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin mülkiyyət hüququna dair JN-25551 saylı şəhadətnamə verilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü, qeydiyyatdan keçmiş fərdi yaşayış evinin istifadəsində olan ərazi olduğu qeyd olunmuşdur. Qeyd edilən imtina məktubu ilə bağlı növbəti müraciətə verilmiş **********62 saylı xx.xx.2020-ci il tarixli cavabda isə JN-25551 saylı şəhadətnamədə göstərilmiş torpaq sahəsi ilə üst-üstə düşmə halının aradan qaldırıldığı bildirilsə də tələbi təmin edilməmişdir. Eyni əsasla, eyni ailənin üzvlərinə, eyni yerdə bir-birinə bitişik olmaqla ayrılmış iki eyni ölçülü torpaq sahəsinin birinin dövlət qeydiyyatına alınması, digərinə isə imtina verilməsi İ qrup əlil olan təkbaşına övlad böyüdən anaya qarşı süründürməçilikdir. Torpaq sahəsi hal-hazırda iddiaçının istifadəsindədir. Dövlət qeydiyyatına alınmadığından tikinti işləri ilə bağlı müvafiq inzibati orqanların haqlı qadağaları ilə üzləşir. Həmin torpaq sahəsini Suraxanı Rayon İcra Hakimiyyəti birbaşa öz iradəsi ilə deyil, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 11 fevral 2000-ci il tarixli 134 saylı sərəncamı və valideynlərinin mənzil şəraitlərinin yaxşılaşdırılmasına dair müraciətləri ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Suraxanı Rayon İcra Hakimiyyətinə ünvanladığı dərkənarına əsaslanaraq ayırmışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad etmiş və bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdir. Bundan başqa, iddiaçı tərəfindən təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad, məsafələr və perimetrik ölçülər qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olub-olmadığını müəyyənləşdirmək mümkün olmamışdır. Təqdim edilmiş sənədlər toplusuna əlavə edilmiş Suraxanı rayon İcra Hakimiyyəti başçısının 307 nömrəli Sərəncamı xx.xx.2004-cü il tarixlidir. Üçüncü şəxs "xxxx" MMC məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddia tələbinə etiraz etmiş və bildirmişdir ki, vətəndaş İddiaçı tərəfindən iddia olunduğu torpaq sahəsi “Azgerneft" MMC-nin istifadəsində olan sənaye təyinatlı torpaqların hüdudları daxilində yerləşir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyin təmin olunması, sənaye, nəqliyyat, rabitə mühafizə və digər təyinatlı obyeklərin istismarına lazımı şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sannitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Belə xüsusi hüquqi rejimli mühafizə zonaları müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. Torpaq Məcəlləsinin 22.5-ci maddəsinə əsasən sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. “Torpaq islahatı haqqında qanunun” 6-cı maddəsinə əsasən Dövlət obyektlərinin dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Bu maddədən açıq şəkildə yə birmənali olaraq qeyd edilir ki, həmin torpaqlar dövlət mülkiyyətində saxlanir. Dövlət əmlakının özəlləşdirilməsi haqqında Qanunun 4.0.3-cü maddəsində faydalı qazıntı yataqlarının özəlləşdirilməsi qanunla məhdudlaşdırılıb. Eyni zamanda həmin qanunun 4.0.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi halları da torpaq sahələrinin özəlləşdirilməsi məhdudlaşdırılır. Belə ki, "xxxx" MMC-nin istifadəsində olan torpaq sahələri 1994-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Almaniya Federativ Respublikasının “Qrünevald İnterneyşnl” LTD şirkəti ilə bağlanmış müqaviləyə əsasən neft və qazın işlənməsi və hasilatı üçün ayrılmışdır. Həmçinin “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft- qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. İş üzrə cavabdehin torpaq sahasi üzərində mülkiyyət hüquqlarının qeydiyyatından imtinası əsaslı olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin iştirakını məhkəmə iclasında təmin etməmişlər, bununla bağlı məhkəməyə məlumat verməmişlər, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, işdə olan və məhkəmə iclasında tədqiq edilən: - Bakı Şəhəri İcra Hakimiyyəti başçısının “torpaq sahəsinin ayrılması haqqında” xx.xx.2000-ci il tarixli, 134 nömrəli sərəncamından görünür ki, Bakı-Aeroport yolunun sol tərəfində, Hövsan Aerasiya stansiyasına məxsus olan il meydançasının 47,5 ha torpaq sahəsindən 18.75 ha torpaq sahəsi Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 789 nömrəli məktubu əsasında Suraxanı rayonunda mənzil növbəsində olan vətəndaşlara fərdi yaşayış evləri tikintisi üçün Suraxanı Rayon İcra Hakimiyyətinə təhkim edilmişdir; - Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 307 nömrəli sərəncamından görünür ki, Bülbülə qəsəbəsi, Bakı-Aeroport yolunun sol tərəfindən, cizgidə göstərilmiş sahədə Əhmədli qəsəbəsi, Q.Məmmədov küçəsi, ev 5, mənzil 30-da yaşayan X3 və X7 hər birinə fərdi yaşayış evi tikmək üçün 400,0 kv.m torpaq sahəsi ayrılmışdır. - 28.04.2004-cü il tarixli aktdan görünür ki, Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 16 aprel 2004-cü il tarixli, 307 saylı sərəncamı əsasında Bülbülə qəsəbəsi, Bakı-Aeroport yolunun sol tərəfində 400,0 (dörd yüz) kv.m. torpaq sahəsinin ölçüləri naturada ifadəsi ilə pay bölgüsü aparılmış və torpaq sahəsi X9 verilmişdir. - AZ-İİ №123642 saylı, xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2020-ci il tarixdə beyin ödemi səbəbi ilə vəfat etmişdir. - Bakı şəhəri 16 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, 1037 nömrəli məktubundan görünür ki, X4 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 16 saylı notariat ofisində İddiaçı tərəfindən müraciət olmuşdur. X11 xx.xx.2020-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsə İddiaçı ərizəsi əsasında tərəfimizdən vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Bakı şəhəri, Bülbülə qəsəbəsi, Bakı-Aeroport yolunun sol tərəfində, cizgidə göstərilmiş sahədə, fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 400.0 kv.m. olan torpaq sahəsinə dair X7 adına çıxarışın verilməsi xahiş olunmuşdur. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bakı-Aeroport yolunun sol tərəfində yerləşən torpaq sahəsinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli və xx.xx.2020-ci il tarixli məktublarından görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən 400,0 kv.m torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdir. Bundan başqa, iddiaçı tərəfindən təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad, məsafələr və perimetrik ölçülər qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olub-olmadığını müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə JN-25551 saylı şəhadətnamənin baza məlumatı ilə üst üstə düşür. Bundan əlavə, göstərilən əraziyə digər fiziki şəxsin X3 müraciəti idarəyə daxil olmuşdur. Vahid elektron kadastr bazasında (NECAS-TEKUİS) yaşayış məntəqələrinin torpaqları kimi qeyd olunmuşdur. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********62 nömrəli məktubundan görünür ki, aidiyyəti təşkilata sorğu göndərilmiş və sorğuya cavab olaraq JN-25551 saylı şəhadətnamənin verilməsinə əsas olmuş ilkin sənəd surətləri idarəyə təqdim edilmişdir. Həmin sənədlər əsasında araşdırma aparılaraq elektron kadastr bazasında üst-üstə düşmə halı aradan qaldırılmışdır. - daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bakı-Aeroport yolunun sol tərəfi ünvanında yerləşən torpaq sahəsinin sənəd üzrə və faktiki sahəsi 400 kv.metrdir, torpaq sahəsi dörd tərəfdən mişar daşla hasarlanıb və iki hissəyə bölünüb, torpaq sahəsində bir ədəd bir mərtəbəli və bir ədəd iki mərtəbəli yaşayış evi var. İddiaçı hazırda Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 16 aprel 2004-cü il tarixli, 307 saylı sərəncamına istinad edərək, həmin sərəncamla Bakı-Aeroport yolunun sol tərəfindən X9 ayrılmış 400 kv.metr torpaq sahəsinə onun mülkiyyət hüququnun yarandığını iddia edərək, bununla bağlı arayış verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını konkret olaraq müəyyən etmişdir. İddiaçı bu sənədlərdən Qanunun 8.0.1-ci maddəsində nəzərdə tutulan əsası, yerli icra hakimiyyəti orqanının torpaq ayrılması barədə aktını təqdim etsə də, məhkəmə hesab edir ki, həmin hüquqmüəyyənedici sənəd qanuna müvafiq deyildir. Belə ki, “Torpaq islahatı haqqında” AR Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər bu Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq dövlət icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi dəyişilənədək bu Qanuna zidd olmayan hissədə tətbiq edilir. 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Göründüyü kimi, qanunverici 2001-ci il yanvarın 1-dən etibarən yaşayış evi, həyətyanı və bağ sahələrinin Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verilməsi səlahiyyətlərini bələdiyyələrə vermişdir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin siyahının 2.7-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd kimi qəbul edilmişdir. Belə olan halda müəyyən olunur ki, iddiaçının hüquqmüəyyənedici sənəd qismində təqdim etdiyi sərəncam səlahiyyətli orqan tərəfindən qəbul olunmamışdır və buna görə də cavabdehin imtinası əsaslı olmuşdur. İddiaçı ərizəsində eyni əsasla, eyni ailənin üzvlərinə, eyni yerdə bir-birinə bitişik olmaqla ayrılmış iki eyni ölçülü torpaq sahəsinin birinin dövlət qeydiyyatına alınması, digərinə imtina verilməsinin qanunsuz olduğunu bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, doğrudur, işin yuxarıda qeyd olunan hallarından görünür ki, Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 307 nömrəli sərəncamı ilə həm X5, həm də X9 hər birinə 400,0 kv.m olmaqla iki torpaq sahəsi ayrılmışdır və işdə olan xx.xx.2018-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi X3 mülkiyyətinə verilmişdir. Məhkəmə tərəfindən həmin çıxarışın verilməsinə əsas olmuş sənədlər tələb olunmuş və cavabdeh tərəfindən təqdim edilən sənədlərdən müəyyən olunmuşdur ki, Bakı şəhəri Suraxanı rayonu Yeni-Suraxanı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 47 saylı qərarına əsasən Bakı şəhəri Suraxanı rayonu X8 ehtiyat fondunun alqı-satqı predmeti olan, kənd təsərrüfatına yararsız torpaq sahəsindən alqı-satqı qaydasında Bakı şəhər sakini X5 fərdi yaşayış evinin tikilməsi məqsədi ilə 0,04 ha torpaq sahəsinin satılması haqqında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən hazırlanmış sənədlər nəzərə alınmış, X5 X8 ehtiyat fondunun alqı-satqı predmeti olan yararsız torpaq sahəsindən fərdi ev tikintisi məqsədi ilə 0,04 ha torpaq sahəsi, hər kv.m-ə 1 manat 76 qəpik ödəmək şərtilə satılmışdır. Eyni zamanda işdən görünür ki, həmin bələdiyyə qərarı əsasında N.Məmmədovaya xx.xx.2006-cı il tarixdə torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamə verilmşdir. Göründüyü kimi, Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 307 nömrəli sərəncamı ilə həm X5, həm də X9 400,0 kv.metr torpaq sahəsi ayrılsa da, N.Məmmədova həmin qərarın səlahiyyətli orqan tərəfindən qəbul edilmədiyini nəzərə alaraq həmin sahənin ayrılması üçün bələdiyyəyə müraciət etmiş və müvafiq bələdiyyə qərarı əsasında hüquqlarını qeydə aldırmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iki torpaq sahəsi üzrə eyni hallar olmamışdır, buna görə də inzibati orqan tərəfindən bərabəlik prinsipinin pozulduğu müəyyən edilmir. Bundan əlavə, cavabdehin məktublarından görünür ki, mübahisəli ərazi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdir. Həmçinin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) xx.xx.2023-cü il tarixli, 14-2/2-2817/2023 nömrəli məktubundan görünür ki, İddiaçı iddia etdiyi torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində yerləşir. Bu səbədən, həmçinin qanunvericiliyin tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Belə olan halda isə müəyyən olunur ki, mübahisəli torpaq sahəsi hüquqi şəxsə ayrılmış torpaq sahəsi olduğundan xx.xx.2004-cü ildə Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti torpaq ayrımaq səlahiyyətinə malik olsa idi belə, həmin torpağın mərhum H.Məmmədova ayrılması barədə qərar qəbul edə bilməzdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı hüquqların dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Hazırkı halda iddiaçının hüquqmüəyyənedici əsas qismində təqdim etdiyi sənəd qanunvericiliyin tələblərinə uyğun olmadığından məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırda halda iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar